“Dirçəliş-XXI əsr”.-2008.-№126-127.-S.232-242
AZƏRBAYCAN-NATO MÜNASİBƏTLƏRİNİN
BEYNƏLXALQ HÜQUQİ NİZAMLANMASI
Zahir
BABAYEV,
AMEA-nın
Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutu
XX yüzilliyin
sonlarında öz çox-əsrlik tarixi məqsədinə
- dövlət müstəqilliyinə qovuşmuş
Azərbaycan xalqı dünyəvi, azad, demokratik, hüquqi
cəmiyyət quruculuğu yolu tutaraq, müasir beynəlxalq
hüququn subyekti kimi bütün dövlətlər və
xalqlar ilə sülh, qardaşlıq və
əməkdaşlıq münasibətlərinə
tərəfdar olduğunu bəyan etmişdir. Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra dünyada
mövcud olan müxtəlif inkişaf modelləri sırasında
Qərb dəyərlərini seçərək,
siyasi-hərbi təhlükəsizliyinə təminatı
gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu
üzvünə çevrilmək üçün
aparıcı beynəlxalq təşkilatlarla, o
cümlədən NATO ilə əməkdaşlığa
böyük əhəmiyyət verdi. Azərbaycan
Respublikası ilə NATO arasındakı əməkdaşlığın
ilk təzahürləri 1992 - 1993-cü illərə
təsadüf etsə də, bu əməkdaşlığın
müasir beynəlxalq hüquq normaları
çərçivəsində rəsmi nizama
salınmasına isə 1994-cü il 4 may tarixindən
başlanılmışdır.
Xalqın
istəyi ilə Azərbaycanda ikinci dəfə
hakimiyyətə gələn ulu öndər Heydər
Əliyev Şimali Atlantika Alyansı ilə
əlaqələrin dərinləşdirilməsini
özünün xarici siyasət kursunun mühüm
istiqamətlərindən biri kimi
müəyyənləşdirdi (4, s. 37). Alyansın
beynəlxalq təhlükəsizliyini nizama salan
münasibətlər sistemindəki yerini və nüfuzunu
nəzərə alan Heydər Əliyev Azərbaycan Respublikasının
NATO-nun "Sülh Naminə Tərəfdaşlıq"
Proqramına qoşulması üçün 1994-cü il
mayın 4-də Belçika Krallığının
Brüssel şəhərində NATO-nun
Çərçivə Sazişini imzalamaqla Azərbaycan - NATO
münasibətlərinin müasir beynəlxalq hüquqi
müstəvidə əsasını qoymuş oldu.
Həmin
Çərçivə Sazişinin 1-ci bəndində qeyd
olunur: "NATO-nun üzvü olan ölkələrin
dövlət və hökumət başçılarının
1994-cü il yanvarın 10 - 11-də öz
görüşlərində etdikləri dəvətə
əlavə olaraq, bu sənədi imzalamış və
Avratlantika regionunda siyasi-hərbi əlaqələri
dərinləşdirmək və təhlükəsizliyin daha
da möhkəmləndirilməsinə kömək etmək
əzmində olduğunu bildirmiş Şimali Atlantika
İttifaqının üzvü olan dövlətlər və
digər dövlətlər bununla Şimali Atlantika
Əməkdaşlığı Şurası əsasında
bu "Sülh Naminə Tərəfdaşlığ"ı
təsis edirlər" (5, s. 42).
Daha sonra
həmin sənədin 3-cü bəndində qeyd edilir: "Bu
sənədi imzalamış olan digər dövlətlər
aşağıdakı məqsədlərə çatmaq
naminə Şimali Atlantika Müqaviləsi Təşkilatı
ilə əməkdaşlıq edəcəklər:
a) milli
müdafiənin planlaşdırılmasında və
büdcənin hazırlanmasında transparentliyə
kömək etmək;
b) müdafiə
qüvvələri üzərində demokratik nəzarəti
təmin etmək;
c) milli
konstitusiyaların müddəalarını nəzərə
alaraq BMT-nin və yaxud ATƏM-in himayəsi ilə aparılan
əməliyyata kömək etmək qabiliyyətini və buna
hazırlığı saxlamaq;
ç)
sülhyaratma, axtarış və xilasetmə
sahələrində əməliyyatlar, humanitar
əməliyyatlar və haqqında sonralar razılaşma
əldə edilə biləcək digər əməliyyatlar
aparılmasına onların hazırlığını
yüksəltmək üçün birgə
planlaşdırma, döyüş hazırlığı
və təlimlər keçirilməsi məqsədləri
ilə hərbi sahədə NATO ilə əməkdaşlığa
əsaslanan münasibətlər yaratmaq;
d)
uzunmüddətli perspektivdə elə qüvvələr
yaratmaq olar ki, onlar Şimali Atlantika İttifaqının
üzvü olan ölkələrin silahlı
qüvvələri ilə qarşılıqlı
fəaliyyətə yüksək dərəcədə
hazır olsunlar". (1, s. 208).
