Olaylar. - 2018.- 18 oktyabr. - ¹ 182. - S. 15.

 

Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulmaqdadır

 

"2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə, biz məşğulluğu təmin edə bilmişik. Müasir yol infrastrukturu yaradılır, bu proses davam etdirilir. Bu il görüləcək işlər haqqında danışacağıq və qarşıya məqsəd qoyulub ki, bütün yollarımız yüksək səviyyədə olsun, magistral, şəhərlərarası, kənd yolları, fərq etməz, bütün yollar. Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri, həmçinin "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ölkə iqtisadiyyatının inkişafında səmərəli olmaqla əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna əhəmiyyət kəsb edir. Bununla yanaşı, ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında analitik-icmalçı Ehtiram Aşırlı deyib.

O bildirib ki, Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 10 il ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş,Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir:

"Nəqliyyatın hərəkətinin tənzimlənməsi və idarə olunması məqsədilə Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılmışdır. Ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, yerli və beynəlxalq daşımaların idarə olunması mexanizminin təkmilləşdirilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması 2014-2018-ci illərdə qarşıda duran əsas vəzifələrdən olacaqdır. Bununla əlaqədar bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

·         regionlarda nəqliyyat sisteminin davamlı inkişaf etdirilməsi, nəqliyyat

sektorunun, o cümlədən nəqliyyat xidmətləri bazarında rəqabət mühitinin daha

da təkmilləşdirilməsi;

·         ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun

daha da inkişafı;

·         regionlarda magistral yolların tikintisi və yenidənqurulması, xüsusi ilə kənd yollarının tikintisi, əsaslı təmiri ilə bağlı tədbirlərin davam etdirilməsi.

2014-2018-ci illərdə qarşıda duran əsas məqsədlərdən biri ekoloji tarazlığın təmin olunmasına nail olmaqdır. Biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasını çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər qarşıdakı illərdə də

davam etdiriləcəkdir".

Analitik qeyd edib ki, Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir:

"Artıq neçə illərdir ki, Bakı-Ələt-Qazax, Gürcüstan Respublikası dövlət sərhədi, Bakı-Astara-İran İslam Respublikası və Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yollarında rahatlıq və təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Eyni zamanda, yol inşaatçıları tərəfindən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində təkcə beynəlxalq əhəmiyyətli magistralları deyil, ölkənin rayonlarındakı kəndlərarası yollar da yenidən qurulur. Bununla da bölgələrdə yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun mərkəzə daşınmasında əvvəllər mövcud olan çətinliklər aradan qalxır. Həmin yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir.

Azərbaycan Prezidentinin yol-nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqətinin nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, ölkəmiz bu sahədə dünyada 36-cı yerdə qərarlaşıb.

Onu da qeyd edək ki, dövlətimizin başçısı bu il ərzində Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi qarşısında ən azı 600 kəndi əhatə edəcək 2 min kilometrdən artıq avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyub.

Azərbaycan Prezidentinin tapşırığının icrası ilə əlaqədar olaraq, adıçəkilən qurum tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən uzunluğu 415,2 kilometr olan respublika əhəmiyyətli 11, Bakı şəhəri üzrə uzunluğu 107,8 kilometr olan 13 və uzunluğu 1527,8 kilometr olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması və Bakı şəhərində 5 ədəd piyada keçidinin tikintisi layihəsinin yerinə yetirilməsi nəzərdə tutulub.

Bu layihələrin həyata keçirilməsi nəticəsində 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2050,8 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsi təmin olunacaq. Bundan əlavə, dövlət başçısının tapşırığı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanılıb və Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən cari ilin 6 ayı ərzində uzunluğu 463,8 kilometr olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub.

Ümumilikdə cari ilin ilk yarısında möhtərəm Prezidentimizin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, respublikanın 17 rayonunda 23 layihə, o cümlədən 2 respublika əhəmiyyətli, 17 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri artıq başa çatdırılıb.

Hazırda respublikada avtomobil yollarının tikintisi davam edir. Bu il plana görə yuxarıda qeyd edildiyi kimi, 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir.

Burada Prezidentinin sərəncamına əsasən, Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun salınması kimi mühüm layihə barədə də söhbət açmaq yerinə düşərdi.

Xatırladaq ki, bu yolun tikintisi yüksək keyfiyyətlə və sürətlə aparılır. Sözügedən yol Böyükşor gölünün üzərindən inşa edilir. Uzunluğu 2,7 kilometr olacaq yeni avtomobil yolu Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir.

