Azərbaycanın vergi jurnalı.- 2015.-№ 5 (125).-S.89-102.

 

Aqrar sektorun maliyyə təminatının yüksəldilməsində

vergi güzəştlərinin rolu

 

Əhmədov Rəşad Kazım oğlu

Dissertant Kooperasiya Universiteti

 

Xülasə

 

Tədqiqatın məqsədi - müasir iqtisadi şəraitdə tətbiq olunan vergi güzəştlərinin aqrar sektorun fəaliyyətinə təsiri məsələlərinin tədqiqi.

Tədqiqatın metodologiyası - sistemli yanaşma, müqayisəli təhlil.

Tədqiqatın nəticələri - aqrar sahənin inkişafının maliyyə təminatının təkmilləşdirilməsi istiqamətində təkliflərin (sahənin investisiya cəlbediciliyini yüksəltmək məqsədilə bu sahədə fəaliyyət göstərən emal müəssisələrinin mənfəət vergisindən azad olunması və ya vergi dərəcəsinin azaldılması) verilməsi.

Tədqiqatın məhdudiyyətləri - aqrar sektorda tətbiq olunan vergi güzəştlərinin statistik göstəricilər bazasının məhdudluğu.

Tədqiqatın praktiki əhəmiyyəti - aqrar sahədə sahibkarlığın inkişafı və təkmilləşdirilməsi istiqamətində analitik mənbə kimi istifadə imkanı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - vergitutma baxımından aqrar sektorun maliyyə təminatının genişlənməsi istiqamətlərinin müəyyən olunması və əsaslandırılması.

Açar sözlər: aqrar sektorun vergi tənzimlənməsi, vergi güzəşti, aqrar sektorun maliyyə təminatı. [səh. 89-90]

 

1.      Giriş

 

Azərbaycanın neft sərvətləri qeyri-neft sektorunda iqtisadi artım mühitinin təkmilləşdirilməsi və iş yerlərinin yaradılması üçün əhəmiyyətli imkanlar təmin edir. Hazırda ölkədə bu imkanlardan səmərəli istifadəni təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilib.

Konsepsiyada qeyri-neft sektorunun inkişafında prioritet istiqamətlərdən biri kimi ölkədə kənd təsərrüfatının inkişafı nəzərdə tutulur. Kənd təsərrüfatı iqtisadiyyatın başlıca sahələrindən biri kimi, cəmiyyətin həyatında mühüm rol oynayır. İqtisadiyyatın bir çox sahələrinin inkişafı müəyyən dərəcədə kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır.

Hazırkı iqtisadi şəraitdə isə kənd təsərrüfatında, bütövlükdə aqrar regionlarda sosial-iqtisadi inkişaf tempi maliyyə təminatından çox asılıdır. Ona görə ki, digər sahələrdə olduğu kimi, aqrar sektorda da mövcud imkanların reallaşdırılması və qarşıya qoyulmuş məqsədə nail olunması aqrar müəssisələrin maliyyələşdirilməsi və stimullaşdırılması ilə həllini tapır. Bu baxımdan da, aqrar sahədə maliyyələşdirmə və stimullaşdırmanın mütərəqqi metodlarının tətbiqi və davamlı olaraq təkmilləşdirilməsi çox vacibdir. Araşdırmalar göstərir ki, aqrar sektorun maliyyələşdirilməsində mütərəqqi metodların seçilməsi və tətbiqi hər bir ölkənin, regionun özünəməxsus xüsusiyyətlərini nəzərə almağın zəruri olduğunu göstərir.

Bununla belə, digər sahələrdə fəaliyyət göstərən təsərrüfat subyektlərinin böyük bir qismi aqrar sahə ilə birbaşa əlaqədar olduğu üçün kənd təsərrüfatının inkişafının maliyyə mexanizminin xüsusiyyətlərini nəzərə almaq və ya ona adekvat reaksiya vermək məcburiyyətindədir. Bu isə o deməkdir ki, aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyələşdirilməsinin təkmilləşdirilməsi, bu sahədə mütərəqqi metodların tətbiqi üçün əlverişli mühitin formalaşdırılması nəinki sahə çərçivəsində, eləcə də ümumilikdə kifayət qədər aktual məsələlərdəndir.

