Dövlət idarəçiliyi.-2015.-№2.-S.-125-135.
NAXÇIVANIN AZƏRBAYCANIN DÖVLƏTÇİLİK TARİXİNDƏ
YERİ VƏ ROLU
İsmayıl Hacıyev
AMEA-nın Naxçivan Bölməsinin sədri, akademik,
AR Milli Məclisinin deputatı
Hər bir ölkənin təbii-tarixi inkişafına görə regionları fərqlənir. Regional bölgü obyektiv şərtlər əsasında müəyyən edilir və bütövlükdə ölkənin inkişaf strategiyası üçün əhəmiyyətlidir. Tarixi ənənələrə və hər bir dövrün tələblərinə əsaslanan regional idarəetmə dövlət həyatında zəruri yer tutur.
Regionların sosial-iqtisadi inkişaf məsələləri problemin tarixinə də marağı artırmışdır. Hər bir regionun müasir sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması onların keçdiyi tarixi yolu və bu prosesdə formalaşmış spesifık xüsusiyyətlərin də nəzərə alınmasını zəruri etmişdir. Bu sahədə vaxtı ilə əldə olunmuş müəyyən təcrübənin əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Şimali Azərbaycanın Şirvan və Qarabağ bölgələrinin tarixi diqqət mərkəzində olmuşdur. Şimal-şərqi və şimal-qərbi Azərbaycan torpaqlarının tarixinin regional aspektdə öyrənilməsi də xüsusi qeyd edilə bilər.
Tarixi inkişaf elə gətirmişdir ki, Azərbaycanın bölgələri içərisində Naxçivan muxtar qurum kimi spesifık rola malik olmuşdur. Müstəqillik əldə etdikdən sonra isə Naxçıvanın mühüm əhəmiyyəti əsas götürülərək Azərbaycan Respublikasının yeni Konstitusiyasında onun statusu yenidən nəzərdən keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 134-cü maddəsinə görə Naxçivan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
Bu hüquqi-nəzəri müddəa Azərbaycan tarixində, xüsusilə onun dövlətçilik tarixində Naxçıvanın yeri və rolunun kompleks şəkildə tədqiqini irəli sürmüşdür.
Azərbaycan tarixində “dövlət” və “dövlətçilik” problemi və onun ilkin xronologiyası haqqında: müasir vəziyyətə baxış. Azərbaycan tarixşünaslığında dövlətin meydana gəlməsi və dövlət məfhumu, əsasən, tarixi materialistcəsinə anlayış nəzəriyyəsi əsasında izah edilir. Bu nəzəriyyəyə uyğun olaraq, Azərbaycan tarixi bir-birini əvəz edən ictimai-iqtisadi formasiyaların tarixi kimi nəzərdən keçirilmişdir.
SSRİ-nin dağılması və müstəqillik əldə edilməsinə baxmayaraq, müasir Azərbaycan tarixşünaslığında bu konsepsiya davam etməkdədir. Yeddicildlik Azərbaycan tarixi məhz bu konsepsiya əsasında yazılmışdır. Həmin kitabların birinci cildində arxeoloji material bu konsepsiyaya uyğunlaşdırılır və Azərbaycan ərazisində dövlətin meydana gəlməsinin belə bir təsviri verilir: “İbtidai cəmiyyətin dağılması ərəfəsində zorakılıqla zəbtetmə və talançılıq bəzi qəbilələrdə varlanma mənbəyi kimi tez-tez baş verən hadisələrə çevrilir... Müvafıq dövr cəmiyyətində qəbilə başçıları, mötəbər şəxslər, hərbçilər, qullar və s. aydın seçilir. Bu, hər şeydən əvvəl, yeni ictimai-iqtisadi əlamətlərin yaranması ilə əlaqədar olub, yeni yaranmaqda olan ictimai quruluşun zəruri “carçıları” idi. Beləliklə, bu dövr ibtidai-icma quruluşunun dağılması prosesində son mərhələ - siniflərin və dövlətin yaranma ərəfəsi idi”.. Burada “siniflər yaranır - dövlət yaranır” formulunun yeganə yol kimi qəbul edilməsi aydın olur. Azərbaycan tarixinin akademik nəşri ilə [səh.125-126] yanaşı, digər nəşrlərdə də müəyyən ziddiyyətlər müşahidə edilir. Azərbaycan tarixi boyunca Azərbaycan dövlətçiliyindən bəhs edilərkən tarixi materialist metodikaya uyğun gəlməyən məqamlar üzərindən sükutla keçilir. IX-X əsrlərdə meydana gələn dövlətlər, feodal dövlətləri kimi xarakterizə olunduğu halda, Manna dövləti, Atropatena və ya Albaniya dövlətlərinin xarakteri tam aydınlaşdırılmır.
Azərbaycan tarixşünaslığında dövlət və dövlətçilik anlayışlarının şərhinin problemi onun yalnız qeyri-ardıcıllığı ilə bitmir. Azərbaycan dövlətlərinin, demək olar ki, zorakılıq və zülm vasitəsi kimi təqdim edilməsi, dövlətin tarixi inkişafda rolunu zərbə altında qoyur, onun ənənələrini və varisliyini inkar edir, xalqın dövlətçilik ruhunu sarsıdır və s. Təəssüflə qeyd etmək lazımdır ki, ümumiləşdirilmiş Azərbaycan tarixində qəbul edilmiş belə bir yanaşma Azərbaycan fəlsəfə və hüquq tarixi kimi sahələrə də mənfı təsir etmiş, mövcud dövlət quruluşu və idarə sistemi, əsasən, neqativ səpkidə nəzərdən keçirilmişdir.
