“Dirçəliş-XXI əsr”.-2008.-№126-127.-S.186-192
MİLLİ
QANUNVERİCİLİKDƏ DİNİ ETİQAD AZADLIĞI
Mirnazim
CƏFƏROV,
AMEA-nın İnsan
Hüquqları İnstitutu
Tolerantlıq,
dini, milli-irqi dözümlülük milli mentalitetimizin
ayrılmaz cəhətlərindəndir. Yüzilliklər
boyunca Azərbaycanda xalqlar vahid və mehriban bir ailə kimi
yaşamış, etnik və dini icmalar arasında
dözümlülük əlaqələri
formalaşmış, milli, irqi, dini ayrı-seçkiliyə
yol verilməmiş, müxtəlif dinlərə mənsub
insanlar sülh və əmin-amanlıq şəraitində
dinc-yanaşı fəaliyyət göstərmişlər.
Ümummilli
liderimiz Heydər Əliyevin müəllifi olduğu
Azərbaycan Respublikasının Konstitusiyasında insan
hüquqlarının qorunması beynəlxalq hüquq
normalarına uyğunlaşdırılmış,
dövlət-din münasibətlərinin
tənzimlənməsi təsbit edilmiş, dini etiqad
azadlığı ilə bağlı qanunvericilik aktlarına
riayət olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük
ənənəsinin möhkəmləndirilməsi, dini
abidələrimizin bərpası və qorunması
istiqamətində mühüm tədbirlər həyata
keçirilmiş, mükəmməl dövlət-din
münasibətləri ənənəsi
formalaşmışdır. Heydər Əliyev Qafqaz
müsəlmanlarının qurultayında
çıxış edərkən demişdir: "Məlumdur
ki, biz 70 il kommunist ideologiyasının təsiri altında
tərbiyələnərək dinimizdən və dinin bizə
bəxş etdiyi mənəvi dəyərlərdən məhrum
olmuşduq. Kommunist ideologiyasının
bəşəriyyətə vurduğu
zərbələrdən ən böyüyü 70 il
müddətində dinə qarşı aparılmış
təbliğat və xüsusən, dinin qadağan olunması
və dinin təhrif edilməsi olmuşdur. Ancaq eyni zamanda, bu
tarix onu da göstərir ki, din, o cümlədən bizim
mənsub olduğumuz İslam dini o qədər
qüdrətə malikdir ki. heç bir ideologiya, heç bir
hakimiyyət, heç bir hökmdar onunla bacara bilməz və
70 illik tarix də göstərdi ki, bunu bacara bilmədi"
[6, s. 35-36].
Məlum
olduğu kimi, 21 iyun 2001-ci ildə Azərbaycan Prezidenti
Heydər Əliyevin fərmanı ilə dini etiqad
azadlığının təmin edilməsi
məqsədilə qanunvericilik aktlarının həyata
keçirilməsi üçün Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi yaradıldı [1, s. 1].
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi tərəfindən
din sahəsində dövlət siyasətinin həyata
keçirilməsini təmin etmək, dini etiqad
azadlığı prinsiplərinin qorunması,
dövlət-din münasibətlərinin qanunvericilik
əsasında tənzimlənməsi, dini
dözümlülük ənənələrinin
möhkəmləndirilməsi, dini icmalar arasında
qarşılıqlı əməkdaşlığın
gücləndirilməsi, dini dözümsüzlük və
qarşıdurma çeyillərinin qarşısının alınması
məqsədilə mühüm tədbirlər həyata
keçirilmişdir. Ölkədə dini durum, bu
sahədə mövcud problemlər, zərərli
təriqətlərin təbliği, dini icmaları narahat
edən məsələlər dərindən
öyrənilmiş, dini qurumların fəaliyyəti
üçün hüquqi-mənəvi şərait yaradılmışdır.
Bu gün
Azərbaycan Respublikasında din-dövlət
münasibətləri Azərbaycan Respublikasının
Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanunu, bu qanuna edilmiş
dəyişikliklər və əlavələr, habelə
digər normativ aktlara əsasən tənzim edilir.