Digər tərəfdən son illərdə kənd təsərrüfatında əldə olunan naliyyətlərlə yanaşı, bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır ki, qloballaşan iqtisadi şəraitdə aqrar sahənin inkişafı istiqamətində mövcud maliyyə resurslarından səmərəli istifadənin təmin edilməsi və yeni maliyyələşmə mənbələrinin aşkar edilməsi əsas problem kimi qəbul olunur. Bu baxımdan problemin həlli istiqamətində “aqrar sektorun maliyyə təminatının yüksəldilməsində vergi güzəştlərinin rolu” mövzusu olduqca aktual əhəmiyyət daşıyır. Tətbiq olunan vergi güzəştlərinin kənd təsərrüfatı kimi mühüm sahənin inkişafına təsiri və kənd yerlərində əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi istiqamətində dövlətin rolu elmi araşdırmalar tələb edir. Bundan irəli gələrək aqrar sahədə maliyyələşmənin səmərəliliyin yüksəldilməsi istiqamətləri, vergi güzəştlərinin aqrar sektorun inkişafına təsiri, əhalinin təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminat səviyyəsinin yaxşılaşdırılması, [səh. 90-91] vergi tənzimlənməsinin dövlətin digər tənzimləmə tədbirləri ilə qarşılıqlı təsiri bu tədqiqatın predmeti kimi qəbul olunur. Tədqiqatın obyekti isə ölkənin qüvvədə olan vergi sistemi və aqrar sahədə sahibkarlıq fəaliyyətinə mühüm təsir göstərən vergi güzəştlərinin tənzimlənməsi sistemidir.

 

2.      Aqrar sahənin inkişafında dövlətin rolu

 

Son illər dünya bazarında neftin qiymətinin stabil olmaması və azalan xətt üzrə inkişafı fonunda istər büdcə daxilolmalarının yerinə yetirilməsi, istərsə də ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ölkədə qeyri-neft sektorunun inkişafına daha çox önəm verilir. Bu sektorda diqqət mərkəzində olan sahələrdən biri də aqrar sahədir.

Bazar iqtisadiyyatı prinsipləri əsasında öz milli iqtisadiyyatını inkişaf etdirən Azərbaycan üçün aqrar sahənin mümkün potensialından tam mənada istifadə edilməsi “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası üçün ən aktual mövzularından birinə çevrilmişdir.

Aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir.

Respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi sayəsində bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi odənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cu ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər [7]. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində ölkəmizdə kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub.

Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə üzrə əksər məhsulları, o cümlədən taxıla olan tələbatı yerli istehsal hesabına tam ödəməkdədir. Ərzaq təhlükəsizliyi baxımından isə bu, olduqca mühüm nailiyyət [səh. 91-92] Azərbaycan iqtisadiyyatının digər sahələri kimi, kənd təsərrüfatının inkişaf etdirilməsi də asan olmayıb. İndiki uğurlar gərgin zəhmət, dəqiq düşünülmüş iqtisadi siyasət sayəsində əldə edilib.

Belə ki, 2005-2014-cü illərdə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə hər il orta hesabla 3,7% artmışdır. Kənd təsərrüfatı müəssisələrinin maliyyə nəticələrinə diqqət yetirdikdə də bu illər ərzində davamlı artımın olduğu müşahidə olunur.

Digər tərəfdən “Aqrar sahədə islahatların sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” məlum fərmanın icrası nəticəsində kənd təsərrüfatı sektorunda güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib: “Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılıb, su təminatı və meliorativ tədbirlər görülüb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artıb, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməyib və bu sahədə sabitliyə nail olunub” [10]. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri sahibkarlığın təşəkkülündə əhəmiyyətli rol oynayıb. Hesablamalara görə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri, kənd təsərrüfatı məhsulları istehsalında istifadə olunan mal və materialların ƏDV-dən azad olunması sahibkarlara milyonlarla manata qənaət etməyə imkan verir. Heç şübhəsiz ki, kənd təsərrüfatına bu həcmdə dolayı dəstəyin verilməsi, ilk növbədə, məhsul istehsalında maya dəyərinin aşağı düşməsinə imkan verəcək. [səh. 92-93]

