“Dövlət İdarəçiliyi”.-2015.-№1.-S.121-126.

 

AZƏRBAYCAHDA HÜQUQİ DÖVLƏT QURUCULUĞU PROSESİ

VƏ ONUN ƏSAS İSTİQAMƏTLƏRİ

 

Şirxan Adıgözəlov

Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru

 

Hüquqi dövlət fəlsəfi-hüquqi nəzəriyyə və konstruktiv siyasi hakimiyyətin, insan hüquq və azadlıqlarının təşkili təcrübəsi kimi müasir sivilizasiyanın ən böyük nailiyyətlərindən biri hesab oluna bilər. Öz kökləri ilə antik dövrün siyasi-hüquqi tarixinə gedib çıxan və yeni dövrdə xüsusi aktuallıq kəsb etməyə başlayan hüquqi dövlət ideyası hazırkı dövrümüzdə də özünün cəlbediciliyini və əhəmiyyətini itirməmişdir, əksinə getdikcə daha böyük aktuallıq kəsb etməyə başlamışdı. Müasir ölkələrin əksəriyyətində, həmçinin Azərbaycan Respublikasında hüquqi dövlətin konstitusiyada təsbit olunması bu fenomenin təkcə nəzəri cəhətdən deyil, həm də real hüquqi məzmuna malik olan xüsusi kateqoriya kimi nəzərdən keçirməyə imkan verir [8, 53]. Öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu istiqamətində prinsipial addımlar atılmağa başlanmışdır. Ümumiyyətlə, dövlət hakimiyyətinin həyata keçirilməsinin zəngin konseptual əsaslarının formalaşdırılması hüquqi dövlətin ilkin şərti rolunda çıxış edir. Artıq ölkəmizdə bu istiqamətdə addımların atılması bir tendensiya halını almışdır.

Azərbaycan Respublikasında hazırkı mərhələdə intensiv siyasi modernləşmə prosesi getməkdədir. Bu proses ölkənin siyasi-hüquqi müstəvisində konstruktiv dəyişiklikləri şərtləndirməklə yanaşı, bir çox problemləri də üzə çıxarmış olur. Bu problemlərdən biri də hüquqi dövlət quruculuğu prosesinin daha ciddi konseptual əsaslara söykənməsini təmin etməklə bağlıdır. Xüsusilə də hüquqi dövlətin institusionallaşması və cəmiyyətin modernləşdirilməsi strategiyasında onun rolu və reallaşdırılması ilə bağlı məsələlər daha çox diqqət tələb edir. Qeyd etmək lazımdır ki, ölkəmizdə hüquqi dövlət quruculuğu və inkişafı sahəsində bütün məqamların diqqət mərkəzində olmasına xüsusi fikir verilir ki, bu istiqamətdə ciddi keyfiyyət dəyişikliklərini şərtləndirmisdir.

Hər şeydən öncə qeyd etmək lazımdır ki, hüquqi dövlətin əhəmiyyəti həm nəzəri baxımdan, həm də dövlət-hüquqi inkişaf təcrübəsi baxımından onun prinsipləri vasitəsilə müəyyənləşir. Hüquqi dövlətin praktiki formalaşması və inkişafı yalnız onun prinsiplərinin xüsusi mexanizmlər vasitəsilə reallaşdırılması fonunda mümkündür. Yəni, bu о deməkdir ki, dövlətin hüquqiliyini dövlət idarəçiliyinin və ya dövlət hakimiyyətinin müəyyənləşdirilmiş məhdud çərçivə daxilində konkret prinsiplər üzrə həyata keçirilməsi şərtləndirir [5, 107].

Müşahidələr göstərir ki, müasir şəraitdə hüquqi dövlətin bir sıra prinsipləri ciddi transformasiyalara məruz qalır. Bu, özünü ən qabarıq şəkildə hakimiyyət bölgüsü prinsipində büruzə verir. Müvafiq olaraq, oxşar proses hüquqi dövlətin uyğun prinsiplərinin həyata keçirilməsi mexanizmlərinə daxil olan hüquqi vasitələrdə də müşahidə olunur.