Bu gün
bütün yuxarıda qeyd etdiklərimizi nəzərə
alan və Azərbaycan Respublikasının NATO ilə
əməkdaşlığı üçün
yaranmış olan beynəlxalq hüquqi əsaslardan
səmərəli istifadə edən Azərbaycan
Respublikasının rəhbərliyi bu sənədin 5-ci
maddəsini rəhbər tutaraq NATO ilə
əməkdaşlığı yüksək
səviyyədə qurmuşdur.
Yuxanda
admı çəkdiyimiz 5-ci
maddədə qeyd olunur: "Bu sənədi imzalamış
olan digər dövlətlər tərəfdaşlığın
fərdi proqramlarının hazırlanması və həyata
keçirilməsi gedişində öz vasitələri hesabına
və Şimali Atlantika İttifaqı və lazım
gələrsə, Belçikanın müvafiq hakimiyyət orqanları
ilə saziş əsasında NATO-nun Brüsseldəki
iqamətgahı ilə öz rabitə bürolarmı
təsis edə bilər" Daha sonra sazişin həmin
bəndində göstərilir: "Bu onların Şimali
Atlantika Əməkdaşlıq Şurasının və
"Sülh Naminə Tərəfdaşlığ"ın
görüşlərində və fəaliyyətlərində,
habelə bəzi digər görüşlərdə
dəvət əsnasında iştirakını
yüngülləşdirəcəkdir. Bundan əlavə,
onlar tərəfdaşlığın
razılaşdırılmış proqramlarının
yerinə yetirilməsi üçün işçilər,
aktivlər, avadanlıq ayırıb verəcək və imkan
yaradacaqlar. NATO onlara özlərinin fərdi
tərəfdaşlıq proqramlarının
hazırlanmasında və həyata keçirilməsində
lazımı köməklik göstərəcəkdir".
(17).
Azərbaycan
Respublikasının qoşulmuş olduğu "Sülh
Naminə Tərəfdaşlıq" Proqramının
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin və bu məsələnin
Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həlli üçün yol
aça biləcək 8-ci bəndində qeyd olunur:
"Tərəfdaşlığın hansı fəal
iştirakçısı hesab etsə ki, onun ərazi bütövlüyünə,
siyasi müstəqilliyinə və ya
təhlükəsizliyinə qarşı birbaşa qorxu
mövcuddur, onda NATO tərəfdaşla
məsləhətləşmə
keçirəcəkdir". Heydər Əliyev Azərbaycan
Respublikasının BMT Nizamnaməsində, Helsinki Yekun
Aktında və ATƏT sənədlərində ifadə
olunmuş öhdəliklərə, o cümlədən
hər hansı dövlətin ərazi
bütövlüyünə və ya siyasi
müstəqilliyinə qarşı zor
işlətməkdən çəkinmək, onun mövcud
sərhədlərinə hörmətlə yanaşmaq və
mübahisələrin sülh yolu ilə həll etmək
barədə öhdəliklərə sadiqliyini bir daha
təsdiq edərək, Ermənistanın
təcavüzünə məruz qalmış Azərbaycan
üçün müasir beynəlxalq hüquqa
söykənən bu prinsiplərin xüsusi
əhəmiyyətini dərk edərək, dünyada real
fəaliyyət göstərən yeganə kollektiv
təhlükəsizlik strukturu kimi NATO ilə beynəlxalq
səviyyədə əməkdaşlığın münaqişə
regionunda vəziyyətin sabitləşdirilməsi
baxımından dəyərini
nəzərə alaraq aşağıdakı
qeydlərlə SNT Proqramının Çərçivə
Sazişini imzalayır:
"Şimali
Atlantika Şurasının 1994-cü il yanvarın 10 - 11-də
Brüsseldə, NATO-nun iqamətgahında keçirilən
sessiyasında iştirak etmiş NATO-nun üzvü
olan dövlətlərin başçılarının
qəbul etdikləri və imzaladıqları "Sülh
Naminə Tərəfdaşlıq" Proqramında
iştiraka dəvətə cavab olaraq mən,
aşağıda imza edən Azərbaycan dövlətinin
başçısı, bununla "Sülh Naminə
Tərəfdaşlıq" Proqramında iştirak etmək
üçün dəvəti qəbul edir və həmin
proqramın çərçivə sənədini
imzalayıram" (2, s. 42).
Azərbaycan
Respublikasının NATO ilə, eləcə də Avropanın
digər strukturları, institutları ilə
əlaqələrinin dərinləşməsi
üçün beynəlxalq hüquqi
bazanı zənginləşdirən daha bir sənəd
vardır ki, bu da 1996-cı ilin aprel ayında Heydər
Əliyevin Avropa ölkələrinə səfəri
əsnasında imzaladığı Azərbaycan Respublikası
və Avropa Birliyi arasında Tərəfdaşlıq
Sazişidir. Elə həmin il aprel ayının 23-də
isə Heydər Əliyev Brüsseldə NATO-nun baş katibi
Xavyer Salona ilə görüşərkən Azərbaycan
Respublikasının Şimali Atlantika Alyansı ilə
əməkdaşlığını təsdiqləyən
və şərtləndirən "Təqdimat
Sənədini" ona təqdim etmişdir. 1997-ci il noyabr
ayının 14-də isə Heydər Əliyev Azərbaycan
Respublikasının NATO ilə
əməkdaşlığını daha da
gücləndirmək tədbirləri haqqında 692 saylı
sərəncam imzalamışdır. Həmin sərəncamda
qeyd olunur: "Azərbaycan Respublikası ümumi və
bölünməz təhlükəsizlik, qanunun aliliyi,
dövlətlərin suverenliyi və ərazi bütövlüyünə
hörmət prinsiplərinə əsaslanan ümumavropa
təhlükəsizlik və əməkdaşlıq
prosesində iştirak edir. Azərbaycan Respublikası öz
milli mənafelərini, öz təhlükəsizliyinin
təmin edilməsi yollarını və vasitələrini
müstəqil seçmək kimi suveren hüququnu əsas tutaraq
beynəlxalq əməkdaşlığın inkişafına
fəal surətdə öz töhfəsini verir, Avropa və
transatlantika təhlükəsizlik və əməkdaşlıq
strukturlarına inteqrasiyanı qarşısına
məqsəd qoyur".
