“Dövlət İdarəçiliyi”.- 2008.- ¹4. S. 171-176.
ERMƏNİSTAN-AZƏRBAYCAN,
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN
NİZAMLANMASINDA İSLAM KONFRANSI TƏŞKİLATININ
MÖVQEYİ
AQİL ƏHMƏDOV
Azərbaycan Milli Elmlər Akademiyasının aspirantı
Biz Azərbaycan
ərazisində ikinci bir erməni dövlətinin yaranmasına
yol verə bilmərik.
Heydər
Əliyev
Azərbaycan
Respublikası 1991-ci ilin 18 oktyabrında daimi müstəqilliyini
elan etdikdən sonra, dərhal həmin ilin 8 dekabr tarixindən
İslam Konfransı Təşkilatının (İKT)
tam hüquqlu üzvü seçilir [1]. Həm də Azərbaycan
Respublikası İKT-yə üzv olmaq
üçün keçmiş SSRİ məkanında ilk
olaraq təşkilata müraciət etmişdir. İKT-yə üzvlükdən təxminən
üç ay sonra, 1992-ci ilin mart ayında İKT-nin
î zamankı baş
katibi Həmid əl-Qabid öz müavini
Məhəmməd Möhsinin rəhbərlik
etdiyi nümayəndə heyətini ölkəmizə göndərmişdir.
Səfərdə məqsəd Azərbaycandakı ictimai-siyasi
vəziyyətlə tanış olmaq, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli imkanlarını öyrənmək idi. Nümayəndə
heyəti geri döndükdən sonra, 1992-ci il martın 31-də
İKT baş katibi Dağlıq
Qarabağdakı vəziyyətlə bağlı bəyanat
verdi. O, tərəfləri atəşi dayandırmağa,
üzv dövlətləri və humanitar təşkilatları
Dağlıq Qarabağın müsəlman icmasına
yardım göstərməyə çağırdı. Bu bəyanat
1992-ci il aprelin 1-də bütün dünyaya yayıldı [2,
s.530]. Qeyd olunan bəyanat nəticə
etibarı ilə İKT-nin Azərbaycan
Respublikasının haqq işini dəstəkləməsi
yolunda böyük səmərə verdi ki, bununla İKT dünya ictimaiyyətinin diqqətini
mövcud münaqişənin nizamlanması probleminə
yönəltmiş oldu. İKT ilə
mövcud imkanlardan dövlət-xalq naminə yararlanma isə
müstəqil və müasir Azərbaycanın qurucusu, həm
də memarı Heydər Əliyevin adı ilə sıx
bağlıdır. Bu baxımdan Kasablanka Zirvə
toplantısından Bakıya qayıdarkən, təyyarədə
jurnalistlərə açıqlama verən cənab Heydər
Əliyevin müsahibəsində maraq doğuran bir çox məqamlar
vardır: "Ötən üç ildə Azərbaycan İKT ilə müəyyən əməkdaşlıq
etsə də, bu çox da səmərəli olmayıb. Ona
görə də VII zirvə toplantısında Azərbaycanın
dövlət başçısı səviyyəsində
iştirak etməsi, şübhəsiz Azərbaycan
Respublikasının beynəlxalq aləmdəki vəziyyəti
və xarici siyasəti ilə əlaqədar böyük hadisədir.
Eləcə də bu toplantının birinci hissəsində mənə
söz verilməsi və çıxışımın
böyük diqqətlə dinlənilməsi, bir çox
dövlət başçılarının bu
çıxış barədə müsbət rəyi,
çıxışımın doğurduğu əks-səda
onu göstərir ki, artıq Azərbaycan Respublikası
özünə layiq olan yeri tutubdur... Bu toplantıda həm
gördüyümüz iş, həm mənim
çıxışım, həm qətnamələr, həm
də dövlət başçıları ilə ikitərəfli
görüşlərimiz, toplantının fasilələrində
keçirdiyimiz görüşlər və
apardığımız söhbətlər Azərbaycanı
islam dövlətlərinin, demək olar hamısına tanıtdı"
[2, s.531-532].
