“Qanun”. 2015.-№8.-S.-20-26.

 

PARLAMENT SEÇKİLƏRİNDƏ QARIŞIQ

SEÇKİ SİSTEMİNİN TƏTBİQİ (ALMANİYA VƏ YAPONİYA TƏCRÜBƏSİ)

 

Əlibəyli Qulamhüseyn Surxay oğlu,

Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ” kafedrasının baş müəllimi

G_alibeyli@yahoo.com

 

Açar sözlər: parlament seçkiləri, qarışıq seçki sistemi, majoritar seçki sistemi, proporsional seçki sistemi, aktiv seçki hüququ, passiv seçki hüququ, seçki dairələri, namizədlərin irəli sürülməsi.

 

Клюцевые слова: парламентские выборы, смешанная избирательная система, мажоритарная избирательная система, пропорциональная избирательное система, активное избирательное право, пассивное избирательное право, избирательные округа, выдвижение кандидата.

 

Keywords: parliamentary elections, mixed electoral system, majority electoral system, proportional electoral system, active electoral right, passive electoral right, election districts, promotion of the candidate.

 

Qarışıq seçki sistemi majoritar və proporsional seçki sistemlərinin nöqsanlarını istisna etməklə hər 2 sistemin Ünsürlərinin müxtəlif kombinasiyasından ibarət olan seçki sistemidir. Bu zaman majoritar və proporsional seçki sistemlərinin müsbət cəhətlərindən ya bərabər, ya da birinə üstünlük verməklə istifadə olunur. Qarışıq seçki sisteminin əsas xüsusiyyəti bundan ibarətdir ki, seçkili orqanın üzvlərinin bir hissəsi majoritar, digər hissəsi isə proporsional seçki sistemi əsasında seçilir.

Müasir dövrdə parlament seçkilərində qarışıq seçki sistemi bir sıra ölkələrdə tətbiq olunur. Avropa ölkələrinin 8-də (AFR, Albaniya, Litva, Macanstan, Sloveniya, Rusiya, Ukrayna və Gürcüstan), həmçinin postsosialist ölkələrinin də 8-də (Albaniya, Litva, Macarıstan, Sloveniya, Rusiya, Ukrayna, Gürcüstan və Tacikistan) parlament seçkiləri qarışıq seçki sistemi əsasında keçirilir. Şərti olaraq “Böyük 7-lik” (G-7) adlandırılan ölkələrin yalnız 2-də (AFR və Yaponiya) parlament seçkilərində qarışıq seçki sistemi tətbiq olunur.

Qeyd etmək lazımdır ki, Rusiya və Ukraynada qarışıq seçki sistemi bir müddət proporsional seçki sistemi ilə əvəz olunmuşdur. Belə ki, Rusiyada 1993-cü ildən 2003-cü ilədək Dövlət Dumasına 4 növbəti seçkilər qarışıq seçki sistemi əsasında, 2007 və 2011-ci illərdə sonrakı 2 seçki proporsional seçki sistemi əsasında keçirilmişdir. Hazırda qarışıq seçki sistemi bərра olunmuş və 2016-cı il parlament seçkiləri yenidən bu sistem əsasında keçiriləcək. Ukraynada isə qarışıq seçki sistemi 1998-ci ildə tətbiq olunmuş, 2006 və 2007-ci illərdə parlament seçkiləri proporsional seçki sistemi əsasında keçirilmiş, 2012-ci ildə qarışıq seçki sistemi bərра olunmuşdur.

Qarışıq seçki sistemi bir müddət Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə də tətbiq olunmuşdur. 1995-cı ildə qəbul [səh.20-21] edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 83-cü maddəsinin ilkin mətnində təsbit olunurdu ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar və proporsional seçki sistemləri, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikasının Milli Məclisinin birinci və ikinci çağırışının seçkiləri qarışıq seçki sistemi əsasında keçirilmişdir. Bu zaman majoritar və proporsional seçki sistemləri 5:1 nisbətində tətbiq olunmuşdur. Yəni Azərbaycan Respublikası Milli Məclisinin 100 deputatı majoritar seçki sistemi əsasında birmandatlı seçki dairələrindən, 25 deputatı isə proporsional seçki sistemi əsasında vahid çoxmandatlı seçki dairəsindən seçilmişlər. 2002-ci ildə Azərbaycan Respublikasında qarışıq seçki sistemi ləğv olundu və hazırda Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının hamısı nisbi çoxluqlu majoritar seçki sistemi əsasında birmandatlı seçki dairələri üzrə seçilir.

