Bakı Xəbər.-2017.-12 dekabr.-¹224.-S.13.

 

Azərbaycan vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda dünya-milli təcrübənin sintezini yarada bildi...

 

 

Samirə Səfərova

 

Vətəndaş cəmiyyəti nədir...

 

Demokratik və müstəqil inkşaf edən ölkələrdə vətəndaş cəmiyyəti əsas etibarı ilə vətəndaş - şəxsiyyət amilinə dayanır. Çünki bu cəmiyyətin mayasında insanların siyasi deyil, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti durur. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, zorakılığa yer yoxdur, bu cəmiyyətin dayandığı başlıca prinsipləri humanizim, qanunlara və əxlaqa hörmət təşkil edir. Lakin bu o demək deyil ki, vətəndaş cəmiyyəti dövlətdən tam təcrid olunmuş formada inkişaf edə bilər, əksinə, o, dövlətlə sıx qarşılıqlı əlaqədə olur, hətta bütün sahələrdə onun dəstəyinə arxalanır.

Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını təşkil edən əsas elementlər qismində ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri, əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları çıxış edir. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması, sosial konfliktlərin həlli, müstəqil media, cəmiyyətin maraqlarını qoruyan və müdafiə edən konstitusiya, ədalətə söykənən məhkəmə-hüquq sisteminin formalaşması vətəndaş cəmiyyətinin inkişafının təməl prinsipləri hesab olunur.

 

Vətəndaş cəmiyyətində insan faktoru...

 

Birmənalı şəkildə insan faktoruna dayanan vətəndaş cəmiyyətinin formalaşması və inkişaf etdirilməsi prosesində fərdin iqtisadi azadlığı, müxtəlif mülkiyyət formaları və onun qorunması, bazar münasibətləri ilk yerlərdə gəlir. Çünki bəllidir ki, vətəndaş cəmiyyəti ilkin dövrdə burjua dövrünun məhsulu olub, insanların təhkimçilikdən azad edilməsi, onların dövlətin təəbəsindən çıxaraq şəxsi ləyaqət hisslərinə malik, təsərrüfat və siyasi məsuliyyəti üzərinə götürməyə hazır olan vətəndaş-mülkiyyətçilərə çevrilməsi nəticəsində yaranıb. Ötən müddət ərzində vətəndaş cəmiyyəti institutu uzun bir təkamül yolu keçərək özünün müasir oturuşmuş formasını yarada bilib. Hazırda vətəndaş cəmiyyəti dedikdə azad sahibkarlıq, siyasi plüralizm, təşəbbüskarlıq mühiti başa düşülür. Sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi qəbul edilən vətəndaş cəmiyyəti o insanların demokratik cəmiyyətidir ki, orada insanlar mütləq nəyəsə - istehsal vasitələrinə, pul kapitalına, aksiyalara, insanlara gərəkli olan informasiyaya, intellektə və nəhayət işçi qüvvəsinə malik olur. Çox da uzaq olmayan keçmişimizdə - sovet dönəmində bolşevik rejimi məhz ölkədəki orta təbəqəni məhv etməklə insanların mülkiyyətçilik hüquqlarının önünü kəsdi. Həmin dövrdə kollektivləşmə adı altında insanların dövlətə məxsus təsərrüfatlarda bir araya gətirilməsi əslində şəxsi mülkiyyətçiliyin əleyhinə atılan bir addım idi. Bu siyasət Azərbaycanda müasir vətəndaş cəmiyyətinin formalaşmasını on illərlə əngəlləsə də, müstəqillik əldə edildikdən sonra bu istiqamətdə dövlət səviyyəsində ard-arda qəbul olunan qanunlar ölkədə istər sahibkarlığın, istərsə də qeyri-hökumət təşkilatlarının yaranması, beləliklə də vətəndaş cəmiyyətinin formalaşması üçün geniş üfüqlər açdı.

 

Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu...

 

Ötən əsrin 90-cı illərində müstəqilliyini əldə edən Azərbaycan Respublikası ilkin dövrdə çox böyük əngəllərlə üzləşsə də, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində özünə məxsus modeli yaratmağı bacardı. Bu modelin yaradılmasında isə o dövrdə ikinci dəfə hakimiyyətə gələn mərhum prezident Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Bu elə bir dövr idi ki, Azərbaycan sovet idarəetmə sistemindən ayrılmış, özünün idarəetmə sistemini isə hələ müəyyyənləşdirməmişdi. Üstəlik, imperiya tərəfindən Azərbaycan üçün süni şəkildə bir Qarabağ düyünü də yaradılmışdı. Məhz bu böyük siyasət adamı özünün unikal siyasi savadı və fenomenal strategiyası ilə Azərbaycanda hüquqi dövlət quruculuğunun sarsılmaz təməlini qoydu. O deyirdi:”Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir...”