İKT ölkələri
XİN-nin 1993-cü ilin aprel ayında Kəraçidə
keçirilmiş XXI konfransı, 1994-cü ilin sentyabr
ayında İslamabadda keçirilmiş VII növbədənkənar
konfransı, 1994-cü ilin dekabr ayında Kasablankada
keçirilmiş XXII konfransı, 1996-cı ilin dekabrında
Cakartada keçirilmiş XXIII konfransı İKT
Baş Katibinin Ermənistan-Azərbaycan münaqişəsi
üzrə məruzəsini müzakirə edərək, onu
Ermənistanın Azərbaycana təcavüzü kimi kəskin
surətdə pisləmiş, erməni silahlı qüvvələrinin
işğal edilmiş Azərbaycan torpaqlarından təcili
surətdə çıxarılmasını, Azərbaycan Respublikasının
suverenliyinə və ərazi bütövlüyünə
hörmət etməyi Ermənistandan ciddi surətdə tələb
etmişdir. 1994-cü ilin dekabr ayında Mərakeş
Krallığının Kasablanka şəhərində
keçirilmiş VII Zirvə konfransı Ermənistan
Respublikasının Azərbaycan Respublikasına təcavüzü
ilə əlaqədar qətnamə qəbul etmişdir. Qətnamədə
Ermənistanın Azərbaycan Respublikasına təcavüzü
hərtərəfli əks etdirilmiş və Ermənistan
silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan
torpaqlarından qeyd-şərtsiz çıxarılması,
qaçqınların öz yurdlarına qayıtması məsələsi
qoyulmuşdu. Şuşa və Laçın rayonlarının
azad edilməsi problemi də konkret surətdə göstərilmişdi
[3, s.6]. 1994-cü ildə Ermənistan-Azərbaycan
münaqişəsinin ilk dəfə İKT-nin
BMT ilə əməkdaşlığı üzrə problemlər
siyahısına salınması da respublikamız
üçün mühüm əhəmiyyət kəsb edir.
Bu kimi siyahılar İKT Baş Katibliyi tərəfindən
hər il BMT-yə təqdim edilir. 1996-cı ilin oktyabr
ayında, î zaman Ciddədə İKT XİN-nin Cakartada
keçiriləcək XXIV konfransına hazırlıq məqsədi
ilə keçirilən yüksək rütbəli məmurlar
toplantısında isə Azərbaycan Respublikasının Səudiyyə
Ərəbistanı Krallığındakı səfirinin
bilavasitə şəxsi təşəbbüsü ilə ilk
dəfə olaraq, İKT-nin Ermənistan-Azərbaycan
münaqişəsi üzrə 1993-cü ildən etibarən
qəbul etdiyi qətnamələrin adı dəyişdirilərək,
"Ermənistan Respublikası ilə Azərbaycan
Respublikası arasında münaqişə haqqında qətnamə"
əvəzinə, "Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzü haqqında qətnamə
" adlandırılmağa başlandı [3, s.7].
Qətnamənin adının dəyişdirilərək erməni
qəsbkarlarının ifşa olunması Azərbaycan
diplomatiyasının bu mövzuda nə qədər həssas
davrandığını göstərməklə həm də
bu yolda hələ çox qələbələrə imza
atacaqlarına inanmağa əsas verirdi. İKT
XİN-nin XXIV konfransı Ermənistanın
təcavüzü ilə əlaqədar siyasi və iqtisadi qətnamələr
qəbul etməklə yanaşı, özünün yekun bəyanatında
ATƏT-in dövlət və hökumət
başçılarının Lissabon zirvə
görüşünün sənədlərinə daxil
edilmiş ATƏT-in hazırkı sədrinin Dağlıq
Qarabağ probleminin həlli üzrə 3 dekabr 1996-cı il
tarixli Bəyanatını dəstəklədiyini bildirmişdi
[3, s.8].