Parlament seçkilərində majoritar seçki sisteminin tətbiqi təcrübəsinin Almaniya və Yaponiyanın nümunəsində daha ətraflı nəzərdən keçirilməsi məqsədəuyğundur.

 

Almaniya Bundestaqına seçkilərin

təşkili

Almaniyanın Əsas Qanununun 38-ci maddəsinə əsasən, ölkənin parlamenti hesab olunan Bundestaqın (Federal Məclisin) deputatları ümumi, birbaşa, azad, bərabər və gizli seçkilər yolu ilə seçilir.. Qeyd etmək lazımdır ki, Bundestaq Almaniyanın ümumi, bərabər, birbaşa seçkilər və gizli səsvermə nəticəsində bilavasitə əhali tərəfındən seçilən yeganə dövlət orqanıdır. Bundestaqa növbəti seçkilər hər 4 ildən bir keçirilir. Bundestaqın səlahiyyət müddətinin başa çatmasına ən çoxu iki ay qalmış, lakin parlamentin səlahiyyət müddəti bitməmiş yeni seçkilər keçirilməlidir. Bundestaq vaxtından qabaq buraxıldıqda növbədənkənar seçkilər 60 gün müddətində keçirilir (qeyd etmək lazımdır ki, AFR-in tarixində növbədənkənar parlament seçkiləri cəmi 3 dəfə - 1972, 1983 və 2005-ci illərdə keçirilmişdir. Seçkilərdən sonra yeni parlamentin ilk iclas günündə əvvəlki çağırış Bundestaqın səlahiyyəti başa çatmış sayılır.

Bundestaq deputatlarının seçkiləri qarışıq seçki sistemi əsasında keçirilir; bu zaman majoritar və proporsional seçki sistemləri bərabər nisbətdə tətbiq edilir. Yəni deputatların nominal sayının yarısı birmandatlı seçki dairələri üzrə nisbi çoxluqlu majoritar seçki sistemi əsasında, digər yarısı çoxmandatlı seçki dairələri üzrə proporsional seçki sistemi əsasında seçilir. Qeyd etmək lazımdır ki, Bundestaqın deputatlarının sayı nominal olaraq 598 müəyyən olunmuşdur. Ona görə də deputatların 299-u majoritar, digər 299-u isə proporsional seçki sistemi əsasında seçilir.

Bundestaq deputatlarının seçkilərində aktiv və passiv seçki hüququ 18 yaşdan yaranır. Lakin aktiv və passiv seçki hüququnun yaranması bəzi digər hallardan da asılıdır. Belə ki, ümumi qaydaya görə seçkilər günü 18 yaşı tamam olan, AFR ərazisində mənzili olan və ya digər qanuni əsaslarla (mənzil kirayə müqaviləsi və s.) 3 aydan az olmayan müddətə yaşayan, seçki hüququndan məhrum edilməmiş alman vətəndaşları aktiv seçki hüququna malikdirlər. Xidməti vəzifəsi ilə əlaqədar xarici ölkələrdə daimi yaşayan dövlət məmurları, hərbi qulluqçular və onların ailə üzvləri aktiv seçki hüququnu saxlayırlar.

Xarici ölkəyə gedənə qədər AFR ərazisində mənzili olan və ya digər qanuni əsaslarla 3 aydan az olmayan müddətə yaşayan alman vətəndaşları Avropa Şurasının üzvü olan ölkələrdə daimi yaşayırlarsa aktiv seçki hüququnu həmişəlik, Avropa Şurasının üzvü [səh.21-22] olmayan ölkələrdə (məsələn, ABŞ, Kanada, Yaponiya və s.) yaşayırlarsa 25 il müddətinə saxlayırlar; sonuncu kateqoriyaya aid olan alman vətəndaşları Avropa Şurasının üzvü olmayan ölkələrdə 25 il daimi yaşadıqdan sonra aktiv seçki hüququnu itirmiş hesab olunurlar. Başqa dövlətin bayrağı altında üzən gəmilərin alman vətəndaşı olan dənizçilərinə və onların ailə üzvlərinə də eyni qayda tətbiq olunur.

