Respublika.-2017.-7 mart.-¹51.-S.10.
DÖVLƏTÇİLİK TARİXİMİZİN ŞANLI, ŞƏRƏFLİ SƏHİFƏSİ
Əlisəfa HƏSƏNOV
Yaddaşlarda əbədiləşən tarix
Azad, sərbəst, müstəqil yaşamaq hər bir xalqın əzəli arzusu olub. Xalqımız əsrlər boyu milli dövlətçiliyinə can atmış, bu yolda çoxlu çətinliklər, məhrumiyyətlərlə üzləşmişdir. Üç min il yaşı olan Manna dövləti ilə başlayan dövlətçilik tariximizin şanlı, parlaq səhifələri əsrlərin yaddaşına həkk olunub.
İlk dəfə ölkəmizin adı ilə adlanan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Həmin dövr 70 il tariximizin “ağ səhifəsi” kimi qaranlıq qaldı. Sovet ideologiyasına görə o barədə yazmaq, hətta danışmaq belə yasaq olunmuşdu.
Keçən əsrin 60-70-ci illərində orta və ali məktəblərdə SSRİ-nin və dünya ölkələrinin tarixini öyrənsək də, ana Vətənimizin müstəqillik tarixindən xəbərsiz olduq.
Uşaq yaşlarımda ilk dəfə müsavat sözünü nənəmin dilindən eşitmişdim. Atasının, əmisinin nakam taleyini tez-tez yada salıb ağlayardı. Atamı Nargin adasında güllələdilər, qəbrinin yerini də bilmədik, - deyə göz yaşlarını sel kimi axıdardı. O illərin acı xatirələrini nağıl əvəzinə bizə danışardı:
– Mənim 14-15 yaşım olardı. Atam Əliağa Dövlət oğlu və əmim İbad Müsavat partiyasına xidmət edirdilər. Əmim qaçaqlarla dağlara çəkilmişdi. Gecələr qaçaqların atlarının ayaq səsinə yuxudan oyanardıq. Əmimim dəstəsi evimizin damında gizlənərdi. Zənbilə çörək, yavanlıq qoyurduq, onu iplə yuxarı dama qaldırırdılar. Hava aşılmamış atlara minib kənddən çıxardılar. Danışardılar ki, təzə hökuməti Talış diyarına buraxmarıq. Gündüzlər meşələrdə, dağlarda pusqu qurur, qırmızı ordu hissələrilə döyüşürdülər.
Vəziyyət getdikcə gərginləşir. 150-200 nəfərlik qaçaq dəstəsi topu, pulemyotu, silah cəbbəxanası olan bolşevik ordusunun qarşısında tab gətirə bilmir. Nənəmin əmisi İbad İranın Ərdəbil şəhərinə qaçmalı olur. Atasını isə Sənham adlı milis işçisi həbs edərək Lənkərana aparır.
1980-ci illərin axırlarında arxivlər açılanda babamın cinayət işi ilə tanış oldum. 45 yaşlı Əliağa Dövlət oğlu Müsavat partiyasının lehinə işlədiyinə, antisovet təbliğatı apardığına, sovet hakimiyyəti əleyhinə qiyamçı hərəkatda iştirak etdiyinə görə həbs edilib. Azərbaycan SSR CM-in 64, 66-cı maddələri ilə və 2-ci hissənin 72-ci maddəsi ilə təqsirli bilinərək güllələnmə cəzasına məhkum olunub. Zaqafqaziya DSİ-nin 14 mart 1930-cu il tarixli kollegiya qərarına əsasən güllələnib.
O illərdə milli dövlətçiliyimiz uğrunda çoxlu qanlar tökülüb. Qeyrətli, vətənpərvər insanlar amansızlıqla qətlə yetirilib, Qazaxıstana, Sibirə sürgün olunub. Minlərlə ailə repressiyaya məruz qalıb.
