Azərbaycan neft təsərrüfatı. - 2016.-¹ 1.-S.3-9.
Azərbaycanın neft-qaz sənayesinin müasir vəziyyəti və
gələcək perspektivləri
X.B. Yusifzadə,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, g.-m. e. d.,
professor, AMEA-nın akademiki
Artıq 22-ci ildir ki, “Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in həyata keçirilməsi dünya ölkələrinin diqqət mərkəzindədir.
1994-cü il sentyabrın 20-də dünyanın 7 ölkəsinin 11 ən iri neft şirkəti ilə imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş həmin Sazişlə Azərbaycan nə qazandı, nələrə nail oldu?
Bu sualın cavabı ümummilli liderimiz Heydər Əliyevin iradəsi ilə reallaşdırılmış “Əsrin müqaviləsi”nin bizim üçün xüsusi əhəmiyyət kəsb edən iki əsas cəhətindən qaynaqlanır.
Siyasi cəhətdən bu müqavilənin əhəmiyyəti ondadır ki, o, Azərbaycanın müstəqil dövlət və etibarlı tərəfdaş olduğunu göstərdi, dünyanın aparıcı dövlət və şirkətlərini əmin etdi ki, burada işləmək və bu ölkəyə sərmayə yatırmaq olar. Təsadüfi deyil ki, bu Saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 33 müqavilə bağlandı.
Karbohidrogen ehtiyatlarının miqdarına və qoyulan sərmayələrin həcminə görə dünyanın ən iri müqavilələri sırasına aid edilən “Əsrin müqaviləsi”nin iqtisadi əhəmiyyətinə gəldikdə isə qeyd etməliyik ki, neft hasilatı Azərbaycan tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. t-dan 2010-cu ildə 51 mln. t-na çatdı. Başqa sözlə, neft hasilatı 5.6 dəfə artdı. 2014-cü ildə isə Azərbaycanda 42 mln. t neft və 29.6 mlrd. m3 qaz çıxarılmışdır. Neftin 8.3 mln. t-nu və qazın 7.2 mlrd. m3-i SOCAR tərəfindən hasil edilmişdir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) isə həmin il 33.7 mln. t neft və 22.4 mlrd. m3 qaz çıxarmışdır. Bu göstəricilər Azərbaycanın neft sənayesinin müasir vəziyyətini daha yaxşı təsəvvür etməyə imkan verir.
2014-cü il sentyabrın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr edilmiş təntənəli mərasimdəki çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Ölkəmizin ümumi və siyasi inkişafı məhz “Əsrin müqaviləsi”ndən başlanmışdır... Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir”. Avropanın bir sıra ölkələrinin dövlət və hökumət başçılarının, dünyanın iri neft şirkətləri nümayəndələrinin iştirak etdikləri həmin mərasimdə cənab İlham Əliyev belə bir faktı xüsusi qeyd etdi ki, “...son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur”.
“Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafında bu gün də xüsusi rol oynayır.
Respublikada karbohidrogen hasilatı artımının əsas hissəsi Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqları hesabına eldə edilir. Hazırda AÇG yataqlarında fəaliyyətdə olan 85 quyudan gündəlik 86.5 min t-dan artıq neft və 33 mln. m3-dən çox qaz hasil olunur. 2014-cü ildə bu yataqlardan 31.5 mln. t neft və 12.5 mlrd. m3 qaz, 2015-ci ilin 10 ayında isə 26 mln. t neft və 10 mlrd. m3 qaz çıxarılmışdır. İşlənmənin əvvəlindən noyabr ayının 1-dək AÇG yataqlarından 380.5 mln. t neft və 114 mlrd. m3 qaz hasil edilmişdir.
Artıq 16-cı ildir ki, Azərbaycan AÇG layihəsi çərçivəsində mənfəət neftindən gəlir əldə edir. 2015-ci il noyabr ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 209 mln. t mənfəət nefti satılmışdır. Mənfəət neftinin həcmi ilbəil artır. Təkcə 2015-ci ilin 10 ayı ərzində AÇG yataqlarından hasil edilmiş 26 mln. t neftin 17 mln. t-nu, yəni 65 %-i Azərbaycanın payına düşən mənfəət nefti olmuşdur.