Layihə çərçivəsində yeni yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Hər bir zolağın eni 3,75 metr, hərəkət hissəsinin eni isə 15 metr təşkil edəcək. Yol üzərində 2 tunelin inşası da nəzərdə tutulub. İnşaat işləri əsas yolun, tunellərin və qovşaqların tikintisi olmaqla, bir neçə hissə üzrə icra edilir.

Hazırda əsas yolun tikintisi üçün ərazidə torpaq işləri bitmək üzrədir, yararsız qrunt təqribən 160 min kubmetr həcmdə qazılaraq çıxarılıb. Bundan başqa, yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr yararlı qrunt materialı ilə qaldırılıb, hündür hissələr isə qazılaraq aşağı salınıb, tökülmüş torpaq lay-lay kipləşdirilib və 23,5 metr enində, təqribən 58 min kubmetr həcmdə yeni yol yatağının tikintisi işləri aparılıb.

Hazırda yolboyu 2 laydan ibarət yeni yol əsasının inşası işləri aparılır ki, həmin işlər də yekunlaşmaq üzrədir.

Yolboyu istiqamətləri ayırmaq məqsədi ilə 1 metr enində və 2727 metr uzunluğunda yol ayrıcının inşası da nəzərdə tutulub".

E. Aşırlı vurğulayıb ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən paytaxt Bakıda və ölkənin bütün bölgələrində avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Yol təsərrüfatındakı quruculuq və abadlıq işləri hər kəsdə qürur hissi oyadır:

"Respublikamızda yeni yolların tikilməsi ilə bağlı son aylarda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlar imzalaması yol inşaatçıları üçün yeni vəzifələr açır. Həmin sərəncamlar "Azəravtoyol" ASC-nin kollektivi qarşısında daha mühüm öhdəliklər planlaşdırır. Belə ki, cəmiyyətin yol inşaatçıları həmin sərəncamlara uyğun olaraq Şamaxı rayonunun Göylər-Quşçu, Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sorov, Sabirabad rayonunun Qalağayın-Osmanlı-Çöl Beşkəli-Zalqarağac-Çöl Ağaməmmədli-Aradkənd-Muğan Cəmilli, Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan, Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar, Ucar rayonunun Ucar-Gərayılbəyli-Cəlayır, Astara rayonunun Taxtanəkaran-Miki və Taxtanəkaran-Toradi, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc, Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yollarının tikintisinə başlamışlar. Bütün bunlarla yanaşı, "Azəravtoyol" ASC Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmirini və Qorağan-Qax-Zaqatala avtomobil yolunun bərpasını da həyata keçirəcəkdir.

Dövlət başçısı oktyabrın 23-də Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında daha bir sərəncam imzalamaqla "Azəravtoyol" ASC-nin yol inşaatçıları qarşısında yeni bir vəzifə müəyyənləşdirmişdir.

"Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir". Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu sözlərini artıq özümüzə deviz seçmişik. Azərbaycanın yol infrastrukturunun başdan-başa təzələnməsi barədə öhdəlik götürən kollektivimiz regionların sosial-iqtisadi inkişafına kömək etmək, ölkənin iqtisadiyyatına yeni töhfə vermək və daha böyük nailiyyətlər qazanmaq uğrunda əsl yarışa qoşulmuşdur. Eyni zamanmda, əzmlə çalışırıq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azəravtoyol" ASC-nin yol inşaatçıları qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələk. Şübhəsiz, biz dövlət başçısının etimadını mütləq doğruldacağıq. Bu sözləri isə bizə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dedi.

Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir. Ölkəmizə gələn bir də gəlmək istəyir. Turistlər rahat və təhlükəsiz yollarla Qubanın Xınalıq kəndinə, İsmayıllının Lahıc qəsəbəsinə, cənub mirvarisi Lənkərana, Qusarın "Şahdağ" Qış-Yay Turizm Kompleksinə, Şəkidəki Kiş Alban məbədinə, Şəki Xan sarayına, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astaraya və başqa görməli, səfalı turizm məkanlarına baxmaqdan doymurlar. Təsadüfi deyil ki, cari ildə Azərbaycana gələn turistlərin sayı 2 milyona yaxın olmuşdur.

Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur. Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.

Bu gün də, sabah da "Azəravtoyol" ASC yol inşaatçılarının bir amalı, bir məqsədi var: xalqımızın həyat səviyyəsini yüksəltmək, müstəqil Azərbaycanın çiçəklənməsinə nümunəvi xidmət göstərmək, mürəkkəb yol tikinti layihələrini bundan sonra daha da uğurla yerinə yetirmək və yeni-yeni zirvələr fəth etməkdir. Bütün bunlar həm də "Azəravtoyol" ASC kollektivi üçün günün şüarı, əsl deviz və əməli fəaliyyət proqramıdır".