Dövlət və Din - 2015.-№11.-S.34-43.
RADİKALİZM VƏ EKSTREMİZM: DİNİ-SİYASİ ASPEKTDƏ
Anar ƏLİZADƏ,
Azərbaycan Respublikası Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
Dini qurumlarla iş üzrə şöbənin
Dini təhsil sektorunun müdiri
AÇAR SÖZLƏR: radikalizm, ekstremizm, din, ideologiya, siyasi.
КЛЮЧЕВЫЕ СЛОВА: радикализм, экстремизм, религия, идеология, политический.
KEY WORDS: radicalism, extremism, religion, ideology, political.
Müasir dünyada radikalizmin acı fəsadları
Mavi planetimizdə qanlı münaqişələrin sayı bitmək bilmir. Hər gün yer üzünün fərqli guşələrində etnik-dini zəmində günahsız insanların qətlə yetirilməsi barədə xəbərlər eşidirik. Xüsusən məsum uşaqların öldürülməsi insan qəlbini daha çox sızladır. Bütün bunların fonunda dünyada tolerantlıq mədəniyyətinin inkişafı mövzusu aktuallığını itirmir. Bəzilərinə bu mövzu “çeynənmiş”, boş görünə bilər. Lakin dözümsüz, ifrat ideologiyaların şüarı altında mənasız yerə insanların qətli dayanmadıqca tolerantlıq məsələsi gündəmdə qalacaqdır. Bunu bizdən həm Tanrı, həm sağlam təfəkkür, həm də vicdani borcumuz tələb edir. Çünki adi insanlıq duyğusundan məhrum olmayan istənilən kəs və ya həqiqi iman sahibi günahsız insanların qətlinə göz yuma, dolayısı ilə bəşəriyyətin gələcəyinə biganə yanaşa bilməz.
Yer üzündə harmoniyanın qurulmasından danışarkən ilk növbədə onun antipodu sayılan müharibə fenomeni yada düşür. Bəşəriyyətin keçdiyi yola nəzər yetirdikdə, onun bir an belə münaqişəsiz həyat yaşamadığını görürük. Məşhur fransız mütəfəkkiri Volter “insanlığın tarixi müharibələr tarixidir” deməklə, tarix səhifələrinin müharibə səhnələri ilə dolu olduğunu bildirmişdir. Həqiqətən də, bəşər övladı özünü tanıyandan bəri saysız qanlı savaşlara, müxtəlif səbəblərə görə baş verən hərbi konfliktlərə şahid olmuşdur. Konfliktologiya ilə məşğul olan araşdırmaçılar, fərdin aqressiv tərəfini öyrənən psixoloqlar və müharibələrin fəlsəfi mahiyyətini anlamağa çalışan tarixçilərin fikrincə, insan təbiəti qan tökməyə və münaqişə yaratmağa meyillidir. Yaşam uğrunda mübarizə, torpaq, içməli su və təbii ehtiyatlara ehtiyac, sürətli əhali artımı, bəşəriyyətin müxtəlif etnik, irqi, dini və sosial-siyasi qruplara parçalanması, insan psixikasına xas olan “özününkü” və “özgələr” ayrımı, eləcə də digər amillər qanlı münaqişələr törətmişdir.
Təəssüflə qeyd etmək lazımdır ki, bəşəriyyətin taleyində ən qanlı savaşlar son iki əsrdə baş vermişdir. Xüsusən, faşizm, nasizm kimi radikal ideologiyalardan ötrü qopmuş [səh.34-35] İkinci Dünya müharibəsi əhatə miqyasına və insan tələfatının sayına, xalqların taleyinə və ölkələrin tərəqqisinə vurduğu zərərə görə kütləviliyi və qorxunc həddi ilə seçilmişdir. Məhz bu müharibənin törətdiyi fəsadlar bəşər övladını dəhşətə gətirərək ona ibrət dərsi olrmuş, onun acı nəticələri dünyanın mütərəqqi qüvvələrini bəşəriyyətin gələcəyi barədə düşünməyə, Yer üzərində sülhün qurulması istiqamətində iş görməyə vadar etmişdir.