9-11 dekabr
1997-ci il tarixlərində Tehranda keçirilmiş İKT dövlət və hökumət
başçılarının VIII Zirvə konfransı
"ölkənin tarixi üçün belə çətin
və böhranlı vaxtda", Ermənistan Respublikasının
Azərbaycan Respublikasının Dağlıq Qarabağ və
digər bölgələrinin işğalı və bir
milyonadək əhalisinin zorla qovulması ilə müşayiət
olunan əməllərini pisləyərək, Azərbaycan
hökuməti və xalqı ilə tam həmrəylik ifadə
edərək, İslam Konfransı Təşkilatına üzv
dövlətlərə, islam qurumlarına və eləcə
də beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana
lazımi iqtisadi, maliyyə və humanitar yardım göstərilməsi
haqqında da qərar qəbul etmişdir [3, s.8-10].
Qeyd olunan tarixdə keçirilən İKT
Zirvəsi Azərbaycan Respublikası üçün
xüsusi əhəmiyyət kəsb edirdi. Bu müddət ərzində
həm də Azərbaycan prezidentinin üzv dövlətlərin
başçıları
və diplomatik nümayəndələri, eyni zamanda üzv
ölkələrin kütləvi informasiya vasitələrinə
verilən müsahibələrdən də aydın oldu ki,
respublikamızın tanınması istiqamətində məhsuldar
görüşlər keçirilmişdir. İKT-nin
î zamankı baş
katibi İzzədin İraqi
H. Əliyev ilə görüşündən sonra jurnalistlərin
suallarına cavab verərək qeyd etmişdir: "...Mən cənab
prezidenti əmin etdim ki, İKT həmişə
Azərbaycanın tərəfində olmuş və bundan sonra
da olacaqdır. Mən cənab prezidenti həmçinin əmin
etdim ki, bizim dəyişməz mövqeyimiz Azərbaycan
torpaqlarının işğaldan tamamilə azad
edilməsidir...." [3, s. 10-11]. Çox təbiidir ki,
siyasi-diplomatik uğurların arxasında dərin zəka və siyasi səriştə
durmaqdadır ki, baş katib Azərbaycanın belə
üstünlüklərə malik prezidentinin olmasını
mövcud problemin həll olunmasında son dərəcə əhəmiyyət
kəsb etdiyini xüsusilə vurğulamışdır.
2006-cı
ilin 19-21 iyun tarixlərində Azərbaycan Respublikası İKT XİN-nin XXXIII
konfransına ev sahibliyi etdi [4, s.4]. Bu tədbir İKT
çərçivəsində Azərbaycanda keçirilən
ilk mötəbər konfrans idi. Baş tutan toplantıda
bütün müsəlman ölkələrinin xarici siyasət
idarələrinin başçıları, diplomatlar,
müşahidəçi qismində dəvət olunan qonaqlar
və s. siyasi təşkilat nümayəndələri də
iştirak etmişdir. Azərbaycan Respublikası keçirilən
yüksək səviyyəli tədbirdən düzgün və
bacarıqla yararlana bildi. Çünki konfransda bizim tərəfdən
əsas xətt olaraq Dağlıq Qarabağ probleminin həlli
məsələsi konfrans boyu səsləndi və
bütün diqqət mövcud münaqişənin həlli
istiqamətinə yönəldildi ki, dünya ictimaiyyəti bu
məsələ ilə əlaqədar yeni sənədlərlə
tanış oldu. İKT sammitinin
gedişində "Azərbaycan — tükənməz yol" adlı sənədli filmi
nümayiş etdirildi ki, orada ölkənin tarixi və mədəniyyətindən
danışılır. Xüsusilə vacib məqam odur ki, həmin
lentdə Dağlıq Qarabağda daxil olmaqla, Azərbaycanın
işğal olunmuş ərazilərində ermənilərin