Azərbaycan tarixində “dövlət” və “dövlətçilik” anlayışları kifayət qədər elmi-nəzəri bazaya əsaslanmadığından dövlətin yaranması şəraiti və ilkin xronologiyasının şərhi də diqqəti cəlb edir. Azərbaycan tarixinin yeddicildlik akademik nəşri və digər ümumiləşdirilmiş Azərbaycan tarixi kitablarında bu suallara aydın cavab tapmaq mümkün deyildir. Bütün ümumiləşdirilmiş Azərbaycan tarixi kitablarında dövlətin meydana gəlməsi eyni yanaşmaya əsaslanır:
1) problem arxeoloji dövrləşdirmə çərçivəsində (Paleolit, Mezolit, Neolit, Eneolit, Tunc və ilk Dəmir dövrü və ya ən qədim zamanlardan e.ə. II-I minilliyin əvvəllərinədək) nəzərdən keçirilir;
2) sonra xronologiya pozularaq, e.ə. III-II minilliklərdə və ya II-I minilliklərdə tayfa və tayfa birliklərindən bəhs edilir, yəni xronologiya pozularaq, yenidən əvvəlki dövrə qayıdılır İlk dövlətin yaranmasının xronologiyası isə fərqli şəkildə təqdim edilir. Yeddicildlik Azərbaycan tarixinin birinci cildində yazıldığına görə, “Şimali və Cənubi Azərbaycan vilayətlərinin sosial və iqtisadi mənzərəsində böyük fərq yox idi. E.ə. II minilliyin ikinci yarısı ibtidai icma quruluşunun intensiv surətdə dağılması və ilkin sinifli qurumların yaranması ilə səciyyələnir. E.ə. I minilliyin əvvəlində Urmiyaboyu rayonda fərqləndirici əlamət daha qəbilə-tayfa bölgüsü deyil, ərazi bölgüsündən ibarət olan mövcud xırda vahidlərlə bərabər, nisbətən iri siyasi qurumların yaranması idi”. Uzaq keçmişdən 1870-ci ilə qədər Azərbaycan tarixinin “Kiçik dövlət qurumları” adlı yanmbaşlığında yazılır: “M.ö. II minilliyin sonunda Güney Azərbaycanda iqtisadi-mədəni yüksəliş icma cəmiyyətinin dağılmasının başa çatması ilə müşayiət olunur. Bunun nəticəsində m.ö. X yüzildən gec olmayaraq həmin torpaqlarda kiçik siyasi birləşmələr yarandı”. Təqdim olunan iqtibaslarda zamanın və siyasi qurumların miqyasına dair fıkirlərin müqayisəsi mövcud ziddiyyəti aydın şəkildə göstərir. Digər bir ümumiləşdirilmiş Azərbaycan tarixində isə “Azərbaycanın ən qədim dövlətləri” adlı yanmbaşlıq ayrılır və e.ə. III minillikdə mövcud olan Aratta, Lullubi və Kuti dövlətlərindən bəhs edilir.
Nəzərdən keçirilən iqtibaslar ümumiləşdirilmiş Azərbaycan tarixi kitablarında “dövlət” və “dövlətçilik” problemləri kimi ilk dövlətlərin meydana gəlməsi, onun coğrafıyası və xronologiyasında ciddi fikir ayrılığı olduğunu ortaya çıxarır. Bu məsələlərdə tarixi obyektivliyin bərpası üçün Azərbaycan dövlətçiliyinin regional aspektlərinin araşdırılmasına ciddi ehtiyac duyulduğunu bir daha üzə çıxarır.
Naxçıvanın təbii-coğrafi şəraiti. Coğrafi amillərin tarixi inkişafda mühüm rolu olmasına baxmayaraq, uzun müddət bu məsələyə kifayət qədər diqqət yetirilməmişdir. Tə- [səh.126-127] əssüflə qeyd etmək lazımdır ki, Azərbaycan tarixşünaslığında müasir dövrdə də belə bir vəziyyət davam edir. Yeddicildlik Azərbaycan tarixinin akademik nəşrinin birinci cildində Azərbaycanın təbii-coğrafı şəraitinə xüsusi yer ayrılsa da, bu hissə müstəqil oçerk səciyyəsi daşıyır və Azərbaycanın tarixi inkişafı ilə əlaqələndirilmir. Naxçıvanın bütövlükdə Azərbaycan tarixində, о cümlədən Azərbaycanın dövlətçilik tarixindəki rolunu tədqiq etmək üçün onun təbii-coğrafi şəratindən başlamaq lazımdır.
Azərbaycanın tərkib hissəsi olmasına baxmayaraq, Naxçıvanın təbii-coğrafı şəraiti özünəməxsus xüsusiyyətlərə malik olmuşdur ki, bu da onun tarixdəki yeri və roluna da önəmli təsir göstərmişdir.
Azərbaycanın ərazisi düzənlik və dağlıq relyefə malikdir. Naxçıvanın ərazisi də Azərbaycan Respublikasının dağlıq vilayətləri sırasına daxildir. Burada Dərələyəz və Zəngəzur sıra dağları yerləşir. Dərələyəz dağ silisiləsində ən hündür zirvə Küküdağ (3120 m), Zəngəzurda isə Qapıcıq (3906 m) dağıdır. Ümumiyyətlə, Naxçivan ərazisinin böyük bir hissəsini hündürlüyü min metrdən yuxarı olan dağlar təşkil edir. Qalan hissə isə Arazboyu düzənliklərdən (Sədərək, Şərur, Böyükdüz, Naxçivan, Culfa və b.) ibarətdir.
Naxçıvanın təbii-cöğrafı şəraitinin ən önəmli cəhətlərindən biri də faydalı qazıntılar və mineral bulaqlarla zəngin olmasıdır. Naxçıvanda qədim zamanlardan başlayaraq mis, qızıl, kükürd və b. təbii sərvətlər çıxarılırdı. Mineral su mənbələri isə Naxçıvanı bütün dünyada məşhur etmişdir. Hazırda Naxçivan Muxtar Respublikasında 250-dən çox mineral su mənbəyinin qeydə alındığı bildirilir. Belə güman etmək olar ki, onların müəyyən hissəsi Naxçıvanın ilk sakinlərinə də məlum olmuşdur.