İkinci Dünya müharibəsindən sonrakı dövrdə dünyanın nüfuzlu dairələri və sülhsevər qüvvələri bəşəriyyətin təhlükəsizliyi sahəsində əhəmiyyətli irəliləyişlər əldə etmişlər. Hər kəsin ümumi evi olan planetimizdə harmoniyanın qorunması məqsədilə beynəlxalq təşkilatlar yaradılmış və dünya dövlətləri bu təşkilatlar çərçivəsində hərbi konfliktlərin qarşısını alan sülhməramlı sazişlərə qoşulmuşlar. Lakin görülən işlər azdır. Dünyada milli, dini və irqi zəmində baş verən hərbi münaqişələrdə hələ də yüz minlərlə insan həyatını itirir, yaşadığı doğma torpağından didərgin düşür, məsum uşaqlar isə yetim qalırlar. Bəzi fövqəldövlətlərin əlində planetimizi bir anda məhv etməyə qadir olan kütləvi qırğın silahlarının cəmləşməsi, ölkələr arasında silah yarışının durmadan artması, dini radikalizmin, irqçiliyin və ksenofobiyanın geniş vüsət alması, terror hallarının çoxalması bəşəriyyətin özünü məhvə doğru sürükləyə biləcəyini bariz şəkildə göstərir.
Xüsusən, son dövrlər Yaxın Şərqdə baş verən tükürpərdici hadisələr, “İŞİD”, “əl-Qaidə”, “Boko Haram” və s. terror təşkilatlarının sivil dünyaya meydan oxuması, bunun nəticəsi kimi məzhəb zəmində tökülən günahsız insan qanları, yaxud elə Qərb dövlətlərinin özündə ultrasağçı ideyaların günü-gündən artması, neonasist qrupların aktivləşməsi, Norveçdə 77 adamı qətlə yetirən Andres Breyvik hadisəsi, “Şarli Ebdo” jurnalının redaksiyasına hücum, Parisdə baş vermiş son terror hadisələri və digər bu kimi faktlar dünyanın hələ də ekstremist təhlükə ilə üz-üzə qalmasından xəbər verir.
Radikalizmin tərifi, növləri və təsir dairəsi
Günümüzdə KİV-də, ictimai-siyasi xadimlərin ritorikalarında radikalizm termini “ekstremizm” sözünün sinonimi kimi işlədilərək yalnız cəmiyyətdə iğtişaş törədən, terror yolu ilə hərc-mərclik, anarxiya yaradan, silahlı üsyana əl atan fanatiklər, ifratçılar mənasında istifadə olunur. Halbuki hər iki anlayış arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Belə ki, elmi-siyasi nəzəriyyədə radikalizm məfhumu “ekstremizm” sözündən fərqli olaraq yalnız mənfi yük daşımır. Elmi ədəbiyyatda “radikalizm” sözünün daha geniş tərifi verilib. Məsələn, “Yeni siyasi lüğət”ə əsasən, radikalizm (kök mənasına gələn “radix” [radiks] latın sözündən yaranmışdır) siyasi münasibətlərin, eləcə də siyasi sistemin əsas institutlarının qətiyyətli, köklü dəyişdirilməsinə yönəldilmiş siyasi ideyalar və fəaliyyəti ifadə edir [1, s. 203].
“Yeni fəlsəfi ensiklopediya”da isə “radikalizm” sözü belə izah olunub: “Radikalizm – hərfi mənada istənilən islahat fəaliyyətində güzəştsiz şəkildə sonunadək getmək, köklü dəyişikliklərə və tam nəticələrə nail olmaq deməkdir. 18-ci əsrin sonlarında İngiltərədə yaranan, sonra isə 19-cu əsrdə Avropa qitəsində yayılan bu termin ictimai-siyasi, iqtisadi [səh.35-36] və mədəni islahatlara, eləcə də müvafiq islahat təcrübəsinə yönəldilmiş sosial və siyasi-fəlsəfi təfəkkür mənasına gəlir” [2, s. 395].
Göründüyü kimi, elmi-siyasi nəzəriyyədə istənilən köklü islahatlara səsləyən ideologiyalar, bu istiqamətdə fəaliyyət göstərən siyasi hərəkatlar radikal olaraq səciyyələndirilir.
