“İqtisadiyyat
və audit”.-2008.-¹9(99).–S.33-37.
DÖVLƏT MALİYYƏ NƏZARƏTİNİN
TƏSNİFATI
Mübariz HACIYEV –
Azərbaycan Respublikası
Auditorlar
Palatasının Auditin təşkili və
Tənzimlənməsi şöbəsinin müdiri
Dövlət
maliyyə nəzarətinin (DMN) əsas
ünsürlərinin elmi cəhətdən
əsaslandırılmış təsnifatı dövlət
idarəetməsinin çox mühüm tərkib
hissələrindən biri olmaq etibarilə onun mahiyyətini
dərindən anlamağa, ifadə etdiyi münasibətlərin
fəaliyyət göstərməsi mexanizmini açıqlamağa,
müxtəlif tərkib hissələrinin spesifik xüsusiyyətlərini
aşkara çıxarmağa imkan verir.
Bazar
təsərrüfatçılığı
şəraitində yeni nəzarət sisteminin
təşəkkül tapması nəzarətin növləri
məsələsinin mahiyyətinin aydınlaşdırılmasını
və bundan çıxış edərək, onun
subyektlərinin və nəzarət fəaliyyətinin
xarakterinin müəyyənləşdirilməsini
nəzəri və praktik baxımdan zəruri edir.
DMN-in
tipi üzrə təsnifləşdirmə xüsusi yer tutur. Hamıya
məlumdur ki, tipologiyanın əsasında mahiyyət
əlaməti dayanmalıdır. Fikrimizcə, DMN
tipologiyasının əsasında dövlət maliyyə
sisteminə, yəni dövlətin pul vəsaitləri ilə
imperativ iqtisadi münasibətlər (əmələ
gəlməsi, bölüşdürülməsi və
xərclənməsi) sisteminə yanaşma (və ya
əhatə etmə) kimi mahiyyət əla-məti
dayanmalıdır. Bu əlamətin əhəmiyyətliliyi
ondadır ki, o, maliyyənin və dövlət maliyyə
sisteminin mərkəzi həlqəsi olan büdcəyə
nəzarət funksiyası DMN-in
özünün əsaslarından irəli gəlir.
Beləliklə, DMN-in
aşağıdakı tiplərini nəzərdən
keçirmək lazımdır:
1) Maliyyə-büdcə
nəzarəti - dövlət
büdcəsini vahid tam kimi, yəni konkret iqtisadi vahidlərə
toxunmadan əhatə edir;
2) Maliyyə-təsərrüfat
nəzarəti - qarşılıqlı
fəaliyyəti, dövlətin maliyyə-iqtisadi sisteminin bir
növ «dayaq nöqtələri» olan ayrı-ayn təsərrüfat
subyektlərinin fəaliyyətini əhatə edir.
Maliyyə-büdcə
nəzarəti, əsasən, bilavasitə büdcə prosesi
çərçivəsində müxtəlif cür nəzarət
tədbirlərindən - büdcə
təsnifatının gəlir və xərc maddələrinin
əsaslılığının qiymətləndirilməsi,
bütün səviyyələrdən olan
büdcələrin icrasının vaxtamüvafiqliyinin
və tamlığının yoxlanılması,
büdcədənkənar dövlət fondlarının
xərclənməsinə nəzarət və sairədən
ibarət olur. Maliyyə-təsərrüfat nəzarəti
isə öz ifadəsini təsərrüfat subyektlərinin
maliyyə-təsərrüfat əməliyyatlarının
yoxlanılmasında və təftişində,
ayrılmış dövlət vəsaitlərinin
təşkilatlar tərəfindən istifadəsinin
səmərəliliyinin, dövlət əmlakının
idarə edilməsinin qanuniliyinin və rasionallığının
qiymətləndirilməsində və sairədə
tapır.