Azərbaycan iqlim zənginliyinə görə fərqlənən bir ölkədir. Burada 11 iqlim tipindən 9-u mövcuddur. Naxçivan iqliminə görə Azərbaycanda fərqli yer tutan regionlardan biridir. Burada “yayı quraq keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur mənfı 32° C, illik mütləq maksimum temperatur isə 43° С olur”. Bu ümumi göstərici ilə birlikdə, Naxçivan ərazisində 5 iqlim tipi (yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qışı quraq keçən yarımsəhra və quru çöl, yayı quraq keçən soyuq yarımsəhra və quru çöl, yayı quraq və sərin keçən soyuq iqlim və dağlıq tundra iqlimləri) ayrılır. Belə iqlim şəraiti Naxçivan ərazisində meşə örtüyünün az olmasına səbəb olmuşdur.
Azərbaycanda iki böyük çay - Kür və Araz çayları vardır. Naxçivan Araz çayı hövzəsinə aiddir. Naxçıvanın çayları müasir şəbəkəni formalaşdırana kimi, tarixi inkişaf boyunca müəyyən yer dəyişikiliyinə uğramışdır. Əsas insan məskənləri də bu çayların ətrafında meydana gəlmiş, yer dəyişikliklərinə uyğun olaraq dəyişmişdir. Naxçivan quraq iqlimə malik olduğundan burada geniş göl şəbəkəsi olmamışdır. Bununla belə Göygöl, Salvartı, Qanlıgöl və Batabat kimi göllər yaranmışdır. Onlar Naxçıvanın su təsərrüfatı şəbəkəsində özünəməxsus yer tutur.
Naxçıvanın torpaq örtüyü mürəkkəbliyi ilə fərqlənir. Quraq iqlim nəticəsində dağlarda meşə örtüyünün olmaması torpaqların eroziyasına gətirib çıxarır. Bununla belə, düzən hissədəki məhsuldar torpaqlar, əkinçiliyin meydana gəlməsi və inkişafına mühüm təsir göstərmişdir.
Naxçıvanın təbii-coğrafı şəraiti, xüsusilə iqlim şəraiti onun flora və faunasına həlledici təsir etmişdir. Bu baxımdan Naxçıvanın ərazisi Azərbaycanın digər regionlarına nisbətən daha zəngindir. Bitki örtüyü və heyvanlar aləmi ilk insanın məskunlaşması və həyatını davam etdirməsi üçün mühüm əhəmiyyətə malik olmaqla, eyni zamanda, sonrakı tarixi inkişaf üçün də əlverişli şərait yaradan amillərdən olmuşdur.
Naxçıvanın təbii-coğrafi şəraiti ümuma- [səh.127-128] zərbaycan konteksti ilə birgə, Yaxın və Orta Şərq kontekstində də araşdırılsa, onun unikallığı və tarixi inkişaf üçün hərtərəfli stimula malik olması da ortaya çıxar. İlk insanın məskunlaşmasında və inkişafında məhz təbii amillərin vacib yer tutması nəzərə alınsa, Naxçıvanın dövlətyaranma prosesində xüsusi yerə malik olduğu böyük ehtimalla təsdiqlənə bilər. Lakin hər bir regionun təbii-coğrafi inkişafında önəmli yer tutan dəniz və ya dənizə çıxış amili Naxçıvanın sonrakı tarixi inkişafına təsir göstərdi. Azərbaycanın dənizətrafı və dənizə çıxışı olan regionların inkişafı nisbətən sürətlə getməyə başladı. Naxçivan təbii-coğrafı şəraitindəki bu xüsusiyyəti digər faktorlar hesabına aradan qaldırmağa və Azərbaycan dövlətçiliyi üçün vacib rol oynamaqda davam etdi.
Naxçıvanın ən qədim tarixi, əsasən, arxeoloji dövrləşmə-paleolit, mezolit, eneolit, tunc və ilk dəmir dövrü üzrə araşdırılmışdır. Azərbaycan arxeologiyasının ən mühüm tərkib hissəsi olan Naxçivan arxeologiyası yüksək elmi nailiyyətləri ilə nəinki ölkə, eləcə də dünya arxeologiyasını zənginləşdirmişdir. Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı dövrdə Naxçivan arxeologiyası daha dinamik inkişaf etmişdir. Bunun nəticəsində Naxçivan tarixinin ilkin tarixi xronologiyasının dərinləşdirilməsi mümkün olmuşdur. Üçcildlik Naxçivan tarixinin birinci cildində qeyd edildiyi kimi: “Əgər otuz il bundan əvvəl diyarın tarixi, əslində, ancaq 100-80 min il xülasə oluna bilirdisə, indi yeni arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələri əsasında biz, haqlı olaraq, Naxçivan tarixini 500-300 min il bundan əvvəl başlayırıq”.
Hazırda Naxçivan arxeologiyasının bütün dövrləri üzrə elmi nöqteyi-nəzərdən dəyərli abidələr sistemi aşkar edilmiş, burada yerli və xarici arxeoloqların iştirakı ilə qazıntılar həyata keçirilir. “Naxçivan: ilk yaşayış və şəhərsalma yeri kimi” və “Naxçivan: ilkin şəhər və Duzdağ”,beynəlxalq simpoziumların materialları Naxçivan arxeologiyasının böyük nailiyyəti hesab oluna bilər.
Naxçivan arxeoloji abidələri Azərbaycan arxeologiyası üçün də böyük əhəmiyyətə malikdir. Bu barədə “Naxçivan: ilk yaşayış və şəhərsalma yeri kimi” beynəlxalq simpoziumda “Azərbaycanın arxeoloji tədqiqatlarında Naxçivan abidələrinin yeri” adlı məruzədə xüsusi olaraq bəhs edilmişdir. Həmin məruzədə qeyd edilmişdir ki, “Azərbaycan arxeologiyasının olduqca çətin və həlli vacib olan problemlərindən biri eneolit və ilk tunc dövrləri arasında mədəni varislik problemlərinin öyrənilməsidir. Uzun illərdir ki, bu məsələnin həlli tədqiqatçılar arasında mübahisə mövzusu olaraq qalır. Naxçivan ərazisində yerləşən Ovçulartəpəsi, Maxta, Xələc və Plovdağ abidələrində aparılan son arxeoloji tədqiqatlar bu problemin həllinə müəyyən aydınlıq gətirmişdir. Bu abidələrdə aşkar edilmiş arxeoloji tapıntılar, xüsusilə keramika məmulatı eneolit dövründən ilk tunc dövrünə keçidin bütün əlamətlərini özündə əks etdirir. Aparılan son tədqiqatlar sübut edir ki, e.ə. IV-III minilliklərdə Şimali Qafqazdan Suriya və Fələstinədək geniş yayılmış Kür-Araz mədəniyyətinin ilkin vətəni məhz Naxçivan-Azərbaycan ərazisidir. Naxçivan diyarı təbii-coğrafi mövqeyinə görə tarixin bütün dövrlərində Yaxın Şərqdə və on Asiyada gedən siyasi-mədəni proseslərdə yaxından iştirak etmiş və şimal regionları ilə əlaqədar bilavasitə körpü rolunu oynamışdır”.