Məhkəmənin qərarı ilə psixiatrik xəstəxanada saxlanılan şəxslər, habelə fəaliyyət qabiliyyətsiz hesab olunan şəxslər seçkilərdə iştirak etmək hüququndan məhrumdurlar. Bundan başqa, AFR qanunvericiliyi aktiv seçki hüququndan (seçmək və ya səs vermək hüququndan) məhrumetməni cinayət cəzasının növlərindən biri kimi də nəzərdə tutur, yəni aktiv seçki hüququndan məhrumetmə cinayət törətməkdə təqsirli sayılan şəxslərə münasibətdə cəza tədbiri kimi məhkəmənin hökmü ilə də 2 ildən 5 ilədək müddətə tətbiq oluna bilər.

Seçki hüququndan məhrum olan şəxslər (yəni məhkəmənin qərarı ilə psixiatrik xəstəxanada saxlanılan şəxslər, fəaliyyət qabiliyyətsiz hesab olunan şəxslər və məhkəmənin hökmü ilə aktiv seçki hüququndan məhrum olunmuş şəxslər) passiv seçki hüququna malik deyil. Məhkəmənin qərarı ilə passiv seçki hüququndan və ya publik vəzifə tutmaq hüququndan məhrum edilmiş şəxslər də passiv seçki hüququna malik olmurlar. Qeyd etmək lazımdır ki, AFR qanunvericiliyi cinayət törətməkdə təqsirli sayılan şəxslərə münasibətdə aktiv seçki hüququndan məhrumetmə ilə yanaşı, 2 ildən 5 ilədək müddətə publik vəzifə tutmaq və passiv seçki hüququndan məhrumetmə cəzası da nəzərdə tutur.

Mojaritar seçki sistemi əsasında parlament seçkilərinin təşkili məqsədilə AFR ərazisi əhalisinin sayı təxminən bərabər olan 299 birmandatlı seçki dairəsinə bölünür. Seçki dairələrinin təşkili və yenidən təşkili Seçki dairələrinin sərhədlərinin müəyyən olunması üzrə Daimi komissiya tərəfındən həyata keçirilir. Daimi komissiya federal prezident tərəfındən yaradılır və onun tərkibinə Federal Statistika İdarəsinin rəhbəri - federal seçki komissiyasının sədri, federal inzibati məhkəməsinin bir hakimi və 5 digər üzv daxil olur. Daimi komissiya yeni çağırış Bundestaqın ilk iclas günündən başlayaraq 15 ay müddətinə müvafıq ərazidə yaşayan əhalinin sayındakı dəyişiklikləri nəzərə almaq şərtilə seçki dairələrinin sərhədlərinin dəqiqləşdirilməsi barədə təkliflərini federal daxili işlər nazirinə təqdim etməlidir. Daxili işlər naziri həmin təklifləri Bundestaqa təqdim edir və federal hökumətin rəsmi xəbərlər bülletenində dərc etdirir.

Proporsional əsasda seçkilərin təşkili üçün isə federasiyanın subyekti olan hər bir əyalət (torpaq) ayrılıqda çoxmandatlı seçki dairəsi sayılır; hər bir əyalət (torpaq) üzrə bölüşdürülməli olan mandatların sayı həmin ərazidə yaradılan birmandatlı seçki dairələrinin sayına bərаbər müəyyən edilir.

Səsvermənin təşkili üçün hər bir seçki dairəsi seçki məntəqələrinə bölünür. Seçki məntəqələri adətən yerli icmalar üzrə yaradılır və ən çoxu 2500 sakini əhatə edir. Əhalisinin sayı daha çox olan icmalarda bir neçə seçki məntəqəsi təşkil olunur. Əhalisinin sayı az olan kiçik icmalar bir seçki məntəqəsində birləşdirılə bilər. Xəstəxanalarda, qocalar və əlillər evlərində, sanatoriya və istirahət evlərində olan səsvermə hüququna malik şəxslərin sayından asılı olaraq onlar üçün ayrıca seçki məntəqələri təşkil oluna bilər.

Bundestaq deputatlarının seçkiləri federal prezident tərəfındən təyin edilir. Seçkilər bazar gününə və ya qanunla iş günü sayılmayan digər günə təyin olunur. Parlament seçkilərinin təyin olunması haqqında federal prezidentin qərarı kontrasiqnasiya [səh.22-23] olunmalıdır, yəni federal kanslerin imzası ilə təsdiq edilməlidir.

