«İqtisadiyyat
və audit».-2008.-¹10.–S.41-45.
MALİYYƏ NƏZARƏTİNİN METOD
VƏ ÜSULLARI
Maliyyə
nəzarəti özünün fəaliyyət prosesində
iqtisadi elm sahəsində öz metodunu yaratmışdır. DMN öz funksiyaların yerinə yetirərkən
onun metodu ümumelmi və məxsusi
empirik metodik üsullarla xarakterizə olunur.
Nəzarətin
ümumelmi metodik üsulları fəlsəfənin
tədqiqat metodlarına əsaslanır. Metod (yunanca "methodos" sözündən olub,
araşdırma, tədqiq etmə deməkdir) -
tədqiq edilən obyektlərə yanaşmanı
müəyyənləşdirən üsuldur, elmi idrakın
və həqiqəti müəyyən etməyin planauyğun
yoludur. Hər bir elmin öz idrak metodları var.
Fəlsəfə isə ayrı-ayrı elmlərə
münasibətdə metodologiya funksiyasını yerinə
yetirir.
Ümumelmi
metodik üsulların təhlil və sintez, induksiya və
deduksiya, analogiya və modelləşdirmə,
abstraktlaşdırma və dəqiqləşdirmə, sistemli
təhlil və funksional-dəyər təhlili kimi
növləri mövcuddur.
Təhlil (yunanca
"analysis" sözündən olub,
parçalama, hissələrə bölmə deməkdir) - predmetin fikrən və
ya əməli olaraq tərkib hissələrinə
bölüşdürməklə (obyektin hissələrini,
onun əlamətlərini, xassələrini və
nisbətlərini aşkar etməklə) öyrənilməsi
üsuludur. Bu qayda ilə ayrılmış hissələrin
hər birini tamın hüdudunda ayrı-ayrılıqda
təhlil edirlər (məsələn, nəzarət obyektinin
fəaliyyətinin kompleks şəkildə təftiş
edilməsi və s.).
Sintez (yunanca
"synthesis" sözündən olub,
birləşdirmə, toplama deməkdir) -
tədqiqat obyektinin bütövlükdə, onun tərkib
hissələrinin vəhdəti və qarşılıqlı
əlaqəsi nəzərə alınmaqla
öyrənilməsi üsuludur. Maliyyə nəzarətinin
sintez üsulu təhlil üsulu ilə sıx bağlıdır,
çünki o, təhlil prosesində bir-birindən
ayrılmış obyektləri birləşdirməyə,
əlaqələndirməyə və predmeti
vahid tam şəklində dərk etməyə imkan verir
(məsələn, məhsulun göndərilməsi
üçün müqavilələrin yerinə
yetirilməsinə nəzarət və s.).
İnduksiya (latınca
"inductio" sözündən olub,
nəticə çıxarmaq deməkdir) -
obyektin elementlər çoxluğunun əlamətləri
barədə ümumi nəticənin çıxarılması,
həmin elementlərin bütün əlamətlərini deyil,
bu əlamətlərin bir qisminin öyrənilməsi
əsasında, yəni xüsusidən ümumiyə doğru
əqli nəticələr çıxarmaq üsulu ilə
həll edilir (məsələn, debitor borclarının
təftişi əvvəlcə analitik uçotun, sonra isə
sintetik uçotun məlumatlarına əsasən həyata
keçirilir).
Deduksiya (latınca
"deductio" sözündən olub,
nəticə çıxarmaq deməkdir) -
obyektin vəziyyəti əvvəlcə
bütövlükdə, sonra isə onu təşkil edən
elementlərin vəziyyəti baxımından öyrənilir,
yəni əqli nəticə ümumidən xüsusiyə
doğru tətbiq edilir (bu halda debitor borclarının
təftişi əvvəlcə sintetik uçotun, sonra isə
analitik uçotun məlumatlarına əsasən həyata
keçirilir).
Analogiya - elmi əqli nəticələr
çıxarmağın bu üsulunda bəzi obyektlərin
öyrənilməsi onlara oxşar olan başqa elementlər
barədə biliklərə əsaslanır. Müxtəlif
obyektlərin bəzi cəhətlərinin oxşarlığına
əsaslanan analogiya üsulu maliyyə nəzarətinin
tətbiq edilən modelləşdirmə üsulunun
əsasıdır.