Beləliklə, hüquqi dövlət, dövlət hakimiyyəti fəaliyyətinin təşkilinin elə formasını ifadə edir ki, burada dövlətin özü, bütün sosial birliklər, ayrı-ayrı fərdlər hüquqa hörmət edirlər və ona eyni münasibət sərgiləyirlər. Bu halda hüquq dövlətin, cəmiyyətin və fərdin qarşılıqlı əlaqəsi vasitəsi kimi çıxış edir. Artıq qeyd etdiyimiz kimi, hüquqi dövlətin, əsas göstəriciləri onun prinsipləridir. Bu baxımdan, hüquqi dövlət haqqında aydın təsəvvür- [səh.121-122] lərə malik olmaq üçün onun prinsiplərinə nəzər yetirmək vacibdir. Bununla, həmçinin Azərbaycan Respublikasında hüquqi dövlətin təbiətini və reallaşdırılması mexanizmlərini daha dərindən dərk etmək mümkündür. Beləliklə, hüquqi dövlətin prinsipləri aşağıdakılar- dan ibarətdir:

- hüququn obyektivliyini əks etdirən qanunverici sistemin yaradılması;

- qanunvericilikdə insanın təbii, demokratik hüquqlarının və onların real maddi və digər təminatlar əsasında qorunması;

- hakimiyyətin qanunverici, icra və məhkəmə hakimiyyətlərinə bölünməsi. Hakimiyyət qolları biri-birilərindən hər hansı asılılığa malik olmamalı və konstitusiyada təsbit olunmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməlidirlər;

- qanunun aliliyi. Məhz onun əsasında bütün qanuni aktlar yaradılır və həyata keçirilir;

- federativ ölkələrdə isə federasiya subyektləri arasında səlahiyyətlərin demokratik bölgüsü.

Yuxarıda qeyd etdiyimiz prinsiplərin Azərbaycanda dəqiqliklə gözlənildiyi aydın müşahidə olunmaqdadır. Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsündən tutmuş, insan hüquq və azadlıqları ilə bağlı bütün prinsipial müddəalar yer almışdır. Bu da ondan xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusıyası bütövlükdə hüquqi dövlətin inkişaf etməsi və sərbəst fəaliyyət göstərməsinin başlıca təminatçısı rolunda çıxış edir.

Qeyd edək ki, “hüquqi dövlət” anlayışı təkcə dövlət hakimiyyətinin konstitusion normalara tabe olmasını ifadə etmir, həm də vətəndaşların maraqları çərçivəsində bu hakimiyyətin məhdudlaşdırılmasını ifadə edir. Hüquqi dövlət müəyyən kompleks norma və qaydalar vasitəsilə özü-özünü məhdudlaşdırır. Dövlət hüquqa tabe olduğuna görə hüquqi xarakter kəsb etməyə başlayır. Daha dəqiq ifadə etmiş olsaq, hüququn dövlət qarşısında prioritet təşkil etdiyi halda hüquqi dövlətdən danışmaq mümkündür. Hüquqi dövlətdə dövlətin fəaliyyət mexanizmləri formaları və yolları dəqiqliklə müəyyənləşdirilmiş olur. Ən əsası isə, hüququn təminat verdiyi vətəndaş azadlığının sərhədləri də məlum olur. Ümumiyyətlə, hüquqi dövlətin mahiyyətinə dair qeyd etdiklərimizə əsasən, onun qarşısına qoyulan ümumi tələbləri də müəyyənləşdirmək mümkündür:

- qanunvericiliyin bütün siniflərin və sosial təbəqələrin maraqları ilə, sosial-iqtisadi inkişafın və cəmiyyətdəki mənəvi-psixoloji vəziyyətin tendensiyaları ilə uzlaşması;

- mövcud qanunvericiliyin konstitusiya ilə dəqiqliklə uzlaşması;

- qanunun aliliyinin praktiki təmin olunması;

- qanunvericiliyin stabilliyinin və dinamikliyinin dialektik uzlaşması;

- qanunvericilik və qanun yaradıcılıq prosesində vətəndaşların iştirakını təmin edəcək demokratik prosedurun mövcudluğu;

- ictimai rəyin nəzərə alınması;

- hüquq subyektləri arasında mübahisəli və münaqişəli vəziyyətlərin aradan qaldırılmasını təmin edəcək mükəmməl hüquqi mexanizmlərin mövcudluğu.

Hüquqi dövlətin mövcudluğuna dəlalət edən bir sıra ciddi məqamlar vardır ki, bunların içərisində vətəndaş cəmiyyətini xüsusi qeyd etmək lazımdır. Hüquqi dövlətin səmərəli fəaliyyəti birbaşa vətəndaş cəmiyyətinin mövcudluğundan asılıdır [6, 22]. Belə ki, dövlət özü-özlüyündə vətəndaş cəmiyyətinin rəsmi ifadəsidir. Onun siyasi varlığının inikasıdır. Vətəndaş cəmiyyəti fərdi və qrup halında mənafelərin təzahür sferasıdır. Vətəndaş cəmiyyətinin tələbləri dövlətin iradəsi sayəsində reallaşır. Qeyd olunduğu kimi, dövlət və vətəndaş cəmiyyətini təşkil edən bütün sahələr vətəndaş cəmiyyətindən kənarda qala bilməz, çünki insan tərəfindən yaradılan və fəaliyyət göstərilən bütün sahələr cəmiyyətin bir hissəsidir.