İstilahi mənada ilk dəfə 1832-ci ildə İngiltərədə “İslahatlar haqqında qanunun” əleyhdarları arasında işlədilən [3, s. 559] “radikalizm” XVIII əsrdə Avropada geniş yayılan maarifçilik hərəkatının təsiri altında formalaşmış ictimai təfəkkür forması sayılır. Belə ki, həmin dövrdə kilsə, kral və feodalların müstəbid hakimiyyətindən əziyyət çəkən Avropa cəmiyyətləri köklü islahatlara ehtiyac duymuşdur. Bu dövrdə bir çox görkəmli mütəfəkkirlər siyasi-fəlsəfi təlimlərində əsaslı dəyişikliklərin aparılması, geniş xalq kütlələrin istibdad buxovlarından qurtulması üçün çağırış mahiyyətli əsərlər qələmə almışlar. Nəticədə, radikalizm Qərbdə sənaye çevrilişi və burjua inqilabları dövründə tədrici ictimai inkişafa alternativ variant kimi ortaya çıxmış, XIX-XX yüzilliklərdə Avropanın, digər qitələrin sosial-siyasi təfəkküründə və siyasi təcrübəsində əsaslı şəkildə özünə yer tapmışdır. Məsələn, Fransada restavrasiya dövründə Lui Filippin və III Napoleonun “liberal imperiyasının” hakimiyyət illərində radikalizm hərəkatı öz ətrafında cəmiyyətin demokratikləşməsi və siyasi rejimin liberallaşması uğrunda mübarizə aparan bütün əsl respublikaçıları, keçmiş “yakobinistləri” və siyasi təqibin potensial qurbanlarını birləşdirmişdir. İngilis radikalizmin əsas ideyaları isə İyeremiya Bentam və Con Stüart Millin utilitarizmlə (Utilitarizm – fəlsəfədə xoşbəxtliyin həzz və faydadan ibarət olduğunu deyən etik təlim) bağlı fikirlərinin təsiri altında formalaşmış, kral hakimiyyətinin [səh.36-37] məhdudlaşdırılmasına çağıran tələblərdə, məhkəmə islahatları ilə bağlı proqramlarda, istənilən siyasi fəaliyyətin meyarı sayılan İ. Bentamın ümumi rifahla bağlı fundamental konsepsiyasının reallaşdırılmasında, xalqın siyasi müstəqilliyinə və onun parlamentdə təmsil olunmasına təminat verən ümumi seçki hüququnun həyata keçirilməsində özünü göstərmişdi [2, s. 395].
Yuxarıda sadalanan tarixi faktlar onu göstərir ki, XVIII-XIX əsrlərdə radikal siyasi hərəkatlar bəzi tarixi anlarda Qərb toplumlarının taleyində mütərəqqi rol oynayaraq demokratik və hüquqi dövlət quruculuğu işinə öz töhfəsini vermişdir.
Məhz “radikalizm” adını almış hərəkat sürətli kütləvi iqtisadi, siyasi, mədəni, elmi-texnoloji proseslər şəraitində sosial stabilləşmənin yeni dinamik formasını yaratmış və cəmiyyətin böhran əleyhinə tədbir görməsinə, kritik vəziyyətlərə yüksək səviyyədə uyğunlaşmasına imkan tanımışdır [2, s. 395].
“Ekstremizm” kəlməsinə gəlincə, bu termin antik dövrdə ortaya çıxmışdır. Belə ki, qədim Yunan filosofu Aristotel stabilliyə zidd olan hadisələri təsvir etmək üçün Azərbaycan dilində “son, kənar, ifrat” mənasına gələn “eschatos” sözündən istifadə etmişdir. Daha sonra bu kəlmə latın dilinə keçərək “extremis” şəklini almış, ən ucqar məntəqə haqqında danışılarkən işlədilmişdir. Məsələn, latınca “extremitas mundi” ifadəsi “dünyanın sərhədi” mənasındadır [4, s. 435].
Zaman keçdikcə bu söz ilkin anlamını dəyişərək siyasi rəngə boyanmış və fərqli siyasi mənalar kəsb etmişdir. Belə ki, 1945-ci ildən sonra ekstremizm məfhumu yeni anlam qazanaraq, ifrat sağ və sol mövqeyindən çıxış edən diktatura formaları barəsində istifadə olunmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq isə Qərb dünyasında mövcud siyasi rejimi tanımayan, konstruktiv dialoq yerinə zorakılığa baş vurmağa üstünlük verən siyasi güclər barəsində işlədilərək yeni anlam qazanmışdır [4, s. 435]. Beləliklə, günümüzdə ekstremizm termini ifrat ideyalara bağlı olan, siyasi güzəştlərə, danışıqlara getmək istəməyən, terror, hərc-mərclik, iğtişaş yolu ilə meydan oxumağa çalışan siyasi qrup və təşkilatlar haqqında istifadə olunur. Beləliklə, siyasi-elmi anlamda ekstremizmin radikalizmdən ən böyük fərqi ifrat ideyaların zorakı metodlarla həyata keçirilməsidir. Başqa ifadə ilə desək, hər ekstremist radikaldır, lakin hər radikal ekstremist deyildir.