məhv etdikləri tarixi abidələr öz əksini
tapdı. Azərbaycanın xarici işlər naziri öz həmkarlarına,
həmçinin, Azərbaycanın işğal olunmuş
rayonlarının sputnikdən çəkilmiş
videogörüntülərini
nümayiş etdirdi. Bunun nəticəsində İKT-nin
Baş Katibi Ekmələddin İhsanoğlu bəyan etdi ki, o, BMT-nin Baş
Katibi Kofi Annana
müraciət edəcək, Azərbaycanın işğal
olunmuş ərazilərində flora və faunanın məhvinin yolverilməz olduğunu
bildirəcək [4, s.5]. Məlum olduğu
kimi bu görüntülərin konfrans
iştirakçılarına göstərilməsi daha bir
uğurlu addımın atılması idi və üzv, eyni
zamanda da digər dövlətlərin bundan Azərbaycanın
xeyrinə lazımi nəticə çıxaracağına
inamımızı daha da artırmış oldu. İKT XİN-inin XXXIII
Bakı sessiyasında qəbul edilmiş bəyannamədə
isə Ermənistandan öz qoşunlarını Azərbaycanın
işğal olunmuş torpaqlarından "dərhal, qəti
şəkildə və qeyd-şərtsiz "
çıxarmaq tələb olundu [5]. Konfransın yekun sənədində bu problemin
öz əksini tapması xüsusi əhəmiyyəti ilə
seçildi və Bakı Bəyannaməsinin qəbul
olunması ilə yekunlaşdı.
2006-cı
ilin 3 sentyabr tarixində isə İstanbulda İKT-nin
əməkdaşlıq və dialoq uğrunda gənclər
forumunun daimi qərargahının açılışı
mərasimi keçirildi. Yüksək səviyyəli tədbirdə
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
hamının diqqətini yenə də mövcud problemə
istiqamətləndirmişdi. "...Azərbaycan uzun illərdir
ki, Ermənistan tərəfindən təcavüzə məruz
qalmışdır. İşğal olunmuş torpaqlarda bizim
bütün tarixi abidələrimiz
dağıdılıbdır.... Mən böyük məmnunluq
hissi ilə qeyd etmək istəyirəm ki, artıq qısa
müddət ərzində Gənclər Forumunun təşəbbüsü
ilə Qarabağ münaqişəsinə dair kitab çapdan
çıxmışdır və ilk dəfə olaraq ərəb
dilinə də tərcümə edilmişdir. Yəni bu onu
göstərir ki, Forumun fəaliyyəti artıq praktik nəticələrə
gətirir....." [6]. "Qarabağ — faktlar, nəticələr"
adlı bu kitab bütün dünya kitabxanalarına bağışlanmışdır.
İKT
üzvü olan ölkələrin Turizm Nazirlərinin V
konfransı 2006-cı il sentyabrın 12-də Respublikamızda
keçirilmişdir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə
bildirmişdir ki, bəyannamənin mətninə ermənilərin
Azərbaycanın işğal olunmuş
torpaqlarında təbii ehtiyatları talaması, mədəniyyət
və tarix abidələrini dağıtması,
yanğınlar törətməsi, habelə Ermənistan ərazisindəki
islam mədəniyyət və tarix abidələrini məhv
etməsi kimi əməllərini qətiyyətlə pisləyən
bənd salınmışdır. Nazir bu sənədin
belə redaksiyada qəbul edilməsini dünya turizm sənayesinin
erməni faşizminin əsil niyyətlərini açıb
göstərən ciddi çağırışı kimi
qiymətləndirmişdir [7]. Ermənilərin Azərbaycanın işğal olunmuş rayonlarında
milli sərvətlərimizi kütləvi şəkildə
talamasını İKT xaricində
başqa bir beynəlxalq siyasi qurumun ciddi tənqid etməməsi problemi hələ də
