Qanun - 2015.-№ 9(251).-S.36-39.

 

İNFORMASİYA SAHİBLƏRİNİN

HUQUQİ STATUSU

 

Məhərrəmov Orxan Mikayıl oğlu,

Bakı Dövlət Universitetinin “Mülki proses və kommersiya hüququ” kafedrasının doktorantı

 

Açar sözlər: informasiya, informasiya hüququ, informasiya sahibləri.

Ключевые слова: информация, информационное право, владельцы информации.

Keywords: information, information right, owners of information.

 

Azərbaycan Respublikasi Konstitusiyasının 50-ci maddəsinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Göründüyü kimi informasiya sahiblərinin azadlığı ən ali qanunda əksini tapıb (1).

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 3 aprel tarixli Qanununda informasiyanın anlayışı verilib. informasiya yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya başqa xarakterli məlumatlardır (3). Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfıdensial) olur. Dövlət sirri məxfı, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (hakim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirridir və o, konfıdensial xarakter daşıyır. Fərdi məlumatlar isə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sahiblik dedikdə, əmlaka və ya əşyaya faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı başa düşülür. “informasiya əldə etmək haqqında” Qanunda informasiya sahibinin anlayışı verilib (2): informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunla müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. İnformasiyanın əldə olunmasının şərtləri, qaydaları və formaları, informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtinasının əsasları bu qanunun əsas məqsədlərindən biridir. Göründüyü kimi, informasiya sahibinin informasiyanı təqdim etməkdən imtinası qanunvericiliklə tənzimlənir.

“İnformasiya əldə etmək haqqında” Qanunun 9-cu maddəsi informasiya sahiblərinin dairəsini müəyyənləşdirir. Aşağıdakılar informasiya sahibləri sayılır:

·         dövlət orqanları və bələdiyyələr; [səh. 36-37]

·         ictımaı funksiyaları yerinə yetirən hüquqi şəxslər, normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fıziki şəxslər. (2)

Qeyd olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nətıcəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.

Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Bələdiyyələr isə qanunla müəyyən edilmiş ərazi hüdudlan daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və “Bələdiyyələrin statusu haqqında” Qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

Aşağıda qeyd olunanların hüquqi statusu isə informasiya sahiblərinə bərabər tutulur:

·         əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər - malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə;

·         tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlan, büdcədənkənar fondlar, dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri – dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.

İnformasiya sahiblərinin vəzifələri və informasiya məsələləri üzrə vəzifəli şəxsin funksiyaları qanunvericiliklə tənzimlənir. informasiya sahibinin aşağıdakı vəzifələri vardır:

·         informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur.

·         informasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir.

·         informasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz.

informasiya sahibi:

·         informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir;

·         sənədlərin reyestrini aparmalıdır;

·         ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir;

·         açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır;

·         sorğuçuya kömək göstərməlidir;

·         informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir;

·         əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır;

·         həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

Qeyd etdiyimiz kimi informasiya məsələləri üzrə vəzifəli şəxsin və ya struktur bölmənin funksiyaları qanunvericiliklə tənzimlənir: [səh. 37-38]

·         sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir;

·         sorğuları “İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulmuş qaydada təmin edir;

·         informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir;

·         informasiya məsələləri üzrə müvəkkilə təqdim olunacaq hesabatlan hazırlayır (informasiya məsələləri üzrə müvəkkilə hesabatlar ildə iki dəfə — hər cari ilin birinci və yeddinci aylarında təqdim olunur. Müvəkkil tələb edərsə, informasiya sahibi bu cür hesabatlan əlavə olaraq təqdim etməlidir);

·         informasiya əldə edilməsi ilə bağlı informasiya sahibinə göndərilən şikayətləri araşdırıb qərar qəbul edir;

·         informasiya xidmətləri göstərilməsi ilə bağlı başqa vəzifələri yerinə yetirir.

informasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarım müəyyənləşdirir. informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləsdirilmiş qaydada məsuliyyət daşıyırlar. informasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır. İnformasiyanın qanunvericiliklə nəzərdə tutulmuş qaydada acıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibinin rəhbəri daşıyır.

İnformasiya sahibi cəmiyyətin maraqlarmı daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş, informasiyaları açıqlamalıdır. informasiya sahibi ictimai informasiyam elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın.

İnformasiya sahibi insanların həyatı, sağlamlığı və əmlakı, yaxud ətraf mühit üçün yaranan təhlükə, ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edən başqa hadisələr və faktlar barədə informasiyanı, həmin təhlükənin qarşısını almaq və onun mümkün olan nəticələrini azaltmaq məqsədi ilə dövri mətbuatda, teleradio verilişlərində və Internet informasiya ehtiyatlarında təcili surətdə açıqlamalıdır. informasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər.

 

İstifadə edilmiş mənbələr:

1.       Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2013

2.       “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il, Qanunu /informasiya və məlumat azadlığı haqqında sənədlər toplusu. Bakı: Qanun, 2007, səh.210-242

3.       “informasiya, informasiyalaşdırma və informasiyanın mühafızəsi haqqında” Azərbaycan Respublikasının 3 aprel 1998-ci il Qanunu / informasiya və məlumat azadlığı haqqında sənədlər toplusu. Bakı: Qanun, 2007, səh.3-14

4.       Бачило И.Л. Информационное право. М.: Юрайт, 2011, стр. 46-54

5.       Рассолов И.М. Информационное право. Учебник, 2-е издание. М.:Юрайт, 2015, стр. 302-314 [səh. 38-39]

 

Магеррамов Орхан Микайыл оглу

ЮРИДИЧЕСКИЙ СТАТУС ВЛАДЕЛЬЦОВ НФОРМАЦИИ

РЕЗЮМЕ

Данная статья посвящается владельцам информации как субъектам, осуществляющим владение и пользование информацией и реализующим полномочия, распоряжения в пределах прав, установленных законом или собственником информации. В статье раскрывается вопрос об основных полномочиях владельцев информации, а также разъясняются такие понятия, как достоверность информации, доступ к информации, оперативность доступа к информации, собственник информации, правила доступа к информации.

 

Maharramov Orkhan Mikayil

LEGAL STATUS OF THE OWNERS OF INFORMATION

SUMMARY

The article is dedicated to the owners of information as the subjects who realize the ownership and use of information and perform powers of the order within the rights established by the law or the owner of information. The author dwells on the question of the major powers of the owners of information, as well as explains such concepts as reliability of information, access to information, efficiency of access to information, the owner of information, rule of access to information.

 

Rəyçi: h.ü.f.d., dos. A. Mirzəyeva

Təqdim edən :h.ü.e.d., prof. Z.İ. Cəfərov

Daxil olma tarixi: 16.07.2015

Təkrar işlənmə tarixi: 31.07.2015

Çapa imzalanma tarixi: 12.10.2015

Bakı Dövlət Universiteti hüquq fakültəsinin “Mülki proses və kommersiya hüququ” kafedrasinın 10 mart 2015-ci il tarixli iclasının qərarı (protokol № 7) ilə çapa məsləhət görülmüşdü.