Elmi ədəbiyyatda radikalizm ictimai təfəkkürün bir forması kimi siyasi və dini olmaqla iki qrupa bölünür:
1. Siyasi radikalizm: siyasətdə radikal təmayül vahid bir siyasi-ictimai təfəkkür forması deyildir. Belə ki, siyasi məsələlərin praktiki həlli baxımından radikal siyasi qruplar mötədil, inqilabçı və ekstremist olmaqla müxtəlif cərəyanlara bölünmüşdür. Mötədil radikallar (sosial-demokrat, liberal, bir sıra mərkəzçi və sol burjuaziya partiyaları) [3, s. 559] yumşaq islahat yolu ilə tədricən cəmiyyətin ayrı-ayrı problemlərini həll etməyə üstünlük verir. [səh.37-38]
İnqilabçı radikal qruplar qatı şüarlarla çıxış edərək sosial quruluşu tamamilə, inqilabi üsullarla dəyişdirməyə, yeni ictimai-siyasi quruluş yaratmağa səsləyir. Bunun ən təhlükəli təzahürü inqilabçı ideyaları terror və zorakı metodlarla həyata keçirməyə çalışan siyasi ekstremizmdir.
Siyasi proqramlarında radikal məqamlar olan, eyni zamanda leqal şəkildə fəaliyyət göstərərək seçkilərdə aktiv iştirak edən mötədil radikallar Qərb cəmiyyətlərinin taleyində mütərəqqi rol oynamışlar. Xüsusən Avropa dövlətlərinin sosial-siyasi tərəqqisində liberal və sosial-demokrat partiyaların təsiri danılmazdır. Məsələn, onillərlə İsveçdə hakimiyyətdə olan Sosial-Demokrat Partiyası bu ölkədə sosial rifah dövlətinin qurulması işinə əhəmiyyətli töhfə vermişdir.
Mötədillərdən fərqli olaraq fanatikliyi ilə seçilən ekstremist qüvvələr qeyri-leqal fəaliyyət göstərərək zorakılığa əl atır, cəmiyyətin və ya ayrı-ayrı sosial qrupların dəyərlərinə, ənənəvi həyat tərzinə, bir sözlə, varlığına təhlükə törədirlər.
İdeoloji baxımdan da siyasi radikalizm sol və sağ olmaqla iki qrupa bölünmüşdür. Qərbdə sol radikalizm dedikdə, kapitalist sistemə qarşı kəskin mövqe tutan cərəyanlar başa düşülür. Buraya sosial-demokrat, sosialist, kommunist və anarxist təfəkkürlü qruplar daxildir [4, s. 435]. Onlar sosial ədalətə, mövcud ictimai-siyasi institutları inqilabi, yaxud tədrici yollarla dəyişdirməyə səsləyir, ənənəyə, dinə, etnik kimliyə qarşı çıxırlar. Hər hansı dövlət hakimiyyətini inkar edən anarxizm sol radikalizmin ən ifrat təzahürüdür və cəmiyyətin stabilliyinə təhlükə törədir.
Sağ radikalizm isə faşizm, irqçilik və psevdosol ekstremizm kimi qollara bölünüb [4, s. 435]. Onlar irqçi, ksenofob, şovinist şüarlarla çıxış edir, ənənəçiliyi müdafiə edir, keçmişi ideallaşdırırlar.
Radikalizm və ekstremizmin tərifini, müxtəlif radikal cərəyanları, onların ortaq və fərqli cəhətlərini nəzərdən keçirdikdən sonra belə sual orta çıxır: dözümsüz, ifratçı ideologiyaların yayılmasına hansı sosial-psixoloji amillər səbəb olur?
