İki sahil.-2017.-15 mart-¹ 47.-S.14

 

«Neftqaztikinti» Tresti 2016-ci ildə böyük uğurlara imza atıb

 

Mirkazım Abasov,

SOCAR-ın «Neftqaztikinti» Trestinin müdiri

 

SOCAR-ın «Neftqaztikinti» Tresti 2016-cı ili əhəmiyyətli uğurlara imza atmaqla başa vurub. Məlum olduğu kimi, SOCAR-ın mühüm tərkib hissəsi kimi Trest bir çox sahələr üzrə podratçı fəaliyyətini həyata keçirir. Bu fəaliyyətə neft-qaz yataqlarının abadlaşdırılması və texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması və təmiri ilə bağlı bütün işlər aiddir. Həmçinin qurum sualtı, yerüstü və yeraltı magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması xidmətlərini də göstərir. Eləcə də belə xidmətlər sırasına dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi də daxildir.

Trest 2016-cı il ərzində 199 milyon manatdan çox dəyəri olan kompleks tikinti-quraşdırma və təmir işləri yerinə yetirib. Bu işlər çərçivəsində 23,1 ton metal-konstruksiyaların quraşdırılması, dənizdə sualtı 28,67 km, estakada və meydançalarda 39,14 km, quruda 81,1 km boru kəmərlərinin çəkilməsi reallaşıb. 22,52 mindən çox qaynaq tikişlərinin yoxlanılması həyata keçirilib. 20,33 km sualtı, 319,2 km yeraltı yüksək gərginlikli kabel, 0,61 km hava elektrik ötürücü xətləri çəkilib. 385049 m2 asfalt salınma işləri görülüb və 11560 m3 dəmir-beton, beton və əmtəə betonu istehsal edilib.

«Neftqaztikinti» Tresti öz prinsiplərinə sadiq qalaraq ötən ildə də fəaliyyətini beynəlxalq standartların tələblərinə əsasən təhlükəsiz, ekoloji təmiz şəraitdə və yüksək keyfiyyətlə həyata keçirib. Xatırladaq ki, qurum 2002-ci ildən başlayaraq Türkiyə Standartları İnstitutu tərəfindən TSE-ISO-EN 9000, TSE-ISO-EN 14000, TSE ISG-OHSAS TS 18001 və 2009-cu ildə isə TürkAK tərəfindən TS EN ISO/IEC 17025 Beynəlxalq sertifikatlarına layiq görülüb. Trest bu Beynəlxalq sertifikatlarda əks olunmuş standartlara riayət olunmasını daim öz fəaliyyətində rəhbər tutur.

01.01.2017-ci il tarixinə Trestin əmək personalı 3727 nəfərdən ibarət olub. Onlardan 417 nəfəri rəhbər, 298 nəfəri mütəxəssis, 2985 nəfəri fəhlə, 27 nəfəri isə digər qulluqçulardır. Həmin tarixə Trest üzrə orta aylıq əmək haqqı isə 1080 manat təşkil edib.

«Neftqaztikinti» Tresti 2016-cı ildə podrat işləri proqramından əlavə, bir çox dövlət əhəmiyyətli obyektlərdə də nəhəng tikinti və yenidənqurma işləri aparıb. Bu işlər SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən texniki müşavirələrdə verilən tapşırıqlara və SOCAR-ın Tədbirlər proqramına əsasən görülüb. Bu fəaliyyət çərçivəsində SOCAR tərəfindən işlənməkdə olan ən böyük ehtiyata və məhsuldarlığa malik «Günəşli» yatağında görülən kompleks işlər xüsusilə qeyd olunmalıdır. Belə ki, yataqda neft və qaz hasilatının artırılması məqsədilə dərin dəniz özülləri Trest tərəfindən genişləndirilib və ya yenidən qurulub. Quyuların qazılması üçün əlavə şaxtaların buraxılması, mövcud texnoloji yığım və nəql sistemlərinin təkmilləşdirilməsi həyata keçirilib. Çıxarılan qazın sahilə itkisiz nəqli məqsədilə müvafiq texnoloji sistemin qurulması işləri uğurla yerinə yetirilib. Bu proqramın icrası zamanı müasir avadanlıqlar və texnologiyalardan, həmçinin professional kadr potensialından maksimum istifadə edilməsi prosesin tam keyfiyyətlə həyata keçməsini təmin edib. Trest SOCAR rəhbərliyi tərəfindən ona həvalə olunan işlərin öhdəsindən müvəffəqiyyətlə gəlməklə böyük istehsal nəticələrinə nail olub.