Məsələn, Konstitusiyanın 7-ci maddəsində
göstərilir ki, Azərbaycan demokratik, hüquqi,
dünyəvi, unitar respublikadır. Əsas Qanunun 18-ci
maddəsində isə bildirilir ki, Azərbaycan Respublikasında
din dövlətdən ayrıdır. Bütün «dini etiqadlar
qanun qarşısında bərabərdir. İnsanın
ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin yayılması və təbliği
qadağandır. Dövlət təhsil sistemi dünyəvi
xarakter daşıyır [2, s. 8].
Konstitusiyanın
"Vicdan azadlığı" adlanan 48-ci maddəsində
də müəyyən şərtlər əks olunub və
bu bənddə, əsasən, vicdan
azadlığı prinsipləri şərh edilir:
I. Hər
kəsin vicdan azadlığı vardır.
II.
Hər kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə
təkbaşına və ya başqaları ilə birlikdə
etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək,
dinə münasibəti ilə bağlı əqidəsini
ifadə etmək və yaymaq hüququ vardır.
III.
Dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı
pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə.
sərbəstdir.
IV.
Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət
qazandırmır [2. s. 16].
Azərbaycan
iqtidarı dövlət və dinə aid
münasibətlər məsələlərində prinsipial
mövqeyə malikdir. Dövlət cəmiyyətin
bütün üzvlərinə sərbəst din
seçməyə. dini icma yaratmağa və icma daxilində
hər kəsin öz etiqadına əməl edə
bilməsinə təminat verən "Dini etiqad azadlığı
haqqında" Qanuna riayət edilməsi işində öz
vətəndaşlarına normal şərait yaratmağa
borcludur. Bu qanun respublika vətəndaşlarının
dinə öz münasibətini bildirmək və ifadə
etmək azadlığını təsbit edir, onların
dinə münasibətlərindən asılı olmayaraq,
hüquq bərabərliyini təmin edir. Qanun müstəqil
Azərbaycan Respublikasında dini qurum və icmaların
fəaliyyətinə, dini etiqad azadlığı ilə
əlaqədar vətəndaşların və dini
qurumların hüquqlarına, dini qurumların dövlət
orqanları ilə münasibətlərinə dair
məsələlərin tənzimlənməsi üçün
əsas yaradır (bu məqamlar Qanunun 1, 4, 5 və digər
maddələrində əks olunub).
Dini etiqad
azadlığı heç də nə isə qeyri-məhdud
bir azadlıq kimi başa düşülməməlidir.
Azadlığın hər bir forması, o cümlədən
dini etiqad azadlığı da dövlətdə
qüvvədə olan qanunlarla məhdudlaşır - heç kəs bu qanunlardan kənara
çıxa bilməz. İqtidar dini qurumlarla qarşılıqlı
münasibətlərində məhz belə bir prinsipial
mövqedən çıxış edir [7].
Azərbaycan
Respublikasında əksəriyyətin etiqad etdiyi İslam dini
ilə yanaşı, iudaizm və xristianlıq
da azad inkişaf edir. Ölkədə üç yəhudi
icması mövcuddur. Əvvəldən fəaliyyət
göstərən pravoslav kilsəsindən başqa,
Azərbaycanda hökumətin köməyi ilə katolik
kilsəsinin tikintisi də başa çatdırılmışdır
və bu kilsə artıq fəaliyyətdədir. Roma
Papası II İohann Pavel
2002-ci ilin aprelində Azərbaycana səfər edib. O, bu
ölkədə dini dözümlülüyün olduğunu.
bütün dinlərin sülh içində yanaşı
yaşadığını elan edib. 2006-cı ilin mayında
Azərbaycana səfərə gəlmiş Vatikanın xarici
işlər naziri də Azərbaycanda dini tolerantlığın
yüksək səviyyədə olduğunu təsdiqləyib.