Daha sonra
Azərbaycan Respublikasının NATO ilə
əməkdaşlığının yüksək beynəlxalq
hüquqi səviyyədə qurulması üçün
diplomatik nümayəndəliyin yaradılması ilə
bağlı həmin sərəncamda qeyd olunur:
"Azərbaycan Respublikası tərəfdaş
ölkələrə Brüssel şəhərində
NATO-nun mənzil-qərargahında öz diplomatik
nümayəndəliyini açmaq hüququ verilməsi
barədə Madrid şəhərində 1997-ci il iyul
ayının 8 - 9-da NATO üzvü olan ölkələrin
dövlət və hökumət başçılarının
görüşündə qəbul edilmiş qərarı son
dərəcə müsbət qarşılayır, NATO-da
öz siyasi və hərbi təmsilçiliyini
gücləndirmək üçün yaxın vaxtlarda bu imkandan
istifadə edəcəkdir və Brüssel
şəhərində NATO-nun mənzil-qərargahında
öz diplomatik nümayəndəliyini açacaqdır".
Qeyd olunan
sərəncamda digər dövlət qurumları ilə
yanaşı, Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinin qarşısında bir sıra mühüm vəzifələr
qoyulmuşdu. Sənədin Müdafiə Nazirliyinə aid olan
4-cü bəndində qeyd olunur:
"Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi:
- NATO-nun
"Sülh Naminə Tərəfdaşlıq"
Proqramının Planlaşdırma və Təhlil
Prosesində Azərbaycan Respublikasının
iştirakının təmin edilməsi üçün
lazımi tədbirləri görsün;
- NATO-nun
"Sülh Naminə Tərəfdaşlıq" Proqramı
çərçivəsində beynəlxalq hərbi
təlimlərdə və sülh-yaratma əməliyyatlarında
iştirak etmək üçün xüsusi hərbi
bölmənin - rotanın hazırlanması və təchiz
olunması üçün lazımi tədbirlər
görsün;
-
Azərbaycan Respublikasının hərbi-tədris
müəssisələrində beynəlxalq standartlara və
NATO-nun silahlı qüvvələri ilə qarşılıqlı
fəaliyyət tələblərinə uyğun olan hərbi
kadrların hazırlanması üçün şərait
yaradılmasını təmin etsin;
- 15 gün
ərzində Bakı Ali Birləşmiş Komandanlıq
Məktəbində, "NATO - Sülh Naminə
Tərəfdaşlıq" kafedrasının
yaradılması işini başa çatdırsın..."
(1, s. 211).
Qeyd olunan
sərəncamda təkcə Müdafiə Nazirliyinin deyil,
eləcə də Xarici İşlər Nazirliyinin,
Dövlət Neft Şirkətinin, "Azərbaycan Hava
Yolları" Dövlət Konserni və Azərbaycan Milli
Elmlər Akademiyasının qarşısına mühüm
vəzifələr qoyulmuşdu.
Sərəncamla
bağlı aparılan təhlildən bir daha aydın olur ki,
bu sənəd Azərbaycan - NATO münasibətlərinin
beynəlxalq hüquqi müstəvidə daha da yüksək
səviyyədə qurulması baxımından çox
əhəmiyyətli olmuşdur. Azərbaycan Respublikası
1997-ci ildə artıq NATO-nun Planlaşdırma və Analiz
Prosesi (PARP) sənədinə qoşulmuşdu və bununla
yanaşı, 1997-ci il 14 noyabr tarixli sərəncamda
nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikası
NATO-nun Brüsseldəki mənzil-qərargahında öz
diplomatik nümayəndəliyini təsis etmişdir.
Hazırda Azərbaycanı NATO Silahlı Qüvvələrinin
Baş Qərargahında iki zabit təmsil edir.
Azərbaycan
Respublikası ilə NATO arasında mövcud olan və
müasir beynəlxalq hüquq normalarına söykənən
qarşılıqlı əməkdaşlığın
məntiqi nəticəsi olaraq 1999-cu il may ayının
31-də NATO-nun Parlament Assambleyasının Polşada
keçirilən sessiyasında Azərbaycan Respublikası bu
təşkilatda müşahidəçi statusunu aldı.
