Ədalət.-2017.-15 fevral-¹ 28.-S.3.

 

Qaraqoyunlu dövləti: Qara Yusif

 

Babək Əbülfətoğlu

 

XIV əsrin sonu - XV əsrin əvvəlləri Azərbaycan tarixində mühüm dönüş dövrüdür. Bu dövr xalqımızın yadelli əsarətindən azad olması, müstəqil dövlətçilik ənənələrinin yenidən bərpası və bu uğurda mübarizəsi kimi tarixə daxil olmuşdur. Azərbaycanda Monqolların ağalığına son qoyulmuş, eyni zamanda Orta Asiyadan yeni təhdid Teymurilərin hücumları başlanmışdır. Bu gərgin dövrdə xalqımızın azadlığı, dövlətçilik ənənələrinin bərpası kimi ağır missiyanı Qaraqoyunlu tayfaları öz üzərilərinə götürmüşdür.

 

Qaraqoyunluların mənşəyi:

 

Tarixi qaynaqlardan məlum olur ki, bu tayfa (Qaraqoyunlu, həmçinin də Ağqoyunlu) birləşməsi "Türkman" adlanan etnik qrupa mənsub olub. Bu frazanın yaranması ilə bağlı müxtəlif fikirlər var. Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir və bu səbəbdən də xalacları "türk manənd" (türkə bənzər) adlandırmışdır. Beləliklə də ilk dəfə "Türkmən-türkman" ifadəsi meydana çıxmışdır. Tarixçilər isə bu ifadənin yaranmasın başqa cür izah edirlər. V.V. Bartold bu barədə yazır: "Türkmən" bu söz XI əsrdən ilk əvvəl İran tarixçiləri Qardizi və Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinin cəmində - "Türkmanan" formasında, türklər "oğuz", ərəblər "quzz" mənasında işlətmişdir. "Türkmən" istilahı ilk dəfə ərəb coğrafyaşünası əl-Müqəddəsinin əsərində "ət-türkman" və yaxud "türkmaniy-yun" şəklində xatırlanmışdır. "Türk manənd" ("Türkman") - əsil məkanı və mənşəyi çox da aydın olmayan bu sözü Mahmud Qaşğari fars etimologiyasına əsasən "türkə bənzər", "türkə oxşar" şəklində təqdim etmişdir. Mahmud Qaşğari yalnız oğuzlan deyil, qarluqların da özlərini "türkman" adlandırdığın qeyd edir. Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara "türkmən və ya türkman" deyilmişdir. Bu barədə V.V. Baritold yazır: "müsəlman oğuzlar həmçinin 'türkman" (türkmənlər) adlandırılmağa başlandılar. V.İ. Jirmunski qeyd edir: 'Türkmən" etnik istilahına ərəb mənbələrində X əsrin II yarısından etibarən təsadüf olunur. Türk tədqiqatçısı F. Köprülü də Mahmud Qaşğarinin ınəlumatlarına əsaslanmış və "türkman" adını müsəlman əqidəli oğuzlara verildiyini göstərmişdir. Faruq Sümer də Biruninin verdiyi məlumatlara əsaslanaraq islamı qəbul etmiş oğuzlara "türkman" deyildiyini qəbul edir". Digər tərəfdən "türkman" sözünün hələ VIII əsr Çin ensiklopediyası "Tundyan"da "te-qomen" formasmda işləndiyini göstərmişdir. Tarixi mənbələrdə oğuzların islamı qəbul etməsi X əsrə təsadüf edir ki, bu halda VIII əsr Çin ensiklopediyasında "Türkman" ifadəsinin işlənməsi yuxarıda qeyd edilən fikirlərlə ziddiyyət təşkil edir. Bu fakt hələ də aydınlaşdırılmamışdır. Bununla bərabər müasir tarixşünaslıqda "türkmən" sözü islam dinini qəbul etmiş oğuzlara verilmiş bir ad kimi qəbul olunur. "Türkmən" istilahı həm də oğuzların daha çox köçərilik etmiş hissəsinə şamil edilmişdir. Müasir Azərbaycan dilində "tərəkəmə" kəlməsinin mövcud olması bununla əlaqələndirilir. Maraqlıdır ki, orta əsrlərin Bizans müəllifləri də Kiçik Asiyadakı köçəri oğuzları "türkmən" adı ilə təqdim etmişdir.