Bununla yanaşı, digər faktlar, î cümlədən neft ixracı, AÇG yataqları üzrə balans neft ehtiyatı və neftvermə əmsalı üzrə göstəricilər də böyük maraq doğurur. Belə ki, 2015-ci il noyabr ayının 1-dək dünya bazarlarına 396 mln. t nefl çıxarılmışdır ki, bunun da 288 mln. t-nu Bakı-Tbilisi-Ceyhan (BTC), qalan hissəsi isə Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri və dəmir yolu ilə ixrac edilmişdir. Həmin ilin 10 ayında isə Azərbaycandan dünya bazarlarına 28 mln. t neft çıxarılmış, bunun da 24 mln. t-nu BTC ilə nəql edilmişdir. [səh.3-4]
AÇG yataqları üzrə ilkin balans neft ehtiyatı 2.2 mlrd. t və çıxanla bilən neft ehtiyatı 1 mlrd. t, son neftvermə əmsalı 45 % qəbul edilmişdir. 2015-ci ilin sonuna kimi bu yataqlardan 385 mln. t neft hasil ediləcəkdir ki, bu da ilkin geoloji ehtiyatların 17 %-i qədərdir.
Əlavə quyuların qazılmasını, yeni texnika və texnologiyaların tətbiqini nəzərə alsaq, deyə bilərik ki, 2060-cı ilədək daha 700 mln. t neftin hasil edilməsi mümkün olacaq və beləliklə də AÇG yataqlarından çıxarılan neftin həcmi 1 mlrd. 100 mln. t-na, neftvermə əmsalı isə 50 %-ə çatdırılacaqdır.
Saziş çərçivəsinə daxil olmayan, AÇG-də Məhsuldar Qatın (MQ) alt şöbəsinə aid Qırməkiüstü qumlu (QÜQ), Qırməkialtı (QA) və Qala lay dəstələrində də böyük həcmdə karbohidrogen ehtiyatları mövcuddur. Bunu 1980-ci illərdə AÇG sahəsində qazılmış 8 kəşfiyyat quyusundan əldə olunan qazma və sınaq işlərinin nəticələri təsdiq edir.
Aparılmış son qiymətləndirmələrə əsasən AÇG'də MQ-nin alt şöbəsində 28 mln. t kondensat və 233 mlrd. m3 qaz mövcuddur.
Neft diyarı kimi özünün tarixi şöhrətini “Əsrin müqaviləsi” sayəsində yenidən təsdiq etmiş Azərbaycan bu gün dünyada həm də zəngin təbii qaz ölkəsi kimi tanınır. Dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi özünün bu şöhrətini Azərbaycan 1999-cu ilin iyununda ehtiyatlan bu günə 1.2 trln. m3 qazdan və 240 mln. t kondensatdan ibarət olan nəhəng Şahdəniz yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində qazanmışdır.
Şahdəniz yatağının işlənməsi iki mərhələdə həyata keçirilir - Faza-1 və Faza-2. Faza-1 çərçivəsində yatağın işlənməsi Alfa platformasından aparılır. 15 quyuluq platforma yatağın şimal-şərqində, dənizin dərinliyi 100 m olan hissədə yerləşir.
Hazırda Şahdəniz yatağında 7 işlək quyudan gündəlik orta hesabla 29 mln. m3 qaz və 7 min t kondensat hasil olunur. 2014-cü ildə bu yataqdan 10 mlrd. m3 qaz və 2.5 mln. t kondensat, 2015-ci ilin 10 ayında isə 8 mlrd. m3 qaz və 2 mln. t-na qədər kondensat çıxarılmışdır. İşlənmənin əvvəlindən Şahdəniz yatağından 66 mlrd. m3 qaz və 17 mln. t kondensat hasil edilmışdır. 2015-ci il noyabrın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz boru kəməri ilə Gürcüstana 4.8 mlrd. m3 və Türkiyəyə 36 mlrd. m3 qaz verilmişdir. Həmin ilin 10 ayında isə Gürcüstana 550.5 mln. m3 və Türkiyəyə 4.8 mlrd. m3 qaz nəql edilmişdir.
“Şahdəniz-2” layihəsi körpü ilə birləşmiş iki platformanın (yaşayış və texnoloji) quraşdırılmasını, 26 sualtı hasilat quyusunun qazılmasını, sualtı infrastrukturun qurulmasını, Səngəçal terminalının genişləndirilməsini və 500 km uzunluğunda sualtı kəmərlərin çəkilməsini nəzərdə tutur. Həmin quyulardan 9-u artıq müxtəlif dərinliklərə çatdırılaraq konservasiya olunmuşdur.
Bu layihə üzrə İlk qaz 2018-ci ildə 16 mlrd. m3 həcmində, maksimal illik hasilat isə 2020-ci ildə gözlənilir. Faza-1 və Faza-2 layihələri üzrə [səh.4-5] 25 mlrd. m3 həcmində illik qaz hasilatı 2020-2028-ci illərdə gözlənilir.