MDB və Baltikyanı ölkələrin müasir
qanunvericiliyinə sovet qanunvericiliyinin təsiri az olmayıb. ÜMİK və XKŞ-nin
"Dini birliklər haqqında" 8 aprel 1929-cu il tarixli
qərarı bütün sovet dövrü boyu
qüvvədə olub. Bu sənəd dini birliklərin istehsal,
sosial, təhsil və missioner fəaliyyətini qadağan
edirdi. Lakin sovet dövləti dinlə mübarizəni
dövlət siyasətinin bir istiqaməti kimi bəyan
etmək istəmədiyindən bu tezis yalnız partiya
sənədlərində əks olunmuşdu. Sovet
İttifaqının bütün xarici siyasət
fəaliyyəti, xüsusilə XX əsrin ikinci
yarısında ona yönəlmişdi ki, dini
təşkilatların nümayəndələri dünya
birliyinə SSRİ-də vicdan azadlığının
mövcud olduğunu göstərsinlər. Vicdan azadlığı
haqqında SSRİ qanunvericiliyi şüar xarakteri
daşıyırdı, konkret hüquq normaları ilə
təfsir olunmur və möhkəmlənmirdi. Yerlərdə
real siyasəti qapalı qanunaltı akt
və təlimatlar. eləcə də məmurların
şəxsi mövqeləri müəyyənləşdirirdi.
Yalnız az sayda kilsə-hüquq müdafiəçiləri
dini təşkilatlar haqqında sovet qanunvericiliyinin yerinə
yetirilməsi tələbi ilə çıxış
edirdilər.
Yenidənqurma
dalğasında ictimaiyyətin və dini
təşkilatların təmsilçilərinin fəal
iştirakı ilə keçmiş sovet respublikalarında vicdan
azadlığı haqqında yeni qanunvericiliyin
işlənməsinə başlanıldı. Qeyd etmək
lazımdır ki, dövlət hakimiyyətinin dinə
münasibətinə yenidən baxılmasına Şərqi
Avropa ölkələrində bundan bir qədər
əvvəl başlanmışdı. Tarixşünaslıqda
sosialist düşərgəsinin dağılmasından
əvvəlki dövr "dini istiləşmə"
adlanır. Tədqiqatçılar Polşanı sosialist
düşərgəsi ölkələri arasında
kilsə-dövlət münasibətlərində
köklü dəyişikliklərin baş verdiyi ilk
ölkə adlandırırlar. Polşanın hakimiyyət
orqanları ötən yüzilliyin 80-ci illərinin
ortalarında ictimaiyyətin təzyiqi altında kilsənin
dövlətdə statusunun
müəyyənləşdirilməsi məqsədilə Roma
katolik kilsəsinin rəhbərliyi ilə rəsmi
danışıqlara başlamaq təşəbbüsü
ilə çıxış etməyə məcbur olmuşdu.
Bir neçə il davam edən danışıqlar
nəticəsində 1989-cu il mayın 17-də üç
qanun qəbul edildi: "Dövlətin və Roma katolik
kilsəsinin münasibəti haqqında",
"Vicdan və etiqad azadlıqlarının təminatı
haqqında" və "Ruhaniliyin sosial təminatı
haqqında". Bu qanunların məzmunu ölkənin insan
hüquqları sahəsində beynəlxalq
öhdəliklərinə
uyğunlaşdırılmışdı.
Litva
kilsə və digər dini təşkilatların statusunu
hüquqi cəhətdən dəyişdirən ilk sovet
respublikası oldu. Litva SSR
Konstitusiyasının 50-ci maddəsi 1989-cu ildə respublikanın
Ali Soveti tərəfindən aşağıdakı redaksiyada qəbul
edildi: "Litva SSR-də
düşüncə, vicdan, etiqad azadlıqları və
dinsizlik azadlığı təmin olunur. Dövlət
institutları və müəssisələr dünyəvidir.
Bu müəssisələr cəmiyyətin mənəvi
tərbiyəsi işində kilsə və digər dini
təşkilatlarla qanunla nəzərdə tutulmuş
şəkildə əməkdaşlıq edirlər. Kilsə
və digər dini təşkilatların hüquqi şəxs
statusu tanınır və daxili həyatdakı
məsələləri müstəqil həll etmək
hüququ təmin edilir".
Uzun
mübarizələrdən sonra 1990-cı il oktyabrın
1-də SSRİ səviyyəsində də "Vicdan azadlığı
və dini təşkilatlar haqqında"
Qanun qəbul edildi. Onu əvvəlki sənəddən
fərqləndirən xüsusiyyətlər
aşağıdakılar idi:
-
qanunda vicdan azadlığı haqqında beynəlxalq normalar
təsbit olunmuş, dini təşkilatlara qeydə alındıqları
andan hüquqi şəxs hüququ verilmişdi (13 – cü maddə); * - dini
təşkilatlara xeyriyyəçilik və
mədəni-maarifçilik fəaliyyəti hüququ
verilmişdi (23-cü maddə);
-
dini ədəbiyyatın sərbəst nəşri və
yayılması (22-ci maddə) və s.