Ölkəyə idxal olunan bəzi mal və avadanlıqların ƏDV və gömrük rüsumundan azad olunmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarın qəbulunda da prioritet məqsəd aqrar sektorun inkişafıdır. Məlum qərar kənd təsərrüfatı sahəsində çalışan mütəxəssisələr tərəfindən yüksək qiymətləndirilir. Onların fikrincə, bu addım qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsinə, yeni və müasir texnologiyaların tətbiqinə imkan verəcək, eyni zamanda təsərrüfat və müəssislərdə dövriyyə vəsaitinə qənaət edərək texnoloji yönümlü investisiyaların təşfiq edilməsinə, istehsal zamanı məhsulların maya dəyərinin aşağı düşməsinə, müasir texnologiyaların tətbiqi nəticəsində bazar rəqabətinə davamlı məhsul istehsalına keçməyə, regionlarda formalaşmış kənd təsərrüfatı məhsulları emalı və istehsalını stimullaşdırmaqla regionların inkişafına, əhalinin məşğulluq və gəlir səviyyəsinin artmasına təsir edəcək, bununla da yerli məhsullara daha çox tələbin formalaşması müşahidə olunacaq, qeyri-neft sektorunda ixracın genişlənməsinə əlverişli şərait yaradacaq.

 

3.      Aqrar sahənin inkişafında vergi siyasətinin rolu

 

Son illər yüksək iqtisadi artım göstəricisinə görə dünya ölkələri arasında ön sıralarda qərarlaşan Azərbaycan iqtisadiyyatının inkişafına paralel olaraq aparılan kompleks vergi islahatları, həyata keçirilən vergi siyasəti respublikanın vergi sisteminin inkişafının keyfiyyətcə yeni mərhələyə çıxmasına imkan vermişdir. Hazırkı vergi siyasətinin əsas məqsədlərindən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Respublikada həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri də qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin kənd təsərrüfatına dəstək verilməsidir.

Araşdırmalar göstərir ki, aqrar sektorun inkişafında, xüsusilə bu sahənin maliyyə problemlərinin aradan qaldırılmasında hər bir ölkənin vergi siyasəti mühüm əhəmiyyət kəsb edir. Digər bir tərəfdən inkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, milli iqtisadiyyatın dinamik inkişafına real imkanlar yaradan əsas şərtlərdən biri ölkədə təkmil vergi sisteminin yaradılması və onun çevik fəaliyyət göstərməsidir. Təkmil vergi siyasəti həm iqtisadiyyatın inkişafını sürətləndirir, həm də milli istehsal sahələrinin yüksək artımına şərait yaradır. Bu siyasi xətt bir çox iqtisadi bölmələri əhatə edir ki, bu bölmələrdən də birini aqrar sahə təşkil edir və burada optimal vergi siyasətinin həyata keçirilməsi öz səmərəsini verir.

Aqrar sahənin inkişafında vergi siyasəti mühüm rol oynadığından inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi dövlət tərəfindən tənzimlənir. Aqrar sahənin dövlət tənzimlənməsinin üsullarından biri də kənd təsərrüfatı istehsalçılarına müəyyən vergi güzəştlərinin verilməsidir. Belə ki, bu sahədə sahibkarlığın inkişafını [səh. 93-94] sürətləndirmək məqsədilə 27 noyabr 2001-ci il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanuna əsasən qüvvədə olma müddətinin uzadılması ilə bağlı 8 noyabr 2003-cü il tarixli, 520-IIQ nömrəli və 25 noyabr 2008-ci il tarixli, 719-IIIQ nömrəli qanunlara əsasən, 01 yanvar 2001-ci il tarixdən 01 yanvar 2014-cu il tarixədək olan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilmişdir [2].

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə 16 may 2014-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə məlum Qanun ləğv edilmiş və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 16 may 2014-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməklə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün tətbiq edilən güzəştlər vergi azadolmaları şəklində Vergi Məcəlləsinə daxil edilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün Vergi Məcəlləsində müəyyən edilmiş vergi azadolmaları aşağıdakılardır [1]:

Ø  Məcəllənin 102.1.11-ci maddəsinə əsasən, fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azaddır;

Ø  Məcəllənin 106.1.14-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə hüquqi şəxslərin mənfəət vergisindən azaddır;

Ø  Məcəllənin 164.1.18-ci maddəsi kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrin vergi güzəştini müəyyənləşdirir: 2014-cü il yanvarın 1-dən 5 il müddətinə, malların ixracından başqa, malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə, habelə idxala görə ƏDV (əlavə dəyər vergisi) tutulmur;

