Qanun - 2015.-№ 9(251).-S.23-28.

 

KONSTİTUSİYA NƏZARƏTİNİN İNKİŞAF TARİXİ

 

Şükürov Nəsib Heybət oğlu,

hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ ” kafedrasının müəllimi (Nasib_05 @mail.ru)

 

Açar sözlər: konstitusiya nəzarəti, hüquqi dövlət, məhkəmə hakimiyyəti, məhkəmə sistemi, hakimiyyət bölgüsü, konstitusiyanın aliliyi, konstitusiyanın hüquqi mühafizəsi, konstitusiya nəzarətinin modelləri.

Ключевые слова: конституционный контроль, правовое государство, судебная власть, судебная система, разделение властей, верховенство конституции, правовая охрана конституции, модели конституционного контроля.

Keywords: constitutional control, legal state, judicial authority, judicial system, division of the power, rule of the constitution, legal protection of the constitution, model of the constitutional control.

 

Konstitusiya nəzarəti ayrı-ayrı ölkələrdə uzunmüddətli tarixi inkişaf yolu keçib. Məsələn, ABŞ-da bu institutun iki yüz illik, Norveçdə isə yüz illik tarixi var. Bir çox dövlətlərdə isə konstitusiya ədalət mühakiməsi ikinci dünya müharibəsindən sonra formalaşmağa başlamışdır.

Ümumiyyətlə, konstitusiya nəzarətinin çoxəsrlik tarixi var. Çağdaş dövrdə əksər dövlətlərdə uğurla tətbiq olunan konstitusiya nəzarətinin ilkin formaları hələ qədim Yunanıstanda var idi (5, s. 395). Konstitusiya nəzarəti sözün əsl mənasında yalnız çağdaş demokratik cəmiyyətdə, yazılı konstitusiyanın olduğu şəraitdə özünü göstərə bilər. Konstitusiya nəzarəti» konstitusiyadan yaranıb, konstitusiya ilə təsbit olunmuş norma və prinsiplərin qorunması, hakimiyyət orqanlarının müəyyən edilmiş səlahiyyət balansının təmini, insan və vətəndaşların konstitusiya hüquq və azadlıqlarının qorunması məqsədi daşıyır.

Konstitusiya nəzarətinin bəzi elementləri hələ 1180-cı illərə, alman dövlətinə gedib çıxır. 1867-ci ildə Avstriya Federal Məhkəməsi fərdlərin inzibati orqanlara qarşı siyasi hüquqlarının müdafıəsi üzrə məsələlərə baxmaq hüququ əldə etdi. Dövlət məhkəməsi isə konstitusiya şikayətləri üzrə qərarlar qəbul etməyə başladı (13, s. 245).

Bəzən konstitusiya nəzarətinin yaranmasını XVII əsrdə Britaniya kralı yanında Gizli şuranın fəaliyyəti ilə bağlayırlar (9, s. 90). Şura müstəmləkələrin legislaturlarının qəbul etdiyi və müstəmləkə xartiyalarına, yaxud ümumi hüquqa zidd olan statusları etibarsız elan edirdi. 1610-cu ildə İngiltərə siyasi xadimi hakim E. Kouk ümumi hüququn prinsiplərinə istinad edərək, Britaniya parlamentinin qəbul etdiyi qanunu etibarsız elan etdi (8, s. 16-17). Britaniyanın heç zaman yazılı konstitusiyasının olmamasına baxmayaraq, Koukun məhkəmə presedentinin və Gizli şuranın fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi ümumi hüququn prinsipləri və konstitusion əhəmiyyətli aktlar əsas götürülürdü. Çağdaş ingilis hüquq sistemində konstitusiya nəzarətini həyata keçirən xüsusi institutlar yoxdur, lakin İngiltərənin hüquq tarixi onun bir sıra elementlərini əks etdirir. [səh. 23-24] Məsələn, 1610-cu ildə meydana çıxan konstitusiyanın aliliyi prinsipi İngiltərənin konstitusiya hüququnun inkişafında önəmli rol oynayıb. İngilis hüquq sistemində hüququn aliliyi onu nəzərdə tutur ki, konstitusiya hüququ, yəni başqa dövlətlərdə hüququn xüsusi sahəsini təşkil edən normalar İngiltərədə ayrı-ayrı şəxslərin ənənəvi olaraq yaranmış bütün hüquqlarının mənbəyi deyil, nəticəsi kimi çıxış edir. S.V. Bobotovun fıkrincə, «fərdin hüquqlarının ingilis müdafıə sisteminin qitə hüquq sistemindən üstünlüyü bəyan edilmiş hüquqla ona dönmədən əməl olunmasını təmin edən vasitələr arasında qırılmaz əlaqənin olmasındadır» (4, s. 9). Bu sahəyə öz töhfəsini verən daha bir misal kimi orta əsrlərdə yaranan impiçment institutunu göstərmək olar. Konstitusiyanın aliliyi və məhkəmə nəzarəti ideyası İngiltərədən ABŞ-a keçib. Burada artıq XVIII əsrdə məhkəmələr ayrı-ayrı ingilis qanunlarının Şimali Amerika Ştatları ərazisində hüquqi qüvvəsinin olmaması barədə qərarlar çıxarırdı. Buna baxmayaraq, 1789-cu il Konstitusiyasında ali federal məhkəmə olan Ali Məhkəmənin konstitusiya nəzarətini həyata keçirmək üzrə səlahiyyəti əks olunmayıb.