Yaxşı yadımdadır, Bakı Dövlət Universitetində oxuyarkən sovet rejiminin ən sərt illəri idi. Azərbaycan Xalq Cümhuriyyətinnin adı heç yerdə çəkilmirdi. 1979-cu ildə diplom müdafiəsindən çıxıb elmi rəhbərim, mərhum professor Fərhad Tağıyevlə akademiya bağına gəldik. Fərhad müəllim fakültəmizin partiya təşkilatı katibi idi. Gözəl alim, vətənpərvər ziyalı və səmimi insan olduğundan tələbələr onun xətrini çox istəyirdilər. İlk dəfə az qala pıçıltı ilə belə bir söhbət etdi:
– Universiteti bitirirsən. Gələcəyinə çox inanıram. İstəyirəm ki, bir həqiqəti biləsən. Əsrin əvvəllərində bizim müstəqil dövlətimiz olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərib. Şərqdə ilk demokratik ölkə olub. Dövlət atributları qəbul edilib, parlamenti, milli ordusu olub. M.Ə.Rəsulzadə cümhuriyyətə rəhbərlik edib. Oxuduğun universitet də 1919-cu ildə onun təşəbbüsü ilə yaradılıb. Ancaq bu barədə heç yerdə danışma, - deyə mənə möhkəm tapşırdı.
Tələbəlik illərində universitetin çoxtirajlı qəzetində ədəbi işçi işləyirdim. Universitetin tarixi ilə çox maraqlanırdım. Qəzetin keçmiş illərdə çıxan nömrələrini vərəqləyir, amma heç nə tapa bilmirdim. Azərbaycanda sovet hakimiyyəti 1920-ci ildə qurulmuşdur. Universitet isə 1919-cu ildən fəaliyyət göstərirdi. Necə və kim tərəfindən yaradılması sualı məni həmişə düşündürürdü. Hörmətli professor Fərhad Tağıyev içimdəki suala aydınlıq gətirdi.
Keçən əsrin sonlarında dövlətçiliyimiz çox ağır, çətin sınaqlardan keçdi. 1988-ci ildən başlayan azadlıq hərəkatı Bakı ilə yanaşı bölgələri də bürümüşdü. O vaxt Lənkəran siyasi hadisələrin mərkəzinə çevrilmişdi. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq 1990-cı il yanvar ayının 11-də Lənkəranın partiya, sovet, inzibati orqanlarının fəaliyyəti müvəqqəti dayandırıldı. Azərbaycan Xalq Cəbhəsinin Lənkəran şöbəsi tərəfindən yaradılmış müvəqqəti müdafiə şurası nəzarəti öz üzərinə götürdü. Onun yaydığı bəyanatda deyilirdi ki, Moskva respublika rəhbərliyilə Dağlıq Qarabağ məsələsini müsbət həll edənə qədər aksiya davam etdiriləcək.
Lənkəran hadisələri o vaxt Kremlə qədər çatmışdı. Sov.İKP MK-nın fevral (1990-cı il) plenumunda Ermənistanın birinci katibi S.Arutunyan çıxışında həqiqəti təhrif edərək Lənkəran hadisələrini hakimiyyət davası adlandırmışdı.
1990-cı ilin yanvarı çox sərt, kədərli, üzüntülü keçdi. Ayın 18-də Astarada sərhəd dirəkləri söküldü. Minlərlə insan İrandan Lənkəran, Astara və digər rayonlara gəldi. Sərhəd məntəqəsi bir neçə gün sərbəst gediş-gəliş üçün qapılarını açıq qoydu.
Yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində sovet ordusu tərəfindən çox dəhşətli faciə törədildi. Azərbaycan matəmə büründü. Yanvar qırğınını törədənlər Lənkəranı növbəti hədəf seçdilər. Qara Yanvarın daha bir səhifəsi Lənkəranda yazıldı. Təpədən dırnağadək silahlanmış desant dəstələri yanvarın 26-da rayona daxil oldular. Onlar bölgənin mərkəzində qırğın törətmək, azadlıq mücahidlərini susdurmaq istəyirdilər.