dondurulmuş vəziyyətdə saxlamaqdadır. İKT 2007-ci ildə qondarma Dağlıq
Qarabağ Respublikasında "prezident seçkilərinin"
keçirilməsi ilə bağlı bəyanat yayaraq ermənilərdən
siyasi şou sərgiləməyi
dayandırmağı tələb etmişdir. Bəyanatda
deyilir: "Azərbaycanın Ermənistan
tərəfindən işğal olunmuş Dağlıq
Qarabağ bölgəsində qondarma "prezident seçkiləri" beynəlxalq hüquq
normalarının və prinsiplərinin
kobud şəkildə pozulmasıdır, davam edən sülh
danışıqlarına əngəl törədir. Bu səbəbdən
seçki və onun nəticələri heç bir hüquqi
qüvvəyə malik deyildir". İKT XİN-nin XXXIV
sessiyasında qəbul olunmuş İslamabad
Bəyannaməsində təsbit edildiyi kimi, İslam
Konfransı Təşkilatı Ermənistanın Azərbaycana
qarşı təcavüzünü kəskin şəkildə
pisləyir və Ermənistanın işğalçı qüvvələri tərəfindən
zəbt olunmuş Azərbaycan torpaqlarının tamamilə və qeyd-şərtsiz azad olunmasını tələb edir [8]. Bütün
hallarda zaman Azərbaycanın tərəfinə işləyir,
ermənilərin nümayiş etdirdikləri bu oyunlar isə
bir mənalı olaraq beynəlxalq siyasi qurumlarda narahatlıq
doğurmuş və heç bir hüquqi əsası olmayan
qondarma respublikada seçki keçirilməsinin yol verilməz
olduğu bir daha siyasi təşkilatlar tərəfindən
qeyd edilmişdir.
Azərbaycan
Respublikası Milli Məclisinin bir qrup millət vəkili
2008-ci il yanvar ayının 27-dən 31-ə dək Misirin paytaxtı Qahirədə təşkil
olunan İKT Parlament İttifaqının V konfransında iştirak edərək, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri
əks etdirən materialları konfrans
iştirakçılarına paylamışlar ki, bu yolda
"informasiya faktoru"ndan uğurla
istifadə olunmuşdur. Aparılan məqsədyönlü
iş nəticəsində İKT Pİ-nın qəbul etdiyi yekun sənədə
Dağlıq Qarabağ ilə əlaqədar 2 maddə əlavə
edilmişdir. Konfrans iştirakçıları Ermənistanın
işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz
boşaldılması ilə bağlı BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin yerinə
yetirilməsini, Azərbaycanın zəbt
olunmuş Dağlıq Qarabağ və digər ərazilərində
tarixi-mədəniyyət abidələrinin
dağıdılmasına son qoyulmasını tələb edən
maddələrə yekdilliklə səs vermişlər [9].
İnformasiya mübarizəsində də uduzan ermənilər
gec-tez işğal etdikləri əraziləri boşaldacaqlarına əmindirlər. Bundan sui-istifadə
edərək onlar qəsb etdikləri Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus
maddi-mədəniyyət nümunələrini (kitabxana, məktəb,
məscid, türbə və s.) məhv edir və hələ
bu azmış kimi də meşələrə od vurmaqla bu ərazilərin
zəngin flora-faunasına da təcavüz etmiş
sayılırlar. Bu baxımdan Qahirə konfransının Azərbaycanın zəbt
olunmuş torpaqlarındakı vəziyyət ilə
bağlı qəbul etdiyi qərarlar yerində və
düzgün şəkildə təsbit edilərək üzv
dövlətlər tərəfindən dəstəklənmişdir.
