Âûøêà.-2018.-13 àïðåëÿ.-¹14.-Ñ.6.
Azərbaycanda telefon rabitəsinin inkişafi tarixindən
Sitarə Ağayeva,
Nəqliyyat və yüksək texnologiyalar naziliyinin əməkdaşı
Azərbaycanda ilk telefon rabitəsinin yaranma tarixi haqqında kifayət qədər geniş tədqiqat işləri mövcud olsa da bu əsərlərdə alınan nəticələr ziddiyyətli və tam deyil. Bu tədqiqatlarda bir qayda olaraq, ilk telefon xətti kimi Bakıda yerləşən «Qafqaz və Merkuri» gəmiçilik idarəsinin ofisindən (kontorundan) Bakı limanında yerləşən «Kaspi» cəmiyyətinin kontoruna, 1880-cı ilin sonlarında çəkilmiş telefon xətti göstərilir.
Lakin arxiv sənədlərinin araşdırılması zamanı məlum olub ki, telefon çəkilişinə icazə alınması, inşası, istifadə qaydaları və s. məsələlər imperator III Aleksandrın 1881-ci il 27 fevral tarixində imzaladığı «Pravila obc ustroystvec telefonnıxc soobheniyc» fərmanı ilə tənzimləmişdir və bu tarixdən sonra çəkilişinə icazə verilmiş xəttlər qanuni hesab edilmişdir. Ona görə də Azərbaycanda ilk telefon rabitəsi 1881-ci ilin 23 noyabrında (yeni təqvimlə 6 dekabr) «Nobel qardaşlarının neft istehsalı cəmiyyəti»-nin baş kontoru ilə şirkətin sədrinin və baş mühəndisinin evlərini birləşdirən rabitə sistemi (uzunluğu 6 km) qəbul edilir.
Telefon rabitəsinin və bir çox texnika və texnologiyaların Azərbaycanda ilk tətbiqinin Nobel qardaşlarının adı ilə bağlı olduğuna görə onların Bakıya gəlişinin qəribə tarixçəsi haqqında qısa məlumat vermək yerinə düşər. Rusiyanın Vıborq şəhərində yerləşən və o zamanda Rusiyanın ən böyük maşınqayırma zavodu olan «Lyudviq Nobel» zavodunda digər silahlarla bərabər dövrünün məşhur «Berdana» tüfəngi də istehsal edilirdi. Bu tüfənglərin qundağı üçün xüsusi bərk oduncaqlı ağac axtaran ilə qardaşlardan biri Robert 1873-cü ildə Azərbaycana gəlir. Bakıda neftlə bağlı coşqun istehsal münasibətlərinin şahidi olur. Sahibkarlıq hissiyatı ilə başa düşür ki, neft işində daha böyük gəlir əldə etmək olar. 1875-ci ildə Robert Bakıya qayıdır və kiçik bir neft emalı zavodu alır. Tezliklə digər qardaşları Alfred və Lyudviq də Bakıya gəlir və onlar birlikdə neft işinə başlayırlar. Artıq 1879-cu ildə yaradılmış və özünün neft tankerləri, neft kəməri, vaqon-sistemləri, neft bazası, limanı və s. olan cəmiyyət rus imperiyasının ən böyük neft-çıxarma və neft emalı şirkətinə çevrilir. Maraqlıdır ki, bu texnika və texnologiyaların bir çoxu dünya praktikasında, digərləri isə imperiya miqyasında tətbiq edilən yeniliklər idi.