Ø  Məcəllənin 165.1.3-cü maddəsinə əsasən, malların ixracına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Bu maddəyə uyğun olaraq qeyd etmək mümkündür ki, digər ixrac əməliyyatlarını aparan şəxslərlə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən kənd təsərrüfatı məhsullarının ixracı üzrə əməliyyatlar ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur;

Ø  Məcəllənin 199.9-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin [səh. 94-95] fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar;

Ø  Məcəllənin 219.7-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 5 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Burada kənd təsərrüfatı məhsulları istehsalçıları dedikdə, konkret olaraq bu istehsal proseslərinin iştirakçıları başa düşülür. Bunlar dövlət kənd təsərrüfatı müəssisə və təşkilatları, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan özəl (səhmdar cəmiyyətləri, məhdud və əlavə məsuliyyətli təsərrüfat cəmiyyətləri) müəssisə və təşkilatlar, kəndli sahibkarlar, ailə kəndli təsərrüfatları, ev təsərrüfatları, habelə bağ evi təsərrüfatları sayılır. Kənd təsərrüfatı fəaliyyətinin mahiyyətindən belə bir təsdiq meydana gəlir ki, mütləq qaydada kənd təsərrüfatı istehsalçısının mülkiyyətində və ya istifadəsində torpaq sahəsi, sənaye üsullu istehsalçıların isə mülkiyyətində uyğun istehsal vasitələri (əşyalar) olmalıdır [5, s. 6].

Qeyd olunan rəsmi məlumata görə də nəzərdə tutulan bu güzəştlər kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslərə şamil edilmir [3]. Belə ki, kənd təsərrüfatı məhsullarının emal olunmasından sonra əldə edilən məhsulların təqdim edilməsindən əldə edilən gəlir ümumi qaydada vergiyə cəlb olunmalıdır. Məsələn, yem istehsalı, balıqçılıq, süddən hazırlanan pendir və yağın satışı, qurudulmuş meyvə satışı, mal, qoyun və toyuğun kəsilmiş halda satılması kimi fəaliyyətlərlə məşğul olan müəssisələrə güzəşt tətbiq olunmur və ümumi qaydada müvafiq vergilərə cəlb edilir.

Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə görə fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azaddır [1]. Burada “Kənd təsərrüfatı məhsulları” dedikdə, əkinçilik, bağçılıq, maldarlıq, qoyunçuluq, arıçılıq kimi sahələr başa düşülür. Həmin şəxslər digər fəaliyyət növləri ilə məşğul olduqda həmin fəaliyyət üzrə vergiyə cəlb olunurlar.

Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə təminatının yaxşılaşdırılması istiqamətində tətbiq edilən vergi güzəştləri ilə bərabər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarlarına əlavələr edilməsi barədə 2011-ci il 25 yanvar tarixli 17 nömrəli qərarı da imzalanmışdır. Məlum qərara əsasən qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların siyahısı təsdiq edilmişdir. Həmin qərarla kənd təsərrüfatının inkişafına təkan verəcək bir sıra mal-materiallar əlavə dəyər vergisindən azad olunmuşdur [8]. Fikrimizcə, Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklər və məlum Qərarın tətbiqi kənd təsərrüfatı [səh. 95-96] məhsulları istehsalçılarının sərəncamında qalan pul vəsaitlərinin artmasına və dolayısı ilə maliyyə təminatının yüksəldilməsinə müsbət təsir göstərəcək.

 

4. Kənd təsərrüfatının maliyyə təminatının yüksəldilməsində

vergi güzəştlərinin rolu

 

Hazırki iqtisadi şəraitdə ölkə üzrə qəbul olunan bütün sosial-iqtisadi inkişaf proqramlarında aqrar bölmənin inkişafı əsas prioritetlərdən hesab olunur. Bu bölmənin inkişafı istiqamətləri isə aşağıdakılardan ibarətdir [6]:

Ø  aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi;

Ø  aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması;

Ø  aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi;

Ø  aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi;

Ø  kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması;

Ø  torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi.

Yuxarıda qeyd olunan istiqamətlərin demək olar ki, hamısı bu bölmənin maliyyə təminatından birbaşa asılıdır.