Arxeoloji materiallar ən qədim dövr tarixini öyrənmək üçün yeganə mənbə kimi unikal əhəmiyyətə malikdir. Lakin ibtidai ictimai cəmiyyətinin tarixinin, о cümlədən dövlətçilik tarixinin tədqiqi ümumi tarixi dövrləşdirmənin tətbiqini zəruri edir.
Ümumi tarixi dövrləşməyə əsasən, dövlətəqədərki dövrü proicma, yaxud ulu icma (Alt və Orta Paleolitə uyğundur), ilkin ibtidai (yuxarı Paleolit və Mezolit) və son ibtidai (Neolit) icma mərhələsinə bölünən nəsli icma [səh.128-129] mərhələsi, nəhayət, bərabərsizliyin meydana gəlməsi və dövlətin formalaşması (Yuxarı Neolit, Eneolit və İlk Tunc dövrü) dövrünü ayırmaq olar. İbtidai cəmiyyət və ya dövlətəqədərki tarixin əsas məsələləri, adətən, bu mərhələlər əsasında nəzərdən keçirilir.
Azərbaycanda aşkar edilən arxeoloji abidələr dövlətəqədərki dövrün, eləcə də dövlətyaranma prosesinin bütün mərhələlərini izləməyə imkan verir.
Ulu icma dövründə insanlar sürü (icma) şəklində yaşamışdır. Belə bir icma 20-30 nəfərdən ibarət olurdu. İnsanların əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Ovçuluq ilə kişilər, yığıcılıq ilə qadınlar məşğul olurdu. İnsanlar arasında kütləvi nikah-promiskuitet mövcud olmuşdur. Orta Paleolit dövrünün sonlarına doğru qədim icma dağılmağa başlayır və qəbilə icmasına keçid baş verir.
Son elmi araşdırmalara görə, qədim insan yaşayış məskənləri 6 milyon il bundan əvvələ aiddir. Deməli, ulu icmanın tarixi də həmin dövrdən başlanır. Azərbaycandakı arxeoloji tapıntılar burada ulu icmanın, 1,5-2 milyon il bundan əvvəl başladığını söyləməyə əsas verir. Çoxcildlik Azərbaycan arxeologiyasının daş dövrünə həsr edilmiş birinci cildində qeyd edildiyi kimi, “Qafqaz ərazilərində aparılan arxeoloji tədqiqatlar nəticəsində yaşı 2 milyon ilə bərabər olan maddi-mədəniyyət nümunələri, heyvan sümüklərinin qalıqları, paleoantropoloji tapıntıları hələlik Dmanisi (bu bölgə də tarixən Azərbaycan ərazisi olub. - İ.H.) paleolit düşərgəsindən, Azərbaycanın Azıx paleolit düşərgəsinin ən aşağı təbəqələrindən və Cəbrayıl rayonu ərazisindən qeydə alınmışdır”. Azıx mağarası ilə eyni zamanda, Tağlar (Qarabağ), Damcılı və Daş Salahlı (Qazax) abidələrinin və b. tapıntıları da ulu icma dövrü haqqında təsəvvür yaratmağa imkan verir.
Ulu icma dövrünü, xüsusilə onun son mərhələsini (Orta Paleolit) Naxçıvanda da izləmək mümkündür. Son tədqiqatlara görə, Naxçivan ərazisində insanların məskunlaşması Alt Paleolit dövrünə, təxminən 500-300 min il bundan əvvələ aid edilir. Aşağı Paleolit dövrü müəyyən tapıntılar üzrə öyrənildiyi halda, Orta Paleolit (mustye) ayrıca arxeoloji abidə olan Qazma mağarası (Şərur rayonu Tənənəm kəndi) ilə təmsil olunur. İlk dəfə 1983-cü ildə qeydə alınan mağarada, 1987-1990-cı illərdə ardıcıl tədqiqatlar aparılan zaman burada altı təbəqə aşkar edilmişdir. Qazma mağarasından tapılmış daş məmulatlarının hazırlanma texnikası və tipoloji xüsusiyyətləri insanların burada 80-90 min il əvvəldən məskunlaşdığını sübut edir. Buradan əldə edilmiş maddi qalıqların təhlili nəticəsində aydın olmuşdur ki, “Qazma mağarasından aşkar edilmiş əmək alətləri Cənubi Qafqaz və Yaxın Şərqin Mustye dövrünə aid abidələrindən aşkar edilmiş əmək alətləri ilə bənzərdir. Arxeoloji materialların öyrənilməsi göstərir ki, mağarada məskən salan qədim insanların əsas məşğuliyyəti ovçuluq olmuş, yığıcılıq təsərrüfatda ikinci dərəcəli rol oynamışdır. Dördüncü təbəqənin arxeoloji materiallarında Üst Paleolit dövrü üçün xarakterik əlamətlərin izlənməsi qədim Qazma sakinlərinin qəbilə icmalarının yaranması ərəfəsində olduğunu göstərir”.