«Neftqaztikinti» Trestinin 2016-cı ildə əldə etdiyi digər nəticələrə bir neçə istehsalat əhəmiyyətli obyektlərin tikintisinin yekunlaşması və istismara təhvil verilməsi aiddir. Belə ki, «28 May» NQÇİ-nin «Günəşli» yatağında 20 ədəd istismar quyusunun qazılması üçün 7 saylı Dərin Dəniz Özülünün (DDÖ) tikintisi (I kompleks) işləri başa çatdırılıb. Yataqdakı 3, 4, 5, 8 və 15 saylı DDÖ-lərdə qaz quyularının abadlaşdırılması işləri yekunlaşıb. N. Nərimanov adına NQÇİ-nin "Bulla-dəniz" yatağında 4 ədəd istismar quyusunun qazılması üçün 6 saylı SDÖ-nün tikintisi" (1-ci buraxılış kompleksi) obyekti istismara təhvil verilib.

"28 May" NQÇİ-nin Çilov adasında müasir idman-sağlamlıq mərkəzi və istirahət kompleksi (III buraxılış kompleksi, 200 yerlik yeməkxana və 150 yerlik akt zalı) tikilərək təhvil verilib. «Abşeronneft» NQÇİ-nin Pirallahı yatağında yığım nəql sisteminin yaradılması (quru sahəsi II mərhələ), həmin NQÇİ-nin Yeni neft-yığım parkı ilə Dübəndi neft terminalı arasında yeni neft və su kəmərlərinin tikintisi başa çatıb. «Abşeronneft» NQÇİ-nin "Darvin Bankası" yatağında 720 saylı Stasionar Dəniz Özülü (SDÖ) əlavə 4 quyunun qazılması üçün yenidən qurulub, NQÇİ-nin 2, 3, 4, 5, 6 və 401 saylı yarımstansiya binalarının və avadanlıqlarının (I və II buraxılış kompleksi) yenidən qurulması işləri aparılıb. «Abşeronneft» NQÇİ-nin 1140 saylı meydançası (quru) qazmadan sonra abadlaşdırılıb. NQÇİ-nin "Darvin bankası" yatağında yerləşən 562 saylı estakadayanı meydança (EYM), 600 saylı Stasionar Dəniz Platforması əsaslı təmir (I kompleks) olunub.

Trest tərəfindən "Neft Daşları" yatağında bir çox tikinti-təmir işləri həyata keçirilib. Belə ki, yataqda 14 ədəd istismar quyusunun qazılması üçün 602A saylı SDÖ və 1637A saylı estekadayanı meydança tikilib. "Neft Daşları" yatağında 1887 saylı SDÖ yenidən qurulub, 2A saylı İriləşdirilmiş neft yığım məntəqəsinin tikintisi (II buraxılış kompeks) başa çatıb. «Neft Daşları» NQÇİ-nin 1923-1711 saylı meydançalar arası, 239-111 saylı meydançalar arası, 1702-1541 saylı meydançalar arası estekada, "Neft Daşları" yatağında 419a saylı meydança əsaslı təmir olunub.

N. Nərimanov adına NQÇİ-nin sualtı neft-qaz və qazlift xəttinin çəkilməsi yekunlaşıb. NQÇİ-nin 272 saylı EYM-110 kVt-luq yarımstansiya yerləşən EYM arası əvəzedici estakadanın tikintisi (Iburaxılış kompleksi) işləri uğurla bitib. Həmin NQÇİ-nin 187, 307, 279, 485, 247, 447, 620, 694 saylı estekadayanı meydançaları əsaslı təmir edilib.

Qeyd edək ki, «Neftqaztikinti» Tresti öz fəaliyyəti çərçivəsində ölkədə qaz təsərrüfatının inkişafı və əhalinin qaz təminatı məqsədilə müasir infrastrukturun qurulması işlərinə də dəstəyini göstərib. Dövlət başçısı tərəfindən ümumdövlət qaz proqramının kompleks şəkildə inkişafı və regionların qaz təsərrüfatı infrastrukturunun müasir standartlara uyğun təşkili barədə məlum sərəncam verilib. Qeyd olunan proqramın respublika əhəmiyyətli olduğunu nəzərə alaraq sərəncama əsasən Trest tərəfindən bir sıra intensiv tədbirlər görülüb. Belə ki, proqramın əhatə etdiyi bir çox dövlət əhəmiyyətli obyektlərdə tikinti-quraşdırma və təmir-bərpa işləri yerinə yetirilib.

