Bakı Xəbər.-2018.-15 mart.-¹49.-S.9.

 

Azərbaycanın məruz qaldığı soyqırım həqiqətləri dünyaya çatdırılır

 

Tahir Tağıyev

 

100 il əvvəl ermənilərin bütün tarixi Azərbaycan torpaqlarında həyata keçirdiyi zorakılıq dolu soyqırıma ədalətli hüquqi-siyasi qiyməti verilməsi bu gün də aktuallığını qoruyan önəmli məsələlərdəndir. Təbii ki, söhbət burada dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin verdiyi və verəcəyi qiymətdən gedir. Azərbaycan dövləti isə qeyd olunan səpkidə üzərinə düşən öhdəlikləri yerinə yetirib və yetirməkdədir.

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ermənilərin ölkəmizdə soyqırım siyasətini tam  miqyasda həyata keçirməsinin qarşısını aldı. Amma Cümhuriyyətə qədər mart hadisələri başladığı andan, Məmməd Əmin Rəsulzadə başda olmaqla, Azərbaycan milli qüvvələri baş vermiş faciəni milli qırğın kimi səciyyələndirərək, bunu Cənubi Qafqazın bütün müsəlman əhalisini məhv etmək niyyəti güdən məqsədyönlü siyasət kimi xarakterizə edib. Elə bu hadisələrə siyasi qiymət vermək və onun nəticələrini aradan qaldırmaq üçün ilk cəhd də faciədən dərhal sonra Azərbaycanın milli qüvvələri tərəfindən edilib. Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi yazır ki, 1918-ci ilin aprel ayının 2-də Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası Seymi Bakı hadisələri haqqında məlumatlandıraraq  müsəlman əhalisinin müdafiəsi üçün Zaqafqaziya hökumətindən Bakıya qoşun göndərilməsini tələb edir. Amma istənilən nəticə olmur: “1918-ci il 28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Azərbaycan xalqının öz  varlığı, milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması ilə ölkədə siyasi vəziyyəti kökündən dəyişir. Azərbaycan milli qüvvələri Türkiyənin hərbi yardımı ilə işğal olunmuş ərazilərini və öz respublikalarının paytaxtını– Bakı şəhərini bolşevik-daşnak hakimiyyətindən azad etmək üçün  hazırlığa başlayır.  Elə həmin günlər son dərəcə  mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən gənc Azərbaycan Respublikasının ilk Hökuməti böyük uzaqgörənlik və operativlik nümayiş etdirərək, ölkə ərazisində dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi zorakılıq hallarına ən yüksək və ciddi şəkildə  münasibət bildirməyi və konkret tədbirlər görməyi  vacib sayır. 1918-ci ilin iyul ayının 15-də “Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqazın hüdudları daxilində müsəlmanlar və onların əmlakı üzərində törədilmiş zorakılıq hallarının araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyasının yaradılması” haqqında qərar qəbul edilir”.  Elə baş verənlərə ilk hüquqi qiymət də məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə verildi. Ermənilərin xalqımıza qarşı törətdiyi bütün bu vəhşiliklərin ildönümləri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həm 1919-cu, həm də 1920-ci ildə martın 31-də milli matəm günü kimi qeyd olundu. Proseslərin araşdırılması məqsədilə yaradılan Fövqəladə Təhqiqat Komissiyası isə mart olayları ilə bağlı çoxsayıl faktları üzə çıxararaq sənədləşdirə bildi. Lakin 1920-ci ildə sovet ordusu tərəfindən həyata keçrilən işğal bu istiqamətdə işlərin tam başa çatmasının qarşısını aldı.