İndiki anlamda məhkəmə konstitusiya nəzarəti məhkəmə təcrübələri əsasında ABŞ- da yaranıb (6, s. 17). Bu inkişafa əsas töhfəni Ali Məhkəmənin sədri Con Marşal Merburinin Medisona qarşı işində (1803-cü il) məşhur qərarı ilə verib. ABŞ Ali Məhkəməsinin «Merləri Medisona qarşı» işi üzrə 1803-cü il tarixli qərarında bu institutun doktrinası formalaşdırılıb. Bu işdə Ali Məhkəmə qanunun Konstitusiyaya uyğunluğunu müəyyən etmək məsələsində konstitusiya nəzarəti funksiyasını mənimsədi (14, s. 23- 42). Bu, ABŞ Ali Məhkəməsinə qanuna məhkəmə qaydasında yenidən baxmaq səlahiyyəti verdi. Bu qərarda konstitusiyanın aliliyi prinsipinin şərhi verilib və konstitusiyanın müdafiəsi üçün məhkəmə nəzarətinin zəruriliyi əks olunub (12, s. 151). Beləliklə, konstitusiya ədalət mühakiməsi institutu ABŞ-da yaranıb, lakin maraqlı cəhət odur ki, burada konstitusiya ədalət mühakiməsi Konstitusiya əsasında deyil, məhkəmə presedentləri əsasında formalaşıb. Bu günə qədər ABŞ-ın Əsas qanununda məhkəmə orqanlarının belə funksiyası haqqında müddəa nəzərdə tutulmur. Çağdaş dövrdə ABŞ-da konstitusiya nəzarəti sahəsində məhkəmələrin səlahiyyətlərinin həcmi ilə bağlı məsələ diskussiya predmetinə çevrilsə də, bu səlahiyyətlərin reallığı mübahisə doğurmur (11, s. 23-24).

A. de Tokvill qeyd edir ki, “Amerikalılar ... məhkəmələrinə çox geniş siyasi hakimiyyət veriblər; amma onların üzərinə müstəsna olaraq məhkəmə proseduru çərçivəsində qanunu qüvvədən salmaq vəzifəsi qoymaqla, bu hakimiyyətin yarada biləcəyi təhlükəni önəmli dərəcədə azaldıblar” (10, s. 92-95). F. Lourens isə göstərir ki, “Ali Məhkəmə sadəcə olaraq mətni təfsir etmir, yəni sənədin nəyi ifadə etdiyini, yaxud onu yazan insanların nə demək istədiklərini tədqiq etmir. Məhkəmə sadə təfsirdən uzağa gedərək konstitusiya doktrinasını yaradır və genişləndirir. Ümumiyyətlə, belə bağlılıq varsa, doktrinanın bəzi müddəalarını əsas mətnə çox incə tellər bağlayır» (7, s. 152).