Tarixi faktlar onu göstərir ki, radikal siyasi ideyalar keçid dövrlərdə, böhranlı anlarda, həyatından narazı qalan zülmə məruz qalmış kütlələr arasında, kəskin sosial təzadların mövcud olduğu toplumlarda rəğbət görür. Qısa müddət ərzində sosial vəziyyətlərini dəyişmək istəyən narazı təbəqələr asanlıqla radikal təmayüllərin təsiri altına düşürlər. Buna misal kimi, fransız maarifçilərinin siyasi-fəlsəfi təlimləri nəticəsində qopan Fransa burjua inqilabını göstərmək mümkündür. Günümüzdə də ən ifrat radikal ideologiyalar məhz dünyanın geridə qalmış regionlarında yayılmışdır. Doğrudur, son illər mütərəqqi Qərb dövlətlərində də ultrasol və sağ ideyaların populyarlaşdığı müşahidə olunur. Lakin bu ideyaları, əsasən, lümpen-ziyalılar [3, s. 559-560] və marjinal təbəqələr müdafiə edir.
Dünyada radikalizmin niyə aktuallığını itirmədiyini anlamaq üçün bu sosial [səh.38-39] fenomenin psixoloji tərəfinə də toxunmaq lazımdır. Radikal təfəkkürə maksimalizm, nihilizm, ifrata qaçma, hər şeyə bədbin baxma, inkarçılıq, emosional tərəddüd xasdır. Radikalizm, xüsusən onun ifrat təzahürü hər zaman mövcud sosial-siyasi vəziyyətə mənfi münasibət bəsləyir [5, s. 164], müxalif mövqedə durur, sosial problemin tez və qısa həllinə çalışaraq “xoşbəxt gələcək” vəd edir. Bu isə sabahından ümidsiz fərdlərin, sosial statusundan narazı olanların, xüsusən təbiəti etibarı ilə emosional, çılğın, həyat təcrübəsi az olan, məsələyə obyektiv nöqteyi-nəzərdən yanaşa bilməyən bəzi gənclərin xoşuna gəlir. Təsadüfi deyildir ki, ekstremist qrupların üzvləri, əsasən, gənclərdir. Lakin gənclər yalnız aşağı həyat səviyyəsi səbəbilə dözümsüz ideologiyalara meyil göstərmirlər. Çünki onlar arasında imkanlı, təhsilli şəxslərə də rast gəlinir. Belələri üçün radikal-marjinal qruplar özünütəsdiqləmə, məşhurlaşma, macəra axtarma, həyatına yenilik qatma “imkanıdır”.
2. Dini radikalizm: hər hansı dinin, məzhəbin, cərəyanın üstünlüyünü, xüsusi imtiyaza malik olduğunu təbliğ edərək digər etiqadın ardıcıllarına qarşı dözümsüz münasibət göstərən ifratçı sosial-dini fenomendir. Radikalizmin bu forması yeni ictimai hadisə deyildir. Tarix boyu din və məzhəb zəmində qanlı münaqişələr baş vermiş, günahsız insanların qanı axıdılmışdır. Varfolomey gecəsi, səlib yürüşləri və digər tarixi hadisələr bunun bariz nümunəsidir. Son əsrlər bəşəriyyətin elmi-texnoloji, sosial-siyasi cəhətdən sürətlə irəliləməsinə, Yer kürəsinin kiçik bir kəndə dönməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməmiş, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükə halını almışdır. Əminliklə demək olar ki, günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir.
Bəzi araşdırmaçılara görə, müasir dünyada ifrat dini təmayüllər özünü üç şəkildə - sırf dini, dini-etnik və dini cəhətdən əsaslandırılmış siyasi radikalizm formasında göstərirlər [5, s. 165].
Sırf dini radikalizm dedikdə “xarizmatik” ruhani liderlər ətrafında birləşən azsaylı, lokal qruplar, daha doğrusu, dini sektalar nəzərdə tutulur. Belə sektaların rəhbərləri irimiqyaslı sosial təlatümlərə, siyasi etirazlara səsləməsələr də, onların dini təlimləri radikal səciyyə daşıyır. Belə ki, bu ruhani liderlər qapalı qruplarına, azsaylı tərəfdarlarına alternativ sosial-dini layihələri (məs., ailədən üz döndərmək, cəmiyyətlə əlaqəni kəsmək, təhsildən, tibbi yardımdan, elmi-texnoloji nailiyyətlərdən imtina etmək, sivil dünyadan ayrılmaq və s.) həyata keçirməyi tapşırırlar. Adətən bu sektalarda ənənəvi ailə institutu inkar olunur, yeni ailə modelinin formalaşdırılması istiqamətində səylər göstərilir. Bununla yanaşı, sözügedən sektalarda ibtidai təsərrüfat formasına, patriarxal ailə quruluşuna üstünlük verilir, üzvlər kommuna (birgə) şəklində yaşayır, davamlı dünyanın sonunu gözləyirlər [5, s. 165].