Vətəndaş cəmiyyəti anlayışının formalaşdığı cəmiyyətdə dövlətlə cəmiyyətin balansı hökm sürür. Dövrümüzə nəzər saldıqda görürük ki, inkişaf etmiş istənilən cəmiyyət dövlətin inkişafına tam zəmin yaradır, onun strukturunu möhkəm saxlayır, dövlət vətəndaşlara xidmət edən bir qurum kimi cəmiyyətdə tənzimləyici rol oynayır [7, 34].

Yaşadığımız zaman vətəndaşlara xidmət edən dövlət və onun orqanlarının formalaşdı- [səh.122-123] ğı dövr kimi qiymətləndirmək olar. Cəmiyyət о qədər inkişaf etmişdir ki, vətəndaş cəmiyyəti daxildən belə özü yaranıb formalaşmaqla yanaşı, xarici təsirlərdən də bəhrələnir. Yəni vətəndaşların hüquq və azadlıqlarının qoruyacaq, təmin edəcək bir çox beynəlxalq təşkilatlar vardır. Dövlətin cəmiyyətə təsir etmə imkanlarının qarşısını yalnız inkişaf etmiş cəmiyyət ala bilər.

Azərbaycan Respublikası demokratik, hüquqi dövlət olmaq etibarilə vətəndaş cəmiyyətinin dərindən kök saldığı bir cəmiyyətə sahibdir. Dövlətimiz cəmiyyətin inkişafı üçün lazım olan bütün imkanları öz vətəndaşları üçün yaratmış və onu daim təkmilləşdirir. Vətəndaş cəmiyyətinin institutları daim inkişaf etdirilir [3].

Vətəndaş cəmiyyəti məfhumu, əsasən, dövlətin mövcud olduğu bir birliyin formalaşdırdığı bir kateqoriyadır. Amma burada elə vətəndaş cəmiyyətinin əsas anlayışı olaraq da söyləmək olar ki, insanlar dövlət üçün mövcud deyildir. Əksinə dövlət insanlar üçün mövcuddur. Yəni dövləti təşkil edən vətən- daşlar onun hər bir fərdi yaşadığı qurumda bir-birinin azadlığını məhdudlaşdırmayacaq səviyyədə azaddırlar. Bu xüsusiyyət isə cəmiyyət kimi formalaşmış birliklərə xasdır.

Artıq qeyd etdiyimiz kimi, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi ölkə müstəqilliyinə qovuşduqdan sonra başlansa da, bu istiqamətdə mühüm və həlledici addımlar Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli xahişi və tələbindən sonra hakimiyyətə qayıdışı nəticəsində atılmışdır. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü ilə 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş Konstitusiya Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu prosesinin bünövrəsini qoymuşdur [4].

Azərbaycan Respublikasının Əsas Qanununda dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qorumaq, demokratik və hüquqi cəmiyyətin qurulmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatına xas liberal iqtisadi prinsiplərin yaradılmasın təmin etmək kimi bu və ya digər məsələlər öz əksini tapmışdır.

Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımı təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyəti qoruqçuluğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental insan hüquq və azadlıqları öz əksini tapmışdır. Konstitusiyanın 48 maddəsinin insan hüquqlarına və onların təminatına həsr olunması bu məsələlərin hüquq müstəvisində həll olunduğundan xəbər verirdi [1].

İnsan hüquqları məsələsinin Əsas Qanunda geniş şəkildə verilməsi bu məsələnin Azərbaycan üçün prioritet məsələ olmasında irəli gəlirdi. Azərbaycan vətəndaşının hüquq və azadlıqları toxunulmazdı və kimsə tərəfindən hücum obyekti ola bilməz. Bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyası, bir sıra qanunvericilik aktları və həmin hüquqlara əməl edilməsinin, qanunun aliliyinin və ölkədə qayda-qanun təminatçısı olan dövlət başçısı tərəfindən qorunur. Lakin yaddan çıxarmaq olmaz ki, “bir nəfərin hüququ başqa bir nəfərin yaşamaq, toxunul mazlıq və dövlət tərəfındən müdafiə hüququnun başlandığı yerdə məhdudlaşır”. Odur ki, hər bir insan, əvvəla özünün “təbii” və ikincisi, Əsas Qanunla - Konstitusiya ilə təmin olunmuş hüquqlarını nəzərə almaqla, təkcə öz hüquq və azadlıqlarını başa düşməli deyil, digər vətəndaşın hüquqlarının təmin olunmasın da öz mövqeyini dərk etməlidir.