Müstəqil
dövlətlər yarandıqdan sonra milli qanunvericilik aktlarının
işlənilməsinə
başlanıldı və dini təşkilatların ictimai,
mədəni və siyasi həyatda iştirakı
sahəsində dövlətin siyasətinin
dəyişdirilməsini təsbit edən yeni normaların
qəbul edilməsi zərurəti yarandı. Bu dövr
tarixşünaslıqda dini strukturlara və dövlətə
münasibətdə "bal ayı"
adlandırılır.
Şərqi
Avropa ölkələrinin qanunvericiliyində olduğu kimi,
yeni yaranmış keçmiş sovet
respublikalarında da bu dövlətlərin özlərini
demokratik və hüquqi dövlət adlandırmaları keyfiyyətcə
yeni təzahür idi. Bu zaman beynəlxalq normalar əsas götürülürdü.
Vicdan azadlığı BMT Baş Assambleyasının 1981-ci il noyabrın
25-də qəbul etdiyi "Din və etiqad əsasında dözümsüzlüyün
və diskriminasiyanın bütün formalarının
ləğv olunması haqqında"
Bəyannamədə öz əksini tapan
insan hüquq və
azadlıqlarının ayrılmaz hissəsi kontekstində
qəbul edilirdi.
Səciyyəvi
haldır ki, vicdan azadlığı və dini
təşkilatlar haqqında qanunlar sovet respublikalarında
çox tez bir müddətdə qəbul edildi. Belə ki,
1990-cı ilin 11 sentyabrında Latviya Respublikasının Ali
Soveti "Dini təşkilatlar haqqında"
Qanun qəbul etdi və "Latviya Sovet Sosialist
Respublikasında dini təşkilatların təsis olunması
vəziyyəti haqqında" 1976-cı
il 28 oktyabr tarixli Dekretin qüvvədən
düşdüyünü elan etdi. Ukraynada 1991-ci il aprelin
23-də, Belarusda "Etiqad azadlığı və dini
təşkilatlar haqqında" qanun,
1992-ci il dekabrın 17-də, Estoniyada "Kilsələr
və icmalar haqqında" qanun
1993-cü il mayın 20-də qəbul edildi [10].
Rusiya
Federasiyasının dini münasibətləri
tənzimləyən müvafiq qanunvericiliyi haqqında bir
qədər ətraflı məlumat vermək istərdik.
Rusiya Federasiyasında dini hüquq və azadlıqların
reallaşması sahəsində hüquq
münasibətləri hüququn müxtəlif
sahələrinə aid olan normativ-hüquqi aktlarla
tənzimlənir. Bu məsələdə Rusiya Federasiyası
Konstitusiyasına xüsusi rol ayrılır. Konseptual Konstitusiya
təminatlarına aşağıdakılar aiddir:
-
Rusiya Federasiyasında ideoloji müxtəliflik tanınır
(13-cü maddə );
-
Rusiya Federasiyası dünyəvi dövlətdir (14-cü
maddə);
-
heç bir din dövlət dini, yaxud məcburi din kimi
bərqərar ola bilməz (14 – cü maddə);
-
dini birliklər dövlətdən ayrıdır və qanun
qarşısında bərabərdir ( 14-cü maddə);
-
dövlət dinə münasibətindən asılı
olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının
bərabərliyini təmin edir, dini mənsubiyyət
əlamətlərinə görə
vətəndaşların hüquqlarının hər
hansı formada məhdudlaşdırılmasını
qadağan edir (II hissə, maddə 19);
-
hər bir kəsin hər hansı dinə fərdi və ya
başqaları ilə birlikdə etiqad etmək, yaxud heç
bir dinə etiqad etməmək də daxil olmaqla, vicdan azadlığı,
etiqad azadlığı, dini və digər inancları
sərbəst seçmək, yaymaq və onlara müvafiq olaraq
fəaliyyət göstərməsi təmin edilir (28-ci
maddə) və s.