Qaraqoyunluların oğuzların hansı boyuna mənsub olması ilə bağlı yekdil fikir yoxdur. Faruq Sumer XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullaha əsasən Qaraqoyunluların Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olduğunu bildirir. Tarixçilərin böyük əksəriyyəti Yıvə boyu ilə Qaraqoyunluların nəsli qohumluq əlaqələrinin olduğunu qeyd edirlər. Onlar bunu Qaraqoyunlu sikkələrində olan damğaların Oğuz damğalarından daha çox Yıvə damğasına bənzəməsi ilə əsaslandırırlar.

 

Qaraqoyunluların Azərbaycanda məskunlaşması:

 

XI əsrdə Azərbaycana və Kiçik Asiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini oğuzlar təşkil etmişdir. Bu tarixə III (həmçinin sonuncu) türk axını kimi düşərək Azərbaycan xalqının formalaşmasını başa çatdıran hadisə hesab olunur. Bu axında Ağqoyunlu və Qaraqoyunlu tayfalarının da olduğu və həmin tayfaların Azərbaycana X-XI əsrlərdə məskunlaşması qeyd edilir. Türk dünyasının ən qədim epik abidələrindən biri sayılan "Kitabi-Dədəm Qorqud" eposuna diqqət yetirsək boylarda ağqoyunlu və qaraqoyunluların yaşam tərzinin tam əks etdirildiyini müşahidə edərik. Nəzərə alsaq epos oğuzların islamiyyətdən öncəki, islamiyyətin ilk çağlarındakı və sonrakı dövrləri əhatə edir və bu hadisələrin mütləq əksəriyyəti Azərbaycan və Şərqi Anadoluda baş verir, ona demək olar oğuzlar (qaraqoyunlular və ağqoyunlular) Azərbaycanda III Türk axınından qabaq mövcud olublar. Görkəmli alimlərimiz Z. Bünyadov və O. Əfəndiyevin "ehtimal etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar" fikri yuxarıda qeyd etdiklərimin dolayısı ilə doğru olması anlamına gəlir. Çünki faktlar göstərir ki, yerli, oturaq əhali ilə türkman tayfalarının qaynayıb-qarışma prosesi XI əsrdən xeyli əvvəllərə təsadüf edir. Məhz bunun nəticəsi idi ki, qərbi türkmənlər Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da Şərqdə, Orta Asiyada məskunlaşmış həmqəbilələrindən əhəmiyyətli dərəcədə fərqlənməyə başlamışdılar. Yeni keyfıyyətlərin qazanılması, fərqli xüsusiyyətlərin təşəkkülü prosesində ilkin vətəndən uzunmüddətli uzaqlaşma mühüm rol oynamışdır. Bu versiyanı gücləndirəcək digər fakt isə türk tarixçisi F. Kırzıoğlunun qaraqoyunluların mənşəyini "Kitabi-Dədəm Qorqud" eposuna əsaslanaraq III əsrdə Şərqi Anadoluya Türkistandan gəlmiş Mamik və Qonaq adlı türk bəyləri sülaləsi ilə əlaqələndirməsidir. Eyni zamanda VIII-IX yüzilliklərdə yaşamış Əbuməhəmməd Əbdülməlik ibn Hişam adlı ərəb tarixçisi Kitabül-tican fi mülük himyər (Himyər hökmdarları barədə taclar kitabı) adlı tarixi əsərində beşinci ərəb xəlifəsi I Müaviyə (661-680) ilə çağdaşı olan Übeyd ibn Şəriyyə əl-Cürhumi haqqında maraqlı yazı vermişdir. Müaviyə söhbət əsnasında Übeydə müraciət edərək, Azərbaycan haqqında onu fikrini öyrənmək istəyərək deyir: "Sən allah, Azərbaycan haqqında əlaqəniz, təlaşınız və xatirəniz nədir?"

Übeyd ibn Şəriyyə belə cavab verir: Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər.

Bu fikri təsdiqləyən başqa bir fakt XV yüz ildə yaşamış şair Ənvərinin "Dəst urnamə" adlı poemasında ikinci ərəb xəlifəsi Ömər ibn əl-Xəttabın (634-644) sərkərdəsi Səd Vəqqasın yürüş zamanı bir ulu şəhərdə və onun ətrafında yüz mindən çox oğuz evləri görməsi barədə yazdığı şeir parçasıdır.