Həmin dövrdən ötən müddət ərzində ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı çox böyük işlər görülüb, islahatlar aparılıb. Hüquqi dövlətin varlığı insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında, vətəndaşın isə dövlət qarşısında məsuliyyəti, qanunun aliliyi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə birbaşa bağlı olduğundan, Azərbaycan dövləti özünün inkişaf strategiyasında hər zaman bu istiqamətə xüsusi önəm verib, hüquqi dövlət quruculuğuna həssaslıqla yanaşıb. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu və bununla da ölkədə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar isə başlıca olaraq bir məqsədə -  vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi. Həmin illərdə ölkədə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atılan addımların nəticəsi olaraq yerli özünüidarə sisteminin – bələdiyyələrin yaradılmasına başlandı. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun önəmli atributlarından olan bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bələdiyyələrin hüquqi statusu ilk dəfə onun fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qanun çərçivəsində müəyyənləşdirilib. 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verilib və beləliklə də ölkədə xalq hakimiyyətinin yaradılmasına nail olunub. Əsas Qanunun qəbul edilməsinin ardından aparılan məhkəmə-hüquq islahatları isə bütün hüquq təchizatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunların qəbul edilməsinə səbəb olub.

 

“İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır"

 

Prezident İlham Əliyev çıxışlarının birində qeyd edib ki, ölkənin uzunmüddətli inkişafını demokratik və iqtisadi islahatların paralel davam etdirilməsi şərtləndirir: "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır". Prezidentin bu fikrinin inikasını bu gün qeyri-hökumət təşkilatlarına və milli sahibkarlığa yaradılan unikal şəraitdə aydın görmək olar. Ölkədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Sahibkarlığa Kömək Fondu və digər bu kimi sırf vətəndaş cəmiyyətinin inkişafına yönəlik təsisatların yaradılması və onların fəaliyyətinin stimulaşdırılması yönündə aparılan islahatlar, bir sıra QHT-lərin xarici donorlardan asılılığının minimuma endirilməsi işinin təşkili istiqamətində atılan addımlar isə dövlətin ölkədə sağlam vətəndaş cəmiyyətinin formalaşmasında maraqlı olduğunu göstərir. Ümumiyyətlə, inkşaf etmiş vətəndaş cəmiyyətinə malik ölkələrdə dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Buraya cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması, vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması, onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması, cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi, sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması, ölkədə sabitliyin və vətəndaşların təhlükəsiz həyat şəraitinin təmini kimi ən vacib idarəetmə prinsipləri daxildir.  Belə cəmiyyətlərdə, hər şeydən əvvəl, vətəndaşların maraq və tələbatlarını, azadlığını ifadə edən vətəndaş cəmiyyətinin əsas elementləri kimi insan hüquq və azadlıqlarının qeyd-şərtsiz tanınması və qorunması, qanun qarşısında hər kəsin bərabərliyi, KİV-in müstəqilliyi və digər bu kimi demokratik dəyərlər əsas götürülür ki, Azərbaycanda bu prinsiplərin öncüllk təşkil etdiyini əminliklə söyləmək olar. Deyilənlərin sübutu üçün isə təkcə çap və ya onlayn media orqanı açmaq istəyənlərin keçməli olduğu hüquqi prosedurlara nəzər salmaq yetərlidir. Bu prosedurların sadəliyinin və əlçatanlığının nəticəsidir ki, ölkədə son illərdə, xüsusilə xəbər saytlarının sayı durmadan artır, azad və sağlam medianın qarşısında isə heç bir əngəl yoxdur.

 

“Azərbaycanda 3 min 500-dən çox vətəndaş cəmiyyəti təşkilatı var...”