Təsnifləşdirmənin
çox mühüm aspektlərindən biri nəzarətin
formasıdır. DMN təftiş, yoxlama, nəzarət,
normativ hüquqi aktların və digər sənədlərin
(dövlət proqramlarına, beynəlxalq
müqavilələrə və s. aid olanlar daxil olmaqla), o
cümlədən onların layihələrinin ekspertizası
kimi formalarda həyata keçirilir. Sonuncu forma,
həmçinin, dövlət üçün
maliyyə-iqtisadi nəticələri baxımından
müxtəlif qərarların təhlilini və qiymətləndirilməsini
(məsələn, mülkiyyət münasibətlərinin
yenidən qurulmasına dair qərarların və s.) də
əhatə edir, çünki onları iki müstəqil
formaya ayırmaq kifayət qədər çətin
məsələdir.
Normativ
hüquqi aktların və digər sənədlərin ekspertizası
da nəzarətin formalarından biridir. İstənilən
analitik tədbir mahiyyətcə nəzarət metodudur.
Məsələn, nəzarət tədbirlərinin
nəticələrinin təhlili müxtəlif cür
mənfi meylləri, maliyyə sisteminin inkişafındakı
qanunauyğunluqları və s. aşkara çıxarmağa
imkan verir. Təhlil bilavasitə nəzarət obyektlərinin
fəaliyyətinin təkmilləşdirilməsi və
onların inkişaf etdirilməsi (məsələn,
büdcə prosesinin təkmilləşdirilməsi,
büdcə sisteminin inkişaf etdirilməsi və s.)
üzrə tədbirlərin işlənib
hazırlanmasından öncə aparılır.
Normativ
hüquqi aktların və maliyyə-iqtisadi
məsələlərə bu və ya digər
dərəcədə aidiyyatı olan
(yəni həyata keçirilməsinin dövlət
üçün bu və ya digər maliyyə, yaxud iqtisadi
nəticələri ola bilən) digər sənədlərin
ekspertizası məhz ilkin nəzarət formasıdır
və o, həmin sənədlərin ehtimal olunan mənfi
nəticələrinin (maliyyə vəsaitlərinin qeyri-qanuni
xərclənməsi, səmərəsiz proqramlar və s.)
qarşısını mümkün qədər daha erkən
mərhələdə almağa imkan verir.
DMN
formasının seçilməsi onun
vəzifələrindən, plan və proqramından,
obyektlərinin mürəkkəbliyindən və
xüsusiyyətindən asılıdır.
DMN-in
daha çox yayılmış formaları təftiş və
yoxlamadır.
Təftiş
DMN-in daha təsirli formasıdır. Onun
əsas məqsədi sənədli və faktiki
nəzarətin xüsusi üsulların tətbiq
etməklə, maliyyə-təsərrüfat
fəaliyyətinin iqtisadi səmərəliliyini, təsərrüfat
və maliyyə əməliyyatlarının qanuniliyini,
mötəbərliliyini və məqsədəmüvafiqliyini
öyrənməkdir. Sadalananlar maliyyə-təsərrüfat
nəzarətinə aiddir. Maliyyə-büdcə
nəzarəti çərçivəsində təftiş
isə bütün səviyyələrdən olan
büdcələrin gəlir və xərc hissələrinin
icrasına müfəssəl, dərin və
hərtərəfli nəzarətdən ibarət olur ki, bundan
da məqsəd büdcə prosesinin həmin mərhələsinin
vaxtamüvafiqliyini və
düzgünlüyünü təyin etməkdən,
büdcənin gəlir bazasının artımının
ehtiyat mənbələrini aşkara çıxarmaqdan
ibarətdir. Dövlət maliyyəsinin idarə edilməsində
və sosial-iqtisadi proseslərin tənzimlənməsində DMN-in bu formasının xüsusi rol oynadığı
göz qabağındadır. Yoxlamadan fərqli olaraq,
təftiş nəzarət obyektinin fəaliyyətini
hərtərəfli əhatə edir, yoxlama isə
fəaliyyətin müəyyənləşdirilmiş
dairəsi və ya müəyyənləşdirilmiş
mövzusu üzrə aparılır (məsələn,
büdcə təxsisat-larından məqsədli
istifadənin, mühasibat hesabatının aparılmasının
düzgünlüyünün və hesabatların
mötəbərliliyinin və s. yoxlanılması).