Seçkilər təyin edildikdən və səsvermə günü müəyyən olunduqdan sonra seçkilərin keçirilməsi üzrə əyalətlərin (torpaqların) və dairələrin seçki komissiyalarının sədrləri (AFR qanunvericiliyində bu şəxslər, müvafiq olaraq, əyalətlərin (torpaqların) və dairələrin seçkilərin keçirilməsi üzrə rəhbərləri adlandırılır) namizədlərin və namizəd siyahılarının irəli sürülməsi müddətləri, şərtləri və qaydaları barədə rəsmi elan dərc etdirirlər.

Birmandatlı seçki dairələri üzrə deputatlığa namizədlər siyasi partiyalar və seçicilər tərəfındən irəli sürülə bilər. Namizədləri, əsasən, siyasi partiyalar irəli sürür. Bundestaqda və ya əyalətlərin (torpaqların) birinin qanunvericilik orqanında (landtaqında) təmsil olunmayan siyasi partiyalar qabaqcadan federal seçki komissiyasında qeydiyyatdan keçməlidirlər. Eyni zamanda aktiv seçki hüququna malik olan fiziki şəxslərin də fərdi qaydada namizəd irəli sürmək hüququ var. Bitərəf, yəni heç bir siyasi partiya tərəfındən , müdafiə edilməyən şəxslər yalnız yaşadıqları yer üzrə olan seçki dairələrində namizəd ola bilərlər. Bitərəf şəxslərin fərdi qaydada namizəd irəli sürülməsi üçün uyğun seçki dairəsində yaşayan azı 200 seçicinin imzası tələb olunur.

Çoxmandatlı seçki dairələri üzrə namizədləri yalnız siyasi partiyalar hər bir əyalət üzrə ayrıca siyahı ilə irəli sürür. Bundestaqda və ya əyalətlərin (torpaqların) birinin qanunvericilik orqanında (landtaqında) təmsil olunmamış siyasi partiyaların irəli sürdüyü siyahı uyğun əyalətdə yaşayan seçicilərin azı mində bir hissəsi (0, 1%-i) tərəfındən, lakin 2000 seçicidən çox olmamaq şərtilə müdafiə olunmalıdır.

Almaniyada parlament seçkiləri zamanı hər bir seçicinin 2 səsi olur: majoritar seçki sistemi üzrə irəli sürülən namizədlərə verilən səslər “birinci səs”, partiya siyahılarına verilən səslər isə “ikinci səs” hesab olunur. Seçici birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərdən yalnız birinin lehinə və eyni zamanda partiya siyahılarından birinə bütövlükdə səs verə bilər. Bir sıra hallarda qabaqcadan müvafıq seçki komissiyasına müraciət edərək lazımi sənədləri almaq şərtilə poçt vasitəsilə də səs vermək mümkündür. Daxili İşlər Nazirliyi səsvermənin gizliliyini təmin etmək şərtilə səsvermə zamanı xüsusi qurğuların tətbiqinə də icazə verə bilər.

Majoritar seçki sistemi əsasında seçkilərin nəticələri “birinci səs”lərin sayına görə müəyyən edilir: bu zaman nisbi çoxluq sistemi əsas götürülür, yəni başqalarına nisbətən daha çox səs toplayan namizəd seçilmiş sayılır. Səslər bərаbər olduqda deputat püşkatma ilə müəyyən edilir.

Proporsional seçki sistemi üzrə deputat mandatlarının bölüşdürülməsində bütün Almaniya üzrə seçkilərdə iştirak edənlərin 5 %-dən çoxunun səsini toplamış, yaxud birmandatlı seçki dairələrinin azı 3-də nümayəndələri deputat seçilmiş siyasi partiyalar iştirak edir; bu şərtlər milli azlıqların yaratdıqları siyasi partiyalara şamil olunmur.