Modelləşdirmə
- elmi idrakın bu
üsulunun mahiyyəti ondan ibarətdir ki, öyrənilən
obyekt, yaxud hadisə onun analoqu ilə, orijinalının
mühüm əlamətlərinə malik olan modellə
əvəz edilir.
Maliyyə
nəzarətinin həyata keçirilməsində
nəzarət prosesinin təşkilati modelləri olan
standartlardan istifadə edilir.
Abstraktlaşdırma
(latınca "abstrahere"
sözündən olub, mücərrədləşdirmə
deməkdir) - dəqiqləşdirilmiş
obyektlərə əsasən, inkişafın ümumi
anlayışlarını və qanunlarını tədqiq
etməyə imkan verir (məsələn,
müəssisənin ayrı-ayrı bölmələrində
əmək intizamının vəziyyəti yoxlanılır,
sonra isə bütövlükdə müəssisə
barədə nəticələr çıxarılır).
Dəqiqləşdirmə
(latınca "concretus"
sözündən olub, qəliz, möhkəm deməkdir) - obyektlərin bütün müxtəlif
cəhətləri, onların real mövcudluğunun
keyfiyyətcə rəngarəng olması (abstraktdan fərqli
olaraq) nəzərə alınmaqla araşdırılır.
Bu halda obyektlərin vəziyyəti həmin obyektlərin
mövcudluğunun və tarixi inkişafının
müəyyən konkret şəraiti nəzərə
alınmaqla, nəzarət prosesində qeyri-məhsuldar
xərclərin yaranma mənbələri bölmələr,
müəssisələr üzrə öyrənilir.
Sistemli
təhlil -
tədqiqat obyektinin sistemini təşkil edən elementlərin
məcmusu kimi öyrənilir. Maliyyə nəzarətinin
sistemli təhlili obyektin fəaliyyətinin
qiymətləndirilməsində ona təsir
göstərən bütün amilləri sistem halında
nəzərdə tutur. Maliyyə nəzarətində bu
üsuldan ona görə istifadə edilir ki, o, sahələrin
bütün iqtisadi həlqələrinin istehsal və
maliyyə-təsərrüfat fəaliyyətinin
qiymətləndirilməsinə sistemli yanaşma metodunu
tətbiq etməyə imkan verir. Təcrübədə sistemli
təhlilin aşağıdakı metodikalarından istifadə
edilməsi nəzərdə tutulur:
-
araşdırma obyektlərinin kəmiyyətcə
qiymətləndirilməsi üçün
əməliyyatların tədqiqi nəzəriyyəsinin
metodik təminatı;
-
qeyri-müəyyənlik şəraitində obyektlərin
tədqiq edilməsi üçün sistemlərin təhlili.
Funksional-dəyər
təhlili - mürəkkəb
sistemlərin fəaliyyəti zamanı
layihələşdirilməsindən və sintezindən
ibarət olan istehsalatın mühəndislik baxımından
hazırlanması mərhələsində olan obyektlərin
öyrənilməsindən ibarətdir (məsələn,
texnoloji proseslərin layihələşdirilməsi və
onların iqtisadi səmərəliliyinin
qiymətləndirilməsi və s.).
Maliyyə nəzarətinin
məxsusi empirik metodik üsulları iqtisad elminin
nailiyyətləri əsasında təcrübədə
işlənib hazırlanmış spesifik üsullardır. Bu
üsullar elmin məqsəd və funksiyalarından, onun ümumelmi üsullarından asılı olaraq
formalaşır və ayrı-ayrı yekcins elm sahələrinin
bir-birinə qarşılıqlı nüfuz etməsi ilə
səciyyələnir. Məsələn, maliyyə
nəzarətinin metodik üsulları mühasibat uçotu
və iqtisadi təhlil, statistika və digər iqtisadi
elmlər əsasında inkişaf etmişdir. Bununla
bərabər, bu üsullar digər iqtisadi elmlərə dair
araşdırmalarda da tətbiq edilir (idarəetmə, marketinq,
maliyyələşdirmə və s.).
Maliyyə
nəzarətinin metodik üsullarmı orqanoleptik,
analitik-hesablama, sənədli, eləcə də
nəzarətin nəticələrinin
ümumiləşdirilməsi və
reallaşdırılması üzrə qruplaşdırmaq
olar.
Orqanoleptik
üsulların (yunanca "organon"
sözündən olub alət, vasitə deməkdir)
inventarizasiya, nəzarət məqsədilə
ölçmələr, seçmə və bütöv halda
müşahidələr, texnoloji nəzarət, ekspertiza,
xidməti təhqiqat və sınaq-təcrübə kimi
növləri mövcuddur.