Daha bir toplantı, 2008-ci ilin 14
mart tarixində Seneqalın paytaxtı Dakarda İKT
XİN-nin konfransı keçirildi. Azərbaycanın
XİN Elmar Məmmədyarov Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə əlaqədar Azərbaycana
verdiyi dəstəyə görə İKT
ölkələrinə təşəkkürünü
bildirib. Cənab nazir BMT-nin plenar sessiyasında "Azərbaycanın
işğal altında olan ərazilərində vəziyyətə dair" adlı qətnamənin qəbulu ilə
bağlı səsvermə keçiriləcəyini bildirib:
"Mən bütün İslam Konfransı Təşkilatı
ölkələrini bu Qətnamə layihəsinə səs
verməyə çağırıram. Sizin dəstəyiniz
Azərbaycana münasibətdə İslam həmrəyliyi və
qardaşlıq münasibətinin təcəssümü olacaq". Öz çıxışında
Azərbaycanın İKT-nin fəaliyyətinə
verdiyi töhfələrə toxunan E. Məmmədyarov sammit
iştirakçılarını qurumun Bakıda keçirilən
İKT XİN-nin
görüşü barədə məlumatlandırıb
[10]. Dakar konfransı Azərbaycanın haqq işinin dəstəklənməsi
yolunda daha bir uğurlu addım olaraq qiymətləndirilir.
İndi artıq İKT-yə üzv olan
bütün ölkələr Azərbaycanın
işğal altında tutulan əraziləri ilə
bağlı Ermənistan Respublikasına qarşı
barışmaz mövqe tutmaqdadırlar ki, bu informasiyanın əsaslı
şəkildə daha da gücləndirilərək növbəti
toplantılarda problemin həlli ilə əlaqədar yeni
diplomatik yollara baş vurulmalıdır. Radikal millətçilikdən
uzaq olaraq İKT-nin Azərbaycan və eləcə
də digər üzv dövlətlərin torpaqlarına təcavüz
etmiş qəsbkarlara qarşı mübarizədə həmrəylik
nümayiş etdirməsi, bu yönümlə ümumislam
problemlərinin həllinə yalnız təkan vermiş
olacaqdır.
Ədəbiyyat
1. 45 üstəgəl
Azərbaycan. //"Həyat" qəzeti,
¹ 250, 25 dekabr, 1991.
2. Həsənov
Ə. Müasir Beynəlxalq münasibətlər və Azərbaycanın
xarici siyasəti. Bakı, Azərbaycan nəş.,
2005.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi: AR-nın Səudiyyə Ərəbistanın
Krallığındakı səfirliyi. //AR-nın
İKT ilə əməkdaşlığı
(arayış və sənədlər), Ər-riyad,
2000.
4. Xalturina İ. Dini masanın cəngavərləri,
"Region plus" jurnalı, ¹ 9 (9), 1
iyul, 2006.
5. Azərbaycan
İKT-yə bir il sədrlik edəcək.
//"Xalq Cəbhəsi" qəzeti, ¹ 113 (1100), 1-3 iyul, 2006.
6. İKT-nin
üzvü olan ölkələrin gəncləri dünyada
gedən mütərəqqi proseslərdə fəal
iştirak etməlidirlər. // "Respublikası"
qəzeti, ¹ 199 (2744), 5 sentyabr, 2006, s. 1.
7. İslam
ölkələrinin turizm sahəsində əməkdaşlığının
genişlənməsi Azərbaycanın dünyaya daha
yaxından tanıdılması üçün də yeni
imkanlar açacaqdır. //"Respublika" qəzeti, ¹ 206
(2751), 13 sentyabr, 2006.
8. İKT Dağlıq Qarabağda "prezident seçkiləri" ilə bağlı bəyanat
yaymışdır. //www.respublicanews.az
9. İKT-nin Parlament İttifaqı Azərbaycanla
bağlı mühüm sənədlər qəbul etmişdir.
//"Respublika" qəzeti, ¹ 024 (3159), 2 fevral, 2008.
10. Rəsmi Bakı İslam ölkələrini
Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyətə dair qətnaməyə səs verməyə
çağırıb. //"Yeni Azərbaycan" qəzeti,
¹ 049 (2737), 15 mart, 2008.