Xalq qəzeti. - 2018.- 14 oktyabr. - ¹ 231. - S. 5.
Qazax tarixinə dair dəyərli mənbə
Şahin Mustafayev,
AMEA-nın həqiqi üzvü
Qazax-Ağstafa eli Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biridir. Ancaq bu tarixin bütün incəliklərinə bələd olduğumuzu söyləmək hələ tezdir. Çünki onun müxtəlif dövrlərə aid qatlarının açılması üçün bu bölgədə istər arxeoloji və etnoqrafik araşdırmaların, istər çoxsaylı və bugünə qədər yetərincə öyrənilməmiş epiqrafik abidələrin tədqiqinin, istərsə də hələ də müxtəlif dillərdə mövcud olan yazılı sənədli və narrativ qaynaqların üzə çıxarılması sahəsində fəaliyyətin canlandırılmasına böyük bir ehtiyac vardır. Bu işlər həm də ona görə mühüm, eyni zamanda, strateji önəm daşıyır ki, Qazax-Ağstafa eli müstəqil Azərbaycanın sərhəd bölgələrindən biridir və bu zonada vaxtı ilə siyasi-inzibati sərhədlər müəyyənləşdiriləndə Azərbaycanın tarixi torpaqlarının bir qismi bəzi səbəblərə görə qonşu ölkələrin tərkibinə verilmişdir. Və bu gün Qazağın Göyçə gölünə qədər uzanan və Azərbaycanın siyasi sərhədləri xaricində qalan tarixi torpaqlarına nəzər yetirdikdə orada minillik türk tarixi-mədəni izlərinin, demək olar ki, silindiyini görürük. Bu həm memarlıq, həm toponimika, həm etnoqrafiya, həm epiqrafika sahəsində özünü göstərən və hamımız üçün nə qədər ağır olsa da, tarixi ibrət dərsi olmalı bir faktdır. Bu baxımdan Qazax-Ağstafa bölgəsinin tarixinin bütün təfərrüatı ilə tədqiqini davam etdirib onu olduğu kimi xalqa çatdırmaq Azərbaycan elmi qarşısında duran önəmli vəzifələrdən biridir.
Oxuculara təqdim olunan “Qazax nahiyəsinin kameral təsviri” adlı tarixi qaynaq qeyd edilən mövcud boşluğu müəyyən mənada doldura biləcək arxiv sənədlərindən biridir. Bu sənəd 1860-cı ildə Rusiya imperiyasına daxil olan Qazax bölgəsində vergi praktikasının düzgün təşkili məqsədi ilə tərtib edilmişdir və hal-hazırda Ermənistan Milli Arxivində saxlanılır. Mənbəni əldə edib onu ana dilimizə çevirən və çapa hazırlayan Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli son illərdə bu sahədə fəal və fədakar fəaliyyəti ilə seçilən alimdir. O, Azərbaycan və Cənubi Qafqazın müxtəlif tarixi bölgələri, o cümlədən XIX əsrdə rus məmurları tərəfindən tərtib edilmiş İrəvan şəhərinin, Göyçə və Dərələyəz mahallarının kameral təsvirlərini elmi dövriyyəyə daxil etmişdir.
Bu növ arxiv sənədləri bir neçə səbəbdən son dərəcə önəmli tarixi qaynaq hesab edilir. İlk növbədə ona görə ki, onların Rusiya imperiyasının rəsmi dövlət sənədi statusuna sahib olmaları ehtiva etdikləri məlumatın tarixi etibarlılığını artırır. Bununla yanaşı, bu mənbələr XIX yüzillikdə bizim tarixi torpaqlarımızda imperiya məmurları tərəfindən aparılmış vergi ödəyən əhalinin siyahıyaalma nəticələrini əks etdirir. Beləliklə, bu gün müasir alimlər həmin mənbələrdən Cənubi Qafqazın müxtəlif ərazilərində etnodemoqrafik tarixin öyrənilməsi üçün əvəzsiz arxiv bilgiləri əldə edirlər. Kameral təsvirlər həm də etnoqrafiya, toponimika və antroponimika sahəsində araşdırmaların aparılmasına təkan verə biləcək mahiyyət daşıyır. Və nəhayət, bu sənədlərdəki məlumatların daha erkən dövrlərdə, xüsusilə XVIII əsrin 20-ci illərində Osmanlı hakimiyyəti dönəmində eyni bölgələrə aid Osmanlı vergi-maliyyə reyestrlərinin (təhrir dəftərlərinin) bilgiləri ilə müqayisəli şəkildə təhlili qeyd edilən sahələrdə tarixi dinamika və dəyişiklikləri üzə çıxarmağa imkan yarada bilər. Bu da Azərbaycanın ayrı-ayrı bölgələrinin tarixinin və ya “lokal tarix” adı ilə bilinən elm istiqamətinin inkişafına stimul yarada bilər. Bu baxımdan 1860-cı il Qazax nahiyəsinin kameral təsvirinin Osmanlılar tərəfindən 1728-ci ildə tərtib edilmiş və Qazax və Borçalı torpaqlarını əhatə edən Tiflis əyalətinin müfəssəl dəftəri ilə qarşılıqlı araşdırılması son dərəcə maraqlı və önəmli nəticələr verə bilər. N.Əhmədli də haqlı olaraq, giriş mətnində bu məsələyə toxunur.