Proporsional seçki sistemi üzrə deputat mandatlarının partiya siyahıları üzrə bölüşdürülməsi Sent-Laqyu metodu adlandırılan üsulla mürəkkəb hesablamalar əsasında həyata keçirilir. Bu zaman, əsasən, partiya siyahılarına verilən “ikinci səs”lərin sayı əsas götürülsə də, siyasi partiyaların müvafıq əyalətlərdə birmandatlı seçki dairələri üzrə əldə etdikləri mandatlar da nəzərə alınır. Belə bölüşdürmə nəticəsində bəzi hallarda partiyalarda “artıq” mandatlar yaramır (“bərabərləşdirici mandatlar”) və Bundestaq üzvlərinin sayı uyğun olaraq çoxalır. 2013-cü ildə Bundestaqa keçirilən seçkilərdə bütövlükdə 631 deputat mandatı bölüşdürülmüşdür. [səh.23-24]

Yaponiya parlamentinə seçkilərin

təşkili

Yaponiya parlamentinin hər 2 palatası ümummilli nümayəndəlik orqanı sayılır və bütün xalqı təmsil edən seçkili üzvlərdən ibarətdir - Nümayəndələr Palatasının 480, Müşavirlər Palatasının isə 242 üzvü var.

Nümayəndələr Palatasının səlahiyyət müddəti 4 ildir. Hər ümumi parlament seçkiləri zamanı palatanın bütün tərkibi yenidən seçilir. Konstitusiyaya görə, Nümayəndələr Palatası səlahiyyət müddəti başa çatmamış, vaxtından qabaq buraxıla bilər. Nümayəndələr Palatasından fərqli olaraq Müşavirlər Palatası heç vaxt tam tərkibdə yenidən seçilmir. Müşavirlərin səlahiyyət müddəti 6 il müəyyən edilmişdir. Hər 3 ildən bir müşavirlərin yarısı yenidən seçilməlidir. Müşavirlər Palatasınının buraxılması imkanı Konstitusiya ilə nəzərdə tutulmayıb.

Yaponiya parlamentinin hər 2 palatası ümumi və birbaşa seçki hüququ, gizli səsvermə yolu ilə qarışıq seçki sistemi əsasında seçilir. Seçkilərin hansı palataya keçirilməsindən asılı olmayaraq majoritar və proporsional seçki sistemləri eyni nisbətdə tətbiq olunur (təxminən 1,5:1 nisbətində).

Qanuna görə 20 yaşa çatmış, uyğun seçki dairəsinin ərazisində azı 3 ay yaşayan və seçici siyahılarına daxil edilən hər bir yapon vətəndaşının aktiv seçki hüququ, yəni seçkilərdə iştirak etmək hüququ var. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsiz sayılan şəxslər, azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər, azadlıqdan məhrumetmə ilə əlaqədar olmasa da seçki qanunvericiliyinin pozulmasına görə məhkum edilmiş şəxslər seçkilərdə iştirak etmək hüququna malik deyil. Passiv seçki hüququ, yəni parlament üzvlüyünə namizəd göstərilmək və seçilmək hüququnun həyata keçirilməsi üçün tələb olunan yaş həddi palatalara münasibətdə müxtəlifdir. Belə ki, Nümayəndələr Palatasına üzv seçilmək üçün 25, Müşavirlər Palatasına üzv seçilmək üçün 30 yaşa çatmaq tələb olunur. Aktiv seçki hüququndan fərqli olaraq, passiv seçki hüququnun əldə olunması üçün oturaqlıq senzi, yəni seçki dairəsinin ərazisində müəyyən müddət yaşamaq tələbi nəzərdə tutulmayıb.

Nümayəndələr Palatasının 300 üzvü birmandatlı seçki dairələri üzrə nisbi çoxluqlu majoritar seçki sistemi əsasında, qalan 180 üzvü isə 11 çoxmandatlı seçki dairələri üzrə proporsional seçki sistemi əsasında seçilir. Qanuna görə, hər 5 ildən bir əhalinin ümumi siyahıya alınması keçirildikdən sonra seçki dairələrinin sərhədləri seçicilərin sayı nəzərə alınmaqla yenidən dəqiqləşdirilməlidir.