Nəzarəti
(müşahidəni, monitorinqi) nəzarət orqanları
qoyulmuş qaydalara və normativlərə
təsərrüfat subyektləri tərəfindən
əməl edilib-edilmədiyini
müəyyənləşdirmək məqsədilə keçirirlər.
Azərbaycan
Respublikasının Konstitusiyasında təsbit edilmiş
hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, DMN-in aşağıdakı fərqli
növləri vardır:
1) Qanunvericilik
hakimiyyətinin xətti ilə nəzarət və ya parlament
nəzarəti (Milli Məclisin daimi komissiyaları və
Azərbaycan Respublikası Hesablama Palatası);
2) İcra
hakimiyyətinin xətti ilə nəzarət (Prezidentin
İcra Aparatının Dövlət nəzarəti
şöbəsi, Nazirlər Kabineti strukturuna daxil olan
nəzarət qurumlan, Milli Bankın nəzarət qurumları,
inzibati və hüquq-mühafizə orqanlarının tabeliyində
olan nəzarət qurumları);
3) Məhkəmə
hakimiyyəti xətti ilə nəzarət. İcra
hakimiyyəti orqanlarının sərəncamındakı predmetlərdən asılı olaraq,
nəzarət idarədən-kənar və idarə
nəzarəti formasında mövcud ola bilər. Bu zaman icra
hakimiyyətinin xətti ilə yuxarıda sadalanan bütün
orqanlar idarədənkənar
nəzarət orqanlarına aid edilir. İdarədənkənar
nəzarət - nəzarət
orqanının tabeliyində olmayan təşkilatın
fəaliyyətinin müəyyən məsələləri
üzrə həyata keçirilir, idarə nəzarəti
isə nazirlik və baş idarələrin, dövlət
komitələrinin və idarədənkənar
nəzarət orqanları da daxil ol-maqla, dövlət idarəetməsinin
digər orqanları tərəfindən həyata
keçirilir. İdarə nəzarəti əsasən daxili
audit xidmətləri şəklində təşkil edilir.
Subyektlərin
fəaliyyətində nəzarət funksiya-larının
əhəmiyyəti nöqteyi-nəzərindən DMN-in subyektlər üzrə təsnifləşdirilməsi
DMN-in miqyası və müxtəlif
vəsilələrinin rolu haqqında daha dəqiq
təsəvvür əldə etməyə imkan verir. DMN subyektləri qanunvericiliklə nəzarət
funksiyaları verilmiş dövlət orqanları və
onların vəzifəli şəxsləridir. Bu baxımdan, DMN-in subyektlərini aşağıdakı
səviyyələr üzrə qruplaşdırmaq
məqsədəuyğundur:
• 1-ci səviyyədən olan DMN subyektləri. Onlar bilavasitə
özlərinə həvalə edilmiş funksiyaları
həyata keçirmək üçün nəzarət
funksiyalarını yerinə yetirirlər, yəni onlar
üçün nəzarət əlaqəli fəaliyyətdir.
Həmin subyektlərə aşağıdakılar aiddir:
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı,
bütün sahə nazirlikləri və baş idarələr
(onların nəzarət-təftiş bölmələri istisna
olmaqla), büdcə vəsaitlərinin baş sərəncamçıları
(rayon və şəhərlərin icra hakimiyyətləri
daxil olmaqla) və daha aşağı səviyyədən olan
sərəncamçılar, büdcə vəsaitlərini
alan təşkilatlar və s. Bundan əlavə, qanunlarla
və digər normativ hüquqi aktlarla müəyyən
edilmiş hədlərdə maliyyə nəzarətini
həyata keçirən bütün dövlət
orqanları, habelə özlərinin vəzifə borcu və
hüquqları hədlərində maliyyə nəzarətini
hə-yata keçirən dövlət qulluqçuları da
bu səviyyədən olan subyektlərdir. Bu qəbildən DMN subyektlərinə, həmçinin,
həmin məqsədlə nəzarəti Azərbaycan
Respublikası Hesablama Palatası vasitəsilə həyata
keçirən Azərbaycan Respublikasının Milli
Məclisi də aid edilir.