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə ixrac edilməsi üçün mühüm işlər görülür. “Trans-Anadolu” (TANAP) və “Trans-Adriatik” (TAP) təbii qaz boru kəmərləri layihələrinin reallaşdırılması üçün artıq praktiki işlər görülür ki, bunlar da yaxın illərdə «Cənub» qaz dəhlizinin meydana gəlməsi ilə nəticələnəcəkdir. Beləliklə də, Şahdəniz qazı Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamı olan TAP kəməri ilə Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəql ediləcəkdir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. İlkin mərhələdə Avropaya ildə 10 mlrd. m3 Şahdəniz qazının nəql edilməsi, daha sonra isə həcmin 20 mlrd. m3-ə çatdırılması nəzərdə tutulur.
2013-cü il dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, “... əgər “Əsrin müqaviləsi” XX əsrin müqaviləsidirsə, Şahdəniz müqaviləsi XXI əsrin müqaviləsidir. Bu müqavilə Azərbaycanın uzunmüddətli inkişafını, eləcə də bu tarixi layihənin iştirakçısı olan dövlət və şirkətlərin geniş əməkdaşlığını təmin edəcəkdir”.
Azərbaycan nefti və qazına hesablanmış qlobal layihələr və onların həyata keçirilməsi sahəsində görülən işlər hazırkı dövrdə SOCAR-ın fəaliyyətindəki bəzi yeniliklərlə də müşayiət edilir. Bu istiqamətdə ilk növbədə Bulla-dəniz yatağında görülmüş işlər qeyd edilməlidir. 2015-ci ildə həmin yataqda qazılmış 90 və 124 ¹-li quyular Bakı arxipelaqındakı yataqlarda ilk dəfə QA horizontunun [səh.5-6] neft-qazlılığının aşkar edilməsinə imkan vermişdir. Quyularda aparılan sınaq işlərinin nəticələrinə əsasən, yatağın 2-ci blokunun çıxarıla bilən qaz ehtiyatı 16 mlrd. m3, kondensat ehtiyatı isə 2.0 mln. t artmışdır.
Bulla-dəniz yatağında əldə edilmiş nəticələr və əvvəlki illərdə kəşf olunmuş Abşeron və Ümid kimi iri qaz-kondensat yataqları Xəzərin Azərbaycan sektorunda yeni neft-qaz yataqlarının açılması ehtimalını artırmışdır. Əldə edilmiş yeni məlumatlar Babək, Naxçivan, Zəfər, Məşəl, Asiman, Şəfəq strukturlarının perspektivliyinə inamı doğrultmuşdur.
Ümumiyyətlə, son hesablamalara görə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft ehtiyatı 2 mlrd. t, qaz ehtiyatı isə 2 trln. 550 mlrd. m3 həcmindədir. Proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. t, qaz ehtiyatı isə 3 trln. 450 mlrd. m3-dir. Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 mlrd. 550 mln. t, proqnoz karbohidrogen ehtiyatı isə 5 mlrd. 450 mln. t-dur. Beləliklə, bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 10 mlrd. t həcmində qiymətləndirilir.
Burada bir məsələ də qeyd edilməlidir: son illərdə kəşf etdiyimiz qaz yataqlarında xeyli miqdarda kondensat ehtiyatının olmasına baxmayaraq, biz neftin bugünkü səviyyəsini kondensatla saxlaya bilmərik. Deməli, bizə qaz-kondensat yataqları ilə yanaşı, təmiz neft yataqları da lazımdır.
Azərbaycanda neft hasilatının artırılmasının üç yolu var. Bunun birincisi və ən başlıcası köhnə yataqlarda neftvermə əmsalının artırılmasıdır. [səh.6-7]
Bu günədək Azərbaycanın quru yataqlarından 1 mlrd. t-na qədər neft hasil edilmişdir. Bu, quruda olan balans neft ehtiyatının 40 %-ni təşkil edir. Deməli, quru yataqlarında neftin yarıdan çoxu laylarda qalır. Belə vəziyyətdə neftvermə əmsalının 10-20 % artırılması yeni yataqların kəşfinə bərabərdir.
İkincisi - nanotexnologiyaların tətbiqi yoludur. Məlumdur ki, XX əsr atom əsri, insanın kosmosa çıxması əsri idisə, XXI əsri alimlər nanotexnologiyalar əsri adlandırırlar. Ekspertlərin fikrincə, nanotexnologiyaların inkişafı XXI əsrin simasını müəyyən edəcəkdir.
Artıq təsdiq olunmuşdur ki, köhnə yataqlarda işlənmənin səmərəliyinin artırılmasında nanosistemlərin tətbiqinin xüsusi rolu var. SOCAR-da nanotexnologiyaların işlənməsi və tətbiqi təsdiq olunmuş “NANONEFT 2010-2015” proqramı əsasında aparılır. Bu proqram əsasən 4 istiqaməti əhatə edir - neftvermə əmsalının artırılması, qazma məhlulunun reoloji parametrlərinin yaxşılaşdırılması, neft-kimya və ekoloji məsələlərin həlli.