Sovetlər dönəmində qurulan hakimiyyət isə mart qırğınlarını tamamilə unutdurmaq istiqamətində fəaliyyətə başladı. Həmin hadisələri araşdıran tədqiqatçı Ataxan Paşayev qeyd edir: “Bakıdakı qanlı mart hadisələri Sovet dövrü tarixçiləri tərəfindən tarixi faktların və sənədlərin əksinə olaraq bu qırğını bir millətin başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırım siyasəti kimi deyil, Ümumrusiya vətəndaş müharibəsinin tərkib hissəsi, Sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir. Lakin kommunizm ideoloqlarının bütün ciddi-cəhdlərinə baxmayaraq, xalqımızın yaddaşında əbədi iz buraxmış 1918-ci il qanlı mart hadisələrini heç cür unutdura bilməmişlər. Azərbaycanda bolşevik rejimi qurulduqdan sonra xaricdə yaşamağa məcbur olmuş demokratik ruhlu Azərbaycan ziyalıları hər il bu günü milli matəm günü kimi qeyd etmiş, bu münasibətlə xatirə gecələri keçirmiş, qəzetlərdə məqalə və xatirələr dərc etdirmişlər. M. Ə. Rəsulzadənin redaktorluğu ilə Almaniyanın Münhen şəhərində nəşr olunan “İstiqlal” qəzetinin 1933-cü il 1 aprel tarixli 31-ci sayı, demək olar ki, bütünlüklə Bakıdakı 1918-ci il mart qırğınının 15 illiyinə həsr edilmişdir”.

Azərbaycan ötən əsrin son onilliyində müstəqillyini yenidən əldə etdikdən sonra mart qırğınlarının gündəmə gətrilməsi ön planda yer alan başlıca məqamlardan biri oldu. Qeyd olunan istiqamətdə ən önəmli addım isə ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı oldu.  Çox mühüm əhəmiyyət kəsb edən bu sənəddə hər il martın 31-nin azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi əksini tapıb. Burada ən vacib faktorlardan biri də budur ki, məhz Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq dəqiq faktlar əsasında ermənilərin 1918-ci ildə törətdiyi vəhşiliklərin  bütün dünya qarşısında ifşa olmunmasını vacib hədəf kimi müəyyən etdi. Elə bundan irəli gəlir ki, həmin fərmanda ermənilərin azərbaycanlılara qarşı təcavüzünün tarixi köklərinə toxunulub və onların mərhələlərlə törətdikləri soyqırımı, terror siyasətinin mahiyyəti əksini tapıb. Ümumiyyətlə, 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Fərmanda göstərilir ki, “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. Məsələyə məhz bu istiqamətdən yanaşılması fonunda mart qırğınlarının yenidən fəal şəkildə araşdırılması, bu xüsusda həqiqətlərin üzə çıxarılmasında intensiv işlərə start verildi. Təbii ki, qeyd olunan istiqamətdə ən önəmli addımlardan biri Quba şəhərində tapılan kütləvi məzarlıqla bağlı oldu. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər Planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda, azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib: “Sovet dövründə, təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”. Qeyd edək ki, dünya ictimaiyyətinin nümayəndələrinin 100 il öncəki erməni vəhşilyini görmələri üçün onların Quba Soyqırımı Memorial Kompleksinə vaxtaşırı səfərləri təşkil olunur.

İndinin özündə də Prezident İlham Əliyev xalqımızın başına gətirilmiş bütün müsibətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsi istiqamətində məqsədyönlü iş aparır. Cari ilin yanvarında dövlət başçısı 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam verib. Burada diqqətə çatdırılır ki, ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni fakt və sənədlər toplanıb.  Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdiyi qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezidentin Administrasiyası 1918-ci il soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planını hazırlayıb və hazırda bu plan həyata keçirilməkdədir. Eyni zamanda, yenə sərəncamdan irəli gələrək, Milli Məclisin soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasının keçirilməsi gözləir. Bunlarla yanaşı, soyqırımla bağlı üzə çıxarılan yeni faktların yerli və dünya ictimaiyyətinə çatdırılması istiqamətində də zəruri addımlar atılır.

Dövlətlə yanaşı, Heydər Əliyev Fondu da bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart soyqırımı  haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Bütün bunlar barəsində bəhs edilən soyqırımdan dünya ictimaiyyətinin getdikcə daha çox xəbərdar olması ilə nəticələnir.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.