Azərbaycan dövlətinin başlıca əlamətlərinin təsbit olunduğu konstitusiyada bu dövlətin mahiyyəti müəyyən edilir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır ”.

Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun aşağıdakı struktur elementlərində tapır:

- xalq hakimiyyəti;

- hakimiyyət bölgüsü;

- siyasi plüralizm;

- yerli özünüidarəetmə. [səh.123-124]

Bir sözlə, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynamışdır. Ölkəmizdə milli qanunvericiliyin təkmilləş dirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdi.

Məhz bu möhkəm özül əsasında ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi qorunmuş, çoxpartiyalı sistem üçün əsaslar yaradılmış, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edilmişdir. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edilmiş, on minlərlə insan amnistiya edilmiş və böyük sayda məhkum bağışlanmış, senzura ləğv edilmiş, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edilmişdi.

Bu prosesdə demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfıri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir.

Qeyd edək ki, 1995-ci ildə ölkə Konstitusiyasının qəbulundan sonra hüquqi dövlət quruculuğu prosesinin dönməz xarakter aldığı həm də ardıcıl həyata keçirilən hüquqi islahatlar təsdiq edirdi. 1996-cı il iyun ayının 8-də Azərbaycan dövləti ilə Avropa Şurası arasında əməkdaşlıq proqramının qəbul olunması ilə bu sahədə ciddi dinamiklik müşahidə olunmağa başladı [9]. Əməkdaşlıq proqramının qəbul olunmasından sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ciddi keyfıyyət dəyişiklikləri müşahidə olunmağa başladı. Belə ki, “İnsan hüquq və əsas azadlıqları haqqında Avropa Konvensiyasının” müddəaları nəzərə alınmaqla, Azərbaycanda müvafıq istiqamətdə yeni qanunlar işlənib hazırlanmışdır. Avropa Şurası ilə yanaşı, digər Avropa strukturları ilə də əməkdaşlığın həyata keçirilməsi zamanı hüquqi dövlət, vətəndaş cəmiyyəti, insan hüquq və azadlıqları məsələləri diqqət mərkəzində olmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, hüquqi dövlətin vacib göstəricilərindən və prinsiplərindən biri də insanların hüquq və azadlıqlarının qorunmasından ibarətdir. Müvafıq olaraq, hüquqi dövlətin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətlərindən birini də məhz vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində ardıcıl addımların atılması təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları ilə müddəalara önəmli yer verilməsi sübut edir ki, ölkəmizdə bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Qeyd edək ki, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı məqamların ölkə Konstitusiyasında təsbit olunması ilə yanaşı, bu istiqamətdə intensiv olaraq çoxsaylı konseptual əsaslar yaradılmışdı. İnsan hüquq və azadlıqları həm Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə, həm də Prezident İlham Əliyevin dövründə həmişə diqqət mərkəzində saxlanmışdır. Belə ki, Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə insan hüquqlarının etibarlı qorunmasını təmin etmək üçün Milli Dövlət Proqramı təsdiq etmişdir [10]. İnsan hüquqlarının müdafıəsi sahəsində birinci fundamental sənəd olan Milli [səh.124-125] Dövlət Proqramı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin səmərəli getməsini, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasını təmin etmək baxımından olduqca böyük əhəmiyyət kəsb edirdi. Ən əsası isə, sənəd Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində siyasi iradə nümayişinin bariz göstəricisi idi.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin fəaliyyət prioritetlərindən birini insan hüquq və azadlıqlarının qorunması sahəsində ardıcıl addımların atılması təşkil etmişdir. 2006-cı il- də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafıəsi üzrə Milli Fəaliyyət Planı” nın qəbul olunması ilə insan hüquqlarının müdafiəsinin keyfiyyətcə tam yeni mərhələyə qədəm qoymasını təmin etdi [2]. Fəaliyyət planının təsdiq olunması ilə dövlətlə vətəndaş cəmiyyəti arasında səmərəli tərəfdaşlıq üçün yeni imkanlar yaranmış oldu. Bu da hüquqi dövlətin inkişafında irəliyə doğru atılmış təsirli addım kimi qiymətləndirilə bilər.