 

Anda qonmuşdu oğuzlar biədəd

Obalar başdan-başa, yox ona hədd.

 

Bu faktlar oğuzların Azərbaycan ərazisində VII əsrdən qabaq yaşadıqlarını göstərir.

Qaraqoyunlu tayfası ilə bağlı olan etnonimlər Azərbaycanda, Şərqi Anadoluda və İranda son dövrlərə qədər mövcuddur. Son araşdırmalar göstərir ki, Azərbaycanın Gəncə, Göyçay, Neftçala, Yevlax, Bərdə, İmişli, Göyçay, Cəbrayıl, Masallı Ağsu, Qubadlı, Tərtər və Goranboy və s. bölgələrində Qaraqoyunlu tayfa ittifaqına daxil olan tayfalarla bağlı oykonimlər saxlanılmışdır. Qaraqoyunluların adı ilə bağlı son dövrlərə qədər Qərbi Azərbaycanda Qaraqoyunlu mahalı adı ilə mövcud olmuş (hal-hazırda həmin bölgədə Tavuş və Gerkunik adlı iki rayon yerləşir). Məlum hadisələr nəticəsində soydaşlarımızın Qərbi Azərbaycandan çıxmasından sonra həmin bölgələr türksüz qalmışdır.

 

Qara Yusif

 

Azərbaycan Qaraqoyunlu dövlətinin hökmdarı Cəmaləddin Qara Yusif Barani xalq arasında daha çox "Qara Yusif" kimi tanınır. Onun Azərbaycanda Teymuri ağalığına son qoyulması və dövlətçiliyimizin bərpa edilməsində tarixi xidmətləri əvəzsizdir. Qara Yusif (1355-1420) 1389-cu ildə atası Qara Məhəmmədin öldürülməsindən sonra mərkəzi Ərciş qalası olan Qaraqoyunlu tayfa birliyinə rəhbərlik etmişdir. Möhkəm iradə sahibi olan Qara Yusif rəqiblərinin müqavimətini qırıb qaraqoyunluların nüfuzunu daha da artırmış və bölgədə yaranmış əlverişli vəziyyətdən faydalanaraq 1391-ci ildə Təbriz şəhərini ələ keçirmişdi. Bu zaman Azərbaycanda monqol mənşəli Cəlairi dövləti hakimiyyətdə idi, Azərbaycanın şimal hissəsində Şirvanşahlar dövləti mövcud idi. Vahid güclü dövlətin olmamasından istifadə edən feodallar əhaliyə zülm edir, bundan istifadə edən Əmir Teymur və Toxtamışın qoşunları tez-tez hücumlar edir, başda Təbriz olmaqla şəhərlər əldən-ələ keçir, əhalinin mal-mülkü çapıb-talanır, taxıl sahələri, yaşayış yerləri dağıdılır, xarabalığa çevrilirdi. Belə bir şəraitdə Cəlairi hökmdarı Sultan Əhmədlə Qara Yusif arasında ümumi düşmənə (Əmir Teymura) qarşı ittifaq yaradaraq 1394-cü ildə Əmir Teymura qarşı çıxdılar. Bağdad ətrafında baş verən döyüşdə Teymur qalib gəldi. Bu hadisədən sonra Qaraqoyunlu tayfa ittifaqı zəifləmiş hətta dağılma təhlükəsi yaranmışdır. Qara Yusifin səyləri nəticəsində bu hadisənin qarşısı alınmışdır. 1400-cü ilin ortalarında Qara Yusif Osmanlı sultanı Bəyazidə sığınmağa qərar verir və 8 ay Türkiyədə yaşayır. Bu zaman Əmir Teymurun Qarabağdan Osmanlı sultanına göndərdiyi məktublarda Qara Yusifin öldürülməsi, təslim edilməsi, yaxud da ölkədən çıxarılması tələb edilmişdi. Osmanlı sultanı İldırım Bəyazid cavab məktubunda Teymurun bu tələblərini rədd edərək ona sığınmış bir qonağın qovulmasını amansızlıq və imansızlıq kimi qiymətləndirmişdi. 1402-ci ilin əvvəllərində Qara Yusif Türkiyəni tərk edərək Sultan Əhmədin Bağdadı ələ keçirməsinə yardım etmiş və Hillədə möhkəmlənmişdi. 1403-cü il iyulun sonunda Qara Yusif Hillə yaxınlığında teymurilərlə döyüşdə böyük qəhrəmanlıq göstərsə də, məğlub olmuş və Suriyaya çəkilmişdi. Teymur hər ikisinin təhvil verilməsini tələb etsə də Misir hökmdarı Berqoq ona sığınanları təhvil verməmiş, lakin onun ölümündən sonra hakimiyyətə gələn oğlu sultan Fərəc Teymurla münasibətlərini pisləşdirməmək üçün onları həbs etdir. 1405-ci ildə Teymurun ölüm xəbəri müttəfiqlərin azad edilməsinə səbəb olur. Tarixçi-salnaməçi Xandəmirin yazdığına görə, bir ilin birgə dustaqlığı Qara Yusifə Sultan Əhmədi yenidən barışığa gətirdi. Onlar əbədi dostluğa and içərək şərtləşdilər ki, azadlığa çıxdıqdan sonra Sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizə yiyələnsin. Teymurun ölümündən sonra onların hər ikisi Azərbaycana qayıdır. Qara Yusif yol boyu Misir sərhədlərindən Fərat çayının sahillərinə qədər ərazilərdə ayrı-ayrı feodal həmlələrini dəf edir. Van ərazisində Hilat, Muş və Xunusun hakimi Məlik Şəmsəddin onunla ittifaqa girir.

