«Milli Məclis».-2009.-¹1.-S.62-65.

 

Azərbaycanın diaspor siyasəti

 

"Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının dayaq və cazibə mərkəzidir, onların ümid və məhəbbətlə baxdığı müqəddəs bir yerdir. Buna görə də bütün azərbaycanlılar müstəqil dövlətimizin ətrafında daha sıx birləşmiş Azərbaycanın azad, firavan, daha da güclü, qüdrətli olması üçün mümkün olan hər şeyi etməlidirlər".

Heydər Əliyev

Gülər Əhmədova,

Millət vəkili,

Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü

 

Ümummilli lider Heydər Əliyev və hazırkı dövlət başçısı İlham Əliyevin səyləri sayəsində Azərbaycanın dünyada geosiyasi əhəmiyyətinin durmadan artması, regionda öncül mövqeyə çıxması, siyasi-iqtisadi və mədəni sahələrdə uğurlar qazanması bu gün hamılıqla etiraf olunur. Azərbaycan dövlətçiliyinin inkişafında, səmərəli neft strategiyasının həyata keçirilməsində, ardıcıl xarici siyasət xəttinin yürüdülməsində, ölkənin davamlı inkişafının, təmin olunmasında bu liderlərin müstəsna rolu haqqında çox deyilmiş, çox yazılmışdır. Bununla belə onların siyasi quruculuq fəaliyyətinin çox mühüm bir istiqaməti – Azərbaycan millətinin diaspor təşkilatlarında birləşdirilməsi kimi böyük iş isə yetərincə tədqiq və təbliğ edilməmişdir. Halbuki hər iki liderin fəaliyyətində bu faktor müstəsna əhəmiyyətə malikdir. Diaspor siyasətinin Azərbaycanın taleyüklü məsələlərinin həllində üstün rolu danılmazdır.

 

Cəmi 15 il əvvəl "Azərbaycan diasporu", həmçinin "Azərbaycan lobbisi" anlayışları ciddi qəbul edilmir, reallığı əks etdirmirdi. Azərbaycanın potensial diaspor ehtiyatlan hər zaman sanballı çəkiyə (40 milyondan artıq) malik olsa da, bizim etnomədəni və siyasi cəhətdən diaspor təşkilatlarımız yox dərəcəsində idi.

Prezidentliyinin ilk illərində Heydər Əliyevin gəldiyi qənaət diqqətəlayiqdir: "Mən xarici ölkələrə səfər edir və diasporu toplamaq istəyirəm. Mən Amerikada onu bir araya topladım. Çikaqoda cəmi 35 nəfər gəldi. Bir neçə dəfə Parisdə, Londonda onları toplamışam. 35-40 nəfərdən artıq adam olmur. Bu diaspordurmu?"

H. Əliyev MDB dövlət başçıları arasında ilk olaraq istər dövlətlərarası münasibətlərin inkişafı baxımından, istərsə də gənc dövlətimizin üzləşdiyi bir çox problemlərin həllində diasporun olduqca böyük əhəmiyyət kəsb etdiyini layiqincə qiymətləndirmişdir. O, özünəməxsus uzaqgörənliklə çoxmilyonluq Azərbaycan diasporu ilə işi dövlət siyasəti səviyyəsinə qaldırdı. Transsərhəd milli həmrəylik faktorunu ölkənin ictimai inkişafının ideologiyası və mədəni dayaqlarından birinə çevirməklə, diaspor resurslarından fəal şəkildə istifadə olunması üçün lazım olan hər şeyi etdi. Eyni zamanda milli özünüdərkin və azərbaycançılıq məfkurəsinin inkişafına yönəldilmiş dövlət siyasəti nəinki diaspor səylərinin əlaqələndirilməsini, həmçinin təşkilatlanmanın ilkin mərhələləri üçün səciyyəvi olan qeyri-sağlam rəqabəti, dar siyasi düşüncə meyillərinin aradan qaldırılmasını nəzərdə tuturdu.

Müstəqilliyin ilk günlərindən Ermənistanın hərbi təcavüzünə məruz qalan və informasiya blokadasında olan gənc dövlətimizin təşkilatlanmış güclü bir diasporunun olması istər gündəlik problemlərin həllində istərsə də uzunmüddətli perspektiv layihələrin icrasında böyük əhəmiyyət kəsb edirdi. H. Əliyev hələ 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri olarkən, 1 dekabr tarixini Dünya azərbaycanlıların həmrəylik günü elan etməklə, əslində azərbaycanlıların birləşməsi yolunda yeni bir ənənənin əsasını qoymuşdur.

