“Qanun”.-2015.-№ 3 (245).-S.54-61.
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN
HÜQUQİ TƏNZİMİ
Şükürov Qulam Heybət oğlu,
Bakı Dövlət Universitetinin «Beynəlxalq xüsusi hüquq və
Avropa hüququ» kafedrasının dissertantı (haciqulam.shukurov@mail.ru)
Açar sözlər: kütləvi informasiya vasitələri, məlumat azadlığı, fikir və söz azadlığı.
Ключевые слова: средства массовой информации, свобода информации, свобода мышления и слова.
Keywords: mass media, freedom of the information, freedom of the thinking and a word.
Kütləvi informasiya vasitələrinin statusunun hüquqi nizama salınması sivil cəmiyyətdə onlarin fəaliyyətinin zəruri şərtidir. Cəmiyyətin məlumatlandırılması onun mütərəqqi və demokratik inkişafının mühüm faktoru hesab olunur. Bu prosesdə əsas yeri kütləvi informasiya vasitələri tutur. Çünki onların əsas vəzifəsi cəmiyyət və yaxud onun əsas hissələri üçün maraq doğuran və yaxud maraq doğura bilən məlumatlarla məlumatlandırmaqdır. Cəmiyyətin siyasiləşməsi dərəcəsi yüksək olduqca, siyasi mübarizə zəmini güclü olur və bununla da kütləvi informasiya vasitələrinin siyasi proseslərdə rolu artır və onlarin siyasi ideoloji funksiyaları aydın görünür.
Kütləvi informasiya vasitələrinin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və 50-ci maddələri təşkil edir. Konstitusiyanın 47-ci maddəsinin 1-ci hissəsində deyilir: «Нər kəsin fıkir və söz azadlığı vardır» (1, s. 16). Söz azadlığı hər kəsin ən müxtəlif məsələlər üzrə öz fıkir və əqidəsini şifahi, yaxud yazılı, həmçinin, müxtəlif vasitələrlə maneəsiz və dövlət tərəfindən təmin olunan imkanıdır (16, s. 214). İnsanların öz fikirlərini maneəsiz və müstəqil ifadə etməsi, onların üzərinə xüsusi vəzifələr və böyük məsuliyyət qoymuş olur. Konstitusion normalar, bir tərəfdən, vətəndaşların məlumat azadlıqlarını təmin edir, digər tərəfdən isə cəmiyyəti informasiya təxribatından qoruyur. Kütləvi informasiya orqanlarının öz hüquq və vəzifələrindən sui istifadəsinin qarşısını alır, dezinformasiya axımını məhdudlaşdırır. Kütləvi informasiya vasitələri haqqında belə normativ aktlar, demək olar ki, dünyanın bütün ölkələrində qəbul edılmişdir. Məsələn, Fransada 1881-ci ildə, 1974-cü ildə Avstraliyada, 1966-cı ildə ABŞ-da, 1963-cü ildə İngiltərədə kütləvi informasiya vasitələrinin tənzimlənməsi, vətəndaşların informasiya azadlıqları haqqında xüsusi dövlət qanunvericilik sənədləri qəbul edilmişdir (14, s. 290).
Cəmiyyətdə kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsinin ən mühüm istiqamətlərindən biri onların üstündə dövlət nəzarətinin olmasıdır. Kütləvi informasiya vasitələrinə dövlət nəzarəti 3 variantda ola bilər:
1) kütləvi informasiya vasitəsinin bilavasitə dövlət tərəfindən idarə olunması və tam nəzarətə götürülməsi;
2) kütləvi informasiya orqanlarının dövlət tərəfindən qismən idarə olunması;
3) kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi təsis edilmiş dövlət orqanları tərəfindən nəzarət edilməsi.
Əksər demokratik ölkələrdə kütləvi informasiya vasitələrinin fəaliyyətinin bila- [səh. 54-55] vasitə dövlət tərəfindən tamamilə nəzarətə götürülməsi, yalnız fövqəladə vəziyyət rejimində baş verir. Bir çox ölkələrdə kütləvi informasiya orqanlarının dövlət tərəfindən qismən idarə olunması həmin vasitələrdə dərc olunan və ya efırə gedən reklamların tənzimlənməsi ilə həyata keçirilir. Məsələn, Fransada teleradio şirkətləri reklam fəaliyyətindən əldə etdikləri gəlirin yalnız 25% -ni öz büdcələrinə daxil edə bilər.
