Ekspress. - 2017.- 6 dekabr. - ¹ 221. - S. 10.

 

Beynəlxalq hüququn mənbələri

 

Rəşid Rəşad

 

BMT Nizamnaməsinin 6-cı bəndində deyilir: "Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər".

Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn bütün normaları beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olmalıdır. Bundan başqa, beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir.

Ekspertlərin fikrincə, beynəlxalq hüquq məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır. Bu baxımdan da beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə edir.

O da qeyd olunur ki, beynəlxalq hüquq diplomatiya və xarici siyasətlə üzvi surətdə bağlıdır. Xarici siyasətin həyata keçırilməsi və diplomatik təcrübə beynəlxalq hüquqa uyğun olmalıdır. Digər tərəfdən, diplomatiya beynəlxalq hüquq normalarının yaradılmasının ən mühüm vasitəsi kimi çıxış edir (wordpress.com).

Hüquqşünas İsrail İmamlı qeyd edir ki, beynəlxalq hüquqi tənzimetmənin ilkin mərhələsi sayılan və ictimai münasibətlərin tənzimlənməsi məqsədilə onların inkişafının obyektiv qanunlarına uyğun beynəlxalq hüquq yaradıcılığı, beynəlxalq hüquqi normaların yaradılması və dəyişdirilməsinə istiqamətlənmiş, həmçinin beynəlxalq hüququn bir neçə subyektinin iradəsinin razılaşdırılması yolu ilə həyata keçirilən fəaliyyətdir: "Hüquqi cəhətdən məcburilik beynəlxalq hüquqi normaların səciyyəvi əlamətidir. Bu əlamət onu dövlətlərarası sistemdə mövcud olan digər sosial normalardan fərqləndirir. Beynəlxalq hüquq elmində müxtəlif istiqamətlərə baxmayaraq, kiçik istisnalarla hamı onun normalarının hüquqi cəhətdən məcburiliyini qəbul edir. İstisna kimi, professor M. Makduqalın irəli sürdüyü beynəlxalq hüquq normalarının qeyri-normativliyi konsepsiyasını göstərmək olar. Həmin konsepsiyaya görə, beynəlxalq hüquq dövlət üçün hüquqi cəhətdən məcburi normaların məcmusu deyil. Bu müddəa beynəlxalq hüquq mütəxəssisləri tərəfindən heç də birmənalı qəbul edilməyib. Bundan başqa beynəlxalq hüquq elminin banilərindən H. Hrotsi yazır ki, öhdəliklər zəruridir, çünki məcburi qüvvəyə malik olmayan məsləhətlər və yaxud istənilən başqa tövsiyələr, məsələn, şərəf qaydaları qanun, yaxud hüquq adı daşımağa layiq deyil".

İmamlı onu da qeyd edir ki, dövlətdaxili hüquq normaları dövlətin iradəsinin ifadəsidir, beynəlxalq hüquq normaları isə dövlətlərin razılaşdırılması iradələrinin məhsuludur: "Formasına görə sənədləşdirilən və sənədləşdirilməyən beynəlxalq hüquq normaları var. Sənədləşdirilmiş normalar müqavilə normaları və beynəlxalq təşkilatların, konfransların aktlarında əks olunmuş normalardır. Bu normalar müəyyən aktlarda müəyyənləşdirilmiş və təsbit (sözlü tərtib) edilmiş qaydalardır. Sənədləşdirilməyən normalar beynəlxalq hüquqi adət normalarıdır. Onlar subyektlərin təcrübələrində formalaşır, təsdiq olunur (məcburiliyi etiraf olunur) və elə bu təcrübədə də mövcudluğunu davam etdirir. Onlar hüquq tətbiqedici aktlarda, məsələn, dövlətlərin bəyənatlarında, notalarında sözlə ifadə olunur. Tənzimləmə predmetindən asılı olaraq, beynəlxalq hüquq normaları beynəlxalq müqavilə normalarına, dəniz hüququ normalarına və s. bölünür" (anl.az).

Fəlsəfə doktoru Vahid Ömərov isə bildirir ki, hüququn mənbələri sırasında ən yüksək hüquqi qüvvəyə malik olan və ölkə ərazisində birbaşa qüvvədə olan sənəd Konstitusiya hesab olunur: "Konstitusiyanın 148-ci maddəsinə görə, Azərbaycan qanunvericilik sistemi aşağıdakı normativ-hüquqi aktlardan ibarətdir: Konstitusiya, referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Həmin maddənin ikinci bəndinə əsasən isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. Qeyd edək ki, hər hansı beynəlxalq müqavilənin əsas hüquqi keyfıyyəti onun etibarlı olmasıdır. Bu barədə "Beynəlxalq müqavilələr hüququ haqqında" 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsində xüsusi göstəriş təsbit olunub. Orada deyilir: "İmzalandığı andan beynəlxalq ümumi hüququn imperativ normasına zidd olan müqavilə etibarsızdır". Ona görə də, beynəlxalq normalar ölkə ərazisində tətbiq edilərkən ona Azərbaycan Respublikasının tərəfdar olması və müqavilənin etibarlılığı müstəsna əhəmiyyət kəsb edir".

