Bakı xəbər.-2017.-3 mart.-№40.-S.12.

 

Ekologiya və ətraf mühitin mühafizəsi

 

Seymur Məmmədov,

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 

Təbiəti qorumaq - Vətəni qorumaq deməkdir. Müasir dövrümüzdə ətraf mühitin və ekologiyanın mühafizəsi bütün dünya ölkələri üçün ön planda durur. Çünki bu istiqamətdə görülən tədbirlərin yetərsizliyi bəşəriyyətin faciəsinə səbəb ola bilər. Ətraf mühit insanların həyatına və bütünlükdə cəmiyyətin inkişafına birbaşa təsir göstərir, çünki bizi əhatə edən aləmlə daima əlaqədəyik.

 

Məhz elə buna görə də bəşəriyyətin genefondu, canlı aləm, su və havanın təmizliyi - bütün bunlar bir-biri ilə çox sıx qarşılıqlı əlaqəlidir. çirklənmiş hava, infeksiyalaşmış su, zəhərli, kimyəvi maddələr və təbiətin özündə baş verən bir sıra neqativ proseslər bəşəriyyəti təhlükə altında qoyur. Dünyanın bir çox ölkələrində təbii resusrsların, torpağın, suyun və meşələrin çox sürətlə çirklənməsi müşahidə olunur. Bu sərvətlərin itirilməsi geridönülməzdir. Gələcək nəsilləri təhlükə altında qoymamaq üçün bütün ölkələr təkcə iqtisadi inkişafı deyil, elecə də ətraf mühitin qorunması haqda da fikirləşməlidir. Azərbaycan bu baxımdan xüsusilə seçilən ölkələr sırasındadır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilmişdir. Davamlı olaraq hər il ölkəmizdə genişmiqyaslı yaşıllaşdırma kampaniyası həyata keçirilir, neftlə çirklənmiş torpaqların rekultivasiyası, neft yataqlarının işlənilməsi zamanı əmələ gələn lay sularının axıdıldığı ərazilərin qurudulması sahəsində fəal işlər aparılır.

 

Ölkənin ekoloji durumu yaxşılaşır

 

"Ekologiya ili" çərçivəsində, davamlı olaraq da sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və prezidentin şəxsən özünün bu aksiyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin təqdirəlayiq nümunəsi sayıla bilər. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb və bu gün də bu istiqamətdə işlər çox sürətlə aparılmaqdadır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildən fəaliyyətə başlayan İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərin həllində mühüm rol oynamaqdadır.

Fərəhləndirici haldır ki, bu gün respublikamızda ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə dövlət tərəfindən çox işlər görülür: milli parkların yaradılması işi uğurla davam etdirilir, təbii ehtiyatların qorunması üçün dövlət planları nəzərdə tutulub.

Ekspert-ekoloq Telman Zeynalov bizimlə həmsöhbətində bildirdi ki, ötən illərlə müqayisədə ölkəmizdə ekoloji vəziyyət bu gün daha qənaətbəxşdir.

"Son illlər ərzində ölkəmizin ekoloji durumunda çox mühüm irəliləyişlər var. Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində atılan mühüm addımlardan biri də "Təmiz şəhər" layihəsidir. Əvvələr Balaxanıda açıq havada zibilliklərin yandırılması nəticəsində paytaxtın üzərini tüstü-duman alırdı ki, bu da insanların sağlamlığına ziyan vururdu, ölkənin ekoloji durumunu daha da pisləşdirirdi. Adıçəkilən layihənin icrası nəticəsində bü cür xoşagəlməz hallar aradan qaldırıldı. Artıq tullantıların səmərəli istifadəsi mümkünləşdirildi. Ümumiyyətlə, tullantılarla əlaqədar olaraq əhali arasında geniş maarifləndirmə işləri və tullantıların çeşidlənməsi aparılmalıdır. Hər birimiz buna fikir verməli və sağlam olmaq istəyiriksə ətraf mühiti qorumalıq. Yəni ekologiyanın qorunması ilə tək dövlət məşğul olmamalıdır, insan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir. Sivil Azərbaycan cəmiyyəti bu gün təmiz ekoloji mühitin insan sağlamlığına və bəşəriyətin genefonduna necə təsir göstərdiyini çox yaxşı dərk edir və elə buna görə də hər birimizin ayrı-ayrılıqda payına düşən bu qayğı və diqqəti təbiətimizdən əsirgəməyək", - ekspert vurğuladı.