2001-ci ilin oktyabr ayının 25 - 27-də Buxarest-də (Rumıniya)
"Qara dəniz regionunda NATO-nun rolu" mövzusunda
keçirilmiş 50-ci Rouz-Rout seminarında Cənubi
Qafqazdakı münaqişələr, o cümlədən ilk
dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı
məsələ müzakirə edilmiş və NATO Parlament
Assambleyasının nümayəndələri bu
məsələyə münasibət bildirmişlər. Daha
sonra isə NATO Parlament Assambleyasının 2002-ci il noyabr
ayının 15 - 19-da İstanbulda keçirilmiş 48-ci illik
sessiyasında Assambleyanın Daimi Komitəsi Azərbaycan
Respublikasına adı çəkilən təşkilatda
assosiativ üzv statusunun verilməsi barədə qərar
qəbul etmişdir.
Qeyd edək
ki, hələ 1999-cu ilin oktyabr ayında Azərbaycan - NATO
münasibətlərinin hüquqi bazasının tərkibi
bir az da genişləndirilmiş oldu. Belə ki, 1999-cu ilin
oktyabr ayının 20-də Azərbaycan Respublikası Milli
Məclisinin qəbul etdiyi və Azərbaycan Respublikası
Prezidentinin imzasıyla təsdiq olunmuş 710 - lQ və 711 - lQ
saylı "Şimali Atlantika Müqaviləsinin
iştirakçısı olan dövlətlər və
"Sülh Naminə Tərəfdaşlıq"
Proqramında iştirak edən dövlətlər arasında
onların silahlı qüvvələrinin statusu barədə
sazişin və həmin sazişə dair əlavə
protokolun təsdiq edilməsi barədə" və
"Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında Kosovo
Türk Taboru Görev Küvveti tərkibində Kosovaya
gedəcək Azərbaycan taqımının
fəaliyyətinə dair sazişin təsdiq edilməsi
barədə" qanunlar Azərbaycan - NATO
münasibətlərinin yüksələn xətlə
inkişafına təminat yaradan hüquqi bazam
təkmilləşdirmiş oldu (1, s. 212).
Elə
həmin ilin 9 dekabr tarixində isə Heydər Əliyev
"Azərbaycan Respublikasının Prezidenti yanında
Azərbaycan Respublikasının NATO ilə
əməkdaşlığı üzrə Komissiya
haqqında Əsasnamə"nin təsdiq edilməsi
barədə 225 saylı fərman verdi. Həmin
fərmanın 4-cü bəndinə əsasən. yaradılan
komissiyanın vəzifələri aşağıdakılardan
ibarət idi:
- NATO və
Şimali Atlantika Alyansının üzv dövlətləri
ilə siyasi, hərbi-siyasi, hərbi-texniki və Avratlantika
Tərəfdaşlıq Şurası və NATO-nun
"Sülh Naminə Tərəfdaşlıq" Proqramı
üzrə nəzərdə tutulmuş digər
sahələrdə tam və hərtərəfli
əməkdaşlıq prosesinin təmin olunması;
-
Azərbaycan Respublikası ilə NATO arasında Fərdi
Tərəfdaşlıq Proqramının yerinə
yetirilməsinə nəzarət edilməsi;
- NATO-nun
"Sülh Naminə Tərəfdaşlıq" Proqramında,
proqram çərçivəsindəki müxtəlif
təşəbbüslərdə, xüsusən də
Planlaşdırma və Təhlil prosesində, Sülh
Naminə Tərəfdaşlıq ruhunda NATO və
Tərəfdaş ölkələrlə keçirilən
tədbirlərdə Azərbaycan Respublikasının fəal
iştirakının təmin edilməsi və s.
Bu qeyd olunan
fərman və sərəncamlarla yanaşı, Azərbaycan -
NATO münasibətləri ümumilikdə
götürəndə 8 plan və istiqamət üzrə
nizama salınır ki, bunlar da aşağıdakılardan
ibarətdir:
- daha
öncə ətraflı bəhs etdiyimiz PFP (Partnership for Peace)
- Sülh Naminə Tərəfdaşlıq;
- İPP
(İndividual Partnership Program) - Fərdi
Tərəfdaşlıq Proqramı;
- PARP (Planing
and Review Process) - Proseslərin Planlaşdırılması
və Analizi Proqramı;
- İPAP
(Individual Partnership Astion Plan) - Fərdi
Tərəfdaşlıq üzrə Fəaliyyət Planı.
(Bu plan barədə daha geniş məlumat verəcəyik - Z.
B);
- OCC
(Operational Capabilities Consept) - Əməliyyat İmkanları
Konsepsiyası;
- PAP DİB
(Partnership Astion Plan On Defense İnstitution Building) -
Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın
Əməliyyat Planı;
- PSE
(Partnership for Peace Staff Element) - Sülh Naminə
Tərəfdaşlığın Qərargah Elementi;
- PAP-T (The
Partnership action Plan Aganinist Terrorism) - Terrorizm
Əleyhinə Tərəfdaşlıq Fəaliyyət
Planı.