XX əsrin birinci yarısında Avropa dövlətlərinin konstitusiyalarının mətni sərt deyildi. Məhz bu dövrdə Avropada avstriyalı hüquqçu Hans Kelzenin ideyalarına əsaslanan konstitusiya nəzarətinin spesifık konsepsiyası hökmranlıq etməyə başladı. Hans Kelzen 1920-ci ildə Avstriya federal konstitusiya qanununun hazırlanmasında iştirak etdi, sonradan bu ölkənin Konstitusiya Məhkəməsinin üzvü oldu. Onun konsepsiyası təcrübədə yetərincə təsdiqini tapıb və bu günə qədər aktuallığını itirməyib. Hans Kelzen hesab edir ki, qanunların konstitusiyaya uyğunluğunu yoxlamaq məqsədi ilə konstitusiya tribunalının təsis edilməsi tam şəkildə hakimiyyətlər bölgüsü nəzəriyyəsinə uyğundur. Hans Kelzenə görə, konstitusiya başqa bütün normaların yaranması prosedurunu və məzmununu müəyyən edən əsas qanun kimi qəbul edilməlidir. Ona görə də Konstitusiya, [səh. 24-25] əsas prosedur qaydaların məcmusu olmaqla yanaşı, maddi hüququn nüvəsi kimi müəyyən edilməlidir (4, s. 58). Müəllifın bu məntiqi sonradan ixtisaslaşdırılmış məhkəmələrin həyata keçirdiyi konstitusiya ədliyyəsi ideologiyasının əsasını təşkil etdi.

Birinci və İkinci dünya müharibələri arasındakı dövrdə siyasi cəhətdən qeyri-sabit şəraitdə «kelzen modeli»ni praktikada bir neçə dövlət (Avstriya (1920-ci il), Çexoslavakiya (1920-ci il), Yunanıstan (1927-ci il), İspaniya (1931-ci il), İrlandiya (1937-ci il), Misir (1941-ci il)) gerçəkləşdirdi. Həmin dövrdə dünyada Amerika modeli daha üstün mövqedə dayanırdı.

Avropa modelinin geniş yayılması İkinci dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Müxtəlif modifıkasiyalarda bu model İtaliyada, Yaponiyada, Birmada (1947-ci il), Almaniya, Hindistan, Tailandda (1949-cu il), Türkiyədə (1961-ci il) özünə yer tapdı. Bəzi ölkələrdə konstitusiya nəzarətinin Avropa modeli diktator rejiminin devrilməsindən sonra təsis edildi (məsələn, Yunanıstan (1968-ci il), Portuqaliya (1976-cı il), İspaniya (1978-ci il). Sonra totalitar sistemin böhranı şəraitində bir sıra sosialist dövlətlərində məhdud səlahiyyətli konstitusiya mühakimə orqanları yaradılmağa başladı. Yuqoslaviyada 70-ci illərdə, daha sonra isə Macarıstanda, Polşada konstitusiya nəzarəti orqanları təsis edildi. Konstitusiya Məhkəməsi institutunun inkişaf etməkdə olan ölkələrə yaradılması prosesinin də özünəməxsus xüsusiyyətləri var. Onlara qərb demokratiyasının modeli təsir göstərib. Ümumi hüquq sistemli ölkələrdə Böyük Britaniyanın Gizli Şurasının məhkəmə komitəsinin praktikası bu sahədə mühüm rol oynayıb. O, koloniyaların yuxan məhkəmələrinin qərarlarına baxan sonuncu məhkəmə instansiyası idi. İşlərin baxılması gedişində koloniya hakimiyyətinin normativ aktının konstitusiyaya uyğunluğu yoxlanırdı. Belə praktika isə “Amerika” modelini qəbul etsə də, bir çox münasibətdə “klassik” variantdan fərqlənirdi (məsələn, Hindistan, Banqladeş, Nigeriya və s.).

Konstitusiya nəzarəti müxtəlif formalarda XX əsrin 40 və 60-cı illərində Qərbi Avropa ölkələrinin əksəriyyətində (Böyük Britaniya, Niderland) tətbiq edilirdi, 80-90-cı illərdə isə Mərkəzi və Şərqi Avropa dövlətlərində, о sıradan Rusiyada tətbiq olunmağa başlamışdı. Bu ölkələrin bəzilərində (Avstriya, Bolqariya, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Litva, Polşa, Rusiya, Rumıniya) konstitusiya məhkəmələri yaradılır, başqalarında ümumi yurisdiksiyalı ali məhkəmə instansiyalarında konstitusiya palataları (Estoniya) və ya konstitusiya şuraları (Fransa, Qazaxıstan) yaradılırdı. Federativ dövlətlərdə federativ konstitusiya məhkəmələri ilə yanaşı federasiyanın subyektlərinin də konstitusiya məhkəmələri yaradılır və fəaliyyət göstərirdi. Lakin federasiya subyektlərinin konstitusiya məhkəmələri vahid konstitusiya məhkəmə sistemini təşkil etmirdi (Rusiya, Almaniya).