İnventarizasiya
- nəzarət
obyektlərinin naturada orqanoleptik üsulla
yoxlanılması deməkdir. Nəzarətin bu üsulunun
mahiyyəti ondan ibarətdir ki, obyektin mövcudluğunun
və onun vəziyyətinin yoxlanılması müayinə,
hesablama, çəkinin və xətti
ölçülərin təyin edilməsi yolu ilə
həyata keçirilir. Həm də maliyyə
nəzarətində nəzarət obyekti üzrə
əmtəə-material qiymətlilərinin və pul
vəsaitlərinin qorunub saxlanmasına, eləcə də
hesablaşma-kredit münasibətlərinin və digər
aktivlərin və passivlərin vəziyyətinə faktiki nəzarətin
əsas metodik üsulu kimi tətbiq edilir. İnventarizasiya
maliyyə-təsərrüfat nəzarətinin bütün
növlərində tətbiq edilir. O, xüsusən,
təsərrüfatdaxili nəzarətin həyata
keçirilməsi zamanı böyük əhəmiyyət
kəsb edir və cari nəzarətin əsas üsuludur.
Nəzarət
məqsədi ilə işlərin həcminin
ölçülməsi - maliyyə
nəzarəti orqanları tərəfindən yerinə
yetirilmiş tikinti-quraşdırma işləri
yoxlanılarkən, eləcə də istehsalın,
işlərin və ya xidmətlərin həcminə faktiki
nəzarət həyata keçirilərkən tətbiq
edilən faktiki nəzarət üsuludur. Bu metodik üsuldan
nəqliyyatda, ticarətdə və sənayedə də
istifadə edilir.
Seçmə
müşahidələr - təsərrüfat
prosesinin keyfiyyət xarakteristikalarına statistik nəzarət
üsuludur. Başdan-başa nəzarətin həyata
keçirilməsi texniki cəhətdən mümkün
olmadıqda, bu üsuldan istifadə edilir.
Başdan-başa
müşahidə -
öyrənilən obyektlərin faktiki vəziyyətinə
statistik nəzarət üsuludur. Məsələn,
işləmə normalarına, hesabat dövrü
ərzində işçilərin iş vaxtından
istifadə etmələrinə nəzarət zamanı
xronometraj müşahidələrinin aparılması bu
qəbildəndir.
Texnoloji
nəzarət - istehsalın
mühəndislik və texniki baxımdan hazırlanmasına,
eləcə də texniki nəzarətin həyata
keçirilməsində yoxlanılan texniki
şərtlərə, məhsulun keyfiyyətinə və
istehsalına təsərrüfat subyektinin uyğunluğu
baxımından nəzarət üsuludur. Texnoloji
nəzarətin bir növü də xammal və materialların
sınaq məqsədilə istehsala buraxılmasını
və texnoloji prosesin optimallığını, maddi resursların
məsrəf normalarının əsaslandırılmasını
və istehsal olunmuş hazır məhsulun tamlığını
yoxlamaqdan ibarətdir.
Müxtəlif
növ ekspertizalar - maliyyə
nəzarəti ilə bağlı xüsusi
məsələlərin öyrənilməsi zamanı
tətbiq edilən ekspert qiymətləndirmə
üsullarıdır. Bunun da texnoloji, məhkəmə-mühasibat,
kriminalistika, əmtəəşünaslıq və digər
ekspertiza növləri mövcuddur. Maliyyə nəzarətini
həyata keçirən əməkdaşlar arasında
müvafiq mütəxəssislər olmadıqda və ya
nəzarət nəticəsində aşkar edilmiş hüquq
pozuntuları ilə əlaqədar mülki iş və ya
cinayət işi qaldırılmış olduqda, ekspertizadan
istifadə edilir.
Layihələrin
və smeta sənədlərinin ekspertizası obyektlərin
tikintisi üçün, eləcə də quraşdırılması
tələb edilən və ya tələb edilməyən
avadanlığın alınması üçün
layihə-smeta sənədlərində əks etdirilmiş
texnoloji səviyyənin, norma və normativlərin
proqressivliyinin, tikintinin təşkilinin və
sənayeləşdirilməsinin yoxlanılması üsuludur.