1949-cu ildən bəri fəaliyyət göstərən Trest bu müddət ərzində tikinti-quraşdırma sahəsində zəngin təcrübə əldə edib. Qeyd edilməlidir ki, Trestin müxtəlif istiqamətlərdə göstərdiyi fəaliyyət təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. Zəngin təcrübə və zamanın tələblərindən irəli gələn texnologiya və metodların geniş tətbiqi Trestin müxtəlif yerli və beynəlxalq tenderlərin qalibinə çevrilməsini də təmin edib. Qurum indiyədək saysız-hesabsız tender və sifarişlər əsasında ölkə daxilində və xaricində müxtəlif irimiqyaslı tikinti layihələrini və təmir-bərpa işlərini reallaşdırıb. Bu fəaliyyət isə ölkəmizin neft-qaz və energetika sənayesinin inkişafı ilə yanaşı, adı çəkilən sahələrdə Azərbaycan təcrübəsinin xaricdə də tanınmasına, sifarişlərin ölkə sərhədlərini aşmasına səbəb olub. Trest ötən ildə də beynəlxalq əməkdaşlıq istiqamətində bir sıra nailiyyətlər əldə edib. Müxtəlif xarici şirkətlərlə məqsədyönlü əməkdaşlıq əlaqələri çərçivəsində öz üzərinə düşən vəzifələri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirib. «Heavy Crane» FZE şirkətinin Azərbaycan filialı, «Caspian Pipe Coatings» MMC, Gürcüstan Bələdiyyə İnkişaf Fondu, «Bos Shelf LLC» və digər bu kimi beynəlxalq şirkətlər 2016-cı ildə də Trestlə sıx əməkdaşlıq ediblər.

Xatırladaq ki, Trestin 2006-cı ildən fəaliyyət göstərən Gürcüstan Nümayəndəliyi bu ölkədə neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğuldur. Hazırda Nümayəndəlik tərəfindən «Telavi-Kurdqelauri su təchizatı sisteminin bərpası» və «Kareli su təchizatı sisteminin bərpası» layihələri üzrə tikinti-quraşdırma işləri uğurla davam etdirilir və son tamamlama mərhələsindədir. 2016-cı il ərzində «SOCAR Georgia Gas» MMC-nin sifarişi ilə Trestin Gürcüstan Nümayəndəliyi tərəfindən bu ölkədə «Çiatura Bələdiyyəsinin Şukruti və Kalauri kəndlərinin qazlaşdırılması» layihəsi uğurla icra olunub və sifarişçiyə təhvil verilib.

Vurğulanmalıdır ki, Trest 2012-ci ilin sonlarında ölkənin neft-qaz sənayesində bir ilkə imza atıb. Belə ki, tikinti-quraşdırma işləri zamanı ilk dəfə olaraq yarımavtomat və avtomat qaynağı tətbiq edilməyə başlanıb. Qaynaq işlərində bu kimi yeni texnologiyanın tətbiqi neft-qaz xətlərinin tikintisi zamanı maksimum keyfiyyətə, qaynaq materiallarının ərimə əmsalının yüksək olmasına səbəb olur. Eyni zamanda, bu yenilik qaynaq birləşmələrinin mexaniki xassələrini stabil və möhkəm edir, qaynaqçının (operator) fiziki yüklənməsini azaldır. Bu gün də uğurla istifadə olunan yarımavtomat və avtomat qaynaq üsulunun Trestin müxtəlif layihələri üzrə tətbiqi günü-gündən daha da genişləndirilir. Bu yenilik öz növbəsində müvafiq işlərin tam keyfiyyətlə, rahat və operativ yerinə yetirilməsini təmin edir.

SOCAR tərəfindən təsdiq olunmuş proqrama əsasən, Trest tərəfindən 2017-ci ildə ümumi podrat üzrə 400975.2 min manatlıq, öz gücü ilə isə 325005.2 min tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Trest bu işləri beynəlxalq tələblərə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan, vaxtında və yüksək keyfiyyətlə icra etməyi qarşısına məqsəd qoyub.

Xatırladaq ki, qurumun tərkibinə müxtəlif profilli 11 bölüm və Gürcüstan Nümayəndəliyi daxildir. Trest respublikamızın bütün regionlarında, habelə «Günəşli» və «Neft Daşları» yataqlarında, Səngəçal-Duvannı rayonunda müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətləri təqdim edir. Belə xidmətlər eləcə də Xəzər dənizində Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalar, həmçinin onların ətrafında və digər yerlərdə də göstərilir.

Qeyd edək ki, «Neftqaztikinti» Trestinin fəaliyyəti və əldə etdiyi nailiyyətlər nüfuzlu təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Trest 2010-cu ildə «Peşəkar və səmərəli fəaliyyətinə görə» Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Fəxri fərmanla təltif edilib. 2011-ci ildə «Azərbaycanda və ölkə xaricində həyata keçirilən beynəlxalq neft-qaz tikinti layihələrinin icrasında əldə etdiyi nailiyyətlərə görə» «Uğur» Milli Mükafatına layiq görülüb. «Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu» və «Caspian Energy International Media Group» tərəfindən 2012-ci ildə «İlin Neft və Qaz Tikinti Şirkəti», 2014-cü ildə «Neft və Qaz Sektorunda İlin Tikinti Şirkəti», 2015-ci ildə isə «Neft-qaz yataqlarının abadlaşdırılması sahəsində İlin Şirkəti» elan olunub. Müxtəlif illərdə qazandığı mükafatlar bir daha sübut edir ki, Trest öz fəaliyyətini beynəlxalq standartların tələblərinə əsasən yüksək keyfiyyətlə reallaşdırmaqla sifarişçinin etimadının və məmnunluğunun yüksəlməsini təmin edir.