Ümumiyyətlə, Rusiya imperiyasında kameral təsvir (“êàìåðàëüíîå îïèñàíèå”) adı ilə bilinən sənədlərin hazırlanması idarəetmə ehtiyaclarından və iqtisadi səbəblərdən meydana gəlmişdir. Belə ki, imperiyanın ərazisi genişləndikcə onun bütövlükdə və ayrı-ayrı əyalətlər üzrə idarə edilməsi də mərkəzi hakimiyyət qarşısında yeni və ciddi məsələlər qoyurdu. İmperiyanın əhalisi, torpaqları, yeraltı və yerüstü zənginlikləri, iqtisadi potensialı, gəlir gətirən sahələri və s. barədə əldə tam və dəqiq məlumat olmadıqca qarşıya çıxan problemlərin həll olunmasının mümkünsüzlüyü ortaya çıxırdı. Bu da öz növbəsində təbii olaraq, Rusiyada statistikanın yaranmasına, onun elmi və praktiki əsaslarının qoyulmasına gətirib çıxarmalı idi. Əslində, Rusiya imperiyasında bu prosesin XIX əsrin əvvəllərində başladığını söyləmək mümkündür. Xüsusilə imperator I Aleksandrın dövründə dövlət idarəçiliyi sahəsində M.M.Speranskinin rəhbərliyi ilə aparılan geniş islahatlar çərçivəsində statistikanın bir elm və praktiki sahə kimi formalaşmasına və Rusiyanın daxili həyatında aparıcı Avropa ölkələrində təcrübədən keçirilmiş üsulların tətbiqinə ciddi diqqət yetirilmişdir. Rus cəmiyyətinə bu yeniliklərin önəmli təsirini izah edən Y.Zyablovski 1808-ci ildə nəşr etdirdiyi “Rusiya imperiyasının statistik təsviri” adlı kitabında yazırdı: “Statistikanın faydası barədə çox danışmağa gərək yoxdur. Bunu demək kifayətdir ki, o, vətəndaş cəmiyyətlərini onların daxili durumuna görə dolğun və tam şəkildə təsvir etməklə bizə xalqın rifahı haqqında düzgün bilgi verir” (S.Pb, 1808).
Kameral təsvirlər, ümumiyyətlə, Rusiya imperiyasında, o cümlədən tarixi Azərbaycan torpaqlarında vergiyə cəlb edilən əhali və təsərrüfat obyektləri barədə ilkin statistik məlumatı təmin edəcək rəsmi dövlət sənədləri rolunu oynayırdı. Onların tərtibi qaydaları hər dəfə imperatorun fərmanı və hökumətin qərarı ilə müəyyən edilirdi. Məsələn, Cənubi Qafqaz bölgələrinin (“Zaqafqaziya diyarının” (“Çàêàâêàçñêèé êðàé”)) kameral təsvirinin tərtibi ilə bağlı məsələ Nazirlər komitəsinin 9 aprel 1829-cu il toplantısında müzakirə edilmiş və müsəlmanlar yaşayan ərazilərdə bu işlərin aparılmasında yerli torpaq sahiblərinin (ağalar, sultanlar, bəylər) rus məmurlarına gərəkli yardım göstərmələri barədə qərar qəbul edilmişdi. Sənəddə qeyd olunduğu kimi, “Rusiya imperiyasına aid olan Zaqafqaziya əyalətlərində önəmli gəlir qaynağı ola biləcək zənginliklərin mövcudluğu və onlar haqqında əldə olan məlumatın qeyri-müəyyənliyi maliyyə nazirini 1827 - ci ilin əvvəlində imperator zati-alilərindən o diyara maliyyə sahəsində mövcud məlumatların yoxlanması və əlavə bilgilərin toplanılması məqsədilə bir məmurun göndərilməsi barədə müraciət edib icazə almağa vadar etdi”. Hökumətin qərarında vergidən