Bəzi ölkələrdə dövlətin kütləvi informasiya vasitələrinə təsiri və təzyiqi həmin orqanlara verilən imtiyazlar və ya onların məhdudlaşdırılması yolu ilə həyata keçirilir. Bütün cəmiyyətlərdə kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi birinci növbədə onların monopoliya əldə etməsinin məhdudlaşdırılması ilə bağlıdır. Bu məqsədlərə dövlətlərdə xüsusi qanunvericilik aktları qəbul edilir. İnformasiyanın ayrı-ayrı orqanların əlində təmərküzləşməsi qadağan edilir və ya məhdudlaşdırılır.
Demokratik ölkələrdə kütləvi informasiya orqanları tərəfındən müvafıq qanunvericilik aktlarının pozulması ciddi şəkildə nəzarətə götürülmüşdür və həmin orqanlara qarşı xüsusi metodlar tətbiq edilir.
Məsələn, Fransada, ABŞ-da, İsveçrədə kütləvi informasiya vasitələrində irqi, etnik məhdudlaşdırmaya yönəlmiş yazılar dərc edilərsə, həmin orqanlar və konkret şəxslər çox ciddi cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Bu məsuliyyətlər müxtəlif dövrlərdə azadlıqdan məhrum edilmə (1 aydan 1 ilə qədər) və ya cərimə (2 mindən 300 min franka qədər) edilə bilərlər.
Demokratik ölkələrdə kütləvi informasiya orqanlarının fəaliyyətinin hüquqi tənzimlənməsinin ən vacib normalarından biri də jurnalist statusunun müəyyənləşdirilməsidir. Нər bir jurnalistin fəaliyyəti, bir qayda olaraq onun kütləvi informasiya orqanının redaksiyası ilə bağlılığı müqaviləyə əsaslanır. Müxbirin sosial-peşə statusu isə ölkədə qəbul edilmiş müvafiq qanunvericilik sənədləri ilə tənzimlənməlidir. Məsələn, Yunanıstanda hər bir müxbirin peşə prinsipləri və səlahiyyətləri ölkənin Konstitusiyasının 19-cu maddəsində müəyyənləşdirilir.
Ümumiyyətlə götürdükdə, demokratik ölkələrdə hər bir jurnalistin hüquqları belə təsnifləşdirilə bilər:
- informasiyanı axtarmaq, əldə etmək və yaymaq;
- bu məqsədlə bütün dövlət və qeyri dövlət orqanlarına müraciət etmək;
- bütün informasiya mənbələrindən müvafiq materialların özünü və surətini almaq (qanunla nəzərdə tutulmuş hallarda);
- təbii və texnoloji fəlakət yerlərində olmaq və lazımi materialları əldə etmək;
- efirə gedən və mətbuatda dərc edilən materialı öz adı və ya anonim surətdə təxəllüs və ya başqa şərti işarə ilə təqdim etmək.
Müxbirin vəzifələrinə isə ümumi şəkildə aşağıdakı prinsipləri aid etmək olar:
- informasiyanın mötəbərliyini müəyyənləşdirməli;
- informasiya mənbəyinin məxfiliyini təmin etmək (qanunla müəyyənləşdirilmiş hallarda);
- vətəndaşların şəxsi həyatı haqqındakı informasiyanı yalnız onların razılığı ilə yazmaq;
- ayrı-ayrı şəxslərin, dövlət və qeyri-dövlət orqanlarının maraqlarına, hüquq və vəzifələrinə, ləyaqətlərinə hörmət etmək.
Dünyanın bütün demokratik ölkələrində kütləvi informasiya orqanları vasitəsilə ictimai rəyin öyrənilməsi proseduru həyata keçirilir. Bu məqsədlə ayrı-ayrı ölkələrdə ümummilli, regional və lokal xarakterli sorğular keçirilir. Sorğuların mövzuları müxtəlif ola bilər (seçkilərin nəticələri, siyasi xadimlərin nüfuzu, qanun haqqında rəy və s.).