 

Bir gün təhlükəli tullantılar poliqonunda...

 

Ətraf mühitin çirklənməsinin əsas mühüm səbəblərindən biri də müxtəlif istehsalat tullantılarının, yəni məişət və sənaye tullantılarının təbiətə atılması ilə əlaqədərdir. Bu yazımda mən daha çox sənaye tullantılarının təbiətə vurduğu ziyan və bunun qarşısının alınma yollarından daha geniş bəhs etmək istəyirəm. Sənaye tullantıları dedikdə müəyyən məhsulun istehsalı zamanı əmələ gələn daha çox yarımfabrikatlar, müxtəlif növ materiallar və xammal qalıqları nəzərdə tutulur. Bu cür tullantılar təhlükəli tullantılar qrupuna aid edilir, hansı ki öz tərkib hissəsində toksiki, partlayıcı, infeksion və oddan təhlükəli, ən əsası isə təbii mühitə və insan sağlamlığına çox böyük təhlükə yarada biləcək maddələri birləşdirir.

Artıq bütün dünyada sənayenin müxtəlif sahələri üzrə həyata keçirilən istehsalatlarda ətraf mühitin təhlükəli tullantılarla çirklənməsi hiss olunacaq qədər azalmaqdadır. Heç də sirr deyil ki, bu tullantılar təbiətə ziyan verdiyi qədər, həm də bəşəriyyətin sağlamlığını təhlükə altına atır. Belə nəticəyə gəlirik ki, bu tullantıların zərərsizləşdirilməsi və məhv edilməsi çox mühüm əhəmiyyətə malikdir. Məhz elə bu səbəbdəndir ki, dövlətimiz bu məsələnin həllinə xüsusi önəm verir.

Müasir dövrümüzdə təhlükəli tulantılarla mübarizənin ən optimal və təhlüksiz metodları onların torpaq altında basdırılıb zərərsizləşdirilməsi üçün tikilən poliqonlardır. Bu cür poliqon Azərbaycanda da fəaliyyət göstərməkdədir. Mövcud poliqonda sənaye obyektlərinin təhlükəli tullantılarının zərərsizləşdirilməsi həyata keçirilir. Bütün bu proseslərin canlı şahidi olmaq və onu təfərrüatı ilə qeydə almaq üçün məhz bu poliqona yollandım.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli tullantıların idarə olunması Milli Mərkəzinin direktoru Çingiz Mehtiyev özü şəxsən məni qarşıladı və təhlükəli tullantıların idarə olunması prosesi ilə məni yaxından tanış etdi:

"2003-cü ildə kənd təsərrüfatı üçün yararsız torpaqlarda inşa edilmiş bu poliqon bütün sanitariya-epidemioloji və ekoloji tələblərə cavab verir, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını alır və təhlükəli tullantıların təhlükəsiz zərərsizləşdirilməsini təmin edir. Poliqonun ümumi sahəsi 50 ha-dır. Burada təhlükəli tullantıların utilizasiyası və basdırılması üçün dərinliyi 12 metr olan 4 əsas quyu fəaliyyət göstərir. Artıq 50-250 min kub metr həcmində olan iki quyu doldurularaq bağlanmışdır, digərləri isə hazırda işlək vəziyyətdədir. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, quyular tərsinə çevrilmiş piramida formasında tikilmişdir. Həmçinin poliqon ərazisində quyuların yaxınlığında xüsusi qurğu yerləşdirilmişdir ki, burada təhlükəli biloji və üzvi və  eləcə də tibbi tullantıların yandırılması həyata keçirilir".

Həmsöhbətim onu da qeyd etdi ki, bu poliqon bütün Azərbaycan üzrə təhlükəli tullantıların daşınmasını, utilizasiyanı və basdırılmasını həyata keçirir:

"Bakı və Sumqayıt şəhərlərindən əlavə olaraq Qazax, Lənkəran, Mingəçevir, Tovuz, Neftçala və digər regionlardan bura tullantılar daşınır. Təhlükəli tullantıların böyük həcmi paytaxt Bakı və Sumqayıtın payına düşür. Onların zərərsizləşdirilməsi prosesi neft, neft-kimya və digər sənaye müəssisələri ilə müqavilələr əsasında həyata keçirilir. Bundan əlavə, biz istifadə müddəti keçmiş dərman preparatlarının utilizasiyası üçün xırda firmalarla da işləyirik".