• 2-ci səviyyədən olan DMN subyektləri. Onların vəzifə
borcuna həm nəzarət funksiyaları, həm də
digər funksiyalar daxildir. Lakin maliyyə nəzarəti
onların fəaliyyətinin əsas növlərindən
və ya istiqamətlərindən biridir. Həmin
səviyyədən DMN subyektlərinə
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan
Respublikasının hökuməti, Azərbaycan Respublikasının
Milli Bankı, Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi və s. aid edilir.
• 3-cü
səviyyədən olan DMN subyektləri. Onların
fəaliyyətinin müəyyənedici (başlıca)
növü nəzarətdir. Bunlara əsasən Azərbaycan
Respublikası Hesablama Palatası, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi yanında Baş
Dövlət Xəzinədarlığı, Azərbaycan
Respublikası Prezidenti İcra Aparatının Dövlət
nəzarəti şöbəsi, Azərbaycan Respublikasının
Vergilər Nazirliyi və onun ərazi struktur vahidləri,
idarə nəzarəti xidmətləri və s. aid edilir.
Göründüyü kimi, burada dövlət hakimiyyəti
və idarəetmə orqanlarının ümumi sistemində
nəzarət subyektlərinin təşkilati baxımdan
tamlığı ilə seçilməsi nəzərə
çarpır.
Həmçinin,
nəzarətin həyata keçirilməsi mənasında
onun subyektləri ya bilavasitə (və ya birbaşa)
nəzarət subyektlərinə (məsələn, Azərbaycan
Respublikasının Hesablama Palatası), ya da dolayı nəzarət
subyektlərinə (məsələn, nəzarəti həmin
məqsədlər üçün yaratdığı
Azərbaycan Respublikasının Hesablama Palatası vasitəsilə
həyata keçirən Azərbaycan Respublika-sının
Milli Məclisi) aid edilə bilər.
DMN-in
metodiki üsullarının təsnifləşdirilməsinin
əsasında DMN-in metodu
anlayışı dayanır. DMN-in metodu
dedikdə, onun məqsədinə nail olmaq üsulunu başa
düşmək lazımdır. DMN-in
metodu aşağıdakılardan istifadə olunması ilə
səciyyələnir:
1) Nəzarət obyektlərinin
tədqiqinin ümumi elmi-metodiki üsulları: təhlil,
sintez, induksiya, deduksiya, analogiya, modelləşdirmə, abstraktlaşdırma,
sınaq-təcrübə, konkretləşdirmə, sistem
təhlili, funksional-dəyər təhlili və s.
2) Məxsusi empirik metodiki üsullar - orqanoleptik, analitik-hesablama,
sənədli, nəzarət nəticələrinin
ümumiləşdirilməsi və həyata keçirilməsi
və s.:
a) orqanoleptik - inventarizasiya,
işlərin nəzarət qaydasmda
ölçülməsi, seçmə
müşahidələr, başdan-başa müşahidə,
texnoloji nəzarət, müxtəlif növ ekspertizalar,
xidməti təhqiqat və s.;
b) analitik-hesablama
- iqtisadi təhlil, statistik hesablamalar,
iqtisadi-riyazi üsullar və s.;
c) sənədli-informasiya
modelləşdirməsi, tədqiqat, kameral
yoxlamalar, normativ-hüquqi tənzimləmə, nöqsanlarm
qruplaşdırılması və s.;
ç)
nəzarət nəticələrinin
ümumiləşdirilməsi və həyata
keçirilməsi - aralıq
nəzarətin nəticələrinin
sənədləşdirilməsi, analitik qruplaşdırma,
istintaq-hüquqi baxımdan əsaslandırma, sistemləşdirilmiş
şəkildə qruplaşdırma, qərarların qəbul
edilməsi və onların yerinə yetirilməsinə nəzarət
və s.
DMN-i
onun obyektləri aspektində təsnifləşdirməzdən
öncə, onların öz anlayışına izah verək.