Xidməti
təhqiqat - vəzifəli
şəxslər tərəfindən, eləcə də
fəhlə və qulluqçular tərəfindən sahə
iqtisadiyyatının müxtəlif həlqələrində
yaranan istehsal münasibətlərini tənzimləyən
normativ hüquqi aktların tələblərinə riayət
edilməsinin yoxlanılması üsullarının
məcmusudur. Bu üsullar əsas etibarilə şikayətlərin
əsaslılığı yoxlanılarkən, mövcud
qanunvericiliyin pozulmasının və maddi ziyan vurulmasının
səbəbləri öyrənilərkən və s. hallarda
tətbiq edilir.
Sınaq-təcrübə
- planlaşdırılan
və ya artıq həyata keçirilmiş proseslərin
nəticələrini yoxlamaq üçün maliyyə
nəzarətini həyata keçirmək məqsədilə
elmi şəkildə qoyulmuş araşdırmadır.
Sınaq-təcrübə qabaqcadan dəqiq müəyyən
edilmiş, planlaşdırılan prosesin gedişini
izləməyə imkan verən şərtlər
əsasında həyata keçirilir.
Analitik
hesablama üsulunun iqtisadi təhlil, statistik hesablamalar və
iqtisadi-riyazi üsullar kimi növləri mövcuddur.
İqtisadi
təhlil - hadisələrin
və proseslərin nəticələrini
şərtləndirən əlaqələrin
səbəblərini aşkar etmək üçün
maliyyə nəzarətində tətbiq edilən üsullar
sistemidir. İqtisadi təhlil üsulu nəzarət obyektinin
maliyyə-təsərrüfat fəaliyyətinə ilkin, cari
və yekun nəzarəti zamanı tətbiq edilir.
Statistik
hesablamalar -
nəzarət obyektinin iqtisadi informasiyasında bilavasitə
mövcud olmayan kəmiyyətləri və keyfiyyət
xarakteristikalarını əldə etmək üçün
tətbiq edilir. Bu cür hesablamalar müvafiq
kəmiyyətlərin təqribi qiymətlərini
dəqiqləşdirmək və ya bir qisim
kəmiyyətlər əsasında əlaqələrin və
münasibətlərin daha dəqiq xarakteristikalarmı
əldə etmək məqsədilə real kəmiyyət
münasibətlərinin bərpa edilməsi zərurəti
olduqda tətbiq edilir. Briqada üzvlərinin əməkdə
iştirak əmsalları, avadanlıqdan və onların
istehsal güclərindən istifadə edilməsi
əmsalı, məhsul istehsalının
ahəngdarlığı, istehsal planının yerinə
yetirilməsi dinamikası kimi göstəricilər maliyyə
nəzarətində statistik hesablamaların köməyi
ilə hesablanılır.
İqtisadi-riyazi
üsullar -
maliyyə nəzarətində təsərrüfat
proseslərinin nəticələrini planlaşdırma və
layihələşdirmə mərhələlərində
optimallaşdırmaq məqsədilə müvafiq amillərin
təsiri müəyyən edilərkən, eləcə də
əgər həmin amillər arasındakı
qarşılıqlı əlaqələri başqa metodik
üsullarla müəyyən etmək mümkün
olmadıqda istifadə edilir (məsələn, avtomobil
nəqliyyatı ilə yüklərin və
sərnişinlərin daşınması
marşrutlarının optimallaşdırılması, istehsal
xərclərinin, istehsal planlarının yerinə
yetirilməsinin və s. təhlili məqsədilə
istifadə edilir).
Sənədli
yoxlama üsulunun informasiya modelləşdirməsi,
sənədlərin tədqiqi, kameral
yoxlamalar, normativ hüquqi tənzimləmə kimi
növləri mövcuddur.
İnformasiya
modelləşdirməsi - nəzarət
edilən obyekti model şəklində təsvir edən
informasiyanın məcmusudur. Nəzarət obyektinin informasiya
modeli formalaşdırılarkən həmin obyektin
xarakteristikalarının tamlığını, ən mühüm
dəyişənlərin seçilməsini və onların
informasiya nümunəsi formasında verilməsini təmin
etmək zəruridir. Nəzarətdə
modelləşdirmənin məqsədi obyektin vəziyyəti
barədə, ictimai zəruri məhsulun geniş təkrar
istehsalı proseslərində həmin obyektin iştirakı
barədə zəruri informasiya əldə etməkdən, bu
informasiyada mövcud xətaları və meylləri aşkar
etməkdən və verilmiş plan göstəriciləri
həddində tənzimlənməyə dair qərarlar
qəbul etməkdən ibarətdir. Modelləşdirmə
zamanı obyektlər barədə normativ hüquqi,
müqavilə, uçot, hesabat və s. xarakterli informasiyadan istifadə
edilir. Bu halda əsas fondlara aid obyektlərə, mal-material
qiymətlilərinə, pul vəsaitlərinə, plan,
müqavilə, normativ hüquqi və uçot xarakterli
informasiyada əks etdirilmiş vəsaitlərə
nəzarət edilir.