Keçmiş fransız koloniyalarında Konstitusiya mühakimə institutunun kolonial keçmişi olmadığından bu dövlətlər 60-cı illərin əvvəllərindən başlayaraq Avropa modelinin fransız variantını qəbul etdilər. Lakin Afrika- Asiya ölkələrinin ilkin konstitusiyalarında nəzərdə tutulmuş konstitusiya mühakimə institutu sonralar ya ləğv olundu, ya da real məzmununu itirərək formal instituta çevrildi. Yalnız sabit demokratik rejimin qurulduğu dövlətlərdə bu orqan siyasi-hüquqi inkişafda mühüm rol oynamaqla funksiyaların səmərəli şəkildə yerinə yetirdi.

Konstitusiya nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin genişlənməsi tendensiyası məhz bu dövrə təsadüf edir. Onlar «ali ixtisaslaşmış məhkəmələrin funksiyalarını gerçəkləşdirir, mövcud siyasi partiyaların fəaliyyətinin konstitusiyaya uyğunluğunu yoxlayır, dövlət hakimiyyətinin ali orqanları arasında onların səlahiyyəti ilə bağlı yaranan mübahisələri həll edir və s.» funksiyaları həyata keçirirdi.

Konstitusiya ədalət mühakiməsi institutunun inkişafında yeni mərhələ XX əsrin 70-80-ci illərində başladı. Bu öncə İspaniyada, [səh. 25-26] Portuqaliyada qeyri-humanist rejimlərin devrilməsi və konstitusiya məhkəmələrinin bərpa olunması ilə bağlıdır. Başqa yandan, Almaniya, Avstriya konstitusiya məhkəmələrinin, Fransa Konstitusiya Şurasının fəaliyyətində prioritet təşkil edən sosial sahənin məhdudlaşdırılması və konstitusiya nəzarətinin daha çox vətəndaşların konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsi sahəsinə istiqamətlənməsi qeyd edilən yeni mərhələnin əsasını təşkil edir. Konstitusiya ədalət mühakiməsinin tarixi inkişafının yeni mərhələsini məhz göstərilən islahatlarla şərtləndirmək olar. 80-ci illərin sonuna qədər bu ümumi tendensiyadan yalnız sosialist və sosialist yönlü dövlətlər (Tanzaniya, Madaqaskar istisna olmaqla) kənarda qalmışdı. Konstitusiya ədalət mühakiməsi bu dövlətlərdə nəzəri mülahizələrə görə inkar edilirdi. Sosialist dövlətlərində konstitusiya nəzarətinin gerçəkləşdirilməsi praktik cəhətdən də mümkün deyildi. Önəmli ictimai münasibətləri tənzim edən hüquq aktları partiyanın qərarları əsasında hazırlanır və qəbul edilirdi, partiya qərarlarının isə dövlət orqanlarının nəzarətinə məruz qalması mümkün deyildi.

Konstitusiya mühakimə institutunun inkişafının yeni mərhələsi isə demokratikləşmənin qlobal xarakter daşıdığı 80-90-cı illərdə başlandı. Avtoritar və totalitar rejimdən demokratiyaya keçən demək olar bütün ölkələrdə konstitusiya mühakimə institutu yaradıldı.

Avropa ölkələrində xüsusi yurisdiksion dövlət orqanı meydana çıxdıqdan sonra, o, təşkilati cəhətdən məhkəmə sistemindən ayrılaraq müstəsna səlahiyyət, konstitusion mübahisələrə baxmaq və həll etmək hüququ əldə etdi. Bu zamandan etibarən ümumi yurisdiksiyalı məhkəmələr konstitusion problemləri müstəqil şəkildə həll etmək hüququndan məhrum olundular.

80-ci illərin sonu və 90-cı illərin əvvəlində bu ölkələrin çoxunda şərait köklü şəkildə dəyişdi. Bu, həmin ölkələrdə demokratik rejimlərin bərqərar olması, yeni konstitusiyaların qəbul edilməsi ilə mümkün oldu. Bu dövlətlərdə mahiyyətcə dəyişmiş ictimai quruluş konstitusiya məhkəmələrinin yaradılmasını şərtləndirirdi. Bu səbəbdən də, demək olar qeyd olunan dövlətlərin hamısının konstitusiyasında konstitusiya məhkəmələri barədə müddəalara yer verildi. Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında da Konstitusiya Məhkəməsinə dair müddəalar ilk dəfə Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında təsbit edildi.