Prezident olduqdan sonra H. Əliyev diaspor təşkilatlarının birləşdirilməsi problemini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Diasporumuzun təşkilatlanması, onun ölkələr və xalqlar arasında münasibətlərdə vasitəçi ola biləcək elit təbəqəsinin formalaşması istiqamətində real addımlar atıldı.

24 dekabr 1998-ci ildə H. Əliyev dünya azərbaycanlılarına müraciət ünvanladı. Müraciətdə Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etməyə çağırış səsləndirdi.

H. Əliyevin hakimiyyəti dövründə Azərbaycan diasporunun təşkilatlanması işi daim diqqətdə olmuş, qısa müddətdə nəzərə çarpacaq uğurlar əldə edilmişdir. 1-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı bunun təsdiqidir. Qurultay azərbaycançılıq ideyasının gerçəkləşməsi və çoxsaylı diasporun həqiqi bir qüvvəyə çevrilməsinin əsasını qoymuş oldu. Qurultayın işində dünyanın 36 ölkəsindən 1153 nümayəndə iştirak edirdi. Qurultayda rəhbər orqanına ölkə Prezidentinin də seçildiyi Diasporla İş üzrə Xüsusi Əlaqələndirmə Şurası təsis olundu. Qurultaydan dərhal sonra H. Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. 2002-ci ilin dekabr ayında isə "Xaricdə yaşayan azərbaycanlılarla əlaqədar dövlət siyasəti haqqında" Qanun qəbul edildi. Dövlətin bu addımları dünya azərbaycanlılarının təşkilatlanması və mənəvi birləşməsi prosesini sürətləndirdi, tarixi vətənləri ilə onların əlaqələrinin genişlənməsini təmin etdi, ölkə-mizin tarixi və bugünkü reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına imkan verdi.

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü diaspor siyasəti dünya azərbaycanlılarının öz milli ləyaqətinin dərk olunması işinin güclənməsinə, müxtəlif ölkələrdəki Azərbaycan icmalarının təşkilatlanma və fəallığının yüksəlməsinə, həmvətənlərimizin tarixi vətənləri ilə əlaqələrinin möhkəmlənməsinə, Azərbaycanın lobbi təşkilatlarının formalaşmasına ciddi təsir göstərdi. 2006-cı ilin martında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayı bu siyasətin uğurlarının ən bariz sübutudur. Qurultayın işində 49 ölkədən 1218 nümayəndə iştirak edirdi. Qurultayda diaspor fəaliyyətinin yeni konsepsiyasının hazırlanması, Amerika və Asiya Azərbaycanlıları Konqresinin təsis olunması, Ümumdünya Azərbaycanlıları Təşkilatının və geniş mədəni-maarif müəssisələri şəbəkəsinin yaradılması haqqında qərarlar qəbul edildi. Prezident İlham Əliyev qurultayda çıxış edərək dedi: "Dünya azərbaycanlılarının qurultayı mühüm tarixi hadisədir... Əlli milyonluq Azərbaycan xalqı öz qüvvəsini nümayiş etdirdi. Biz böyük xalqıq, böyük qüvvəyik".

Bu forum diasporun bir təsisat olaraq tanınmasına və birləşməsinə yeni təkan verdi, Azərbaycanın lobbi təşkilatlarının yaranmasında mühüm rol oynadı. 2006-cı ildə Antalyada dünyadakı Azərbaycan və türk icmalarının iclası keçirildi. Görüşdə Azərbaycan və türk lobbi təşkilatlarının əlbir fəaliyyət planı işlənib hazırlandı. Həmin günlərdə elə orada Azərbaycan ziyalılarının Ümumdünya forumu və Türkiyədəki Azərbaycan Təşkilatlarının qurultayı keçirildi.

2007-ci ildə Amerikadakı Azərbaycan təşkilatlarının qurultayı, dünya azərbaycanlıları ziyalılarının görüşü təşkil edildi. Məqsəd diaspor elitasının gücünün səfərbər olunması idi. Diaspor əlaqələrinin intensivləşdirilməsi və Azərbaycan lobbisinin yaradılması məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə xüsusi fəaliyyət proqramı da hazırlandı.