Qəbilə icması ibtidai sürüyə nisbətən irəliyə doğru bir addım olub, insanların həyatında bir sıra yeniliklərlə müşayiət edilib. İbtidai sürüdən fərqli olaraq, qəbilə icmasında müəyyən ictimai normalar yarandı. İnsanlar arasındakı münasibətlər qan qohumluğu ilə tənzimlənməyə başladı. Kütləvi nikah “qoşa nikah”la əvəz olunmağa başladı. Bəzən dövlətin əsası adlandırılan ailə, sözün tam mənasında, meydana gəlməsə də, onun yaranması yolunda vacib addım atıldı. Qəbilə icmasının ilkin dövründə qadının rolu yüksək olduğundan, bu dövr matriarxat - ana xaqanlığı dövrü kimi də xarakterizə edilir.
İlkin ibtidai icma mərhələsi, yaxud ilk nəsli dövr Azərbaycanda da Üst Paleolit (e.ə. 40- e.ə. XII minillik) və Mezolitə (e.ə. XII-e.ə. VIII minilliklər) aid abidələr əsasında oyrənilir. [səh.129-130]
Azərbaycanın Üst Paleolit mədəniyyətinə dair materiallar Tağlar paleolit düşərgəsinin II təbəqəsi, Damcılı mağara düşərgəsi, Qobustanın “Qayaarası” düşərgəsi, Zar kəndi (Kəlbəcər) və Yataq yeri (Qazax) ərazisindəki düşərgələrdən əldə edilmişdir. Mezolit dövrünün əsas abidəsi isə Qobustan, xüsusilə burada aşkar edilmiş qayaüstü təsvirlər - piktoqramlardır. Mezolit dövründə ixtira edilən ox və kaman insanların həyatında ciddi dəyişikliklərə təkan verdi. Tədricən istehsal təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın təşəkkülünə şərait yarandı. Ovcular ovladıqları heyvanların balalarını saxlayır, onları əhliləşdirməyə çalışırdı.
Naxçıvanın təbii-coğrafı şəraiti, Orta Paleolitə aid abidənin aşkar edilməsi burada Üst Paleolit və Mezolit dövründə də həyatın davam etməsini, ilk nəsli quruluşun meydana gəlməsini söyləməyə əsas verir. Gələcək arxeoloji tədqiqatlar Üst Paleolit və mezolitə aid abidələrin üzə çıxarılmasına imkan verəcəkdir. Hələlik isə, Naxçıvanda qəbilə icmasından bəhs edərkən, ümumazərbaycan abidələri ilə yanaşı, unikal bir mənbəyə - “Kitabi-Dədə-Qorqud” eposuna (eposlardan tarixi mənbə kimi istifadə edilməsi ənənəsi tarixşünaslıqda elmi cəhətdən əsaslandırılmışdır) müraciət edə bilərik. “Dədə Qorqud” eposunda matriarxatın - anaxaqanlığın izlərinin əks olunması bu barədə olan tədqiqatda sübut edilmişdir. Eposdakı “qadının anam”, “ana haqqı - tanrı haqqı” kimi ifadələr bu fıkri təsdiq edir “Kitabi-Dədə Qorqud”un coğrafi əhatə dairəsində Naxçıvanın mərkəzi yerlərdən birini tutduğunu nəzərə alsaq, burada təsvir edilən matriarxatın ona da aid edilməsini təsdiq etmək olar.
“Neolit inqilabı” ilə (e.ə. V1II-VI minilliklər) insanların təsərrüfat həyatında böyük bir hadisə baş verir, istehlak təsərrüfatından, yəni yığıcılıq və ovçuluqdan istehsal təsərrüfatına keçid yaranır. Əkinçilik, sənətkarlıq və heyvandarlıq əmələ gəlir. İnsanların təbiətdən asılılığı nisbətən azalır. Beləliklə, insanlar arasında mülki bərabərsizliyin meydana gəlməsi və dövlətin təşəkkülü üçün lazım olan iqtisadi baza formalaşmağa başlayır.
Azərbaycanda neolit dövrü e.ə. VIII minilliyin sonlarından VI minilliyin III rübünə kimi davam etmişdir. Bu dövrdə Ön Asiyanın bir sıra yerləri, о cümlədən Cənubi Azərbaycanda tam məskunlaşma başlayır. İlk əkinçilik mərkəzləri Urmiya gölünün ətrafından Həsənli, Hacı Firuz, Yanıqtəpə və s. kimi yaşayış yerləri və qonşu Zaqros ərazisində meydana gəlir. Azərbaycanın şimalında Neolit dövrünə aid abidələr ilk dəfə 1938-1941-ci illərdə Gillikdağda (Gəncəçay hövzəsi) 78 saylı çaxmaqdaşı emalatxanasında, Damcılı mağarasında (Qazax) və s. yerlərdə aşkar edilmişdir.
Naxçıvanda hələlik neolitin orta və son dövrünə aid tapıntılar əldə edilmişdir. Duzdağda aşkar edilmiş iki qəbir Orta Neolitə aid olunmuşdur. Qeyd etmək lazımdır ki, Naxçivan əhalisinin qədim dini təsəvvürlərini öyrənmək üçün ən qədim tapıntılar da hələlik Neolit dövrünə aiddir. Naxçıvanda neolit inqilabına aid araşdırmanın müəllifinə görə, “Kültəpə bütün Qafqazda “Neolit inqilabının” ilk abidəsi kimi tanınmışdır. Qazıntılar nəticəsində Ön Asiyanın Neolit dövrü abidələri üçün səciyyəvi sayılan məişət və təsərrüfat tikintilərinin qalıqları aşkar olunmuş, ibtidai əkinçiliklə bağlı sümük və daş alətlər, gil qab nümunələri, eləcə də müxtəlif növ dənli bitkilər tapılmışdır. Müqayisəli təhlillər Kültəpə kompleksinin Azərbaycanda və Qafqazda ilkin istehsal təssərrüfatı ilə bağlı ən qədim yaşayış yeri olmasını söyləməyə imkan verır”.
“Neolit inqilabı”nın yaratdığı yeni tarixi şəraitdə qəbilə icmasının dağılması və əmlak bərabərsizliyinin meydana gəlməsi (Son Neolit, Eneolit və ya ilkin metal əsri, ilk Tunc dövrü) başlayır. Bunun əsas səbəbi daimi izafi məhsulun artması və əlavə məhsulun meydana gəlməsi idi. Burada istehsal təsərrüfatının sonrakı inkişafı, metallurgiyanın və sənət- [səh.130-131] karlıq fəaliyyətinin digər növlərinin meydana gəlməsi və mübadilənin intensivləşməsi böyük rol oynamışdır.