Belə ki, nəzarət obyekti idarəetmə sisteminin
idarə edilən, nəzarət təsirini qəbul edən
vəsiləsi olduğu üçün geniş anlamda DMN obyekti dövlət büdcə sisteminin
maliyyə resurslarının formalaşması, dövlətin
funksiyalarının və vəzifələrinin yerinə yetirilməsini
təmin etmək məqsədilə onların bölüşdürülməsi
və istifadəsi zamanı əmələ gələn
iqtisadi münasibətlər, habelə həmin
münasibətlərin iştirakçılarıdır. Daha
konkret deyilsə, DMN obyektləri
çoxlu saydadır, buna görə də
ümumiləşdirmə metodundan istifadə edərək,
onları aşağıdakı iri məcmular üzrə
(həm də kifayət qədər şərti
hədlərlə) paylaya bilərik:
1) Fiziki (onların fəaliyyəti
qanunvericiliyə uyğun gələn hallarda) və hüquqi
şəxs olan təsərrüfat subyektləri - təşkilati-hüquqi formasından,
mülkiyyət formasından və fəaliyyət növündən
asılı olmayaraq, təşkilatlar (respublika və yerli
dövlət hakimiyyəti və idarəetmə orqanları
daxil olmaqla) və onların birlikləri;
2) Dövlət hakimiyyəti və
idarəetmə orqanlarının bu və ya digər
qərarlarının maliyyə aspektləri;
3) Dövlət maliyyə resursları
və material dəyərliləri (dövlət
əmlakı);
4) Dövlət büdcə sistemi
və büdcə prosesi;
5) Dövlət hakimiyyəti və
idarəetmə strukturu;
6) Dövlətin sosial-iqtisadi və
siyasi məqsədləri (maliyyə sisteminə təsir
mənasında).
DMN-in predmeti isə onun obyektləri sisteminin hansısa vəsiləsinin mövcudluğu,
vəziyyəti və (və ya) hərəkətidir.
Məsələn, büdcə təşkilatının
elə həmin maliyyə və ya material resursları
nəzarətin obyekti, həmin resursların faktiki mövcudluğu,
vəziyyəti, istifadə aspektləri isə nəzarətin
predmetidir. Beləliklə, DMN-in
predmeti aşağıdakılar ola
bilər: vergilərin və ödənişlərin
hesablanmasının və ödənilməsinin
düzgünlüyü, maliyyə hesabatının
aparılmasının düzgünlüyü, maliyyə hesabatının
mötəbərliliyi və tamlığı, ixrac-idxal
və valyuta əməliyyatları zamanı qoyulmuş
qaydalara riayət olunması, büdcənin xərc
maddələrinin əsaslılığı, dövlət
mülkiyyətindən istifadənin səmərəliliyi,
məsrəflərin məqsədəmüvafiqliyi və s.
DMN-in predmetlərini, şərti olaraq, onun
obyektlərinin aşağıdakı aspektləri üzrə
ayırmaq olar: qanunilik, səmərəlilik,
əsaslılıq, məqsədəuyğunluq, optimallıq,
tamlıq, vaxtamüvafiqlik,
mötəbərlilik, düzgünlük və s.
DMN-in
xüsusiyyətlərini izah etmək baxımından, onun yönümlülüyü üzrə
təsnifat faydalıdır. Bu aspektdən yanaşdıqda, DMN kənar və daxili ola bilər.