2008-ci ilin 6-7 iyul tarixində Almaniyada Dünya Azərbaycanlıları Konqresinin Qurultayı keçirildi. Qurultayda Sabir Rüstəmxanlı (Azərbaycan) və Firudin Pərvizniya (Almaniya) həmsədr, İsmayıl Ağayev, Gülər Əhmədova, Vaqif Arzumanlı, Səftər Rəhimli (Azərbaycan); Məhəmməd Müştaq (Türkiyə); Nurəddin Qərəvi, Fərəmərz Quluzadə, Hüseyn Vüsuqi, Əjdər Tağızadə, Nadir Hollenbrand, Səməd Fərtaş (Avropa); Mirəşrəf Fətiyev, Abuzər Bağırov, Rəhman Abbasov, Tahir Hacıyev (Rusiya) DAK İdarə Heyətinə üzv seçildilər. DAK İdarə Heyətinin qərarı ilə ölkə nümayəndəlikləri təsis olundu, İsmayıl Ağayev Azərbaycan, Mirəşrəf Fətiyev isə Rusiya nümayəndəliyinin sədrləri seçildilər.

DAK İdarə Heyətinin qərarı ilə Azərbaycanda və Azərbaycandan kənarda bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Qeyd olunmalıdır ki, DAK Azərbaycan nümayəndəliyi türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təşkilatçılığı ilə birgə Bişkekdə Ümummilli lider Heydər Əliyevin 85, Mircəlal Paşayevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfranslar keçirilmişdir. Həmin tədbirlərdə Azərbaycandan elm və incəsənət xadimləri, o cümlədən dünya şöhrətli yazıçı Çingiz Aytmatov və SSRİ xalq artisti, kinorejissor Polad Şəmsiyev və başqaları iştirak etmişdilər.

Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyi Səbayel bələdiyyəsi ilə birlikdə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycanın daşnak təcavüzündən qurtulmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirmişdir. Bizim dəvətimizlə həmin tədbirə Türkiyədən Ənvər Paşanın nəvəsi Arzu Ənvər də təşrif buyurmuşdu. Konfransda qərara alındı ki, "Nuru Paşa" Fondu yaradılsın. Fondun əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərində yeni mərhələyə təkan verə biləcək tarixi araşdırmaların aparılması, Çanaqqala savaşında şəhid olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək istiqamətində bir sıra tədbirlərin görülməsi idi.

Gördüyümüz işlərdən biri də vətəndən kənarda yaşayan azərbaycanlıları və digər diaspora nümayəndələrini Quba məzarlığına dəvət edərək onları tarixin acı həqiqətləri ilə tanış etmək olub. Erməni daşnakları tarixin müxtəlif mərhələlərində azərbaycanlılara qarşı soyqırım siyasəti yeridib, dinc əhaliyə divan tutub, onları yaşadıqları tarixi-etnik torpaqlarından məcburi sürgün ediblər. Bu həqiqətləri geniş auditoriyaya, o cümlədən rusdilli auditoriyaya çatdırılması üçün DAK İdarə Heyətinin üzvü olaraq mənim, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayevin və S. Sarallının müəllifi olduğumuz "Oğurlanmış tarix, soyqırım" (rus dilində: "Óêpaäåííàÿ èñòîðèÿ, ãåíîöèä") kitabının təqdimat mərasimi təşkil edildi.

Ümummilli lider Heydər Əliyevin başlamış olduğu və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi diaspor siyasəti bu gün öz uğurlu bəhrələrini verməkdədir.

Təkcə onu demək kifayətdir ki, bu günə kimi 312 diaspor təşkilatı rəsmən qeydə alınmışdır. Onların institusional qeydiyyatı, səylərinin əlaqələndirilməsi və birləşməsi işi davam etməkdədir. Diaspor güclü iqtisadi, mədəni, intellektual gücə malikdir. MDB ölkələrində, Türkiyə, İran, Avropa və Amerikada olan Azərbaycan icmaları isə daha səmərəli fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi "azərbaycanlıların həmrəyliyinin möhkəmləndirilməsi və təşkilatlanması üçün, ümummilli ideyalar ətrafında onların birləşməsi üçün daha geniş imkanlar yaranmışdır".

Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi bir qüvvəyə çevrilmişdir. Bütün dünyada yaşayan həmvətənlərimiz üçün gözəl perspektivlər açılmışdır. Prezidentin fikrincə, biz diaspor siyasətimizdə yeni mərhələyə qədəm qoymuşuq. Bu siyasət keyfiyyətcə yeni məzmun kəsb edərək, qarşımızda bu məqsədləri qoyur:

- yaşadıqları ölkələrin siyasi ə iqtisadi həyatına Azərbaycan icmalarının təsirinin gücləndirilməsi;

- dünyanın aparıcı ölkələrində nüfuzlu Azərbaycan lobbisinin formalaşdırılması;

- dost lobbi və icmalarla fəal əməkdaşlıq yaradılması;

- Azərbaycanlıların milli-mənəvi dəyərlərinin və adət-ənənələrinin təbliği üçün müntəzəm tədbirlərin həyata keçirilməsi;

- "Azərbaycanın dostları" və "Azərbaycan evi" beynəlxalq klublarının, mədəniyyət mərkəzlərinin yaradılması;

- Azərbaycanın iqtisadi və mədəni həyatında həmvətənlərimizin real iştirakının təmin olunması;

- Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və erməni təbliğatının iç üzünün ifşa olunmasında diasporun fəaliyyətinin gücləndirilməsi;

- tariximizin və mədəni irsimizin saxtalaşdırılması cəhdlərinin qarşısının alınması;

- Azərbaycanın müvafiq dövlət və təşkilatları ilə diaspor icmalarının fəaliyyətinin əlaqələndirilməsi.

Bu vəzifələr Azərbaycanın artmaqda olan siyasi və iqtisadi imkanları və ölkənin üzləşdiyi problemlərin birlikdə aradan qaldırılması zərurətini qarşıya qoyur. Bir zaman rəqabət aparmaq iqtidarında olmaq və inkişaf etmək üçün Azərbaycan qloballaşma şəraitində nəinki qlobal siyasi və iqtisadi proseslərə fəal surətdə inteqrasiya etməli, həm də beynəlxalq birliyin nüfuzlu üzvü olmalıdır. Prezident İlham Əliyevin bu gün qarşıya qoyduğu bu geniş miqyaslı və çətin vəzifə elitamızdan öz intellektual qabiliyyətini və siyasi iradəsini bir yerə cəmləməyi, bu vəzifənin həyata keçirilməsində cəmiyyətin iştirakının təmin olunması üçün milli strategiyanın işlənib hazırlanmasını tələb edir.

Bu halda diaspor elitasının rolu prinsipcə olduqca vacibdir. Bir tərəfdən o, Azərbaycanın digər ölkələrdə praktiki həyat təcrübəsi mənimsəməsinə kömək edir, digər tərəfdən də dövlətimizin xaricdə maraqlarının qorunmasında mühüm rol oynayır. Diaspor təşkilatları Azərbaycanın, azərbaycanlıların müsbət imicinin formalaşdırılmasına, ümummilli ideyaların reallaşdırılmasına yardım etməli, cəmiyyətimizin müxtəlif qruplarının mürəkkəb beynəlxalq ünsiyyət proseslərinə cəlb olunmasına şərait yaratmalıdır.

Bir sözlə, Azərbaycan milli və dövlət maraqlarının eyni şəkildə uğurlu inkişafı dövlətlə çoxmilyonluq diasporun hərtərəfli qarşılıqlı fəaliyyətindən asılıdır. Ölkənin müasir dünyaya uğurlu siyasi və iqtisadi inteqrasiyasının əsasını bu təşkil edir. Prezident İlham Əliyevin dediyi kimi: "hər bir azərbaycanlı hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalıdır, onların həlli üçün mənəvi məsuliyyət hissi daşımalıdır. Eyni zamanda, Azərbaycan hökuməti də elə bir şərait yaratmalıdır ki, bütün dünya azərbaycanlıları vətənimizin artmaqda olan maddi və mənəvi dəyərlərindən, siyasi nüfuzundan yararlana bilsinlər. Hökumətimiz bütün bunlardan onların milli və vətəndaş hüquqlarının müdafiəsi üçün istifadə etməlidir".