İPP
(İndividual Partnership Proqram) - Fərdi Tərəfdaşlıq
Proqramı Sülh Naminə Tərəfdaşlıq
çərçivəsində tərəfdaş
ölkənin NATO ilə əməkdaşlığının
birinci səviyyəsi hesab olunur. Bu proqramda, əsasən,
tərəfdaş ölkənin qoşulmaq istədiyi
fəaliyyət sahələrinin geniş siyahısı öz
əksini tapır. Belə ki, Azərbaycan Respublikası
proqrama uyğun olaraq. istədiyi fəaliyyət sahəsini
seçir və NATO rəhbərliyinə təqdim edir.
NATO
rəhbərliyi isə öz növbəsində təqdim
olunan siyahıdan müəyyən layihələri qəbul
edir. Onu da qeyd etməliyik ki, bir qayda olaraq, adətən
hər hansı fəaliyyətin maliyyələşmə
məsələləri bir çox hallarda Azərbaycan
Respublikasından asılı olur. Azərbaycan tərəfi bu
proqram səviyyəsində adətən öz hərbçilərinin
tədris və təlim məsələlərini həll edir.
PARP (Planing
and Reviw Process) - Proseslərin Planlaşdırılması
və Analizi Proqramı SNT çərçivəsində
əməkdaşlığın ikinci səviyyəsi olaraq
Azərbaycan - NATO əməkdaşlığının daha
da gücləndirilməsi xarakteri daşıyır.
Proseslərin Planlaşdırılması və Analizi
Proqramı ideyası ilk dəfə olaraq 4 dekabr 1994-cü
ildə NATO-nun 15 tərəfdaş ölkəsinə
münasibətdə üzə çıxıb.
Sənədin rəsmi təqdimatı isə 1995-ci ilin yazma
təsadüf edir.
Azərbaycan
tərəfi isə bu proqrama 1997-ci ildə qoşulmuşdur.
Azərbaycanın bu proqramda iştirakında əsas
məqsəd NATO qüvvələri ilə hərbi
uyğunluğa nail olmaq və çoxmillətli tədris,
təlim və sülhməramlı əməliyyatlar
üçün hazırlıqlı qüvvələrin
formalaşdırılmasından ibarətdir.
İPAP (İndividual
Partnership Action Plan) - Fərdi Tərəfdaşlıq
Üzrə Fəaliyyət Planı. "Sülh Naminə
Tərəfdaşlıq" Proqramı
çərçivəsində 1994-cü il-də
imzalanmış və Azərbaycan - NATO
münasibətlərini beynəlxalq hüquqi nizamlanması
istiqamətində üçüncü səviyyə hesab
edilən İPAP-ın xüsusi əhəmiyyəti vardır
(8, s. 37).
Adı
çəkilən plan 2002-ci ilin noyabrında Alyansın
Praqada keçirilmiş sammitində tərəfdaş
dövlətlər üçün açıq elan edilibdir.
Qeyd etmək lazımdır ki, Fərdi Əməkdaşlıq
üzrə Fəaliyyət Planı adından da
göründüyü kimi, vahid format deyildir və
müxtəlif səpkili məsələləri əhatə
etməklə fərdi xarakter daşıyır.
Çünki, NATO-nun hər bir tərəfdaş
dövlətində ayrı-ayrı fərqli inkişaf
modelləri, qarşılaşdığı müxtəlif
səpkili problemlər vardır. Bu problemlərə
demokratiyanın, insan hüquqlarının inkişafından
tutmuş, ordu quruculuğu, müxtəlif silahlı
münaqişələri və s - ni aid etmək olar. NATO-nun
bu planı 2002-ci ildə açıq elan olunsa da, yalnız
iki ildən sonra, yəni 2004-cü ilin oktyabr ayının
29-da ilk olaraq tərəfdaş ölkələr
sırasında Postsovet ölkəsi olan Gürcüstan
Respublikası imzalayıb. Azərbaycan Respublikası isə bu
plana bir neçə ay sonra qoşulmuşdur. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyev 19 may
2004-cü il tarixində Brüsseldə NATO-nun
Baş Katibi Yaap de Hoop Sxefferlə görüşərək
Azərbaycan tərəfinin hazırladığı İPAP
təqdimat sənədini ona təqdim etdikdən bir il sonra,
yəni 2005-ci il aprel ayının 28-də Brüsseldə
"NATO + Azərbaycan" formatında keçirilən
görüşdə Azərbaycanın NATO ilə İPAP
planının müddəaları təsdiqləndikdən
sonra 2005-ci ilin may ayının 27-də İPAP Azərbaycan
üçün yekun olaraq qəbul edilmişdir.
Qeyd edək
ki, İPAP-ın Azərbaycan formatının birinci
mərhələsində iki ili (2005 - 2007-ci illəri)
əhatə etmişdir. Bu sənədin həyata
keçirilməsinin qiymətləndirilməsi hər altı
aydan bir nəzərdə tutulduğundan, elə 2005-ci il noyabr
ayının 18 - 19-da NATO-nun baş katibinin Cənubi Qafqaz
və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert
Simmons Azərbaycanda səfərdə olarkən İPAP-ı
altı aylıq yerinə yetirilməsinə qiymət
verərək qənaətbəxş hesab etmişdir (8. s.