yayınma, vergi ödəyəcək insanların adlarının gizlədilməsi və qeydiyyatdan kənarda tutulması təşəbbüslərinə xüsusi diqqət yetirilməsi və belə şəxslərə qarşı ciddi cəza və cərimələrin tətbiq olunması nəzərdə tutulurdu. Eyni zamanda, kameral təsvirin məqsəd və vəzifələri ilə yerli əhalinin öncədən geniş məlumatlandırılması üçün bu siyahıyaalmanın qaydalarının üç dildə – rus, gürcü və Azərbaycan (“tatar”) dillərində çap olunub yayılması, bu qaydaların kilsə və məscidlərdə oxunması haqqında göstəriş verilmişdi. Maraqlıdır ki, qərarda erməni dilində belə “təlimatnamələrin” çapı barədə heç bir məlumat yoxdur. Görünür, Cənubi Qafqazda dövlətçilik ənənəsinə sahib olmayan ermənilər uzun müddətdən bəri dövlət əhəmiyyətli qərarlar barədə gürcü və ya Azərbaycan dilində məlumat aldıqları və təbii olaraq bu dillərə bələd olduqları üçün rus hökuməti bu dövrdə ermənicə ayrıca sənədlərin çap olunmasına ehtiyac duymamışdı. Bundan savayı, qərarda kameral təsvirin məqsədinin yeni vergilərin tətbiq olunması deyil, mövcud olan vergilərin nizama salınması və hamıdan eyni qayda və bərabər şəkildə alınması olduğunun yerli əhaliyə elan edilməsinin gərəkliliyi vurğulanırdı. Belə kameral təsvirlərin təqribən hər 10 ildə bir dəfə keçirilməsi nəzərdə tutulurdu və nəticədə “Xəzinə ekspedisiyası” (“Êàçåíàÿ ýêñïåäèöèÿ”) adlanan müvafiq qurum tərəfindən hər bir ailəyə və ya vergi ödəyən fərdə xüsusi şəhadətnamələr verilməli idi. Bu məsələ ilə əlaqədar sənəddə maraqlı məqamlar qeydə alınıb. Belə ki, öncəki təklifə görə, əlavə vergilərin tətbiq olunmaması üçün əhaliyə veriləcək şəhadətnamələrin adi kağız üzərində çap olunması nəzərdə tutulmuşdu. Ancaq Gürcüstan Xəzinə ekspedisiyasının rəisi kameral təsvir zamanı ortaya çıxacaq xərclərin dövlət xəzinəsinə yük olmaması üçün bu şəhadətnamələrin xüsusi möhürlü kağız (“ãåðáîâàÿ áóìàãà”) üzərində çap olunaraq, hər birinin yerli insanlara 27 gümüş qəpik qarşılığında verilməsini təklif etmişdi. Və siyahıyaalma işlərinin bütün xərcləri – məmurlara günlük 2 gümüş rubl maaş, tərcüməçilərə günlük 1 gümüş rubl maaş, siyahıyaalmada iştirak edən məmurların və yerli vəzifəli şəxslərin yol xərcləri, şəhadətnamələrin çapı, kameral təsvirin başa çatdırılması üçün son mərhələdə lazım olan idarənin təşkili və digər xərclər yığılan bu vəsaitdən ödənilə bilərdi. Sənəddə qeyd edildiyi kimi, bu dövrdə Qafqazın hərbi idarəçisi vəzifəsini tutan general Paskeviç-Erivanskinin etirafına görə, bu işlər müəyyən xərc tələb etsə də, nəticədə dövlət xəzinəsinin əldə edəcəyi gəlir müqayisə edilməyəcək dərəcədə daha böyük idi. Belə ki, əhalinin siyahıyaalma işləri başa çatdıqdan sonra hökumətə illik 500.000 əskinas rublu məbləğində gəlir gələ biləcəkdi. Ümumiyyətlə, kameral təsvirin 10 ayda bitirilməsi nəzərdə tutulmuşdu.