Rusiya
Federasiyasının Konstitusiyası və vicdan azadlığı
sahəsində beynəlxalq hüquq normaları bir çox
normativ-hüquqi aktlarda inkişaf etdirilmişdir. Mühüm
əhəmiyyət kəsb edən baza qanunlarına 1997-ci
ildə qüvvəyə minmiş "Vicdan azadlığı
və dini birliklər haqqında"
federal qanun aiddir.
Bu qanun
SSRİ-nin mövcudluğu dövründə, 1990-cı
ildə qəbul edilmiş RSFSR-in
əvvəllər qüvvədə olmuş "Etiqad azadlığı
haqqında" qanunundan köklü
şəkildə fərqlənir. Məsələn, 1997-ci il
qanununda dini təşkilatların yaradılması qaydası
əsaslı formada dəyişdirilmiş, yerli dini
təşkilatların təsisçiləri və
iştirakçıları ola bilən şəxslərin
dairəsi azaldılmışdır. Yerli dini təşkilat
təsis etmək hüququ yalnız Rusiya
vətəndaşlarına verilmişdir. Əcnəbi
vətəndaşlar və vətəndaşlığı
olmayan şəxslər əgər daimi olaraq Rusiya
Federasiyası ərazisində yaşayırlarsa, onlar dini
təşkilatların yalnız iştirakçıları
ola bilərlər.
Qanuna yeni anlayış
- dini qrup da daxil edilib ki, bu, dövlət
qeydiyyatı olmadan fəaliyyət göstərən və
hüquqi şəxs səlahiyyətləri əldə
edərək birgə din və etiqad yayılması
məqsədilə yaradılan vətəndaşların Könüllü
birliyidir. Qanunun bu müddəası dini birliklərə
dövlət qeydiyyatı olmadan leqal şəkildə
fəaliyyət göstərmək imkanı verir.
Hazırda
Rusiyada "Vicdan azadlığı və dini birliklər haqqında" federal qanundan başqa, federal
səviyyədə ümumilikdə, 100-dən artıq
normativ-hüquqi akt qüvvədədir. Bu
sənədlərdə vicdan azadlığı və dini
birliklərin müvafiq fəaliyyət
məsələləri bu və ya digər formada təsbit
olunub [10].
Azərbaycan
Respublikasında "Dini etiqad azadlığı haqqında" Qanun 1992-ci il yanvarın
20-də qəbul edilmişdir. Sonradan bu qanuna 5 dəfə
əlavə və dəyişikliklər edilmişdir
(1996-cı ilin 7 iyun, 5 noyabr və 27 dekabrında, 1997-ci ilin 10
oktyabrında və 2001-ci ilin 23 noyabrında) [3, s. 1].
"Dini
etiqad azadlığı haqqında"
Qanun Azərbaycan Respublikasında hər bir şəxsin
dinə öz münasibətini müəyyənləşdirmək
və ifadə etmək hüququna və həmin hüququ
həyata keçirməyə təminat yaradır.
-
Azərbaycan Respublikasının qanunvericiliyinə və
Azərbaycan Respublikasının qəbul etdiyi beynəlxalq
hüquq normalarına müvafiq surətdə sosial
ədaləti, bərabərliyi, vətəndaşların
dinə münasibətindən asılı olmayaraq onların
hüquqlarının və qanuni mənafelərinin müdafiəsini
təmin edir;
-
dini qurumlara münasibətdə dövlətin
vəzifələrini müəyyənləşdirir;
-
dini qurumların dövlət və cəmiyyət
qarşısında vəzifələrini müəyyən edir;
-
adamların dünyagörüşündən və dini
əqidəsindən asılı olmayaraq milli əxlaqın
və humanizmin təzahürü, vətəndaşların əmin-amanlığlı
və əməkdaşlığı üçün
əlverişli şəraiti himayə edir;
-
dini qurumların fəaliyyəti ilə əlaqədar
münasibətləri nizama salır.
Qanunun
"Dini etiqad azadlığı"
adlanan birinci maddəsində göstərilir ki, hər bir
kəs dinə münasibətini müstəqil
müəyyənləşdirir, hər hansı dinə
təkbaşına və ya başqaları ilə birlikdə
etiqad etmək, dinə münasibəti ilə əlaqədar
əqidəsini ifadə etmək və yaymaq hüququna
malikdir.