Çox ağır, dəhşətli bir gün idi. Sanki havadan qan iyi gəlirdi. Əhali həyəcan, narahatçılıq keçirir, hadisələrin necə cərəyan edəcəyini gözləyirdi.
Hərəkatın fəalları desantçıların qara niyyətini başa düşüb dağlara - Haftonu meşəsinə çəkildilər. Günortadan sonra desantçılar tank, zirehli texnika və vertolyotlarla meşəyə hücum etdilər. Odsaçan silahlarla beş igid, qeyrətli gənci qətlə yetirdilər. Hərəkatın digər üzvlərini vəhşicəsinə döyərək vertolyotla Bakıya, istintaq təcridxanasına apardılar. Yolda qolları qandallı vəziyyətdə olan 25 yaşlı Tariyel Abdullayevin boğazına məftil keçirib vəhşicəsinə boğdular. Cinayətin izini itirmək üçün meyiti 5 gün gizlətdilər. Yanvar şəhidlərinin dəfnini təşkil edən Dövlət Komissiyası cənazəni çox çətinliklə alıb Bakıda Şəhidlər Xiyabanında torpağa tapşırdı.
Beləcə yurdumuzun cənub mərkəzi sayılan Lənkəran müstəqilliyimizə, dövlətçiliyimizə sədaqətini nümayiş etdirdi, igidlərinin qanı ilə çağdaş tariximizə parlaq bir səhifə yazdı.
1992-ci ilin yayında AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Vəzifə təyinatları cəbhəçilik prinsipi üzrə aparılırdı. İqtidar bir qayda olaraq vəzifələrə cəbhəçiləri irəli çəkirdi. Digər tərəfdən “bəylərin” naşı, səriştəsiz siyasəti cəmiyyətdə iqtidar-müxalifət münasibətlərini daha da kəskinləşdirirdi.
Naxçıvandan doğan günəş
1993-cü il iyunun 4-də Gəncədə qardaş qanı töküldü. Ölkənin cənubunda separatçılar, şimalda sadvalçılar baş qaldırdılar. Prezident Elçibəy və onun komandası çıxış yolu tapmaqda aciz idilər.
Xalqın yeganə ümidi, pənahı Heydər Əliyev idi. O çətin günlərdə doğulub boya-başa çatdığım Lerikin Lərmərud kəndində gördüyüm mənzərə heç vaxt yadımdan çıxmır. Əhali aclıq, səfalət içində yaşayırdı. Çörək tapılmırdı. Adamlar mal-heyvanı, qoyun-quzunu bazara çıxarıb bir neçə kisə una dəyişirdilər.
Vəziyyət günbəgün pisləşirdi. Digər tərəfdən cəbhədən şəhid tabutları, üzücü, sarsıntılı xəbərlər gəlirdi. İnsanlar ümidsiz, inamsız, məyus idilər. Kişilər hər gün kəndin mərkəzinə toplaşıb hadisələri müzakirə edirdilər. Kəndin ağsaqqalı Sehran Həşimov üzünü onlara tutub dedi:
– Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər. Şəxsiyyətsiz azadlıq, dövlətçilik yoxdur. İndiyə kimi hakimiyyətdə olanları gördünüz. Çətinə düşən kimi qoyub qaçdılar. Siyasətçi başını yox, gərək simasını qorusun. Öz canını, ailəsini düşünən rəhbər heç vaxt xalqın qədrini bilməz. Biz xahiş etməliyik ki, Heydər Əliyev Naxçıvandan gəlib ölkəni bu bəladan, fəlakətdən qurtarsın.
Artıq Lənkərandan, Lerikdən, Yardımlıdan və digər rayonlardan Naxçıvana məktublar, teleqramlar göndərilir, xalq Heydər Əliyevdən ümid gözləyirdi.
Müdrik rəhbər 1993-cü il iyun aının 9-da xalqın təkidli xahişi ilə Bakıya gəldi. İyunun 15-də Respublika Ali Sovetinin sədri seçildi. İlk bəyanatında açıqlama verərək dedi: “Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün qalan hissəsini Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm.”