Tədqiqat - təsərrüfat
əməliyyatlarının etibarlı,
məqsədyönlü və səmərəli
olmasının, onların geniş təkrar istehsal prosesini
tənzimləyən qanunverici və normativ hüquqi aktlara
uyğunluğunun sənədli şəkildə
yoxlanılması üsullarıdır.
Kameral
yoxlamalar - əsaslı
vəsait qoyuluşlarına dair layihə-smeta
sənədlərinə və tikinti-quraşdırma
işlərinin yerinə yetirilməsi üçün
dövlət büdcəsindən əsaslı vəsait qoyuluşlarının
maliyyələşdirilməsinə görə və s.
təqdim edilən sənədlərə nəzarət
üsuludur. Kameral yoxlamalar həm də
vergi xidmətləri tərəfindən
müəssisədə nəzarət xarakterli yoxlama
aparılana qədər vergi ödəyicilərinin
hesabatına və bəyannamələrinə nəzarət
məqsədilə tətbiq edilir.
Normativ
hüquqi tənzimləmə - nəzarət
obyektləri tərəfindən
maliyyə-təsərrüfat əməliyyatları
prosesində normativ hüquqi aktların tələblərinin
pozulması hallarım aşkar etmək üçün
maliyyə nəzarətinin tətbiq edilən üsullar
sistemidir.
Nəzarət
nəticələrinin ümumiləşdirilməsi və
həyata keçirilməsi - obyektin
maliyyə-təsərrüfat fəaliyyətində aşkar
edilmiş nöqsanların aradan qaldırılması və
gələcəkdə bu cür halların qarşısının
alınması üçün nəzarət
nəticələrinin sintez edilməsi və qərarlar
qəbul edilməsi üsullarının məcmusudur. Bu
cür üsullara misal olaraq, nöqsanların
qruplaşdırılması, aralıq yoxlama nəticələrinin
sənədləşdirilməsi, analitik qruplaşdırma,
nəticələrin hüquqi cəhətdən
əsaslandırılması, nöqsanların nəzarətçinin
hesabatında (aktında, rəyində)
sistemləşdirilmiş şəkildə şərh
edilməsi, nəzarətin nəticələrinə dair
qərarların qəbul edilməsi və onların yerinə
yetirilməsinə nəzarət üsullarını qeyd
etmək olar.
Nöqsanların
qruplaşdırılması - təsərrüfat
fəaliyyəti prosesində yol verilmiş nöqsanların
və normativ hüquqi aktların tələblərinin
pozulması hallarının iqtisadi mahiyyəti, baş
vermə vaxtı və onların təsiri baxımından
sistemləşdirilməsi və
ümumiləşdirilməsidir. Qruplaşdırma
üsulları nəzarətin nəticələrinin
etibarlılığının sənədli şəkildə
yoxlanılması zamanı tətbiq edilir, xronoloji
ardıcıllığa uyğun sistemləşdirilmiş
və xronoloji-sistemləşdirilmiş qruplaşdırma
üsulları nəzərdə tutulur.
Xronoloji
ardıcıllıqla qruplaşdırma - sənədlərin
araşdırılması prosesində aşkar edilmiş
nöqsanların qruplaşdırılması üsuludur. Bu
halda sənədlər mühasibat məqsədləri
üçün işlənilərkən və hesabat
dövrləri üzrə qovluqlarda qruplaşdırılmış
olduğu qaydada yoxlanılır. Sənədlərin xronoloji
ardıcıllıq üsulu ilə yoxlanılması
nəzarətçinin işini bir qədər
mürəkkəbləşdirir, çünki bu halda eyni
zamanda həm normativ hüquqi aktlardan, həm də metodik,
təlimat və sorğu xarakterli materiallardan istifadə
etmək zəruridir, bu isə hər bir əməliyyatın
ayrılıqda və eyni tipli digər əməliyyatlarla
qarşılıqlı əlaqədə
öyrənilməsi üçün maneələr
yaradır. Buna görə də həmin üsuldan,
əsasən, nəzarətin kiçik obyektlərində
istifadə edilir.