Hələ 1947-ci ildə cəmiyyətdə ictimai rəyi öyrənmək məqsədi ilə Avropa komissiyası, bir müddət sonra isə ümumdünya ictimai rəyin öyrənilməsi Assosiasiyası təsis edilmişdir. Kütləvi informasiya vasitələri həmin [səh. 55-56] təşkilatların məlumatlarından geniş istifadə edir, eyni zamanda onları müvafıq materiallarla təmin edirlər. Əlbəttə, kütləvi informasiya vasitələrində dərc edilən sorğu nəticələrini mütləq həqiqət kimi qəbul etmək olmaz.
Əvvəla, belə materiallar bir sıra hallarda müvafıq orqanlar tərəfindən birtərəfli təqdim edilə bilər. Bundan əlavə, sorğuda iştirak edən respondentlərin fikri heç də cəmiyyətdə formalaşmış ümumi fikirlə üst-üstə düşə bilməz.
Ümumiyyətlə, sorğuda iştirak edən respondentlərin fıkri bütün cəmiyyətin fıkrini təmsil edə bilməz.
Nəticə etibarilə qeyd etmək lazımdır ki, hər bir demokratik ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri demokratik cəmiyyətin rəmzi kimi vətəndaşların informasiya hüquqları azadlıqlarının təmin edilməsində əsas sosial təsisat kimi təzahür edir.
Məlumat azadlığı - müstəqil konstitusion hüquq olmaqla, özündə həmçinin hər bir vətəndaşa, onun bilavasitə hüquq və azadlığına aid olan sənəd və materiallarla tanış olmaq imkanının, əgər, qanunda başqa hallar nəzərdə tutulmayıbsa, təmin olunmasını əks etdirir.
Kutafin O.E. qeyd edir ki, fikir insanın iradəvi prinsipi - emosional fəaliyyətinin məhsuludur (14, s. 231). Buna görə də fıkir və söz azadlığının realizə mexanizminin hüquqi təminatı kifayət qədər mürəkkəbdir. Bu hüquq institutunun dəqiq əhəmiyyətini R.A. Myüllerson belə müəyyən etmişdir: “İstədiyin kimi fıkirləşmək və öz fıkrini ifadə etmək hüququn yoxdursa, bütövlükdə cəmiyyətdə hər hansı hüquq və azadlıqların mövcudluğundan söhbət gedə bilməz. Yalnız bu hüquq və azadlıqlar insanın mahiyyətini əks etdirir: onu digər canlılardan fərqləndirir. Bu hüquq və azadlıq olmadan müasir şəxsiyyət ola bilməz”(17, s. 80).
Hüquq ədəbiyyatında belə bir fıkir mövcuddur ki, fıkir və söz azadlığı, öz əqidəsini öz mülahizəsinə əsasən ifadə etmək məlumat azadlığı ilə ayrılmazdır. «Məlumat azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin II hissəsində deyilir ki, «məlumat dedikdə, təqdimat formasından asılı olmayaraq təbiətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzarətə tutulur» (10, s. 3).
Qanunvericilik və hüquqi tətbiq subyektləri üçün doğru, düzgün qərar çıxarmaq baxımından dolğun, tam məlumat nə qədər əhəmiyyətlidirsə, vətəndaş üçün də dolğun məlumat bir о qədər əhəmiyyətlidir. Buna görə də insan da səy göstərir ki, özünün xeyri üçün müvafıq qərarın çıxarılmasından ötrü maksimum dəyərli məlumat əldə etmiş olsun. Belə səy göstərmənin həyata keçirilməsi - azad şəxsiyyətin varlığına dəlalət edir.
Fikrimizcə, məlumat azadlığı, söz və mətbuat azadlığı ilə tam əhatə olunmur. Məlumat azadlığı özünəməxsus məzmuna malik olmaqla, subyektlərin müəyyən maraqlarının təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan qanunvericiliyinə müvafıq olaraq məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri və məlumatın əldə edilməsi üçün təminatlar müvafiq olaraq, «Məlumat azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 6-cı maddələrində təsbit olunmuşdur. Qanunun 5-ci maddəsində aşağıdakı prinsiplər təsbit olunmuşdur: məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi; məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi hər kəsin şəxsi və ailə həyatı sirrinin saxlanılması; şəxsiyyətin, cəmiyyətin dövlət təminatları nəzərdə tutmuşdur. Məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
- dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar verməsi (barədə) yolu ilə;
- dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə; [səh. 56-57]
- statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə;
- vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;
- dövlətin təhlükəsizliyinə xələl yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;
- kütləvi informasiya vasitələrində, о cümlədən mətbuatda dövlət senzurasına yol verilməsi ilə;
- normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qayada əhalinin nəzərinə çatdırılması ilə;
Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələri üçün dil məhdudiyyəti yoxdur.