Parlament seçkiləri haqqında qanuna müvafiq olaraq Yaponiyada ümumi, növbəti, əlavə və təkrar parlament seçkiləri fərqləndirilir. Ümumi seçkilər bütövlükdə Nümayəndələr Palatasına keçirilən seçkilərdir. Ümumi seçkilər hər 4 ildən bir Nümayəndələr Palatasının səlahiyyət müddətinin bitməsinə 30 gün qalmış və уa parlament buraxıldıqdan sonra 40 gün müddətində keçirilir. Növbəti seçkilər Müşavirlər Palatası üzvlərinin yarısının seçilməsi üçün hər 3 ildən bir keçirilir. Əlavə seçkilər parlamentin səlahiyyət müddətində palataların tərkibində vakansiyalar yarandıqda boş olan yerlərə keçirilir. Təkrar seçkilər bir neçə halda - əgər namizədlərdən heç bıri müəyyən olunmuş minimum miqdarda səs toplamadıqda, seçkilərdən sonra 3 ay müddətində ayn-ayrı parlament üzvlərinin seçkilərinin nəticəsi ləğv edildikdə, ümummilli seçki dairəsi üzrə Müşavirələr Palatasına seçkilər zamanı mandatların dörddə birindən çoxu tutulmadıqda keçirilir.

Müşavirlər Palatasının 146 üzvü nisbi çoxluqlu majoritar seçki sistemi əsasında seçki dairələri üzrə seçilir. Seçki dairələri inzibati ərazi vahidləri olan profekturalar və paytaxt şəhəri üzrə (cəmi 48 seçki dairəsi) təşkil edilir və çoxmandatlı olur; əhalisinin [səh.24-25] sayından asılı olaraq həmin seçki dairələrinin hər birindən 2-dən 6-dək müşavir seçilir. Yaponiya seçki sisteminin xüsusiyyəti ondan ibarətdir ki, seçki dairələri çoxmandatlı olsa da seçicilərin səsvermə zamanı yalnız bir namizədin lehinə səs vermək hüququ var. Uyğun seçki dairəsi üzrə bölüşdürülməli olan mandatların sayına görə daha çox səs toplamış namizədlər Müşavirlər Palatasına üzv seçilir; bu şərtlə ki, onların hər birinin lehinə verilmiş seçici səslərinin sayı həmin seçki dairəsi üzrə müəyyən edilmiş seçki kvotasına bərаbər və ya ondan çox olsun. Qeyd etmək lazımdır ki, seçki kvotası hər bir seçki dairəsi üçün ayrıca, uyğun seçki dairəsi üçün etibarlı sayılan seçici səslərinin ümumi sayının həmin seçki dairəsinə düşən müşavir mandatlarının sayına bölünməsi yolu ilə müəyyən edilir.

Müşavirlər Palatasının qalan 98 üzvü isə vahid çoxmandatlı seçki dairəsi üzrə (ölkənin bütün ərazisi bir seçki dairəsi hesab olunur) proporsional seçki sistemi əsasında seçilir. Seçicilər siyasi partiyaların irəli sürdükləri namizəd siyahılarından birinə bütövlükdə səs verirlər.

Parlament üzvlüyünə namizədlər adətən siyasi partiyalar tərəfındən irəli sürülür. Parlamentdə 5 və daha çox deputatı olan və ya sonuncu ümummilli seçkilərdə 2 %-dən çox səs toplayan siyasi partiyalar birmandatlı dairələrin hamısında öz namizədlərini irəli sürə və çoxmandatlı seçki dairələrinin hamısında namizəd siyahılarını təqdim edə bilərlər. Deputatlar Palatasına seçkilərdə bu partiyalar tərəfındən eyni bir şəxsin həm partiya siyahısı üzrə və həm də birmandatlı dairədə irəli sürülməsinə yol verilir. Müşavirlər Palatasına seçkilərdə eyni bir şəxsin həm partiya siyahısı və həm də birmandatlı seçki dairəsi üzrə irəli sürülməsinə yol verilmir.

Passiv seçki hüququna malik olan hər bir yapon vətəndaşının namizədliyi birmandatlı seçki dairəsi üzrə onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən irəli sürülə bilər.

Passiv seçki hüququna malik olan və parlament üzvlüyünə irəli sürülmüş namizədlərin qeydə alınması üçün yeganə zəruri şərt seçki girovunun ödənilməsidir. Seçki girovu həm birmandatlı və həm də çoxmandatlı seçki dairəsi üzrə irəli sürülmüş bütün namizədlər tərəfindən ödənilməlidir.