Beləliklə, 1860-cı il Qazax nahiyəsinin kameral təsviri daha öncə imperiyanın müxtəlif bölgələri üçün tərtib olunmuş bu növ sənədlərlə bənzərlik təşkil edərək eyni prinsiplər və ənənə əsasında hazırlanmışdır. Qeyd edildiyi kimi, azərbaycanlı (“tatar”) əhali yaşayan bölgələrdə yerli zadəgan təbəqəsinin nümayəndələri kameral təsvirin tərtibində yaxından iştirak etməli və rus məmurlarına gərəkli yardımı göstərməli idilər. Eyni zamanda özləri bütün vergilərdən “muaf” tutulduqları, yəni azad edildikləri halda, onlar öz kənd və obalarında dövlət xəzinəsinə gedəcək vergi və rüsumların toplanmasında da iştirak etməli idilər. 1840-cı illərdə bu bölgələrə səyahət etmiş alman aristokratı, prussiyalı baron fon Haxthausen yerli azərbaycanlı zadəgan silki – bəylər haqqında aşağıdakı diqqətəlayiq məlumatı vermişdir: “Tatarlarda “bəylər” adlanan irsi zadəgan silki mövcuddur, demək olar, hər kənddə bir bəy ailəsi var. Əvvəllər bəylərin mülki işlərə aid hüquqları və bundan savayı xəzinəyə aid vergilərin toplanması məsuliyyəti var idi. Hər bir kəndli ailəsinin bəylərə bir gün torpağı şumlamaq və əkmək, bir gün biçmək, bir gün də xırmanda işləmək və bunlardan əlavə [bəylərin bir yerə] səyahəti zamanı at təmin etmək öhdəliyi var idi; lakin indi bunlar hamısı müəyyən məbləğdə pul rüsumu ilə əvəz edilib. Sadə insanlarda köhnə bəy ailələrinə qarşı böyük ehtiram var, lakin bu hisslər yeni bəy ailələrinə şamil edilmir; sonuncular, çox güman ki, öz titullarını ruslara qulluq etdiklərinə görə təzəliklə alıblar. Dövlət xəzinəsi bəylərin torpağına iddia edir, ancaq görünür, bu iddia bir növ öz hakimiyyətini qəbul etdirmə niyyətindən başqa bir şey deyil. Bəylər öz torpaqlarının məhdudiyyətsiz sahibidirlər və vergi ödəmirlər”.
Eyni zamanda, Qazax nahiyəsinin kameral təsviri bu ərazidə məskun olan və vergi mükəlləfiyyəti daşıyan əhalinin sayı və etnokonfessional tərkibi haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bununla yanaşı, zahirən quru və statistik mahiyyətli sənəd kimi görünən bu mənbəyə daha diqqətli və yaradıcı şəkildə yanaşdıqda onun dərin qatlarından Qazax əhalisinin günlük təsərrüfatı, məişət həyatı, ailə ənənələri və bu kimi digər etnoqrafik xarakterli təsəvvürlər də əldə etmək mümkün olur. Qazax bölgəsində orta ailə təqribən neçə nəfərdən ibarət idi? Ailə başçısı üçün hansı yaşa qədərki dövr reproduktiv hesab edilə bilərdi? Uşaqların arasında orta yaş fərqi neçə olurdu? Bu və bu kimi suallarla mənbəyə müraciət etdikdə xalqımızın məişət həyatı və tarixi ilə bağlı son dərəcə maraqlı sosioloji və etnoqrafik nəticələr əldə etmək olar.
Oxucuların diqqətinə təqdim olunan bu kitab məlum və önəmli tarixi həqiqəti – Qazax elinin coğrafi sərhədlərinin tarixən olduğu kimi XIX əsrin ortalarında da müasir hüdudlarından nə qədər geniş olduğunu bir daha təsdiqləyir. Bu gün Ermənistana daxil olan Dilican dərəsi, Qaraqoyunlu dərəsi və digər ərazilər, əslində, Qazağın tarixi hüdudları içində yer alır və bu həqiqəti rus məmurlarının tərtib etdikləri kameral təsvir də göstərir. Odur ki, bu cür arxiv sənədlərinin elmi dövriyyəyə daxil edilməsi və nəşri istər vətən tarixi haqqında əsaslı biliyə yiyələnmək, istərsə də Azərbaycan torpaqlarına “tarixi hüquq” mövqeyindən iddia irəli sürənlərə kəskin və tutarlı cavab vermək baxımından olduqca vacibdir.