Azərbaycan Respublikası vətəndaşlarının kütləvi informasiyanın istehsalı və ya yayımında dövlət dilindən, Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərdən, habelə dünyada geniş yayılmış digər dillərdən istifadə etmək hüququ qanunvericiliyə müvafiq surətdə təmin edilir.
Qanunun 6-cı maddəsinin ikinci bəndi ilə 8-ci bəndinin fıkrimizcə, ümumiləşdirərək, normativ aktlarla maneəsiz tanış olmaq hüququ kimi də qəbul etmək olar. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin diktəsi «Normativ hüquqi aktlar»ı bu imkanın həyata keçirilməsinə istiqamətləndirilir.
“Məlumat azadlığı haqqında” AR Qanununun 6-cı maddəsinin məzmunundan göründüyü kimi, məlumat azadlığını özünəməxsus təmin hüququ kimi xarakterizə etmək olar. Belə ki, qanunda göstərilən vəsaitlərin müəyyən edilməsi və real həyata keçirilməsini bütövlükdə şəxsiyyətin hüquqi müdafıəsinin artırılmasında mühüm və əhəmiyyətli nailiyyət kimi qiymətləndirmək olar. Başqa sözlə desək, tam və həqiqi məlumat olmadan cəmiyyətin, dövlətin idarə olunmasında iştirak etmək hüququnu, mülkiyyət hüququnu və s. hüquqları praktik olaraq səmərəli həyata keçirmək olmaz.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində deyilir:
I. Нər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
II. Kütləvi informasiyanın azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, о cümlədən mətbuatda dövlət senzurası qadağandır (1, s. 17).
Bütün istifadəçilər dövlət məlumat resurslarından istifadəyə görə bərabər hüquqa malikdir. Heç kəs bu resursların sahibləri qarşısında qadağan olunmuş məlumatların alınması zəruriliyini əsaslandırmağa borclu deyil.
Fikrimizcə, demokratik inkişaf yolu tutmuş cəmiyyətimizdə kütləvi informasiya vasitələri və dövlətin qarşılıqlı münasibətlərinin bütün istiqamətləri hüquqi nizamasalmanın predmeti olmalıdır.
Hüquq ədəbiyyatında, bəzi müəlliflərin fikrincə, kütləvi informasiya vasitələrinin qanunvericiliklə nizamasalma istiqamətlərindən biri onların fəaliyyətinə dövlət nəzarətidir. Burada üç variantı ayırmaq olar: birbaşa dövlət idarəetməsi, dolayı idarəetmə və xüsusi dövlət orqanları vasitəsilə nəzarət.
Kütləvi informasiya vasitələrinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 1997-ci il tarixli Fərmanına uyğun olaraq xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinə daxil olduğuna görə onun üçün xüsusi razılıq tələb olunur.
Məlum Fərmanın 27-ci bəndində deyilir:
Dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə ciddi zərbə vuran informasiyalar, [səh. 57-58] habelə pornoqrafik materiallar dərc edilən xarici mətbu nəşrlərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayılmasına müvafıq icra hakimiyyəti orqanlarının qərarı ilə qadağa qoyula bilər.
Müvafıq icra hakimiyyəti orqanı bu maddənin birinci hissəsinin tələblərinə uyğun olaraq, məhsulun satışdan yığışdırılması barədə operativ qərar qəbul edə bilər.
Bu maddənin ikinci hissəsi dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə ciddi zərbə vuran informasiyalar dərc etmiş Azərbaycan Respublikasının ərazisində çap olunan mətbu nəşrlərə də şamil edilir.