Yaponiyada parlament seçkiləri zamanı seçkiqabağı təşviqat aparılmasının bir sıra özəllikləri vardır. Belə ki, seçicilərin evlərini gəzmək və evlərdə təşviqat aparmaq, habelə başqa namizədlərin əleyhinə təşviqat aparmaq qanunla qadağan edilir, təşviqat plakatları və afişaları yalnız xüsusi yerlərdə və xüsusi lövhələrdə yerləşdirilə bilər.

 

İstifadə olunmuş mənbələr

1.       Автономов A.C. Сравнительное избирательное право: Учеб. пособие. М.: Норма, 2003, 208 с.

2.       Андреева Л.A. Смешанная избирательная система: проблемы и перспективы / «Современная юриспруденция: тенденции развития»: материалы международной заочной научно-практической конференции. (10 апреля 2013 г.). Новосибирск: «СибАК», 2013, с. 40-51.

3.       Берлявский Л.Г. Избирательное право Итальянской Республики и Федеративной Республики Германии: сравнительный анализ / http:// works, bepress. сот/ cgi/ viewcontent. cgi? article= 1109& context =leonid_berlyavskiy

4.       Зарубежное избирательное право: Учебное пособие. М.: Норма, 2003, 288 с.

5.       Каролина фон Галль. Немецкое и украинское законодательство о парламентских выборах: сравнительное правовое исследование / http://www.modemukraine.eu/wp-content/uploads/2012/09/RUS-versi-onFlbfALDas-deutsche-Wahlrecht-zum-Bundestag-und-das-ukrainische-Wahlrecht-zl.pdf [səh.25-26]

6.       Конституция Японии / Конституции государств Азии: В 3-х т. Т. 3. Дальний Восток. М.: Норма, 2010, с. 1021-1037

7.       Основной закон Федеративной Республики Германия / Конституции государств Европы: В 3-х т. Т.1. М.: Норма, 2001, с. 580-634

8.       Политическая система современной Японии: Учебное пособие. М.: Аспект Пресс, 2013, 384 с.

9.       Современные избирательные системы. Вып. 2: Аргентина, Германия, Швеция / А.Г. Орлов, Ю.И. Лейбо, И.А. Ракитская; Науч. ред. Ю.А. Веденеев, В.И. Лысенко. М.: РЦОИТ: Норма, 2007, 320 с.

10.    Современные избирательные системы. Вып. 3: Испания, США, Финляндия, Япония / А.Г. Орлов, В.И. Лафитский, И.А. Ракитская, Т.О. Кузнецова; Науч. ред. А.В. Иванченко, В.И. Лафитский. М.: РЦОИТ: Типография «Новости», 2009, 448 с.

11.    Тимошенкова Е.П. Избирательная система Германии - особенности выборов в нижнюю палату парламента / www.ieras.ru/pub/bulleten/frg.doc

12.    Федеральный закон о выборах в Бундестаг / http://constitutions.ru/?p=4125

13.    Уголовный Кодекс ФРГ (пер. с нем.). М.: Зерцало, 2000, 208 с.

14.    Official final result of the 2013 Bundestag Election / http://www.bundeswahlleiter. de /en/ bun- destagswahlen/BTW_BUND_13/presse/034wl3_Endgueltiges_amtliches_Ergebnis.html

 

Алибейли Гуламгусейн Сурхай

 

ПРИМЕНЕНИЕ СМЕШАННОЙ ИЗБИРАТЕЛЬНОЙ СИСТЕМЫ В ПАРЛАМЕНТСКИХ ВЫБОРАХ (ОПЫТ ГЕРМАНИИ И ЯПОНИИ)

РЕЗЮМЕ

В статье исследуются вопросы правового регулирования парламентских выборов в Германии и Японии. Анализируется опыт применения смешанной избирательной системы в парламентских выборах в указанных странах на основе Конституции и избирательного законодательства соответствующего государства.

 

Alibeyli Gulamhuseyn Surkhay

 

APPLICATION OF THE MIXED ELECTORAL SYSTEM IN PARLIAMENTARY ELECTIONS (EXPERIENCE OF GERMANY AND JAPAN)

SUMMARY

In the article, under investigation are questions of legal regulation of parliamentary elections in Germany and Japan. The author presents the analysis of the experience of application of the mixed electoral system in parlia- mentaiy elections in the mentioned countries on the basis of the Constitution and the election legislation of the corresponding state.