Hər bir
şəxsin dinə münasibətini müəyyənləşdirməsində,
dinə etiqadında, ibadətlərdə, dini ayin və
mərasimlərin icrasında iştirak etməsində, dini
öyrənməsi yolunda hər hansı maneçiliyə yol
verilmir. Dini etiqadların, dini həyat tərzinin və
ibadətlərin zor işlədilməklə və ya insanlar
arasında nifaq salmaq məqsədilə təbliği, dini
etiqada məcbur etmək qadağandır. Dini etiqad
azadlığının həyata keçirilməsində
yalnız dövlət təhlükəsizliyi və ictimai
təhlükəsizlik mülahizələrinə görə
və Azərbaycan Respublikasının beynəlxalq
öhdəliklərinə müvafiq olan hüquq və azadlıqların
mühafizəsi üçün zəruri hallarda
məhdudiyyətlər qoyula bilər. Əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər tərəfindən dini təbliğat
aparılması qadağandır. Valideynlər və ya
onları əvəz edən şəxslər qarşılıqlı
razılıq əsasında uşaqlarmı özlərinin
dini əqidəsinə və dinə münasibətinə
müvafiq olaraq tərbiyə edə bilərlər.
Bu gün
Azərbaycanda insan hüquqları yüksək
səviyyədə qorunur, demokratik cəmiyyət quruculuğu
prosesi böyük uğurla həyata keçirilir, siyasi plüralizmə,
mətbuat azadlığına geniş yer verilir və qanunun
aliliyi prinsipi təmin edilir.
Ölkəmizdə müxtəlif dini konfessiyalar
sərbəst fəaliyyət göstərir. Azərbaycanda
tolerantlıq mühiti hökm sürür, həm dini, həm
də mülki baxımdan tam dözümlülük, tolerantlıq
mövcuddur.
İSTİFADƏ OLUNMUŞ
ƏDƏBİYYAT
1.
"Azərbaycan Respublikasının Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin yaradılması
haqqında"
Azərbaycan Respublikası Prezidentinin Fərmanı //
Azərbaycan, 22 iyun 2001
2.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı:
Qanun, 1999, 60 s.
3. "Dini
etiqad azadlığı haqqında"
qanuna əlavə və dəyişikliklər haqqında Qanun
// Xalq qəzeti,
24 noyabr 2001
4.
Həsənov Ə. "Dini etiqad azadlığı haqqında" qanun üzərində iş
aparılmalıdır // Ayna, 23 yanvar
2008
5. Kamalqızı R. Hidayət Orucov:
Azərbaycanda dövlət-din münasibətləri
yüksək səviyyədə
tənzimlənir
// Səs, 30 iyun 2007
6. Quliyeva X.
Heydər Əliyev və mənəvi-estetik
dəyərlər. Bakı: Azərnəşr,
2002, 176 s.
7. Ombudsman Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsində "Din və insan hüquqları"
mövzusunda
mühazirə ilə çıxış etmişdir.//
www. ombudsman.gov.az
8. Orucov H.
Azərbaycanda dini etiqad azadlığı təmin edilir // www.
http://www.ihq.az/in-dex.php?
news =250
9. Tarixi arayışlar.
Din // www.aliyevheritage.org
10. Пpeистория вопроса. Советский опыт // www.ia-centr.ru.
RELIGIOUS FREEDOM RIGHT IN
NATIONAL LEGISLATION.
Mirnazim Jafarov. The article analyzes national legislative base of interrelations between state and religion in Azerbaijan.
The researcher compiles "Religious Freedom Law", adopted in our
republic, with coıresponding legislative acts in Russia
and Lithuania and emphasizes
its tolerance and effectiveness and linkness with the European
Convention on Human Rights.
ПРАВО РЕЛИГИОЗНОЙ СВОБОДЫ В НАЦИОНАЛЬНОМ ЗАКОНОДАТЕЛЬСТВЕ. Мирназим Джафаров. Статья посвящена анализу национальной законодательной базы в сфере
взаимоотношений государства
и религии в Азербайджане. Сопоставляя с соответствующими
законами и правовыми актами России, Литвы и
других стран принятый в республике
«Закон о религиозной свободе», исследователь отмечает его толерантность, эффективность и более тесное смысловое
соизмерение с Европейской конвенцией по правам человека.