1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdikdən sonra Azərbaycanın cənubuna doğru irəlilədilər. 1406-cı il iyulun sonunda Təbrizə yaxınlaşdılar. Sultan Əhməd şəhər yoxsullarını öz tərəfinə çəkməyə çalışdı. Qara Yusiflə Sultan Əhmədin bağlaşmasından xəbəri olmayan Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarını dönüşü kimi qəbul edərək, "Məmləkət sahibsiz olduğundan xalq hər kəsin tamahından əzab çəkirdi. Gəldik, mühafizə etdik, indi məmləkətin ağası təşrif edir, biz də öz evimizə gedəyin" söyləyərək Uçandan Şirvana qayıtdı. Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əlincə qalasının bərpa edilməsi barədə fərman verdi. Sultan vergilərin azaldılması və toplanması barədə təbrizlilərə verdiyi vədə əməl etmədi. Əksinə, daha da ciddi tədbirlər gördü. Ona görə də az sonra Teymuri Əbubəkr Mirzənin qoşunu Təbrizə yaxınlaşanda, əhali Sultan Əhmədə kömək etmədi və o, yenidən Bağdada qaçdı. Lakin Əbubəkrin qoşunu Qara Yusifin qüvvələrinin öhdəsindən gələ bilmədi. 1406-cı ilin payızında Təbrizin yaxınlığındakı Şənbi-Qazanda Qaraqoyunlu və Teymuri qoşunları qarşı-qarşıya gəlirlər. Bu zaman Qara Yusif "Bizim şəxsi düşmənçiliyimiz üzündən bu qədər insan tələf olur; igidlik və bahadırlıq ikimizin qarşı-qarşıya gələrək vuruşmasındadır" deyərək düşmən sərkərdəsi Əbu Bəkri açıq döyüşə çağırır. Lakin o bu təklifdən imtina edir. Qaraqoyunlu qüvvələri teymuriləri məğlub edir. Əbubəkr üzərində bu ilk qələbə Qara Yusifin şöhrətini xeyli artırdı, onun sonrakı qələbələrinin müjdəçisi oldu.

Əbubəkrin məğlubiyyəti atası Miranşaha ağır təsir etdi. Odur ki, 1408-ci il aprelin 21-də Sərdrud adlı yerdə Qara Yusifin qüvvələri ilə Teymurilər arasında ikinci döyüş oldu. Bu döyüş də Qaraqoyunluların qələbəsi ilə başa çatdı. Miranşah öldürüldü, Teymurilər təslim oldular. Beləliklə, Teymurilərin Azərbaycandan qovulmasında Qaraqoyunluların həlledici rolu oldu. Nəticədə Azərbaycanın cənub torpaqları onların hakimiyyəti altına keçdi.