Azərbaycanın Son Neolit və Eneolitə aid abidələri də ibtidai cəmiyyətin dağılması prosesini izləməyə imkan verir. Azərbaycanda Eneolit dövrü eramızdan əvvəl VI-IV minilliyin ortalarını əhatə edir. Çox maraqlıdır ki, Azərbaycanda Son Neolit və Eneolitin tarixinin öyrənilməsi I Kültəpə abidəsindən (Naxçivan şəhərindən 8 km şimal-şərqdə, Naxçıvançayın sol sahilində, Babək rayonunun Kültəpə kəndində) başlanmışdır. 1951-1964-cü illərdə burada aparılan arxeoloji qazıntılar zamanı Neolitə və Eneolit dövrünə aid keramikalı zəngin materiallar aşkar edilmişdir. Sonrakı arxeoloji axtarışlar zamanı Mil-Qarabağ düzənliyində (Ağdam rayonunun Çalağantəpə, İlanlıtəpə, Leylatəpə abidələri), Muğanda (Cəlilabad rayonunun Əliköməktəpə yaşayış yeri) və digər yerlərdə də Eneolitə aid yaşayış məskənləri aşkar edilərək öyrənilmişdir Bütün hallarda I Kültəpə Eneolit abidələri içərisində mühüm rolunu saxlamışdır. Bu barədə, haqlı olaraq, qeyd edilmişdir ki, “Cənubda, xüsusən Naxçivan ərazisində, Mil, Qarabağ və Muğan düzənlərində yayılmış abidələr I Kültəpə tipli mədəniyyəti əks etdirir və görünür, Eneolit dövrünün başqa etnomədəni şaxəsini təşkil edir” Naxçıvanın unikal abidələrindən olan Duzdağ da Eneolit dövrünə şamil edilir. Duzdağ, dağ-mədən sənayesinin meydana gəlməsinin ilkin dövrünü əks etdirməklə, istehsal təsərrüfatının inkişafını da sübut edir.
Azərbaycanın Eneolit abidələri həmin dövrdə mövcud olan ictimai münasibətləri əks etdirməklə, eyni zamanda, onun qonşu mədəniyyətlərlə əlaqələrini də aşkar etmişdir. Arxeoloji materiallar Azərbaycanın Mesopotamiyanın Xalaf və Ubeyd mədəniyyətləri ilə əlaqələrini təsdiq edir. Konkret olaraq, I Kültəpənin eneolit mədəniyyətinə gəldikdə, onun Xalaf-Ubeyd mədəniyyəti ilə bağlılığı boyalı keramika və arxası üstə uzadılmış skeletlərin aşkar olunması ilə də təsdiq olunur. Ubeyd tayfalarının Azərbaycan ərazisinə miqrasiyası Naxçıvanı da əhatə etmişdir. Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Ubeyd tayfalarının Azərbaycana miqrasiyası nəinki maddi-mədəniyyət nümunələrinə, eləcə də ictimai münasibətlərə də təsir göstərməli idi. Güman etmək olar ki, bu miqrasiyalar ilkin dövlət hakimiyyəti orqanlarının formalaşmasına da sürətləndirməli idi.
İlk Tunc dövrünün yaranması ilə yeni ictimai münasibətlərin təşəkkülü də genişlənir. Bu dövr Azərbaycanda Kür-Araz mədəniyyəti ilə təmsil olunur. Bütövlükdə Azərbaycanda olduğu kimi, Naxçıvanda da İlk Tunc dövrünə aid yaşayış məskənlərinin sayı artmışdır. Buna görə həmin dövrə aid tapıntıların sayı çoxalmış, coğrafiyası isə genişlənmişdir. I Kültəpə ilə yanaşı, bu dövrə aid II Kültəpə, Aşağı Daşarx, Ovçulartəpəsi və s. nekropollar qeydə alınmışdır.
Məşhur Gəmiqaya təsvirlərinin xronologiyasında (e.ə. V-I minilliklər) da Eneolit və İlk Tunc dövrünə aid piktoqramlar mühüm yer tutur. Gəmiqaya təsvirləri həmin dövrdə yaşayan insanların dünyagörüşündə, mənəvi dünyasında baş verən dəyişiklikləri də izləməyə imkan verir Ulu Öndər Heydər Əliyev Gəmiqaya abidələrindən bəhs edərkən qeyd etmişdir ki, “Bu, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda, insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir”
Naxçıvana aid materialların Azərbaycan tarixi kontekstində nəzərdən keçirilməsi göstərir ki, bölgə bu prosesdə nəinki fəal rol oynamış, hətta dövlətyaranmanın gedişinin bir sıra problemlərini yalnız bu materiallar əsasında bərpa etmək mümkün olmuşdur.
Dövlətin meydana gəlməsi: nəzəri və təcrubi yanaşma. Dövlətin meydana gəlməsi və dövlət anlayışı haqqında qədim zamanlardan etibarən müxtəlif baxışlar meydana gəlmişdir. [səh.131-132]
Dövlət məsələsini xüsusi tədqiq edən müasir politoloji ədəbiyyatda qeyd edilir ki, İntibah dövrünə qədər dövləti bildirmək üçün konkret anlayışlardan-knyazlıq, krallıq, tiraniya, respublikadan istifadə edilirdi. Onun bütün formalarına tətbiq edilən “dövlət” anlayışını (italiyanca-stato) ilk dəfə N. Makiavelli (1469-1527) tətbiq etmişdir. Bu ifadə tədricən italyan dilindən digər Avropa dillərinə də keçmişdir.
Dövlətin yaranmasına gəldikdə, burada müxtəlif nəzəriyyələri, - “psixoloji nəzəriyyə”, “ictimai müqavilə nəzəriyyəsi” və başqalarını qeyd etmək olar. Dövlətin yaranmasında xarici faktorların rolu da qəbul edilir.