2015-ci ilin 9 ayı ərzində nanotexnologiyaların tətbiqi sayəsində laylardan 1000 t-na yaxın əlavə neft hasil edilmişdir. Bununla yanaşı, nanosistemlərin tətbiq sahələri üzrə quyuların təmirarası müddəti artmış, yanalmalarla bağlı vaxt itkisi məhdudlaşmış, əlavə xərclər və əmək məsrəfləri azalmışdır.
Artıq bu gün xarici neft şirkətləri SOCAR mütəxəssislərinin nanotexnologiyalar sahəsindəki innovasiya işləmələrinə maraq göstərirlər. Belə ki, Almaniyanın Aaxen Texniki Universiteti ilə 2014-cü ildə Anlaşma Memorandumu imzalanmış, bu istiqamətdə koordinasiyanın və digər funksiyaların yerinə yetirilməsi üçün Dövlət Neft Şirkətinin mütəxəssislərindən ibarət işçi qrup yaradılmışdır.
İranın neft ehtiyatlarının hasilatında və nəqlində nanotexnologiyaların tətbiqi ilə bağlı SOCAR-ın “Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi-Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında üçtərəfli əməkdaşlıq protokolu imzalanmışdır.
Hazırda qarşıda superkiçik ölçülü nanohissəciklər əsasında yeni nəsil nanotexnologiyaların işlənməsi durur. Bu, daha effektiv nanosistemlər almaqla yanaşı, molekulyar səviyyədə baş verən prosesləri manipulyasiya etmək və nizamlamaq imkanı verəcək, SOCAR-ın hasilat, qazma, neft-kimya və ekologiya sahələrində innovasiya işləmələrinin həcminin artmasına, eyni zamanda, ölkə daxilində nanotexnologiyaların tətbiq sahələrinin genişlənməsinə, bu texnologiyaların xaricə transferinə gətirib çıxaracaqdır.
Respublikamızda neft hasilatının artırılmasının üçüncü yolu Mezozoy çöküntüləri ilə bağlıdır. Azərbaycanda Pliosen çöküntüləri ilə yanaşı, Mezozoy çöküntüləri də öz neftliliyi və qazlılığı ilə diqqəti həmişə cəlb etmişdir. [səh.7-8]
Dəniz və quru sahələrində daha dərində yatan və mürəkkəb geoloji quruluşa malik olan Mezozoy çöküntülərində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda Mezozoy çöküntülərində neft-qaz axtarışı yeni mövzu deyil. Ötən illər ərzində Mezozoya 350-dən çox quyu qazılmışdır. Aparılmış axtarış-kəşfiyyat işləri nəticəsində kiçik neft yataqları aşkar edilsə də, iri neft-qaz yataqları kəşf olunmamışdır. Son zamanlarda qazma və geofiziki işlərin inkişafı, müasir texnika və texnologiyanın tətbiqi Mezozoy neftli-qazlı çöküntü komplekslərinin yeni baxımdan öyrənilməsini tələb edir.
Mezozoy nefti ilə bağlı Azərbaycanın quru sahələrində kəşfiyyat işləri aparmaq üçün xarici şirkətlər - “Statoil”, “Total” və “ConocoPhillips” tərəfindən SOCAR-a müraciətlər edilmişdir. 2011-ci ilin iyulunda SOCAR və “ConocoPhillips [səh.8-9] Exploration Azərbaycan LTD” şirkəti arasında «Azərbaycan Respublikası ərazisində quruda kəşfiyyat qabağı fəaliyyətə dair birgə tədqiqat Sazişi» imzalanmışdır. Saziş üzrə Qobustandan başlayaraq Gürcüstan sərhədinə kimi 11 rayonu əhatə edən, uzunluğu 780 km-ə yaxın olan 12 profıl xətti üzrə 2D seysmik tədqiqatları aparılmış, mövcud məlumat və materiallar ümumiləşdirilib sistemləşdirilmişdir. Bu işlər hazırda davam etdirilir.
Azərbaycanda neft hasilatının artırılması yollarının hər biri həm elmi, həm də praktiki cəhətdən olduqca cəlbedicidir. Lakin burada yüksək səmərəliyə elmi işçilərlə bilavasitə istehsalatda çalışan neft mütəxəssislərinin qüvvələrinin birləşdirilməsi hesabına nail ola bilərik. Başqa sözlə, ölkəmizin neft-qaz strategiyasının hələ onilliklər boyunca yüksək səmərə verməsi elmlə istehsalatın vəhdətini tələb edir. Hesab edirəm ki, bizim bu sahədə təxminən bir əsrlik zəngin təcrübəmiz indiki dövrdə - yeni şəraitdə daha yaxşı nəticələr verə bilər.