Qazax elinin insanlarının günlük həyatı, davranış qaydaları və ənənəvi təsərrüfat üsulları ilə maraqlanan oxucular bu nəşrdən diqqəti cəlb edən digər xeyli məlumat da əldə edə bilərlər. Belə ki, kitabın “Əlavələr” hissəsində 1836-cı ildə Sankt-Peterburqda çap olunmuş D.Zubarevin Qazax haqqında hesabatı verilib. Bu hesabat, əslində, imperiyanın metropoliyasından gəlib özü üçün yeni və yabançı olan Azərbaycan mühitinə düşmüş, Qazax mahalı və əhalisinin günlük həyatını dəyərləndirmək istəyən bir rus məmurunun müşahidələrindən ibarətdir. Həqiqətən, əgər biz XIX yüzilliyin birinci yarısında ənənəvi Azərbaycan cəmiyyətinin həyatına kənardan baxışın necə olduğunu, onun yeni qurulmaqda olan müstəmləkə rejiminin nümayəndələri tərəfindən necə qəbul edildiyi və qiymətləndirildiyini öyrənmək istəyiriksə, yəqin ki, D.Zubarevin hesabatı bu sahədə ən yaxşı mənbə örnəklərindən biri kimi diqqəti cəlb edə bilər. Çünki bu sənəd yalnız ümumi maraq xatirinə deyil, imperiyaya yeni birləşdirilmiş və az tanış olan bir xalqla məskunlaşmış bir ərazidə idarəçilik sisteminin qurulmasına yardım etmək məqsədiilə qələmə alınmışdır. Bu baxımdan D.Zubarevin yazısı olduqca böyük maraqla oxunur. Onun bir sıra qənaətləri öz sərrastlığı və dəqiqliyi ilə seçilir. Hiss olunur ki, müəllif dövrünə görə müasir təhsil görmüş, geniş elmi dünyagörüşü və praktik biliklərə sahib bir insandır. Bu baxımdan, müəllifin Qazax əhalisinin müasir təhsil və mədəniyyətə can atdığını, eləcə də bunun önəmli bir örnəyi kimi mahal bəyləri və ağalarının öz övladlarını Tiflisə savad dalınca göndərdiklərini qeyd etməsi önəmli bir faktdır. Şübhəsiz, Qazax-Ağstafa elinin insanlarının müasir mədəniyyətə və təhsilə göstərdikləri maraq və meyl XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində burada Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə, hərb sənətinə töhfə vermiş xeyli sayda şəxsiyyətlərin yetişməsinə səbəb olmuşdur. Sadəcə çar dövründə rus ordusunda yüksək hərbi rütbələr, o cümlədən general rütbəsi almış Əli ağa Şıxlinski, İbrahim ağa Usubov, İbrahim ağa Vəkilov, Cavad bəy Şıxlinski, Qalib bəy Vəkilov kimi tanınmış hərbi xadimlərin adlarını çəkmək kifayətdir. Bununla yanaşı, D.Zubarevin bəzi mülahizələrinin mübahisəli olduğunu da qeyd etməliyik. Misal üçün, o, Qazağın əlverişli təbii şəraiti və torpağının münbitliyini yüksək dəyərləndirərək, burada yaşayan insanlarının təsərrüfat sahəsindən kifayət qədər yüksək gəlir əldə etmək imkanlarının olduğunu, lakin əhalinin “məlum tənbəlliyi” ucbatından sanki bunun həyata keçmədiyini və ümumi yoxsulluğun yayğın olduğunu qeyd edir. Bu qənaətin müəllifin subyektiv mülahizələrinin nəticəsi olmasını uzun-uzadı əsaslandırmağa, yəqin ki, ehtiyac yoxdur. Yalnız bunu qeyd etmək gərəkdir ki, zənnimizcə, D.Zubarev Qazağın iqtisadi potensialını ali təhsilli və müasir dünyagörüşlü bir mütəxəssis nöqteyi-nəzərindən dəyərləndirərək, o dövrdə yerli insanların, əsasən, savadsız və Avropanın nailiyyətlərindən məlumatsızlığını, bu səbəbdən onun görə bildiyi imkanlardan xəbərsiz olduqlarını diqqətdən qaçırır. Bununla yanaşı, müəllif özü də etiraf edir ki, Qazağın müsəlman türk əhalisinin böyük hissəsi yaylaq-qışlaq və ya yarımköçəri həyat sürür, qışın soyuğunda öz sürülərini aran bölgəsində otarır, yayın qızmar istisində isə, əsasən, Dilcan dərəsinin sərin, bol su və otu olan dağ yamaclarında keçirir. Bu həyat tərzi ilə tanış olanlar bilir ki, dinamik köç həyatı, mal-qaranın düzgün otarılması, onun tələf olmaması üçün qeydinə qalınması, ailənin və nəslin keçinməsi üçün bu sahədən gəlir əldə edilməsi və s. nə qədər zəhmət tələb edən bir sahədir.
Ümumiyyətlə, 1860-cı il Qazax nahiyəsinin kameral təsviri Qazax-Ağstafa elinin sosial-iqtisadi tarixi, etnoqrafiyası və toponimikasını öyrənmək üçün son dərəcə önəmli bir qaynaqdır. Əminəm ki, bu kitab mütəxəssislər və bütün oxucular tərəfindən maraqla qaşılanacaqdır.