Dövlətin meydana gəlməsi və onun təbiətinə dair tədqiqlərdə tarixi materialistcəsinə anlayış nəzəriyyəsindən də bəhs edilir. Bu nəzəriyyəyə uyğun olaraq, tarixi inkişafın ümumi qanunauyğunluğu qəbul edilir, cəmiyyət bir-birini əvəz edən ictimai iqtisadi formasiyalara bölünürdü. Çox maraqlıdır ki, bu nəzəriyyənin banisi K. Marks ilk dəfə ictimai iqtisadi formasiyaların fərqli şəkildə müəyyənləşdirmişdir. O, 1859-cu ildə yazdığı “Siyasi iqtisadın tənqidinə dair” əsərinin müqəddiməsində göstərirdi ki, “Asiya, antik, feodal və müasir burjua istehsal üsullarını, ümumiyyətlə, iqtisadi-ictimai formasiyaların mütərəqqi dövrləri kimi qeyd etmək olar”. Asiya istehsal üsulu sonralar sərf-nəzər edilmiş, tarixi ədəbiyyatda isə buna haqq qazandırılmışdır. Dövlət məsələsi ictimai-iqtisadi formasiyalara uyğunlaşdırılmışdır. F. Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” adlı əsərində xüsusi olaraq, bu məsələnin üzərində dayanmışdır. Onun fıkirlərini davam etdirən Lenin dövlətin meydana gəl-məsi və mahiyyəti haqqında 1919-cu il iyulun 11-də Sverdlov universitetində mühazirəsində belə demişdir: “Umid edirəm ki, dövlət-məsələsində siz, Engels tərəfındən yazılmış “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsəri ilə tanış olacaqsınız. Bu əsər müasir sosializmin əsas əsərlərindən biridir...
Kitab dövlətin nə cür əmələ gəldiyi haqqında tarixi bir xülasə ilə başlanır... Bu məsələdə hər şeydən əvvəl bu cəhətə diqqət vermək lazımdır ki, dövlət heç də həmişə mövcud olmamışdır. Elə zaman olub ki, dövlət yox idi. Cəmiyyət nə zaman və harada siniflərə bölünürsə, istismarçılar və istismar olunanlar nə zaman meydana gəlirsə, dövlət də о zaman və orada meydana gəlir”. Tarixi materialistcəsinə anlayış nəzəriyyəsinə uyğun olaraq, dövlətin sonrakı inkişafı ictimai-iqtisadi formasiyalara uyğunlaşdırılmış, quldar, feodal, burjua və sosialist dövlətlərə ayrılmışdır. Beləliklə, aydın olur ki, dövlətin yaranmasında və onun təbiəti məsələsində vahid fıkir yoxdur.
Dövlət və ya dövlətçilik haqqında vahid fıkir olmadığı kimi, dövlətin yaranmasının gedişinə dair (bu proses politogenez də adlandırılır) də yekdil fıkir yoxdur. Qədim dövrdə dövlətin meydana gəlməsinə dair təcrübənin ümumiləşdirilməsi belə bir fıkrə gəlməyə imkan vermişdir ki, əgər ibtidai quruluşun inkişafının son pilləsində bəzən böyük tayfa birlikləri (tayfa ittifaqları, konfederasiyası) yaranırsa, ilk dövlətlər həmişə və hər yerdə böyük olmayan miqyasda, məhz bir ərazi icması və ya daha çox bir-biri ilə six əlaqəsi olan icmaların miqyasında meydana gəlir. İlk kiçik dövlətin mərkəzi kimi şəhər yaranır. Bu şəhər-dövlətlər çox vaxt (lakin mütləq olmayaraq) ictimai idarə orqanların (ağsaqqallar şurası, xalq yığıncağı) qalması ilə monarxiya quruluşunda olur. Arxeoloji tədqiqatlar sübut edir ki, Naxçivan ərazisində ilkin şəhər mədəniyyəti e.ə. III minillikdə meydana gəlməyə başlamış, iri şəhərlər yaranmışdır. Bu şəhərlər həm də siyasi mərkəz funksiyasına da malik olmuş, yəni şəhər-dövlət xarakteri daşımışdır. Belə şəhər-dövlətlərə Nuhdaban, Naxçivan, II Kültəpə və Şahtaxtını aid edə bilərik. Qədim Şərqin bütün tarixi göstərir ki, ən qədim dövlətlər dərhal bütöv imperiyalar şəklində qəbilə ittifaqlarından əmələ gəlmir, təbii olaraq, vahid mərkəzə (dağ vadisi, ma- [səh.132-133] gistral suvarma kanalı) meyl edən ayrıca ərazi icmalarından, yəni əksər hissəsi şəhər-dövlətlər və nomlardan (vilayətlərdən) yaranır. Digər bir akademik nəşrdə isə dövlətin yaranmasına dair xüsusi yarımbaşlıq ayrılır və burada problem, bilavasitə ibtidai icmanın dağılmasının son mərhələsindən izah olunur. Bu dövrdə məhz tayfanın ön plana çıxması vurğulanır.
Bu nəzəri və təcrübi müddəaları nəzərə alaraq, Azərbaycanda dövlətin meydana gəlməsi və onun tarixi-coğrafı bölgələrindən olan Naxçıvanın həmin prosesdə rolunun nəzərdən keçirilməsi politogenez məsələsini yeni müddəalarla zənginləşdirə bilər.
Ədəbiyyat:
1. Абдуллаев Г.Б., Из истории северо-восточного Азербайджана в 60-80-х гг. XIX века. Баку, 1958.
2. Алексеев В.П., Першиц А.И. История первобытного общества. М., 1990, с. 255.
3. Asiya istehsal üsulunun tarixınünaslığı haqqnda, bax: Никифоров B.H. Восток и всемирная история. М., 1975.
4. Azərbaycan tarixi, Yeddi cilddə, I с., Bakı, 1998.
5. Azərbaycan tarixi, 2 с., XI fəsil.
6. Azərbaycan tarixi, I с., Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər. İkinci nəşr. Bakı, 2009.
7. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər. Bakı, 2009.
8. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək). Bakı, 1999.