Daxili
nəzarəti bu və ya digər orqanın aparatında
(və ya orqanlar sistemində) bunun üçün xüsusi
olaraq yaradılmış bölmələr, orqanın rəhbəri
tərəfindən proseslərin müşahidə və
idarə olunmasını təmin etmək məqsədilə
(orqanlar sistemində isə yuxan orqanların
qərarlarının aşağı orqanlar tərəfindən
lazımınca icra olunmasının təmin edilməsi, onlar tərəfindən
digər tələblərə riayət olunması
üçün) həyata keçirirlər. Kənar nəzarəti,
məsələn, icra hakimiyyətinin hansısa
orqanının fəaliyyətinə nəzarəti isə
xüsusi olaraq yaradılmış, funksional və
təşkilati baxımdan ondan asılı olmayan
dövlət nəzarət orqanları (məsələn,
Azərbaycan Respublikası Hesablama Palatası) həyata
keçirir. Başqa sözlə, kənar nəzarət - fəaliyyətinə nəzarət edilən
orqana münasibətdə kənar olan struktur tərəfindən
həyata keçirilən nəzarətdir, daxili nəzarət
isə həmin orqanın (təşkilatın) öz
strukturunda xüsusi olaraq bunun üçün
yaradılmış bölmə (məsələn, daxili
audit) tərəfindən həyata keçirilən
nəzarətdir. Eyni zamanda, məsələn, bilavasitə
büdcənin icrasına münasibətdə qanunvericilik
(nümayəndəli) hakimiyyətinin nəzarət orqanı
olmaq etibarilə kənar nəzarəti həyata keçirən,
yəni büdcənin icrasında bilavasitə iştirak
etməyən orqanlardan fərqli olaraq, bütövlükdə
icra hakimiyyətinin və hər şeydən öncə,
Azərbaycan Respublikası hökumətinin nəzarət orqanları
daxili nəzarəti həyata keçirən orqanlar sayıla
bilərlər. Eynilə bu qaydada daxili nəzarət
anlayışını həm bütün icra
hakimiyyətinə, həm də onun ayrı-ayrı vəsilələrinə,
iqtisadiyyatın sahələrinə, hakimiyyət və
idarəetmə orqanlarına, habelə daha qısa mənada
konkret təşkilatlara və onların birliklərinə
şamil etmək olar.
Xarakterinə
görə, DMN tədbirləri planlı
və plandankənar ola bilər. Plandankənar nəzarət
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası
hökumətinin, qanunvericiliklə qoyulmuş qaydada prokuror
nəzarəti, istintaq orqanlarının və digər
orqanların tapşırığı (əksər hallarda
təcili xarakterli tapşırıqlar) ilə, habelə
nəzarət obyektlərinə dair üçüncü
şəxslərdən yeni məlumatlar daxil olduqda, planlı
nəzarətin gedişində müəyyən edilmiş
proqramlara birbaşa aidiyyatı olmasa da,
müəyyən dərəcədə əhəmiyyət
kəsb etməsi (məsələn, qeyri-adi
əməliyyatların, xüsusi faktların aşkara
çıxarılması) baxımından həllini
tələb edən ayrı-ayrı məsələlər
ortaya çıxdıqda, habelə gözlənilməyən
vəziyyətlər (məsələn, nəzarət obyekti
tərəfindən informasiyanın təqdim olunmaması
və ya keyfiyyətsiz informasiyanın təqdim olunması,
nəzarətə maneçilik törədilməsi və s.)
yarandıqda, nəzarət orqanlarının özlərinin
təşəbbüsü ilə həyata keçirilir.
Dövlətlə
əlaqəsinin xarakterinə görə, DMN
aşağıdakı qaydada təsnifləşdirilə
bilər:
- dövlətdaxili
maliyyə-iqtisadi münasibətlərə yönəlmiş
nəzarət;
-
təsərrüfat subyektlərini, o cümlədən
dövlətin xarici kontragentlərlə maliyyə-iqtisadi
münasibətlərini (ixrac-idxal əməliyyatları,
tranzit ticarət, xarici borc, xarici dövlətlərin və
təşkilatların borcu, xarici vergi, kredit və ticarət
əlaqələri, digər beynəlxalq fəaliyyət)
əhatə edən nəzarət.
İdarəetmə
qaydası və məsələlərin həlli
baxımından DMN orqanları kollegial
və vahid rəhbərlik əsasında ola bilər. Qeyd
etmək lazımdır ki, onlar arasında hədlər
getdikcə daha şərti xarakter almağa başlayır.
DMN-i,
həmçinin, onun orqanlarının səlahiyyətlərinin
xarakteri baxımından təsnifləşdirmək olar.