Bu sektalardan biri Mun Son Myonun yaratdığı “Vəhdət Kilsəsi”dir. Həmin kilsənin ardıcılları (munçular) dini rəhbərlərini - Mun Son Myonu və onun həyat yoldaşı Hakca Han Munu bəşəriyyətin və özlərinin “həqiqi valideynləri” sayır, yaxınlarından, sosial həyatdan uzaqlaşır, bir sözlə, qapalı həyat tərzi sürürlər. [səh.39-40]
Sırf dini radikalizm növü ardıcıl sayı baxımından geniş yayılmasa da, hər hansı toplum üçün təhlükə törədir. Çünki destruktiv səciyyə daşıyaraq, bilavasitə ictimai münasibətlərə və sosial dəyərlərə qarşı çıxır, dini-sosial fanatizmin əsasını qoyur, qeyri-qanuni fəaliyyətə vadar edir [5, s. 165].
Dini radikalizmin digər növü olan dini-etnik radikalizmə özündə müxtəlif mühafizəkar, ənənəçi ideyaları birləşdirən qruplar aiddir. Belə qruplar etnik dinin dirçəldilməsi, etnik cəhətdən təmiz cəmiyyətin və dövlətin qurulması uğrunda mübarizə aparırlar. Dini-etnik radikal qruplar siyasi-iqtisadi qloballaşmanı və dünya dinlərini tənqid atəşinə tutan utopik layihələr hazırlanır, etnososialist, biosiyasi, biohüquqi, bioiqtisadi fikirlər müdafiə olunur, elmi-texnoloji tərəqqiyə qarşı çıxılır. Məsələn, günümüzdə Rusiya, Ukrayna və Belorusiyanın bəzi ziyalıları panslavyanizm ideologiyası ətrafında birləşiblər. Onlar qloballaşmanı, Avropa Birliyini tənqid hədəfinə çevirərək slavyan xalqlarını superetnos sayır, bu xalqları ortaq siyasi-mədəni keçmiş səbəbi ilə vəhdətə səsləyirlər. Həmçinin dini-etnik radikalizmə misal kimi, Polşadakı “Rodzima Wiara”, Latviyadakı “Dievturiba” adlı dini-siyasi hərəkatları göstərmək mümkündür. Dünya dinlərinə (Xristianlıq, İslam və s.) mənfi münasibət bəsləyən dini-etnik radikalizm ekstremizm üçün ideoloji mənbəyə çevrilərək cəmiyyətdə təhlükəli qüvvə ola bilər [5, s. 165-166].
Dini cəhətdən əsaslandırılmış dini radikalizm növünə isə zor gücü ilə hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini-etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətlər aiddir [5, s. 166]. Bu, dini radikalizmin ən təhlükəli formasıdır. Çünki tərifindən də göründüyü kimi, ekstremist fəaliyyət və terror aktlarının həyata keçirilməsi yolu ilə siyasi hədəfə çatmağa çalışılır. “İŞİD”, “əl-Qaidə”, “Boko Haram” kimi terror təşkilatları sözügedən radikalizm formasının bariz nümunələridir.
Dinlər radikal ideologiyalara qarşı...
Dini radikalizmi, daha doğrusu, onun təhlükəli forması olan dini ekstremizmi nəzərdən keçirdikdən sonra belə sual ortaya çıxır: dini ekstremist ideyaların vurduğu zərərlər nədir və onlarla necə mübarizə aparmaq olar?
Aclıq, səfalət, xaos, cəmiyyətin əxlaqi tənəzzülü, geriqalmışlıq ifrat ideologiyaların məntiqi yekunlarıdır. Suriya, İraq, Əfqanıstan, Livan, Nigeriyadakı acı hadisələr bunun əyani sübutudur. Belə qanlı hadisələrin dayandırılması və yer üzündə harmoniyanın qurulması işində dünya dinlərinin humanist prinsipləri və mötədil din xadimləri böyük rol oynaya bilər.
Bəziləri etiraz edə bilər ki, hazırda dünyadakı terror aktlarının və münaqişələrin arxasında radikal dini qruplar dayandığı, həmin qanlı toqquşmalar dini zəmində baş verdiyi halda dini təlimlərə müraciət etmək nə dərəcə məntiqlidir? Axı həmin dini ekstremist qüvvələr məhz müqəddəs kitablara istinad edirlər. Lakin belə yanlış fikir yürütmək dinlərin [səh.40-41] əsl mahiyyətini bilməməkdən irəli gəlir. Əgər tarixdə Tanrının adı ilə qanlar tökülmüşsə, burada din deyil, onu yanlış anlayan, dini prinsipləri öz şəxsi maraqlarına uyğun yozan bəzi ruhanilər və radikal-siyasi qruplaşmalar günahkardır.