Beləliklə, konstitusiya nəzarəti və onun həyata keçirilməsi bilavasitə demokratik dövlətlərə xasdır. Məhz konstitusiya məhkəmələrinin yaranması və formalaşması demokratiyanın inkişafı ilə six bağlıdır. Siyasi və sosial dəyişikliklər nəticəsində 80-ci illərdə ictimai inkişafın sabitliyinə təminat verən dayanıqlı sistemin formalaşdırılmasına ehtiyac duyulduğu üçün bir çox dövlətlərdə konstitusiya nəzarətinin Avropa modeli qəbul edilməyə başladı. Birinci dünya müharibəsindən sonra konstitusiya məhkəmə nəzarəti ideyası Avropa qitəsində fəal inkişaf etməklə ixtisaslaşdırılmış konstitusiya məhkəmələri formasında həyata keçirilməyə başladı. Qanunların konstitusiyaya uyğunluğunun yoxlanması sahəsində bu məhkəmələrin müstəsna səlahiyyətləri var idi.

Müsəlman dövlətlərində konstitusiya nəzarəti institutunun hüququn islamlaşdırılması siyasəti ilə bağlı özünəməxsus xüsusiyyəti var. Iranda 1979-cu il Konstitusiyası əsasında nəzarət şurası təsis edilib. Bu orqan Məclisin qəbul etdiyi qanunları «İslam normaları və konstitusiya prinsiplərinə uyğunluq baxımından yoxlayır (94-cü maddə) (1, s. 32). Pakistanda isə Konstitusiya və dini nəzarət orqanlarının daha mürəkkəb sistemi fəaliyyət göstərir. Konstitusiya nəzarətini bir çox ölkələrdə olduğu kimi, ümumi yurisdiksiyalı məhkəmə olan Federasiyanın Ali Məhkəməsi həyata keçirir. Eyni zamanda normativ aktlar üzərində dini nəzarəti həyata keçirən iki orqan da yaradılıb. Onların yaradılması isə Pakistan Konstitusiyasının 277-ci maddəsinin müddəaları ilə [səh. 26-27] şərtləşib. Orada göstərilir ki, “bütün mövcud qanunlar islam göstərişlərinə uyğun həyata keçirilməlidir». İslam Şurası məşvərətçi xarakter daşımaqla parlament və əyalət məclislərinin qəbul etdikləri qanunların islama uyğun olması barədə rəy və tövsiyələr verir. 1980-ci ildə isə başqa dini nəzarət orqanı olan Federal Şəriət Məhkəməsi təsis olunub. Məhkəmə vətəndaşlardan, federal və əyalət hökumətlərindən qanunun müddəalarının «Quran və Sünnədə təsbit olunan islam göstərişlərinə uyğun olmaması barədə» daxil olan iddialara baxır. Federal Şəriət Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etmək olar. Burada Ali Məhkəmə üzvlərindən olan müsəlman hakimlərdən təşkil olunmuş apelyasiya şöbəsi fəaliyyət göstərir (1, s. 33). Göründüyü kimi, bu dövlətlərdə kvaziməhkəmələr fəaliyyət göstərir. Onların ümumi fəaliyyətində konstitusiya nəzarəti ilə dini nəzarət fərqləndirilir.

Yetərincə uzun tarixi inkişaf prosesinin nəticəsi olan Avropa konstitusiya nəzarəti modeli demokratik dövlətlərin böyük əksəriyyətində, о sıradan Azərbaycan Respublikasında dövlət mexanizminin ayrılmaz hissəsinə çevrilib.