Artıq Nobel qardaşlarının çoxşaxəli istehsalat obyektləri Abşeron yarımadasının demək olar ki, bütün ərazisi boyu səpələnmiş şəkildə idi. Onlar bilirdilər ki, bu obyektləri vahid mərkəzdən idarə etmək üçün bir sıra Avropa ölkələrində istifadə edilən telefon rabitəsi ən mühüm vasitədir. Ona görə də öz nüfuz və maliyyə imkanlarından istifadə edərək, imperiya ərazisində ilk dəfə Bakıda, öz istehsalat sahələrində telefon rabitəsini tətbiq etməyə nail oldular. Beləliklə, kəşfindən cəmi beş il keçməsinə baxmayaraq, artıq 1881-ci ildə Bakıda telefon çəkilməsi haqda rəsmi sənədləşmə və statistika var idi.
Telefonun Nobel qardaşları tərəfinfən istifadə edilməsi digər şirkətlər üçün nümunə oldu. Bakıda fəaliyyət göstərən bütün orta və iri şirkətlərin əksəriyyəti, I Dünya müharibəsinədək, öz xüsusi telefon şəbəkələrini yaratmışdırlar. Bu dövrdə telefon stansiyaları tətbiq edilməyə başlanır. Artıq 1917-ci ilin oktyabr inqilabına qədər Azərbaycanda, (4-ü Abşeron və 1 -i Gəncədə olmaqla) 5 telefon stansiyası inşa edilmişdir. Əksər şirkətlərin xüsusi telefon şəbəkələri şəhər telefon stansiyaları ilə birləşirdi və şirkətlər öz telefonlarından şəhər abonentlərinə çıxış əldə edirdilər. Azərbaycanın uyezd (qəza) mərkəzlərinin telefonlaşması prosesi ləng də olsa aparılırdı. Kəndlərin telefonlaşması işinə başlanmamışdır. Telefonlaşma işini şirkətlər adətən öz qüvvələri ilə, sonralar isə xüsusi ixtisaslaşmış podratçı şirkətlərlə sifarişlər bağlamaqla həyata keçirirdilər. Şəhər telefon stansiyaları xüsusi sahibkarların mülkiyyətinə verilmişdir. Şəhərlərarası magistral xəttlər dövlətin (imperiyanın Poçt və Teleqraf Baş idarəsinin) mülkiyyətində idi.
Azərbaycan Demokratik Respublikası dövründə (28 may, 1918- 28 aprel, 1920) əsasən dövlət quruculuğu, ordu yaradıcılığı və s. respublika üçün həyati əhəmiyyətli məsələlər ön plana çəkildiyi üçün rus imperiyasından miras qalmış rabitə sahəsinə xüsusi diqqət vermək mümkün olmamışdır. Bu dövr ərzində respublikanın Nazirlər Kabinetinin (5 kabineti) tərkibində rabitə, poçt və teleqraf işlərinə 4 nazir rəhbərlik etmişdir: Xudadat bəy Məlik- Aslanov, Ağa Aşurov, Aslan bəy Səfikürdski, Camo bəy Hacınski
1918-ci ilin 28 may tarixində Azərbaycan Milli Şurasının Tiflis şəhərində keçirilən iclasında müstəqillik haqqında Bəyannamə ilə bərabər, Nazirlər Şurasının (I kabinetinin) tərkibinə daxil olan Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov yol, poçt və teleqraf naziri təyin edilir.
Cümhuriyyət dövründə həyata keçirilən ən mühüm işlər kimi ayrıca Poçt və Teleqraf Nazirliyinin (telefon rabitəsi məsələləri də bu nazirliyə aid idi), AzərTac Teleqraf Agentliyinin yaradılması və s. göstərmək olar.