Azərbaycan Respublikasının ərazisində çap olunan mətbu nəşrin tirajının və ya tirajının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-qanuni olaraq satışdan yığışdırıldığı, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilərsə, dəymiş maddi zərər dövlət büdcəsi hesabına ödənilir (9, s. 7).
Kütləvi informasiya vasitələrində bilavasitə məlumat toplayan və sonradan yayılması üçün hazırlayan jurnalist əsas fıqurlardan biridir.
Bu subyektin kütləvi informasiya vasitələrinin redaksiyası ilə qarşılıqlı fəaliyyəti müqaviləyə əsasən qurulur. Jurnalistin statusunun əsasları qanunvericiliklə tənzimlənir, bəzi hallarda isə konstitusion səviyyədə tənzimlənir. Məsələn: Yunanıstan Konstitusiyasının 14-cü maddəsinin 8-ci hissəsinə əsasən jurnalistlik fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan şərt və ixtisas qanunla müəyyənləşdirilir (8, s. 297).
Azərbaycan Respublikasının əsas Qanununda belə bir maddə nəzərdə tutulmasa da «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun VII fəsli jurnalistin bütün çoxtərəfli fəaliyyətini tənzim edir.
Xatırladılan Qanunun 46-cı maddəsi jurnalistin hüquqları adlanaraq geniş hüquqlar spektrini əhatə edir. Orada deyilir:
Jurnalistin aşağıdakı hüquqları vardır:
1. informasiya axtarmaq, toplamaq, hazırlamaq, istehsal etmək və yaymaq;
2. öz peşə vəzifəsini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə, idarə, müəssisə və təşkilatlara, ictimai birliklərə, siyasi partiyalara, vəzifəli şəxslərə müraciət etmək və ya sorğu vermək;
3. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı faktı hər vasitə ilə, о cümlədən audiovizual vasitələrdən və kino-foto çəkilişindən istifadə etməklə qeydə almaq;
4. əqidəsinə zidd olan məlumat və materialları hazırlamaqdan və öz imzası ilə dərc edilməkdən imtina etmək;
5. redaktə zamanı, onun fikrincə, məzmunu təhrif olunmuş məlumat və materiallardan öz imzasını çıxarmaq;
6. baş redaktorun (redaktorun) və ya redaksiyanın verdiyi tapşırıq qanunun pozulması ilə əlaqədar olduqda belə tapşırıqdan imtina etmək;
7. hazırladığı materialı öz imzası, təxəllüsü ilə, yaxud imzasız dərc etdirmək;
8. jurnalist vəsiqəsini təqdim etməklə qəza, təbii fəlakət zonalarında, fövqəladə vəziyyət elan olunmuş yerlərdə, mitinqlərdə və nümayişlərdə olmaq;
9. öz imzası ilə dərc etdiyi materiallarda şəxsi fikir söyləmək və qiymət vermək;
10. qanunla qorunan sirlər istisna olmaqla, sənəd və materiallarla tanış olmaq, onların surətini çıxarmaq.
Jurnalist, həmçinin, Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər hüquqlardan da istifadə edə bilər (9, s. 6).
Ümumi hüquq nəzəriyyəsindən bilirik ki, harda hüquq varsa, orada vəzifə də mövcuddur. Qanunun 47-ci maddəsində bu öz əksini tapmışdır.[səh. 58-59]
Jurnalistin aşağıdakı vəzifələri vardır:
1) əmək münasibətlərində olduğu kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsinə riayət etmək, onun fəaliyyət proqramını həyata keçirmək;
2) ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamaq;
3) informasiya ilk dəfə elan edilirsə, onu vermiş şəxslərin kimliyini göstərib-göstərməmək barədə onların xahişlərini yerinə yetirmək;
4) hazırladığı xəbər və materialların yayılması ilə əlaqədar irəli sürüləcək iradlar və qanunla nəzərdə tutulmuş digər tələblər barədə baş redaktora məlumat vermək.