38). Qeyd edək ki, İPAP Azərbaycan sənədinin 2005 - 2007-ci
illəri əhatə edən I mərhələsində 4
istiqamət müəyyənləşdirilmişdir:
1) siyasi
məsələlər və ümumi təhlükəsizlik;
2) hərbi
və müdafiə təhlükəsizliyi;
3) ekologiya,
elm problemləri və ictimai məsələlər;
4) informasiya
mübadiləsi və inzibati məsələlər.
2005
- 2007-ci illəri əhatə edən İPAP-ın I
mərhələsində Azərbaycan Respublikası ilə
NATO arasında qarşılıqlı razılaşma
əsasında aşağıdakı bir sıra
məsələlər öz əksini tapmışdır:
1) Silahlı
Qüvvələrdə, o cümlədən Ümumi Müdafiə
sistemində ciddi islahatların aparılması;
2) qanunun
aliliyinin təmin olunması və insan hüquqlarına
hörmətlə yanaşılması;
3)
dövlət qurumlarının, nazirliklərin və bir
sıra idarələrin yenidən qurulması və
təkmilləşdirilməsi;
4)
Xəzər dənizinin milli sektorunun, neft-qaz yataqlarının
təmin olunması istiqamətində qabaqcıl
təcrübənin mübadiləsi və s.
İPAP
çərçivəsində müdafiə sahəsində
həyata keçirilməsi nəzərdə tutulan islahatlar
arasında regional təhlükəsizlik başda olmaqla terrorizmlə
mübarizə, demokratik nəzarət mexanizmlərinin
təkmilləşdirilməsi, müdafiə
məsələlərində cəmiyyətin geniş
təbəqələrinin fəallaşmasının təmin
edilməsi və cəmiyyətin məlumatlandırılması,
ekoloji tapşırıqların yerinə yetirilməsi
məsələləri öz əksini tapmışdır.
Xüsusilə qeyd etmək yerinə düşər ki,
Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidməti Postsovet məkanında İPAP sənədinə
adı salınan yeganə qurumdur. Bizim fikrimizcə, bu da
Azərbaycanla həmsərhəd olan Şimal və Cənub
qonşularının NATO üçün mühüm
əhəmiyyət daşımasından irəli gəlir.
Çünki, NATO-nun İPAP-da Dövlət Sərhəd
Xidməti ilə bağlı nəzərdə tutduğu
islahatlar "az əsgər, daha çox texnika"
prinsipinə əsaslanır ki, bu da xüsusilə
Xəzər dənizində nəzarət sisteminin
təkmilləşdirilməsini özündə əks etdirir.
İPAP-da
əks olunan müddəalar arasında Azərbaycan
Respublikasının Daxili
Qoşunlarına aid komplekt müddəalar da yer almaqdadır.
Həmin müddəalarda Daxili Qoşunların yaxın
gələcəkdə hərbiləşdirilmiş qurumdan
hüquq-mühafizə orqanına - jandarma çevrilməsi
öz əksini tapmışdır. Bu ilin sonlarına
qədər isə Daxili Qoşunlarda sülhməramlı
bölüyün yaradılması və 2010-cu ilə
qədər isə sülhməramlı taborun
yaradılması nəzərdə tutulmuşdur. Digər tərəfdən,
İPAP-da olan müddəalar, əsasən, Daxili Qoşunlarda
mülki vəzifələrin sayının artırılması
və bununla yanaşı, adı çəkilən qoşun
növünə respublikada mövcud olan penitensianar
qurumları mühafizə etmək səlahiyyəti
veriləcək.
Artıq
Azərbaycan Respublikası Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planının I
mərhələsini başa vuraraq II mərhələsinə
qədəm qoymuşdur. 2007-ci ildə başa çatan I
mərhələ Azərbaycan NATO münasibətlərinin
qarşılıqlı nizama salınması baxımından
əhəmiyyətli olmuş və Azərbaycanın bu
sahədə gördüyü işlər NATO
rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir
(8, s. 38). 2008 - 2009-cu illəri əhatə edən
İPAP-ın II mərhələsi I mərhələdən
daha ciddi islahatların aparılmasını özündə
əks etdirir.
NATO
rəhbərliyinin rəsmi nümayəndəsi I
mərhələnin yekununa və başlayan II
mərhələnin gələcək perspektivinə
nəzər salaraq Müdafiə Nazirliyi tərəfindən
aparılan müasirləşməni və yeni
yaradılmış Fövqəladə Hallar Nazirliyi ilə
başlanılan yeni əməkdaşlığın daha da
inkişaf etdiril-məsində maraqlı olduqlarını
bildirərək, II mərhələdə nəzərdə
tutulan 4 istiqamət üzrə müəyyən
açıqlamalar vermişdir ki, bunlar da
aşağıdakılardan ibarət olmuşdur:
1)
əməliyyatlarda iştirak edən qoşun növlərini
müasir standartlara uyğunlaşdırmaq;
2)
Müdafiə Nazirliyi daxilində həyata keçirilən
struktur dəyişikliyinin mütləqliyi;
3)
çoxfunksiyalı kiçik zabit heyətləri
üçün təlimlərin keçirilməsi və
nəhayət;
4) rabitə
və kommunikasiya vasitələrini müasir standartlara
uyğunlaşdırmaq ki, Azərbaycanın Silahlı
Qüvvələri digər ölkələrin silahlı
qüvvələri ilə kommunikasiya əlaqələri
yaratmaq iqtidarında olsunlar.