I Dünya müharibəsi dövründə fəaliyyəti iflic halına düşmüş rabitə obyektlərinin bərpası, Azərbaycanla qonşu dövlətlər arasında (xüsusilə Gürcüstan və İran) rabitə vasitələrinin yaradılması işləri həyata keçirildi. Rabitə sahəsində kadrların hazırlanması işinə də xüsusi diqqət yetirilmişdir. Məsələn, 1919-cu ildə Bakıda ixtisaslaşmış Poçt-Teleqraf məktəbi açıldı, təsis edilən Bakı Dövlət Universitetinin tərkibində müvafiq ixtisaslar yaradıldı və s. Rabitə işinin genişləndirilməsi məqsədi ilə Azərbaycan nümayəndə heyəti Tiflisdə keçirilən beynəlxalq konfransin təşkilində və işində yaxından iştirak edir, Gürcüstan ilə daimi rabitə əlaqələrinin yaradılması haqqında Bəyannamə və Konvensiya imzalayırlar. Respublika ərazisində (əsasən Bakı və Gəncədə) bir çox poçt, teleqraf və telefon danışıq məntəqələri inşa edilir. AXC-yə aid bir çox araşdırmalarda I, IV və V Nazirlər Kabinetində nazir işləmiş Camo bəy Hacınskinin rabitə sahəsində xüsusi xidmətlərinin olduğu qeyd olunur.
Azərbaycanda yenidən qurulan Sovet hakimiyyəti Poçt-Teleqraf Nazirliyini ləğv edərək, Poçt və Teleqraf Komissarlığı yaradır (Xalq Komissarlığı Sovetinin tabeçiliyində) və bütün rabitə müəssələrini milliləşdirir. 1953-cü ildə Azərbaycan SSR-də Rabitə Nazirliyi yaradıldı.
Böyük Vətən müharibəsi illərində digər mühüm sahələrdə olduğu kimi rabitə sahəsində durğunluq dövrü yaşandı. Müharibəyə qədər Sovet İttifaqında əsasən əllə kommutasiya olunan qaytanlı telefon stansiyalarından istifadə edilirdi. Aydındır ki, iri şəhərlərdə istifadə edilən böyük tutumlu stansiyalarda əllə idarə olunma aşağı kommutasiya sürəti, «insan faktoru» ilə bağlı səhv kommutasiya və s. çoxlu problemlər yaradırdı. Mövcud olan cəmi bir necə rabitə avadanlığı zavodlarının (məsələn, Krasnaya Zarya zavodunun) istehsal etdiyi stansiyaların minimal monjat tutumu 500 nömrə idi. Müharibə rabitə sahəsinin beşillik planlara uyğun sistemli inkişafını dayandırdı. Rabitə işçilərinin xeyli hissəsinin cəbhəyə göndərilməsinə, texniki təchizatın demək olar ki, dayandırılmasına baxmayaraq, sahə ləng də olsa inkişaf etdirilirdi.
Azərbaycanda rabitənin, o cümlədən telefon rabitəsinin inkişaf tarixinin Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev hakimiyyəti dövrləri (14 iyun, 1969 - 3 dekabr, 1982 və 15 iyun, 1993 - 31 oktyabr, 2003) kifayət qədər geniş araşdırılmışdır.
Qeyd etmək vacibdir ki, istər publisistik, istərsə də elmi nəşrlərdə rabitənin (daha ümumi halda İKT- nin) inkişafının qeyd olunan dövrləri «Heydər Əliyev mərhələləri» adlandırılır. Statistik məlumatlar göstərir ki, əgər 1990-cı ilin əvvəllərində telefonlaşma səviyəsinə görə Azərbaycan SSRİ-i respublikaları arasında sondan əvvəlki (14-cü) yeri tuturdusa, 2003-cü ildə həmin meyar üzrə artıq 3-cü yeri, telefonlaşmanın bir sıra keyfiyyət göstəricilərinə görə, məsələn, elektron ATS-lə- rin ümumi ATS sayında payına görə 1-ci yeri tuturdu və s. İKT-nin bir çox göstəriciləri üzrə nəinki keçmiş sovet respublikaları arasında (bu dövrün sonunda bütün SSRİ respublikaları artıq müstəqil dövlət idi), eləcə də dünya dövlətləri sırasında layiqli yer tuturdu.