Həqiqətən də, heç bir müqəddəs kitab başqa din nümayəndəsini öldürməyə, insanların dinini zorla dəyişdirməyə çağırmır. Doğrudur, bəzi dini mətnlər istisna hallarda müharibənin aparılmasına icazə verir, lakin həmin dinlərə görə, bu savaşlar özünümüdafiə səciyyəsi daşımalı, işğalçı mahiyyətdə olmamalıdır.
Həm Tövrat, həm İncil, həm də Qurani-Kərimdə digər etiqad mənsubları ilə, ümumiyyətlə, insanlarla xoş rəftar edilməsi istənilir. Səmavi dini kitablar əqidəsindən asılı olmayaraq Adəm övladı ilə sevgi, anlayış və səbirlə davranmağı öyrədir. Məsələn, İncilin Korinflilərə bölümündə deyilir: “Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz” (1Korinflilərə, 13:4-5).
İslam dini ilə maraqlananlar yaxşı bilirlər ki, onun prinsipləri sülhü, əmin-amanlığı, ətrafla xoş münasibəti təbliğ edir. Bu mülahizələr onun adından da bəllidir. Çünki “İslam” sözünün sülh mənası da vardır. Bu sülhün pasifizmlə heç bir əlaqəsi yoxdur. O zaman sual oluna bilər ki, bəs nəyə görə başda Həzrət Məhəmməd (s) olmaqla müsəlmanlar müharibələrdə iştirak etmişlər?
Əvvəla, qeyd edək ki, İslam təlimində bir insanın öldürülməsi bütün bəşəriyyətin məhvi ilə müqayisə olunmuşdur. Müqəddəs Kitabımız Qurani-Kərimin “Maidə” sürəsinin 32-ci ayəsində bu barədə deyilir: “Hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur”. Yəni İslamın insana verdiyi dəyər, Allah-Təalanın yaratdığı ali varlığa olan münasibət çərçivəsində başa düşülmüşdür.
Əgər Həzrət Peyğəmbər (s) və müsəlmanlar sülhün əsas hədəf olmasına baxmayaraq, müharibə etmişlərsə, demək, məsələnin mahiyyətində dövrün şərtlərinin çıxılmazlığı, yəni alternativ yolun olmamasıdır. Məsələn, Məkkədə on üç il zülm altında qalmalarına baxmayaraq, müsəlmanlar heç vaxt döyüşə birinci başlamamışlar. Daha sonrakı dövrlərdə baş verən müharibə və döyüşlər haqq-ədalətin bərqərar olması və Yer üzündə sülhün təmin edilməsi məqsədi ilə həyata keçirilmişdir.
Müqəddəs Kitabımız Qurani-Kərimin “əl-Bəqərə” surəsinin 256-cı - «Dində məcburiyyət yoxdur» ayəsi lakonik, lakin tam mənada dini dözümlülüyü ortaya qoymuş, müsəlmanları tolerant olmağa, zorakılıqdan qaçmağa, insanları inanclarında sərbəst buraxmağa əmr etmişdir. Uca Yaradan Həzrət Məhəmmədə (s) «İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!» (Yunus, 99) deməklə, peyğəmbərlərin belə, insanların inanclarını dəyişdirmək iqtidarına malik olmadığını bildirmişdir. [səh.41-42]
Bütün dinlərdə biz ortaq, universal əxlaqi düsturla qarşılaşırıq: özünə qarşı görmək istəmədiyin münasibəti başqasına qarşı etmə. Beləliklə, bütün dünya dinləri ardıcıllarını həyata başqa inanc sahiblərinin pəncərəsindən baxmağı bacarmağı, xoşlarına gəlməsə belə, digər inancları anlayışla qarşılamağı öyrədir. Əsl din, əsl iman – sevgidir, səbirdir, hörmətdir, anlayışdır.