Beləliklə,
bütün qeyd olunanlardan belə bir nəticəyə
gəlmək olar ki, İPAP sənədi Azərbaycan - NATO
münasibətlərinin beynəlxalq hüquq normaları
çərçivəsində nizama salınmasında ən
geniş səpkili və olduqca konkret bir sənəddir. Bununla
yanaşı, adı çəkilən sənəd hər
iki tərəfin qarşılıqlı etimad riskini
yüksəldərək münasibətlərin
sığortalanması funksiyasını daşıyır.
OCC
(Operational capabilities Consept) - Əməliyyat İmkanları
Konsepsiyası - Alyansın çevik əməliyyat
qüvvələrinin yaradılmasında və inkişafında
tərəfdaş dövlətlərin iştirakını
nəzərdə tutur. Azərbaycan tərəfi bu
sənədə 2004-cü ildə qoşulmuşdur. Adı
çəkilən sənədə istinadən Azərbaycan
Alyansın çevik əməliyyat qüvvələrinin
tərkibində iştirak etmək və bununla yanaşı,
Azərbaycan Silahlı Qüvvələrinin tərkibində
bu tip bölmələrin yaradılması şansı
qazanmışdır.
PAP-DİB
(Partnersip Action Plan On Defense İnstitution Builoding) Müdafiə
Təsisatlarının Qurulması üzrə
Tərəfdaşlığın Əməliyyat Planı. Bu
sənədin təqdimatı NATO-nun 2004-cü il İstanbul
sammitində keçirilmişdir (11, s. 12). PAP-DİB Planı
Sülh Naminə Tərəfdaşlığa qoşulmuş
ölkələrdə üç istiqamət üzrə
həyata keçirilməli olan 10 islahatı özündə
əks etdirir: birinci istiqamət müdafiə sahəsində
şəffaf və demokratik nəzarətin tətbiq
edilməsindən ibarətdir; ikinci istiqamət
təhlükəsizlik siyasətinin inkişafında
ölkə vətəndaşlarının
iştirakının təmin edilməsindən ibarətdir
və nəhayət; üçüncü istiqamət isə
müdafiə sahəsi ilə bağlı qanunvericiliyin və
məhkəmə sahəsinin düzgün inkişaf
etdirilməsi ilə bağlıdır. Bu sənəddə
əsas məqam parlamentə orduya nəzarət funksiyasını
həyata keçirmək səlahiyyətinin
verilməsindən ibarətdir. Azərbaycan tərəfi
hazırda bu plan üzərində ətraflı iş
aparır. Çünki, PARP və İPAP
çərçivəsində nəzərdə tutulan
islahatlar bitməmiş bu plana qoşulmaq qanunauyğun deyildir.
PSE
(Partnership for Peace Staff Element) - Sülh Naminə
Tərəfdaşlığın Qərargah Elementi. Bu
sənəd Sülh Naminə Tərəfdaşlıq
Proqramı ilə eyni ildə yaradılıb və
özündə sabitliyin möhkəmləndirilməsi və
münaqişə riskinin azaldılması məqsədini
əks etdirir (16). Hazırda bu sənədə 30-a yaxın
ölkə qoşulmuşdur ki, bu da həmin
ölkələrin tərəfdaşlıq proqramları
üzrə inteqrasiyanın sürətləndirilməsi
və bununla yanaşı. tərəfdaş
ölkələrin zabitlərinin NATO zabitləri ilə eyni
qərargahlarda birgə fəaliyyət
göstərmələri üçün geniş imkanlar
açmışdır. Azərbaycan 2002-ci ildən
özünün 8 zabitini bu planın verdiyi imkan
nəticəsində Tərəfdaşlığın
Qərargah Elementinin strukturlarında vəzifələrə
təyin edib. 2007-ci ildə isə daha 4 Azərbaycan zabiti
müxtəlif NATO qərargahlarında vəzifə
daşıyır. Sevindirici haldır ki, adı
çəkilən proqram çərçivəsində
Azərbaycan Sülh Naminə Tərəfdaşlıq Proqramına
qoşulmuş, Avropa ölkələri və Ukrayna ilə
eyni səviyyədə təmsil olunur (14, s. 18).
PAP-T
(Partnership Action Plan Against Terrorism) - Terrorizm Əleyhinə
Tərəfdaşlıq Fəaliyyət Planı. Adından da
göründüyü kimi, terrorçuluqla mübarizənin
əsaslarını müəyyən edən bu plan 2001-ci il
11 sentyabr tarixində ABŞ-da baş vermiş hadisədən
dərhal sonra qəbul edilib. Proqramda nəzərdə tutulan
istiqamətlərlə bağlı yekun məqamlar isə
Alyansın 2002-ci ildə keçirilmiş İstanbul
sammitində qəbul edilib.
Azərbaycan
tərəfinin bu planla bağlı nəzərdə
tutduğu əsas tədbirləri isə əsasən, Milli
Təhlükəsizlik Nazirliyi və Dövlət
Sərhəd Xidməti yerinə yetirir.