Ötən əsrin 70-ci illərinin əvvələrinə aid mənbələrin araşdırılmalarının nəticələri göstərir ki, Heydər Əliyev respublika iqtisadiyyatının inkişafında nəqliyyat və rabitə sahəsinin roluna xüsusi əhəmiyyət verib
1970-2003-cü illər ərzində görülmüş işlər nəticəsində, telefon rabitəsinin əsas göstəricilərindən olan telefon stansiyalarının tutumu 1970-ci ildəki 340 mindən 1 milyona çatdırlır ki, bunun da respublika üzrə 48.4 %-ni, Naxçıvan Muxtar Respublikasında isə 100 % -ni rəqəmli ATS-lər təşkil edirdi.
Qeyd olunan dövr üzrə rabitə sahəsinin inkişaf səviyyəsini daha aydın təsəvvür etmək üçün bu müddət ərzində aidiyyəti üzrə görülən ən mühüm işlərin qısa xülasəsi oxucular üçün maraqlıdır:
· Gənclərin təhsil alması üçün SSRİ-nin (1993-cü ildən uzaq xarici ölkələrin) aparıcı təhsil müəssisələrinə göndərilməsi və respublikanın uyğun təhsil müəssisələrində elektronika, avtomatika, rabitə, hesablanma texnikası ixtisaslarının açılması və ya genişləndirilməsi;
· «Azon», «Nord» elmi-istehsalat birlikləri, Kosmik Tədqiqatlar Mərkəzi, «Neftqazavtomatika» Elmi-tədqiqat institutu, Radiozavod, EHM zavodu, «Peyk», «Ulduz» istehsalat birlikləri, «Kristal», «Reqist», «Kibernetika», «Mikroelektronika», «Kaskad» və s. xüsusi konstruktor bürolarının yaradılması;
· Azərbaycan ilə Amerika arasında peyk rabitəsinin yaradılması;
· Bakcell, Azərcell, Azerfon, mobil (selular) rabitə üzrə birgə müəssisələrin, AzEvroTel və Ultel lokal telekommunikasiya müəssisələrinin yaradılması;
· Dəvət olunmuş «Teletas» və «Netas» şirkətləri tərəfindən elektron ATS-lərin qurulması işlərinin həyata keçirilməsi;
· «Aztelekom» istehsalat birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyasının, 6150 kanallı Şəhərlərarası telefon stansiyasının yaradılması;
· Respublikamızın Trans-Asiya- Avropa beynəlxalq optik kabel magistralına qoşulması və s.
2013-cü ilin fevral ayında «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)» imzalamaqla özündən sonra respublikamızda İKT sahəsinin, o cümlədən telefon rabitəsinin uzun illər üçün inkişafının bünövrəsini qoydu. Sonrakı illərdə əldə edilən nailiyyətlər göstərdi ki, Azərbaycan Respublikasının cənab Prezidenti ilham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bünövrəsi qoyulmuş bu binanı müvəffəqiyyətlə inşa edir.
Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın İKT sahəsində ardıcıl olaraq böyük layihələr həyata keçirilib.
2005-ci il iyun ayının 14-də qəbul olunan «Telekommunikasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ölkədə telekommunikasiyanın inkişafı üçün ciddi hüququ baza rolunu oynayır.
Azərbaycan Respublikasının Prezidenti 2006-cı il dekabrın 2-də «Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında» Sərəncam imzalayıb. Bu sənəd həm İKT sahəsində çalışan minlərlə vətəndaşa diqqət və qayğı idi, həm də milli rabitə tariximizin rəsmiləşməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü elan edilib.
2007-ci ilin fevralın 13-də «Regionların sosial-iqtisadi inkişafı üzrə (2004-2008-ci illər) Dövlət Proqramı»nın üç illiyi münasibəti ilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etmişdir.
Ölkə başçısının bu sahəyə ayırdığı xüsusi diqqət və qayğı rabitə sahəsinin gələcək inkişafına daha da böyük zəmanət yaratmışdır.