Digər tərəfdən aqrar sahənin qarşısında kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri də durur. Bu isə kənd təsərrüfatında istifadə olunan resurslardan; torpaqdan, maliyyədən, maddi texniki vasitələrdən daha səmərəli istifadə edilməsini, elmitexniki tərəqqinin nailiyyətlərinin istehsalda tətbiq olunmasını, istehsal proseslərinin intensivləşdirilməsini, dövlət tənzimlənməsinin səmərəliliyinin artırılmasını və s. tələb edir. İnkişaf etməkdə olan ölkələr üçün kənd təsərrüfatında maliyyələşmənin səmərəliliyinin artırılması önəmli məsələlərdən sayılır. Bu ölkələrdən hesab olunan Azərbaycan da bu sahədə maliyyələşməni gücləndirmək niyyətindədir. Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsində də aqrar sektora dövlət dəstəyinin artırılması məqsədilə müddəalar nəzərdə tutulub. Dövlət bu dəstəyi müxtəlif alətlər vasitəsi ilə həyata keçirir ki, bu alətlərdən də biri və əsası vergi güzəştləri vasitəsi ilə maliyyələşdirmədir.

Araşdırmalar göstərir ki, aqrar sektorun inkişafında, xüsusilə bu sahənin maliyyə problemlərinin aradan qaldırılmasında vergi güzəştləri mühüm əhəmiyyət kəsb edir. Dövlət aqrar sektorda vergi tənzimlənməsini keyfiyyətcə yaxşılaşdırmaqla həm insanların iş təminatı yaxşılaşır, həm onların fəaliyyəti hesabına aqrar məhsulların istehsalı artır, həm vergi ödəyicilərinin sərəncamında qalan vəsaitin məbləği artır, həm də sahibkarlıq inkişaf etdirilir. Ona görə də, dövlət kənd təsərrüfatı sahəsində vergi güzəştlərinin səmərəliliyini yüksəltməklə sadalanan məsələlərin həllinə qismən də [səh. 96-97] olsa kömək etmiş olur. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad edilməsi bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin mənfəət vergisinə və fərdi sahibkarların gəlir vergisinə də aid edilir. Mənfəət və gəlirdən ödənilməyən vergilər kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkarların sərəncamında qalan vəsaitin məbləğinin artması ilə nəticələnir.

Bu da həm aqrar sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmini artırır, buna müvafiq olaraq da müəssisələrin müasir səviyyəli, intensiv texnologiyaya əsaslanan əsas fondlarla silahlanması işini sürətləndirir. Son 10 ilin statistik göstəricilərinə nəzər yetirdikdə güzəştlərin tətbiqindən sonra bu sahədə müşahidə olunan inkişaf açıq-aşkar görünür.

Cədvəldən də göründüyü kimi, əsas kapitala yönəldilmiş investisiyalar 2005-ci ildə 40,7 mln manat olduğu halda 2014-cü ildə 9 dəfə artaraq 363,9 mln. manata, əsas fondların dəyəri müvafiq olaraq 2.2 dəfə artaraq 6509,9 mln manata çatmışdır [8]. Sözsüz ki, göstəricilərdə müşahidə olunan bu artım kənd təsərrüfatında səmərəliliyin yüksəlməsinə və kənd təsərrüfatının ümumi məhsulunun artmasına müsbət təsir göstərmişdir.

Aparılan tədqiqat nəticəsində belə qənaətə gəlirik ki, kənd təssərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişiklik aqrar sahədə səmərəliliyin yüksəldilməsinə müsbət təsir göstərmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin tətbiqi 2001-ci ildən başlayıb və 13 il [səh. 97-98] davam edən bu siyasət indiyədək 1,4 milyard manat vəsaitin fermerlərdə qalmasına və həmin vəsaitin təkrar istehsalın inkişafına yönəldilməsinə imkan verib. Nəticədə istehsalın həcmi 4,4 dəfə artıb [9]. Aqrar sahənin inkişafında vergi siyasəti mühüm rol oynadığından inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi bilavasitə vergi-fiskal rejimlərin müşayiəti ilə tənzimlənir. Ötən illər ərzində tətbiq olunmuş səmərəli vergi rejimi kənd təsərrüfatının inkişafında stimullaşdırıcı rol oynayıb. Aqrar sektorda tətbiq edilən güzəşt mexanizmi sahibkarların xərc problemlərinin azalmasına gətirib çıxarıb. Mülkiyyətçilər üçün vergi güzəştləri nəticəsində kənd təsərrüfatında xərclər 10%-dək azalıb [9].

Kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad edilməsi ümumi daxili məhsulun bu sahəyə düşən payının artım tempinə də müsbət təsir göstərmişdir. Aşağıdakı diaqrama nəzər yetirdikdə güzəştlərin tətbiqindən sonra bu sahədə müşahidə olan inkişaf açıq-aşkar görünür.

Bütün bunlarla yanaşı, kənd yerlərində yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsi baxımından zəruri olan əsas vəzifələrdən biri də kənd əhalisinin maddi durumunun artırılmasıdır.

Yuxarıdakı diaqramdan da göründüyü kimi hazırda ÜDM-nin 10%-dən də az hissəsini verən kənd təsərrüfatı sektoru məşğulluğun təqribən 40%-nı təmin edir ki, bu da sektorda əmək məhsuldarlığının kifayət qədər aşağı olması göstəricisidir. Bu [səh. 98-99] baxımdan da, kənd əhalisinin qeyri-kənd təsərrüfatı sahələrində məşğulluq imkanları artırılmalıdır. Bunun üçün kənd yerlərində kiçik kənd təsərrüfatı emalı müəssisələrinin yaradılması istiqamətində tədbirlər görülməli və hətta bu sahədə səmərəliliyin əldə olunması üçün həmin müəssisələrə xüsusi vergi güzəştləri tətbiq edilməlidir.

Qeyd olunanlarla yanaşı, bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində bu güzəştlər müddətli xarakter daşıyır. Fikrimizcə, bu güzəştlərin müddətinin artırılması məsələsində aşağıda qeyd edilən bəzi müsbət amillər nəzərə alınmalıdır:

1. Əgər kənd təsərrüfatı məhsulları istehsalına vergi güzəştləri dayandırılarsa, bu kənd yerlərində çalışanların onsuz da az olan gəlirlərinin daha da azalmasına səbəb olacaq, nəticədə kənd əhalisinin şəhərlərə axını sürətlənəcək, kəndlər boşalacaq.

2. Kənd təsərrüfatı məhsulları istehsalına vergi tətbiq olunarsa, bu kənd təsərrüfatında çalışanların xərclərini kifayət qədər artıracaq, bu fəaliyyətlə məşğul olanlar daha əlverişli olan digər fəaliyyət növlərinə keçəcək və nəticədə istehsalın həcmi aşağı düşəcək, bu da, ölkədə ərzaq qıtlığının yaranmasına səbəb olacaq.

3. Azərbaycanda ərzaq təhlükəsizliyi barədə xüsusi Dövlət Proqramının qəbul olunduğunu xatırladaraq bildiririk ki, həmin sənəddə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı konkret tələblər qoyulub. Dövlət Proqramında qarşıya qoyulan tələblərə əsasən, kənd təsərrüfatı sektoru inkişaf etdirilməklə ölkəmizin idxaldan asılılığı aradan qaldırılmalıdır: “Lakin bu gün fakt odur ki, Azərbaycan idxala meyilli ölkədir. Ona görə də kənd təsərrüfatı sektorunda stimullaşdırıcı tədbirlər həyata keçirilməli və vergi güzəştlərinin müddəti uzadılmalıdır”.

4. Bu güzəştlərin müddətinin dayandırılması yerli məhsulların qiymətlərinin xarici məhsulların qiymətləri ilə müqayisədə artmasına səbəb olacaq. Nəticə olaraq rəqabət qabiliyyəti zəyifləyəcək, bu da keyfiyyətsiz, genləri dəyişdirilmiş xarici məhsulların ölkə bazarlarına dolmasına səbəb olacaq.

5. Baxmayaraq ki, aqrar sektorda dinamik tərəqqi təmin edilmiş, bu sahəyə hərtərəfli dövlət qayğısı mövcuddur, yenə də investisiya qoyuluşları yetərincə deyildir. Belə ki, Azərbaycan Respublikasının əksər kənd təsərrüfatı məhsullarının istehsalı üçün çox zəngin potensial imkanlara, eləcə də, ixrac imkanlarına malik olmasına baxmayaraq, ölkəmiz nəinki aqrar məhsulların ixracında olduqca az paya malikdir, hətta bir çox məhsullar üzrə daxili tələbat belə idxal hesabına təmin edilir. Bu isə, sahəyə investisiya qoyuluşlarının artırılmasını zəruri edir. Bu sahəyə vergi güzəştlərinin ləğv edilməsi onsuzda aşağı səviyyədə olan investisiya qoyuluşlarının daha da azalmasına səbəb ola bilər.