NATO PAP-T
proqramına əsasən, terrorçuluqla mübarizənin
əsaslarını müəyyən edir. Bu plan
iştirakçı ölkələr arasında
əməkdaşlığın genişləndirilməsi,
müxtəlif tədbirlər, o cümlədən
təlimlər vasitəsilə müntəzəm
surətdə təcrübə və informasiya mübadiləsi
aparılmasını nəzərdə tutur.
Sonda, bu qeyd
olunanlardan belə bir nəticəyə gələrək,
əminliklə qeyd etmək olar ki, s. e. d. prof. R. Mustafayevin
"Təəssüf ki, indiyə qədər NATO obyektiv
səbəblər üzündən
münaqişələrin həllindən yaxasını
kənara çəkir" (7, s. 1) tənqidi fikri bu gün
bir problem kimi Azərbaycan - NATO münasibətləri fonunda
öz həllini tapmaqdadır və hazırda bu
ikitərəfli münasibətlər təəssüf
doğuracaq səviyyədə deyil. Çünki, bu gün
Azərbaycan - NATO münasibətləri müasir beynəlxalq
hüquq normaları çərçivəsində qurularaq
və müxtəlif məsələlər, o
cümlədən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ məsələsi də əhatə olunmaqla
digər məsələlər üzərində
formalaşmışdır. Bunun açıq-aydın
təzahürünü isə NATO-nun 2006-cı il noyabr ayının
28 - 29-da keçirilmiş Riqa sammitində qəbul olunan 46
bəndlik yekun kommunikenin 43 bəndində və 2008-ci il 3
aprel tarixli Buxarest sammitində qəbul edilən 50 bəndlik
kommunikenin 43 bəndində Dağlıq Qarabağ, Abxaziya,
Osetiya və Dnestryanı kimi dondurulmuş
münaqişələrin həllində öz
münasibətini açıq-aydın ortaya qoymağında
görürük.
İSTİFADƏ OLUNMUŞ
ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikası Prezidentinin Katibliyi. Sülh və
Təhlükəsizlik Naminə: Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin NATO-nun 50 - illik yubileyi ilə əlaqədar
Amerika Birləşmiş Ştatlarına səfəri (22-27
aprel 1999). Bakı, 2000, 232 s.
2. Babayev Z.
Böyük Heydər Əliyevin NATO siyasəti / Ümummilli
lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş
elmi konfransın materialları. Bakı: Azərbaycan, 2008, 551
s.
3. Babayev Z.
Postsovet ölkələrinin NATO-ya inteqrasiyası // Diplomatiya
və hüquq, №6 (012) 20 sentyabr 2007, 16 s.
4.
Əsgərov Z. Azərbaycan - NATO əlaqələri
genişlənir. Azərbaycan Parlamenti və beynəlxalq
təşkilatlar. Bakı: Az. Res. MM-in nəşri, 2004, s.
37-46
5. Əzimli
A. Azərbaycan - NATO münasibətləri (1992-2000) Bakı:
Adiloğlu 2001, 225 s.
6.
Hüseynov L. Beynəlxalq hüquq / Dərslik. Bakı:
Hüquq, 2000, 407 s.
7. Mustafayev
R. Baxış bucağı. Xüsusi buraxılış //
Diplomatiya və hüquq, N« 4 (004), 10 oktyabr 2006, s. 1-2
8.
Məmmədov C. İrəliyə, NATO-ya doğru! Bakı:
Əbilov, Zeynalov oğulları, 2007, 138 s.
9. Sayadov S. XX əsr:
Azərbaycan və dünya. Beynəlxalq inteqrasiya
sistemində. Bakı: Elm, 2006, 284 s.
10.
Vəliyev A. Azərbaycan-Avropa Şurası: demokratiya və
insan hüquqları sahəsində əməkdaşlıq.
Bakı: Elm, 2006, 235 s.
11. Examining
NATO - s Transformation //NATO Review: Special issue spring, 2005, P. 62
12. NATO – UKRAINA
/ a distinctive partnership. 2004 /(Ukrintroeng). p. 8
13. Security
Cooperation with thhe Mediterrahean region and the broader Middle East.
BE-LGIUM, Brussels, 2004, p. l 1
14. Укрепление безопасности
и увелечение стабильности путем расширения HATO. HATO Публъ
Дипломасй Бруссель,
2004, c. 8
15. HATO b XXI вeкe. Бруссель, 2004, c. 23
16. www.int/issues/eapc/index.html.
17. www.nato.int/issues/pfp/index.html
INTERNATIONAL
LAWFUL REGULATION OF THE RELATIONS BETWEEN
МЕЖДУНАРОДНОЕ ПРАВОВОЕ РЕГУЛИРОВАНИЕ
ОТНОШЕНИЙ МЕЖДУ АЗЕРБАЙДЖАНОМ И НАТО. Захир Бабаев. В статье прослеживается развитие отношений между блоком НАТО и
Азербайджаном, начиная со времени восстановления независимости страны. Автор
приводит краткое содержание Программы НАТО "Партнерство во имя мира"
и отмечает что Азербайджан присоединился к ней еще в