Sistemləşdirilmiş
qruplaşdırma üsulu nəzarət
edilən bütün dövr üçün eyni tipli
sənədlərin araşdırılması zamanı
mövcud nöqsanları aşkar etməyə imkan verir. Bu
halda əvvəlcə kassa, əmtəə, hesablaşma
və s. əməliyyatları əks etdirən
sənədlər yoxlanılır. Bu üsul ayrı-ayrı
əməliyyatları və prosesləri daha dərindən
öyrənməyə imkan verir. Onun nöqsanlı
cəhəti bundan ibarətdir ki, aşkar edilmiş
nöqsanlar xronoloji ardıcıllıqla
qruplaşdırılmır və eyni tipli
təsərrüfat əməliyyatları (kassa, bank
əməliyyatları, təhtəlhesab
məbləğlər, xərclər, məsrəflər
və s.) arasında informasiya əlaqələri
mürəkkəbləşir.
Xronoloji-sistemləşdirilmiş
üsul - qarışıq
qruplaşdırma üsulu olmaqla, nöqsanlar xronoloji
ardıcıllıqla aşkar edilir və iqtisadi mahiyyəti
üzrə sistemləşdirilir (kassa, bank, əmtəə,
hesablaşma əməliyyatları). Bu üsulun
üstünlüyü ondan ibarətdir ki,
nəzarətçi bütün təsərrüfat
əməliyyatlarını ardıcıl olaraq və
qarşılıqlı əlaqəli şəkildə
yoxlayır.
Aralıq
nəzarətin nəticələrinin
sənədləşdirilməsi - nəzarətin
aralıq mərhələlərində
nəzarət proseduralarının nəticələrinin
sənədləşdirilməsi üsuludur.
Analitik
qruplaşdırma -
nəzarət edilən obyektlərin və aşkar edilmiş
nöqsanların eyni tipli əlamətlər üzrə
statistik qruplaşdırma üsullarının məcmusudur.
Yoxlama
nəticələrinin istintaq-hüquqi baxımdan
əsaslandırılması - nöqsanların
aşkar edilməsi və qanunvericiliyin, normativ hüquqi aktların
pozulması hallarını, vurulmuş maddi ziyanın
həcmini və buna görə cavabdeh olan konkret
şəxslərin müəyyən edilməsi
üçün nəzarətçi tərəfindən
tətbiq edilən üsullardır. Bu üsullar obyektin
işçilərindən izahatlar alınması,
təsərrüfat əməliyyatlarını həyata
keçirərkən qanunların və normativ hüquqi aktların
pozulmasını sübut edən ilkin sənədlərin
müəyyən edilmiş qaydada götürülməsi,
cavabdeh şəxslərin müəyyən edilməsi və
s. yollarla həyata keçirilir.
Nöqsanların
nəzarətçinin hesabatında (aktında,
rəyində) sistemləşdirilmiş şəkildə
şərh edilməsi -
vahid dövlət kargüzarlıq sisteminin qaydalarına
müvafiq olaraq aparılmış nəzarətin
nəticələrinin ümumiləşdirilməsi üsullarının
kompleksidir.
Nəzarətin
nəticələrinə əsasən qərarlar qəbul
edilməsi - nəzarətin
subyektinin nəzarətin obyektinə təsir
göstərməsi üsulu olub, həmin obyektin qabaqcadan
müəyyən edilmiş parametrlərə və
rejimlərə müvafiq fəaliyyət
göstərməsini təmin edir.
Qəbul
edilmiş qərarların icrasına nəzarət - qəbul edilmiş
qərarların həyata keçirilməsinin bu üsulu
nəzarət obyektinin faktiki vəziyyətini və
idarəedici təsirə müvafiq olaraq onun
davranışının müəyyən edilməsini
nəzərdə tutur.
Beləliklə,
maliyyə nəzarətinin metodu - ictimai
zəruri məhsulun geniş təkrar istehsalı prosesinə
və bazar iqtisadiyyatı şəraitində bu prosesin
qanunverici və normativ hüquqi tənzimlənməsi
qaydalarına riayət edilməsinə nəzarətin metodik
üsullarının məcmusudur.
Mübariz HACIYEV,
Azərbaycan Respublikası Auditorlar
Palatasının
Auditin təşkili və tənzimlənməsi
şöbəsinin
müdiri