Azərbaycan Respublikası Konstitusiyasının «Məhkəmə hakimiyyəti» adlanan VII fəslində Konstitusiya Məhkəməsinə xüsusi maddə - 130-cu maddə həsr edilib (2). Bu maddədə Konstitusiya Məhkəməsi hakimlərinin say tərkibi, onun formalaşdırılması qaydası, səlahiyyətləri, məhkəməyə müraciət etmək hüququ olan subyektlərin siyahısı, məhkəmə qərarlarının qəbul edilməsi və bu qərarların tətbiq dairəsi barədə müddəalar əks olunub. Konstitusiya qüvvəyə mindikdən iki il sonra Azərbaycan Respublikası Milli Məclisi 1997-ci il oktyabrın 21-də «Konstitusiya Məhkəməsi haqqında» Qanun qəbul edib, 1998-ci    ildə isə Konstitusiya Məhkəməsinin tərkibi formalaşdırılıb. Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 14 iyul tarixli qərarı ilə yeddi hakimin təyin edilməsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb. Lakin Konstitusiya Məhkəməsinin səlahiyyətləri vətəndaşların müraciətlərinə baxmasına imkan vermədiyinə görə insan hüquq və azadlıqlarının müdafıəsi üçün konstitusiya ədalət mühakiməsinin imkanlarından səmərəli istifadə oluna bilmirdi. Azərbaycanda həyata keçirilən demokratikləşmə prosesləri, insan hüquq və azadlıqlarının müdafıəsinin hüquqi mexanizmlərinin gücləndirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi, Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi ölkəmiz üçün keyfıyyətcə yeni tələblər meydana çıxardı. Bunları nəzərə alaraq 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyanın mətnində dəyişikliklər edilərək, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsi xeyli genişləndirildi və hər kəsə Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ verildi. Bundan sonra 2003-cü il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidentinin ilk qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi nəticəsində «Konstitusiya Məhkəməsi haqqında» yeni qanun qəbul edildi. Bu Qanunda başqa müddəalarla yanaşı konstitusiya şikayətinə dair tələblər və konstitusiya məhkəmə icraatının prosedura qaydaları müəyyən olunub.

 

İstifadə edilmiş mənbələr:

1.       Abdullayev F.S. Azərbaycan Respublikasında konstitusiya icraatının nəzəri və praktiki problemləri. Bakı: Elm, 2009, 396 s.

2.       Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2014, 64 s.

3.       Cəfərov I.M. Azərbaycan Respublikası Konstitusiyasının şərhi. Bakı: Hüquq ədəbiyyatı, 2010, 724 s

4.       Боботов С.В. Конституционная юстиция (сравнительный анализ). М.: ЕАБ, 1994, 305 с. [səh. 27-28]

5.       Брайс Д. Американская Республика. 4.1. М.: Наука, 1989, 403 с.

6.       Клишас А.А. Конституционная юстиция в зарубежных странах. М.: Международная отношения, 2004, 288 с.

7.       Лоуренс Ф. Введение в американское право. М.: Прогресс-Универс, 1993, 302 с.

8.       Нудель М.А. Конституционный контроль в капиталистических странах. М.: Юридическая литература, 1969, 289 с.

9.       Сравнительное конституционное право. Учебное пособие / Отв. ред. В.Е. Чиркин. М.: Юристь, 2002,654 c

10.    Токвиль А. Демократия в Америке. М.: Прогресс, 1992, 274 с.

11.    Black Ch. L. The people and the court. Judicial review in a democracy. N.Y., 1987, 289 p.

12.    Friedman L.A. History of American Law. N.Y., 1985, 151 p.

13.    Georg Schmitz. The Constitutional Court of the Republic of Austria 1918-1920 // Ratio Juris. Volume 16 Issue 2. June 2003, p. 236-254

14.    Laurence H. Tride. American Constitutional law. New York, 1988, 273 p.

 

Шукюров Насиб Гейбат оглу

ИСТОРИЯ РАЗВИТИЯ КОНСТИТУЦИОННОГО КОНТРОЛЯ

РЕЗЮМЕ

В статье анализируются начальные формы института конституционного контроля, который имеет мно­говековую историю, успешный долгосрочный путь к развитию конституционного контроля отдельных стран, формирование конституционного правосудия многих государств, образовавшихся после Второй мировой войны, модели конституционного контроля США и Европы.

В статье также рассматривается установление конституционного контроля впервые, после восстановления государственной независимости Азербайджанской Республики, а также то, что конституционный контроль может существовать только в демократическом обществе.

 

Shukurov Nasib Heybat

THE HISTORY OF DEVELOPMENT OF THE CONSTITUTIONAL CONTROL

SUMMARY

The article analyzes the forms of institute of the constitutional control which has centuries-old history, successful long-term way to development of the constitutional control of the certain countries, formation of judicial power of many states, established after World War II, the models of the constitutional control of the USA and Europe.

The author considers the establishment of constitutional control for the first time, after restoration of the state independence of the Republic of Azerbaijan, as well as states that the constitutional control can exist only in democratic society.

Rəyçi: h.ü.h.d., dos., T.T. Vəliyev

Təqdim edən: h.ü.e.d., dos. M.A. Mövsümov

Daxil olma tarixi: 08.09.2015

Təkrar işlənmə tarixi: göndərilməyib

Çapa imzalanma tarixi: 12.10.2015