9. Azərbaycan arxeologiyası. Daş dövrü. Altı cilddə, I c. Bakı, 2008.
10. Azərbaycan Prezidenti Heydər Əliyevin Milli Elmlər Akademiyası Naxçivan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədəki nitqi// “Dirçəliş - XXI əsr” jurnalı, Bakı, 2002, avqust,№54, s. 11-15,20-25.
11. Babayev S.Y., Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri, Bakı, 1999.
12. Дулов A.B., Географическая среда и история России. Конец XV - середина XIX в. М., 1983 и др.
13. Абибуллаев О.А., Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, 1982; Нариманов И.Г. Культура древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Баку, 1987.
14. Природа и древний человек. М., 1981.
15. Cəfərov Ə., Naxçivan Paleolit düşərgəsi//NDU-nun Elmi əsərləri. 1999, №4; Его же, Средний палеолит Азербайджана. Баку, 1999; Naxçivan abidələri ensiklopediyası. Naxçivan, 2008, s. 266-267.
16. Əliyarov S.S., “Dədəm Qorqud” kitabinda ana xaqanliq tarixinin izləri// Tariximiz. Baki,s.164-177.
17. Əliyev V., Gəmiqaya. Bakı, 2005, s. 9-16.
18. Baxşəliyev V. Gəmiqaya təsvirləri. Bakı, 2003; Müseyibli N. Gəmiqaya. Bakı, 2004 və b.
19. Ismayılzadə Q., “Neolit inqilabı” və Naxçıvan’YNaxçıvan: ilkin şəhər və Duzdağ, Naxçivan,s. 47-50.
20. Ирхин Ю.В., Золотов JI.B. Политология. М., 1999, с. 220.
21. История древнего мира. Под ред. И.М.Дьяконова и др. Изд. 3-е, исправ. и доп. М., 1989, Кн. 1, с.40.
22. История первобытного общества. Эпоха классообразования. М., 1988, с. 227.
23. Lenin V.İ. Əsərlərin tam külliyatı. 39-cu cild. Bakı, 1983, s. 73-74. [səh.133-134]
24. Marks К., Engels F. Seçilmiş əsərləri. Üç cilddə. I c, Bakı, 1978, s. 554.
25. Минорский В.Ф. История Ширвана и Дербента в X-XI вв. М, 1963; Ашурбейли С.Б. Государство Ширваншахов (VI-XVI вв.) Баку, 1983; Qarabağnamələr. 1, 2, 3 сс. Bakı, 2006.
26. Naxçivan tarixi. Üç cilddə, I с., Naxçivan, 2013.
27. Babayev S. Naxçivan Muxtar Respublikasının coğrafıyası. Baki, 1999.
28. Talibov Т.Н. Naxçivan MR-in flora biomüxtəlifliyi və onun nadir növlərinin qorunmasi. Baki, 2001; Naxçivan tarixi. I c., s. 23-34.
29. Naxçivan: ilk yaşayış və şəhərsalma yeri kimi (20-24 iyul 2011-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçivan, 2012.
30. Naxçivan: ilkin şəhər və Duzdağ (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materiallan). Naxçivan, 2013.
31. Naxçivan tarixi, I c., s. 39-41.
32. Platon. Dövlət. Baki, 1999.
33. Dünya dövlətləri, Ensiklopedik-soraq kitabı. Tərtibçi müəlliflər: İ. Vəliyev, K. Muxtarov. Baki, 1999.
34. Rahimova M. Azərbaycanın arxeoloji tədqiqatlarında Naxçivan abidələrinin yeri// Naxçivan: ilk yaşayış və şəhərsalma yeri kimi, Naxçivan, 2012, s. 247-249.
35. Советская Историческая Энциклопедия, Главный редактор Е.М. Жуков, Т.4. М., 1963.
36. Зейналов А. Палеолит Нахчывана. Автореферат дис. На соискание ученой степени доктора философии по истории. Баку, 2014, 26 с; Naxçivan tarixi. Üç cilddə, I с., s.42.
Açar sözlər: Azərbaycan, Naxçivan, dövlət, dövlətçilik, təbii-coğrafi şərait, İlk Тиnc dövrü «Neolit İnqilabı».
Ключевые слова:Азербайджан, Нахчыван, государство, государственность, природно-географические условия, ранний бронзовый век, неолитическая революция
Keywords:Azerbaijan, Nakhchivan, state, statehood, natural-geographical condition, the Early Bronze Age, the Neolithic Age [səh.134-135]
Исмаил Гаджиев
Председатель Нахичеванского отделения Национальной Академии Наук Азербайджана, депутат Милли Меджлиса Азербайджанской Республики
Роль и место Нахчывана в истории государственности Азербайджана
В статье на основе анализа существующих научных подходов к проблеме «государства и государственность» в истории Азербайджана, рассматривается возникновение азербайджанской государственности, своими корнями уходящей в III-II вв. до н.э., прослеживается хронология, выделяются факторы, влияющие на этот процесс. Обращается внимание на природно-географические условия Нахчывана, его роль и место в истории государственности Азербайджана. Привлечен к исследованию также период до образования государства в Азербайджане. Из теоретических и практических взглядов на историю становится ясно, что в при этом в основе модели могут быть взяты образование родов и племен, городов и государств. В истории Азербайджана дается предпочтение первой модели, хотя здесь говоря о городах и государстве, в достаточной степени не выяснена роль этой модели. Однако, в Азербайджане каждый из процессов образования государственности имел место и образование единогогосударства происходил на основе создания гфродов и государства.
Обосновывается, что на территории Нахчывана культура первичного города возникла в III тысячелетии до н.е. Во времена появления политических объединений племен в регионах вокруг озера Урмия параллельно этому в Нахчыванском регионе образовались довольно крупные города, которые обладали функциями политических центров, т.е. характерными чертами городов и государства. Из них особо выделяются Кюльтепа II, Шахтахты, Нухдабан и месторасположения города Нахчывана. Полученные результаты дают основание заключить, что Нахчыванский регион, являясь одним, из центров расположенных вокруг бассейна озера Урмия, сыграл большую роль в формировании государства в Азербайджане, которое уходит своими корнями в глубокую древность.