 

Bu ilin fevral ayında “Əl-Cəzirə” telekanalına müsahibə verən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ölkə mediasının bugünkü durumu ilə bağlı səslndirdiyi fikirlər də deyilənləri təsdiqləyir. Belə ki, jurnalistin Avropanın və bir sıra beynəlxalq təşkilatların Azərbaycanda insan haqları və medianın durumu ilə bağlı ittihamları barədə sualının cavabında Ə.Həsənov deyib:”Azərbaycanda 3 min 500-dən çox vətəndaş cəmiyyəti təşkilatı var. Bizdə yüzlərlə qəzet, jurnal, onlarla televiziya və radio kanalı fəaliyyət göstərir. Ölkədə internet tam azaddır. Azərbaycanda media azadlığının səviyyəsini görmək üçün gündəlik çıxan qəzetlərə və internetə nəzər salmaq kifayətdir. Bu zaman görəcəksiniz ki, Azərbaycanın media məkanı azad və plüralistdir...”  Prezidentin köməkçisinin bu fikirlərinə sözardı olaraq Azərbaycanın media sahəsinin inkişafı üçün yaradılan çoxsaylı ictimai təşkilatlara nəzər salmadan keçmək olmaz. Tam ictimai əsaslarla işləyən bu təşkilatlar ölkədə dövlətin müdaxiləsi olmadan, sərbəst fəaliyyət göstərməklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayır, eyni zamanda ölkə mediasının sağlamlaşdırılmasına öz töhfələrini vermiş olurlar. Bu sırada Azərbaycan Mətbuat Şurasının “reket” jurnalistika ilə apardığı ardıcıl mübarizə, Prezident yanında KİV-ə Dəstək Fondunun mətbu orqanları ölkənin ictimai-siyası həyatındakı ən ümdə problemlərlə bağlı layihə yazıları ilə müntəzəm çıxış etməyə həvəsləndirməsi, jurnalistlərin maddi rifah halının yaxşılaşdırılması və jurnalist əməyinin stimullaşdırılması məqsədilə il ərzində bir neçə dəfə yazı müsabiqələri keçirməsi və fərqlənənlərin təltif olunması xüsusi qeyd olunmalıdır. Bütün bunlar isə hüquqi dövlətin ən önəmli atributu sayılan vətəndaş cəmiyyətinin formalaşması işinə elə cəmiyyətin içindən verilən real dəstəkdir.

 

Və sonda...

 

Bütün sadalananların fonunda əminliklə söyləmək olar ki, müasir Azərbaycan Respublikası vətəndaş təşəbbüslərinin dəstəkləndiyi, siyasi plüralizmin əsas götürüldüyü demokratik cəmiyyətin formalaşdığı ölkələr sırasında ilk yerlərdə qərarlaşıb. Lakin təbii ki, bununla ölkədə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesinin tamamlandığını demək olmaz, çünki bu, davam edən bir prosesdir. Bu fikri “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də təsdiq edir:” Bu davam edən prosesdir. Azərbaycanın 25 illik dövlət müstəqilliyinin inkişafına baxsaq, bunu hər addımda görə bilərik. Bütövlükdə dəyişən mənzərə - huquqi, siyasi, iqtisadi və etibarlı sosial müdafiə sisteminin qurulması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yönələn addımlardır. Bu proses daim təkmilləşir. Çünki güclü dövlət güclü vətəndaş cəmiyyətinin mövcud olduğu yerdə olur. Demokratik prinsiplərin tam həyata keçirildiyi və sabitliyin davam etdiyi bir cəmiyyətdə islahatlar müsbət nəticə verə bilir”.

Bu fikrin davamı olaraq demək olar ki, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı proseslər ölkəmizdə də, bütün dünyada olduğu kimi, eyni məcrada gedir. Azərbaycanda ildən-ilə vətəndaşların sosial fəallığının artması özünü muxtəlif cəmiyyətlərin, birliklərin, sosial hərəkatların yaranması və fəaliyyətini genişləndirməsiə göstərir. Bu isə son illər Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzu, genişlənən əlaqələri, ölkəmizin regional əhəmiyyətinin yüksəlməsi ilə izah olunmalıdır. Artıq ölkədə  siyasi mədəniyyətlə bağlı xüsusi sosial münasibətlər kompleksi formalaşır ki, bunun nəticəsində təsərrüfat, dini, hüquqi, etnik və digər əlaqələr genişlənir və bu əlaqələr cəmiyyət münasibətlərinə yeni çalarlar gətirir. Bütün bunların isə eyni məqsədə - ümumxalq mənafeyinin qorunmasına xidmət etdiyi şəksizdir.