Həmin aspektdən aşağıdakıları qeyd
etmək olar:
1) Ümumi
səlahiyyətli DMN orqanları. Onlar
özlərinin fəaliyyət sahələrinə uyğun
olaraq obyektlərin (məsələlərin) yetərincə
geniş dairəsinə nəzarəti həyata keçirməlidirlər.
Belə orqanlara aşağıdakılar aiddir: Azərbaycan
Respublikası Hesablama Palatası, Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Baş Dövlət
Xəzinədarlığı, Azərbaycan Respublikası
Prezidenti İcra Aparatının Dövlət nəzarəti
şöbəsi;
2) Sahə səlahiyyətli DMN orqanları. Onlar konkret sahələrdə
nəzarəti həyata keçirirlər. Əksər halda
bunlar nazirliklərin, baş idarələrin və digər
sahə icra hakimiyyəti strukturlarının tərkibində
olan nəzarət orqanlarıdır;
3) Sahələrarası
səlahiyyətli DMN orqanları. Onlar
sahə mənsubiyyətindən asılı olmayaraq,
obyektlərin maliyyə-təsərrüfat fəaliyyətinin
müəyyən sahələrinə nəzarət edirlər
(məsələn, Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi, Azərbaycan
Respublikasının Milli Bankı, digər dövlət
komitələri və komissiyaları);
4) Xüsusi səlahiyyətli DMN orqanları. Onlar yetərincə məhdud
xarakterli (məhdud yönümlü)
nəzarət funksiyalarını həyata keçirirlər
(məsələn, Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin müvafiq departamentləri).
Təsnifat
əlaməti kimi, nəzarət obyektlərinin
konkretləşdirilməsi səviyyəsindən də
istifadə etmək olar. Bu baxımdan,
aşağıdakıları qeyd etmək olar:
a) qismən (və ya lokal)
nəzarət. Bu halda ayrıca olaraq
götürülmüş bir təşkilatda (onun
xüsusiyyəti ilə bağlı məsələlərin
işlənib hazırlanması üçün)
nəzarət tədbirləri keçirilir;
b) ümumi nəzarət. Bu halda hansısa bir ümumi mövzu
(məsələ) çərçivəsində tamamilə
eyni və ya müxtəlif tipli bir neçə (və ya maksimum
dərəcədə mümkün sayda) təşkilat, o
cümlədən həm yuxarı və həm də
aşağı təşkilat (məsələn,
müəyyən sahə çərçivəsində)
daha ümumi mənzərə əldə etmək
üçün yoxlanılır (bir qayda olaraq, bu zaman
ayrı-ayrı obyektlərin fəaliyyəti
müfəssəl öyrənilir).
Obyekt
barədə təsəvvürlərin bitkinlik
dərəcəsinə görə DMN-i
aşağıdakı növlər üzrə təsnifləşdirmək
olar:
a)
dərin nəzarət - obyekt
barədə mümkün qədər dolğun (bitkin)
təsəvvür əldə etmək üçün onun
nəzarət vasitəsilə müfəssəl və
dərindən öyrənilməsi;
b) təxmini
nəzarət - obyektin fəaliyyəti barədə
hansısa bir bitkin
təəssüratın yaranmasını qarşısına
məqsəd qoymayan, hansısa bir
mövzu çərçivəsində ümumi
materialların əldə edilmə-si, müəyyən
mühüm məsələlərə nəzər yetirilməsi,
ümumi təsəvvürün yaranması üçün
keçirilən səthi öyrənmə.
Vaxt aspektində
nəzarət ya daimi, ya da birdəfəlik ola bilər.
Həmçinin, məzmununa görə də nəzarət
fərqlənir: bilavasitə nəzarət edilməsi və
əvvəllər çıxarılmış nəzarət
qərarlarının icrasının yoxlanılması
(yəni nəzarət yoxlaması). Əvvəlki
nəzarət tədbirləri nəticəsində aşkara çıxarılmış
çatışmazlıq və pozuntuların aradan
qaldırılmasına, pozuculara sanksiyaların tətbiq
edilməsinə və sairəyə dair
nəzarət orqanlarının çıxardıqları
qərarların icrası nəzarət qaydasında
yoxlanıla bilər.