Nəqliyyət vasitəsi poliqonun ərazisinə daxil olaraq utilizasiya üçün nəzərdə tutulmuş tullantıların çəkisini müəyyənləşdirən xüsusi tərəzinin üzərində dayanır. Daha sonra tullantuların boşaldılması üçün nəqliyyat vasitəsi quyulara doğru hərəkət edir. Beləliklə, təhlükəli tullantıların zərərsizləşdirilməsi prosesi belə həyata keçirilir: tullantılar əvvəlcə xüsusi ayrılmış quyulara boşaldılır, sonra isə buldozerlə hamarlaşdırılır və sıxlaşdırılır, üzərinə torpaq səpilir, yenidən hamarlaşdırılır və kompaktlaşdırılır.

"Poliqonun ərazisində radiasiyanın səviyyəsi daima norma çərçivəsində saxlanılır. Bir çoxları burada həm də radioaktiv tullantıların utilizasiyasının həyata keçirildiyini fikirləşir, əslində isə bu həqiqətə uyğun deyil. Bu məqsəd üçün Bakı-Şamaxı yolu yaxınlığında yerləşən xüsusi ayrılmış poliqon fəaliyyət göstərir", - Ç.Mehtiyev vurğuladı.

Planlara gəlincə isə, yaxın gələcəkdə poliqonun ərazisində quyuların sayının artırılması nəzərdə tutulur ki, bu da son dövrdə tullantıların həcminin artması ilə əlaqədardır:

"Əgər xatırlayırsınızsa, 2015-ci ildə Bakının Binəqədi rayonunda yerləşən yaşayış binasında, keyfiyyətsiz tikinti materiallarının - üzlüklərin istifadəsi nəticəsində yanğın baş vermişdi. Məhz elə bu səbəbdən də şəhərdə bu üzlüklərin istifadə edildiyi digər binaların fasadlarından da bu materiallar sökülərək bizim poliqona gətirilmişdi. Zərərsizləşdirilən üzlük materiallarının ümumi həcmi 30 min kub metrdir. Bu faktor qazılmış quyuların daha tez tutulmasına səbəb oldu və yeni quyuların qazılması üçün zərurət yaratdı".

Bundan əlavə, poliqonun ərazisində texniki yağların polixlorbifenil kimi təhlükəli maddələrdən təmizlənməsini təmin edən yeni qurğu quraşdırılmışdır:

"Bu qurğunu bizə BMT-nin sənəye inkişafı üzrə xüsusi strukturu təqdim etmişdir, - həmsöhbətim qeyd etdi. - Stokholm konvensiyasının müddəalarına əsasən, transformator yağları polixlorbifenil maddəsindən təmizlənməlidir, çünki bu maddələr həm ətraf mühitə, həm də insan sağlamlığına çox böyük təhlükə yarada bilər. Azərbaycan da bu konvensiyanın iştirakçısı olan ölkələrdəndir. Transformator yağlarının ölkəmizdə geniş istifadə olunduğu müəssisələr SOCAR, "Azərnerji" ASC və "Azərişıq" ASC-dir ki, təmizləndikdən sonra yağlar müəssisələrin özlərinə qaytarılır".

 

P.S. Yekunda xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanda təhlükəli tullantıların zərərsizləşdirilməsində və onların mənfi təsirlərinin minimuma endirilməsində ətraf mühitin və ölkə əhalisinin sağlamlığının qorunmasında bu poliqon əvəzolunmaz rol oynayır. Hesab edirəm ki, ölkəmizin digər rayonlarında da bu kimi poliqonların tikilməsi ətraf mühitin təmizliyinə və xalqımızın genefonduna çox müsbət təsirini göstərəcəkdir. Bu cür tikililərin artması həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli tulantıların idarə olunması Milli Mərkəzinin işinin asanlaşdırılması baxımından daha məqsədəuyğundur. Çünki ölkənin bütün rayonlarından təhlükəli və zərərli tullantılar məhz bura yönəldilir.