Biz ümumi evimiz olan planetimizin göy qübbəsi altında birlikdə yaşamağı, Tanrının bəxş etdiyi nemətləri paylaşmağı öyrənməsək, bəşəriyyət qaçılmaz şəkildə məhvə doğru sürüklənəcəkdir. Halbuki hamımız irqindən, cinsiyyətindən, millətindən, dinindən asılı olmayaraq Adəm peyğəmbərin (ə) soyundan gəlmişik. Və bu anlamda ortaq əcdada sahib qardaşıq. Unutmayaq ki, Yer üzünü Bəni-Adəm üçün beşik halına gətirən Uca Yaradan bəşər övladından həmcinslərinə qarşı düşmənçilik deyil, sevgi və qardaşlıq hisslərinin təzahürünü gözləyir. Bu həqiqət bütün müqəddəs kitablarda, o cümlədən Qurani-Kərimdə, Həzrət Məhəmmədin Vəda xütbəsində yer alıb. Allah-Təala “Hücurat” surəsinin 13-cü ayəsində buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. Diqqət yetirin: Xaliqimiz müxtəlif xalqları bir-birini tanımağa səsləyir, qan tökməyə, ayrı-seçkiliyə, dözümsüzlüyə yol verməyə deyil. Çünki sevgi və mərhəmət duyğusu Tanrıdan, kin və ədavət isə şeytandan qaynaqlanır.
...İnsanların sülh və sevgi şəraitində yaşamağa imkanı var. Tanrı bizlərə bu fürsəti bəxş etmişdir. Və birgə yaşamaq mədəniyyətimizdən hər birimizin təhlükəsizliyi, rifahı, inkişafı, gələcəyi asılıdır. Başqasının daşıdığı dəyərlərə, fikirlərə, özgələrin dininə, dilinə, rənginə hörmətlə yanaşmağı öyrənməsək, sonumuz mütləq acınacaqlı olacaqdır. Onsuz da əlimizdə planetimizi bir andaca məhvə sürükləyə biləcək kütləvi qırğın silahları cəmləşib. Yalnız atom bombasının düyməsinə bir dəfə basmaq kifayətdir ki, Yer üzündəki bütün canlı-cansız varlıqlar yoxa çıxsın. Məşhur ingilis yazıçısı Herbert Uellsin ifadəsi ilə desək, “Əgər biz müharibəni öldürməsək, o, bizi öldürəcəkdir”. Kimlərə lazımdır belə perspektiv?
Biz insanlar anlamalıyıq ki, intiqam, ədavət, kin, nifrət kimi dağıdıcı duyğularla alışıb-yananlar ilk növbədə özlərinə zərər vururlar. Çünki intiqam qisası, düşmənçilik ədavəti, kin nifrəti doğurur. Və bunun sonu yoxdur...
ƏDƏBİYYAT
1. Д. Е. Погорелый, В. Ю. Фесенко, К. В. Филиппов. Новейший политологический словарь. Ростов-на-Дону: Феникс, 2010, c. 203.
2. Новая Философская Энциклопедия. Москва: Мысль, 2010, т. 3, с. 395.
3. Философский Энциклопедический Словарь. Советская Энциклопедия. Москва: 1983, c. 559.
4. Тушкова Ю. В. Отличия и сходства в понятиях «радикализм» и «экстремизм» в законодательстве и социально-политических науках Великобритании // журнал «Молодой ученый», 2014, №5, с. 435.
5. Кутузова Н.А. Религиозный радикализм и альтернативные социальные проекты. // Религия и общество – 3: актуальные проблемы современного религиоведения: сб. науч. трудов / под общ. ред. В.В. Старостенко, О.В. Дьяченко. Могилев: УО “МГУ им. А.А. Кулешова”, 2008, с. 164. [səh.42-43]
Анар Ализаде
РАДИКАЛИЗМ И ЭКСТРЕМИЗМ: В ПОЛИТИКО-РЕЛИГИОЗНОМ АСПЕКТЕ
РЕЗЮМЕ
В данной статье исследуется тема радикализма и экстремизма, их типы и формы, распространённые в современном мире. Отмечается, что часто эти термины используются как синонимы, в то время, как слово экстремизм в научной литературе носит более негативный оттенок и обозначает силы, которые пытаются претворять свои крайние идеи насильственными методами. Также в статье даётся краткая информация об истории происхождения данных терминов, излагаются психологические аспекты, которые способствуют возникновению крайних идеологических взглядов.
На основании изучения текстов священных книг основных религий мира, автор приходит к заключению, что идеи и деятельность религиозных радикалов противоречат общечеловеческим, нравственным принципам, которые проповедуют монотеистические религии.