5) öz imzası, imzasız və ya təxəllüslə doğru-dürüstlüyü təsdiq olunmamış, yaxud böhtan və təhqir xarakterli informasiya və materialları yaymamaq;
6) dərc etdiyi (efirə verdiyi) mətnlərdə peşə etikasına riayət etmək, dövlətin, vətəndaşların və təşkilatların şərəf və ləyaqətlərinə, qanuni mənafelərinə hörmətlə yanaşmaq;
7) peşə fəaliyyətini həyata keçirərkən təşkilatlarda, müəssisələrdə və rəsmi tədbirlərdə tələb olunduqda, redaksiya vəsiqəsini və ya şəxsiyyətini və jurnalist səlahiyyətini təsdiq edən digər sənədi göstərmək;
8) vətəndaşlardan, vəzifəli şəxslərdən, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin nümayəndələrindən, siyasi xadimlərdən məlumat alarkən audiovideo vasitələrdən və kino-foto çəkilişindən istifadə etmək barədə onların razılığını almaq;
9) vətəndaşın şəxsi həyatı haqqında məlumat yaymaq barədə onun özündən və ya qanuni nümayəndəsindən icazə almaq (ictimai maraqları müdafıə etmək üçün lazım olan hallardan başqa);
10) informasiyanın, yaxud onun mənbəyinin məxfıliyini gözləmək;
11) öz məlumatlarında konkret iş üzrə məhkəmə baxışının nəticələrini qabaqcadan müəyyən etmək, yaxud qətnamə və ya hökm qanuni qüvvəyə minənədək məhkəməyə başqa tərzdə təzyiq göstərməmək.
Jurnalist, həmçinin, Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər vəzifələr də daşıyır (9, s. 9).
Bəzi ölkələrdə jurnalistlər öz fəaliyyətlərində professional etik qaydalara riayət etməyə əsaslanırlar. Belə ki, qaydalar tələb edir ki, ancaq balanslaşdırılmış məlumatlar yayılsın.
Yuxarıda qeyd olunanlarla yanaşı, kütləvi informasiya vasitələri tərəfindən ictimai rəy sorğusu da keçirilə bilər. Bu sorğular ümumrespublika, regional və yerli ola bilər. Nəzəri cəhətdən bütün əhali arasında sorğu keçirilməsi mümkündür və belə halda nəticələr daha düzgün olacaqdır. Lakin buna daha çox maddi xərclər tələb olunur və ola bilsin ki, bir qrup əhali yəqin ki, sorğuda iştirak etməyəcək. Sorğu özlüyündə təklif olunan məsələ ilə bağlı şəxsin fərdi razılığı, yaxud qeyri-razılığı kimi üzə çıxarılan rəydir.
Sorğunun predmeti tamamilə rəngarəngdir kəskin siyasi problemlərdən başlamış, mühüm ictimai əhəmiyyət kəsb edən məsələlərə qədər. Əlbəttə, bu о demək deyildir ki, sorğunun predmeti qeyri-müəyyəndir. Xeyr. Sorğunun predmetinə dair müəyyən edilməsi məntiq və etik normaları ilə diktə olunan müəyyən məhdudiyyətlər olmalıdır.
İctimai rəy sorğusu müxtəlif məqsədlərlə istifadə olunur - siyasi, iqtisadi, sosial və s. Məhz bunun köməyi ilə cəmiyyətin müəyyən hissəsinin istək və tələbatları üzə çıxarılır.
Siyasi proseslərdə onlar siyasi kəşfiyyat silahı kimi çıxış edirlər (8, s. 300). Siyasi sorğuların digər funksiyası cəmiyyətdən siyasi qüvvələrə əks əlaqə aləti kimi xidmət edir. Cəmiyyətin rəyinin üzə çıxarılması, onun inkişaf meylinin müəyyən edilməsi, insanların davranışının dinamikası hakimiy- [səh. 59-60] yət tədbirlərinin görülməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, cəmiyyətdə fərdlər, sosial qruplar və onlarla dövlət arasında yarana biləcək ziddiyyətlərin aradan qaldırılması məqsədilə qanunların qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir.
Kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin pozulmasına görə xatırladılan qanunda X fəsil nəzərdə tutulmuşdur. Məhz bu fəsildə bu qanunun digər fəsillərində qeyd olunan tələblərin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Informasiya mənbəyinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə buraxılmasına) məsul redaktoru istintaqda və ya məhkəmə icraatında olan işlə əlaqədar, qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu halda müəllifi açıqlanmayan təsvirə, məqaləyə, şəklə və karikaturaya görə məsuliyyət məsul redaktorun üzərinə düşür (9, s. 19).