Ölkə ağır böhran içində idi. 1993-cü ilin iyun-avqust aylarında Lənkəranda baş verən hadisələr bölgə əhalisini çox narahat edirdi. Əsrin əvvəlində də müstəqil Azərbaycanı sarsıtmaq məqsədilə 1918-ci ilin may ayında bolşeviklərin rəbbərliyi altında Lənkəranda Muğan Sovet Respublikası adlanan qondarma qurum yaradılmışdı. Xalq tərəfindən qəbul edilməyən bu qurum cəmi 3 ay yaşamış, Lənkəranda xalq cümhuriyyəti hakimiyyəti bərqərar olunmuşdur.
1993-cü ilin iyununda da Lənkəranda buna oxşar “Talış Muğan respublikası” adlı qondarma qurum yaratmağa cəhd göstərildi. Yerli əhali bundan narahat olur, qəzəblənir, etirazlarını bildirirdi. Sadə camaat bu nə ayrı-seçkilikdir, hamımız azərbaycanlıyıq, hamımızın bir Vətəni var, o da Azərbaycandır, - deyirdi.
Kəndimizin nüfuzlu ağsaqqallarından olan Alışirin Ağayev bu məsələyə incə yumorla belə cavab vermişdir: “Deyirlər ki, Lənkəranın limonu, çayı, sitrusu bizə bəs edər. Bakı un göndərməsə acqarnına nə qədər limon, naringi yemək, çay içmək olar. Gedin, ağlınızı başınıza yığın, bu cəfəng, uyduma işdən əl çəkin.”
Heç iki ay keçməmiş xalq qəti sözünü dedi. Lənkəranlılar ayağa qalxdılar. Sepratçılığa, ölkəni parçalamaq cəhdlərinə birdəfəlik son qoyuldu. Lənkəran doğma Azərbaycanın əzəli, əbədi, ayrılmaz parçası, alınmaz qalası olduğunu sübuta yetirdi.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında da dövlətçiliyimizə qarşı xain əllər uzandı. Ulu öndərin polad iradəsi ilə hər iki cəhdin qarşısı alındı. Milli satqınlar, cinayətkarlar layiqli cəzalarını aldılar. Ölkədə ictimai-siyasi sabitlik tam bərqərar olundu.
Dövlət quruculuğu yolunda ilk zəruri addım olaraq milli Konstitusiyamız qəbul edildi. Cəbhədə atəşkəsə nail olundu. Milli Ordu quruculuğu sürətləndirildi. Ölkənin müstəqilliyini, dövlətçiliyini möhkəmləndirmək üçün iqtisadi, siyasi, sosial və digər sahələrdə köklü islahatlar aparıldı.
Ümummilli liderin təşəbbüsü və rəhbərliyilə “Əsrin kontraktı” imzalandı. Keçmiş SSRİ rəhbərlərindən olan N.Baybakov deyirdi ki, Heydər Əliyev Moskvanın başını üzüm və şərabla qataraq nefti müstəqil Azərbaycan üçün saxladı.
Ulu öndər tarixi, milli və bəşəri dəyərlərdən istifadə edib demokratik, hüquqi, dünyəvi dövlət qurdu. Bizə müstəqil Azərbaycanı ərməğan etdi. Müdrik rəhbərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev yeni müstəvidə Azərbaycanı sürətlə inkişaf etdirərək dünyaya tanıtdı.
Bu gün ölkəmiz sivil dövlətlər arasında yüksək mövqe, böyük nüfuz və söz sahibidir. Cənubi Qafqazda lider dövlətdir. Heç bir layihə onun razılığı olmadan həyata keçirilmir.
Müstəqil Azərbaycan iftixarımız, qürur mənbəyimizdir. Ölkəmizin dövlətçilik tarixinin açılmamış səhifələri hələ çoxdur. Bu tarixi hamımız yaxşı bilməli və gələcək nəsillərə çatdırmalıyıq.