Fikrimizcə, dövlət yuxarıda sadalanan müsbət təsirləri nəzərə almaqla ölkədə kənd təsərrüfatının inkişafının dayanıqlığını təmin etmək üçün, iqtisadi mexanizmlərdən istifadə etməklə lazım olan normal şəraiti yaratmalı, bu mexanizmlərdən biri və əsası olan vergilərin köməyi ilə həmin prosesi tənzimləməlidir. [səh. 99-100]

 

5.      Nəticə

 

Aparılan tədqiqatdan belə nəticəyə gəlirik ki, aqrar sektor qeyri-neft iqtisadiyyatının əsas bölməsi olmaqla yanaşı, ölkənin milli iqtisadi təhlükəsizlik platformasının sütunlarını özündə birləşdirir. Ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı yaxınmüddətli strategiyada aqrar sahəyə dəstəkləyici tədbirlər yer alıb, inkişaf prioritetləri müəyyən edilib. Aqrar sektorda maliyyə, fiskal, vergi, bank və digər sahələr üzrə tətbiq olunmuş səmərəli mexanizmlərin daha da təkmilləşdirilməsi məsələləri başlıca prioritetlər hesab olunur. Göstərilən prioritetlərin reallaşdırılması istiqamətində kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişiklik və Nazirlər Kabinetinin məlum qərarı aqrar sahənin maliyyəsinə, dolayısı ilə bu sahədə səmərəliliyin yüksəldilməsinə müsbət təsir göstərmiş və sonrakı illərdə də göstərəcəkdir.

Fikrimizcə, dövlət yuxarıda sadalananları nəzərə almaqla ölkədə kənd təsərrüfatının inkişafının dayanıqlığını təmin etmək üçün, iqtisadi mexanizmlərdən istifadə etməklə lazım olan normal şəraiti yaratmalı, bu mexanizmlərdən biri və əsası olan vergilərin köməyi ilə həmin prosesi tənzimləməlidir.

 

Ədəbiyyat siyahısı

 

1.      Azərbaycan Respublikasının Vergi Məcəlləsi.

2.      Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 27 noyabr 2001-ci il

3.      www.taxes.gov.az - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

4.      http://www.stat.gov.az - Dövlət statistika komitəsinin rəsmi internet səhifəsi.

5.      Mehdi Babayev. Kənd təsərrüfatı məhsulları və vergi güzəştləri. Vergilər qəzeti. 26 dekabr, 2012-ci il. №50(640).

6.      Elnur Hacaliyev. Aqrar islahatlarda yeni mərhələ. Azərbaycan qəzeti. 10 iyun 2014-cu il, səh.3.

7.      Mübariz Abdullayev. Azərbaycan investisiyalar üçün açıq ölkədir. Yeni Azərbaycan qəzeti. 28 avqust 2015-ci il, səh.2.

8.      Əhmədov. R.K “Vergi tənzimlənməsinin aqrar sektorun inkişafına təsiri”. Azərbaycanın Vergi Jurnalı, 2013, №2, s.149-161.

9.      http://vergiler.az/art-view/2137/ - Vergilər qəzeti.

10.  http://az.apa.az/print/285017 - Apa holdinqin informasiya agentliyi. [səh. 100-101]

 

Ахмедов Рашад Казим огли

диссертант, Азербайджанский Университет Кооперации

 

 

Роль налоговых льгот в совершенствовании финансового обеспечения

аграрного сектора

 

Аннотация

 

Цель исследования - исследование влияния налоговых льгот в современных экономических условиях на развитие аграрного сектора;

Методология исследования - системный подход и сравнительный анализ;

Результаты исследования - даны предложения по совершенствованию финансового обеспечения развития аграрного сектора (с целью повышения инвестиционной привлекательности аграрного сектора - освобождение от подоходного налога или снижение налоговых ставок перерабатывающих предприятий);

Ограничения исследования - отсутствие базы статистических показателей налоговых льгот, применяемых в аграрном секторе;

Практическая значимость исследования - возможность использования в качестве аналитического источника в направлении развития и совершенствования предпринимательства в аграрном секторе;

Оригинальность и научная новизна исследования - с точки зрения налогообложения - определение и обоснование направлений расширения финансового обеспечения аграрного сектора.

Ключевые слова: налоговое регулирование аграрного сектора, налоговые льготы, финансовая поддержка аграрного сектора.