Məsuliyyətin dairəsini müəyyən edən normadan sonrakı, yəni 59-cu maddə kütləvi informasiya azadlığının və jurnalistlərin hüquqlarının pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Göründüyü kimi, qanunvericilik məsuliyyəti təsbit edən normaların düzülüşündə kütləvi informasiya azadlığını və jurnalistlərin hüquqlarını ön plana çəkir.
Beləliklə, konkret mövzu üzrə gəldiyimiz qənaət bundan ibarətdir ki, kütləvi informasiya vasitələrinin cəmiyyət və dövlət üçün nəzarəti nə qədər mühüm əhəmiyyət kəsb edirsə, onun əhatə etdiyi ictimai münasibətlərin tam və hərtərəfli hüquqi tənzimlənməsi də bir о qədər əhəmiyyət kəsb edir.
Bəzi hallarda qəbul olunmuş qanunların səmərəli işlənməsi və qanun qarşısında duran məqsədlərə çatması subyektlərin qəbul olunmuş davranış qaydaları haqqında məlumatlardan və məlumatlandırılmasından asılıdır. Bu mənada kütləvi informasiya vasitələrinin qarşılıqlı əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.(9, s. 19)
İstifadə edilmiş mənbələr:
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2014.
2. «Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu. (15 noyabr 1996). Bakı: Qanun 2013
3. Əliyev Ə. İ. Beynəlxalq ümumi hüquq (metodik vəsait). Bakı: Şirvannəşir, 2004
4. Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ. Azərbaycan Respublikası Konstitusiyasının və hüququnun əsasları. Bakı: QAPP-POLİQRAF, 2005
5. Hüquq ensiklopedik lüğəti. Bakı. 1991
6. Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı: Qanun, 2012
7. Xarici dövlətlərin Konstitusiyası. Bakı: Qanun, 2010
8. Xarici ölkələrin konstitusiya (dövlət) hüququ. Dərslik. 4 cilddə. 3-cü cild / Məsul redaktor B. A. Straşun. Bakı: Qanun 2007
9. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasını Qanunu. Bakı: Qanun, 2013
10. «Məlumat azadlığı haqqında» Azərbaycan Respublikasının Qanun. Bakı: Qanun. 2012.
11. Çirkin V.Y. Xarici ölkələrin konstitusiya hüququ (ruscadan tərcümə). Bakı: «Digesta», 2000
12. Баглай M.B. Конституционное право Российской Федерации. М.: Норма, 1998
13. Козлова Е.И., Кутафин О.Е. Конституционное право России. М.: Юристь, 2003
14. Кутафин О.Е. Государственное право Российской Федерации. Т. I, М.,1995
15. Лившиц Р.З. Теория права. М.: БЕК, 2000
16. Малько А.В. Конституционное право в вопросах и ответах. М.: «Юрист» 1999.
17. Мюллерсон Р.А. Права человека: идеи, нормы, реальность. М., 1991
Шукюров Гулам Хейбат оглу
ПРАВОВОЕ РЕГУЛИРОВАНИЕ СРЕДСТВ МАССОВОЙ ИНФОРМАЦИИ
РЕЗЮМЕ
В статье, наряду с осуществлением важной идеологической функции средств массовой информации в создании, распространении и обосновании социальных ценностей общества и государства, отмечается также их важная роль в формировании определенных политических, правовых, этических позиций личности и социальной группы.
Shukurov Gulam Heybat
LEGAL REGULATION OF MASS MEDIA
SUMMARY
In this article along with the realization of the important ideological function of mass media in the creation, distribution and substantiation of the social values of the society and the state, their important role in the formation of the certain political, legal, ethical positions of the person and social group is marked.
Rəyçi: h.ü.f.e., dos. Ə.Q. Məmmədov
Təqdim edən: h.ü.e.d., prof. H.S. Qurbanov
Daxil olma tarixi: 22.12.2014
Təkrar işlənmə tarixi: 03.02.2015
Çapa imzalanma tarixi: 02.03.2015
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq
və Avropa hüququ ” kafedrasının 13 oktyabr 2014-cü il tarixli iclasının
qərarı (protokol № 2) ilə çapa məsləhət görülmüşdür.