Beləliklə, yuxarıda apardığımız təhlillərdən də aydın görünür ki, Azərbaycanda real hüquqi dövlət quruculuğu prosesində kifayət qədər səmərəli addımlar atılaraq, hüquqi dövlətin intensiv inkişafı təmin edəcək ciddi konseptual əsaslar formalaşdırılmışdır. Ölkədə hüquqi dövlətin prinsiplərinə uyğun olaraq hakimiyyətin bölgüsü dəqiqliklə həyata keçirilmiş, vətəndaş cəmiyyəti quruculuğu prosesi fasiləsiz aparılmış, insan hüquq və azadlıqlarının  qorunması dövlət fəaliyyətinin prioritet istiqamətinə çevrilmişdir.

 

Ədəbiyyat:

1.                  Azərbaycan Respublikasının Konstitusiyası, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixli ümumxalq səsverməsi (referendum) ilə edilmiş əlavə və dəyişikliklər. Bakı: Hüquq ədəbiyyatı, 2009, 93 s.

2.                  Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafıəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Bakı şəhəri, 27 dekabr 2011-ci il.// http://president.az/articles/4089

3.                  Mehdiyev R., “Azərbaycan xalqının iki dəfə bəxti gətirib ” // http://az.azvision.az/Ramiz_Mehdiyev%20_%E2%80%9CAzerbaycan_xalqinin_-48963- xeber.html#.VSP8ZtysVp4(23.12.14)

4.                  Məmmədov F., Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi// http://www.justice.gov.az/view_full.php?id=454 (müraciət tarixi: 07.04.2015)

5.                  Исмаилов И.А., Правовое государство: суждения и предложения. СПб.: Юридический центр Пресс, 2003, ъ. 107

6.                  Марченко М.Н., Соотношение гражданского общества и государства: вопросы теории //Журн. рос. права. 2008, № 10, ъ. 22.

7.                  Морхат П.М., Судебная власть и гражданское общество: взаимный диалог //Российский судья. № 12. 2007. С. 34.

8.                  Соколов А.Н., Правовое государство: от идеи до ее материализации. Калининград, 2002, 456 с

9.                  http://files.preslib.az/projects/republic/az/azr2_3,pdf(müraciət tarixi:07.04.2015)

10.              http://president.az/articles/4089(müraciət tarixi: 06.04.2015)

 

Açar sözlər: hüquqi dövlət, Azərbaycan Respublikası, vətəndaş cəmiyyəti, insan hüquqları, hakimiyyət bölgüsü, konstitusiya

Ключевые слова: правовое государство, Азербайджанская Республика, гражданское общество, права человека, разделение власти, конституция [səh.125-126]

Keywords: konstitusional state, Azerbaijan Republic, civil society, human rights, division of the power, konstitusion

 

Ширхан Адыгезалов

Действительный член Международной Инженерной Академии, доктор юридических наук

Процесс строительства правового государства в Азербайджане и его основные направления

Резюме

В научной статье рассматривается процесс строительства правового государства в Азербайджане. Прежде всего, объясняется природа правового государства. Отмечается, что в большинстве современных стран феномен правового государства находит свое отражение в конституции. Правовое государство-это категория, которая имеет реальное юридическое содержание. Обосновывается, что также в Азербайджане становление правового государства опирается на конституционную основу. После приобретения независимости, в Азербайджане были сделаны принципиальные шаги в направлении строительства демократического, правового государства. Решающим условием правового государства выступает формирование концептуальных основ осуществления государственной власти. В Азербайджане осуществление конкретных шагов в этом направлении получило форму тенденции.

В статье также отмечается, что наличие гражданского общества рассматривается в как один из важных признаков правового государства. Обосновывается, что правовое государство и гражданское общество дополняют друг друга. Также анализируется тенденция развития и нынешнее состояние гражданского общества в Азербайджане. Все эти и другие вопросы всестороннее рассматриваются в представленной научной статье.

 

Shirxan Adigezalov

Member of the International Academy of Engineering,Doctor of Laws

The process of building the rule of law in Azerbaijan and its main directions

Summary

In the scientific article examines the process of building the rule of law in Azerbaijan. Primarily due to the nature of the rule of law. It is noted that in most modem countries in the phenomenon of the rule of law is reflected in the Constitution. Legal State is a category that has a real legal content. It is proved that in Azerbaijan becoming the rule of law is based on a constitutional basis. After gaining independence, Azerbaijan has been made fundamental steps towards building a demo ratic, law-governed state. The decisive condition for the rule of law advocates the formation of the conceptual foundations of the exercise of public power. Azerbaijan is taking concrete steps in this direction were obtained form the trend.

The article also notes that the existence of civil society is regarded as one of the important features of the rule of law. It is proved that the rule of law and civil society complement each other. It also analyzes trends and the current state of civil society in Azerbaijan. All these and other questions are addressed in a comprehensive presentation of scientific article.