V. Ömərov onu da qeyd edir ki, beynəlxalq müqavilələr - bütün dövlətlərin iştirak etdiyi və edə biləcəyi, ayrı-ayrı sahələrə aid olan beynəlxalq razılaşmalardır: "Belə razılaşmalar, adətən, onu imzalayan və ya ratifikasiya edən tərəflər üçün məcburi öhdəliklər yaradır. Lakin ümumilikdə, beynəlxalq hüquqda elə normalar vardır ki, onlar imzalanmasından asılı olmayaraq bütün dövlətlər üçün məcburidir. Bu normalar "jus cogens" normalardır, yəni yerinə yetirilməsi hamı tərəfindən məcburi olan normalardır. Bunlara beynəlxalq hüququn əsas prinsipləri aiddir: insan hüquqlarına hörmət edilməsi prinsipi, dövlətlərin suveren bərabərliyi prinsipi, daxili işlərə qarışmamaq prinsipi, güc tətbiq etməmə və güclə hədələməmə prinsipi, ərazi bütövlüyü prinsipi, mübahisələrin dinc yolla həll edilməsi prinsipi və s. Belə normalardan kənara çıxmaq yolverilməzdir. Onların dəyişdirilməsi isə ümumi beynəlxalq hüququn yalnız belə xarakterli yeni norması ilə mümkündür.

- Beynəlxalq adətlər - tarixi təkrarlanma nəticəsində beynəlxalq hüquq subyektlərinin davranışında əks olunmaqla onlar üçün zəruri davranış qaydalarına çevrilən normalardır. Hər hansı bir adət normasının dövlətlər çoxluğu tərəfindən qəbul edilməsi onu imperativləşdirir və məcburi normaya çevirir. Buna müəyyən zaman intervalı tələb olunur ki, beynəlxalq hüquq isə belə bir zaman həddini müəyyən etmir. Bu, daha çox adət normasının zərurilik keyfiyyəti və geniş əhatəliliyi ilə şərtləşən bir məsələdir.

- Hüquqi doktrinalar - beynəlxalq və milli hüquq sahəsində görkəmli alimlərin əsərləri, fıkir və rəyləridir. Bunlar yardımçı mənbələr qismində çıxış edir. Belə doktrinalar ona görə mühüm əhəmiyyət kəsb edir ki, onların vasitəsilə hər hansı spesifık məsələ üzrə dövlətlərin beynəlxalq hüquqi mövqeləri aşkarlanır.

- Beynəlxalq qurumların qərarları - beynəlxalq məhkəmə və arbitraj qərarları, beynəlxalq və regional təşkilatların qətnamə və tövsiyələri də yardımçı mənbələr kateqoriyasına aiddir" (sesqazeti.az).

Yeri gəlmişkən, beynəlxalq hüququn əsas prinsiplərindən biri olan beynəlxalq mübahisələrin dinc yolla həll olunması prinsipi ondan ibarətdir ki, ortaya çıxan mübahisələri nizamlamaq üçün dövlətlər onların ixtiyarında olan dinc vasitələrin hər hansı birindən istifadə edə bilərlər. Dinc vasitələrin tam olmayan siyahısı BMT Nizamnaməsinin 33-cü maddəsində öz əksini tapıb: danışıqlar, müayinə, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə araşdırması, regional orqan və ya sazişlərə müraciət.

Ümumiyyətlə isə, beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələrini diplomatik vasitələr və məhkəmə vasitələri olmaqla iki növə ayırmaq olar. Ekspertlər bildirirlər ki, ikinci növə beynəlxalq arbitraj və

Beynəlxalq məhkəmə daxildir. Belə ki, bu halda beynəlxaq mübahisələri qərəzsiz üçüncü tərəf beynəlxalq hüququ əsas götürməklə həll edir və onun çıxardığı qərar mübahisənin tərəfləri üçün məcburidir.

O da qeyd olunur ki, bütün dinc vasitələr çox zaman bir yerdə tətbiq olunur. Bundan başqa, beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma beynəlxalq hüququn subyekti deyilir. Beynəlxalq-hüquqi subyektliyin əsas ünsürləri isə aşağıdakılardır: beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədilə beynəlxalq (və ya dövlətdaxili) məhkəmə qarşısında iddia qaldırmaq hüququ; beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti (kayzen.az).

Hüquqşünaslar beynəlxalq hüququn xüsusiyyətlərini düzgün başa düşmək ücün olduqca mühim bir məqama diqqət yetirməyin lazım olduğunu vurğulayırlar. Belə ki, səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən olunan və ya tanınmış hüquq normaları prinsip etibarilə dövlətin bütün ərazisinə və bu ərazidə olan bütün hüquqi bə fiziki şəxslərə şamil edilir. Yəni, beynəlxalq hüquq yekcins deyildir və ola da bilməz. Bu baxımdan beynəlxalq hüquq anlamı elə qəbul edilməməlidir ki, söhbət burada yalnız dünyanın bütün dövlətlərini əhatə edən, bütün dövlətlərin riayət etməli olduğu hüquqdan gedir.

Qeyd edildiyi kimi, beynəlxalq hüququ dövlətlər özü yaradır və bunun nəticəsində iki dövlət arasında bağlanan ikitərəfli müqavilə də, bütöv regionu əhatə edən razılaşma da və bütün dünya dövlətləri ücün məcburi olan norma da beynəlxalq hüquq deməkdir. Bunu nəzərə almaqla, beynəlxalq hüquq sisteminin özündə ümumi beynəlxalq hüququ və partikulyar beynəlxalq hüququ ayırmaq olar.

Qeyd edək ki, beynəlxalq məhkəmə təcrübəsində çox geniş istifadə olunan -ümumi beynəlxalq hüquq - termini vasitəsilə bütün dövlətlər məcburi olan beynəlxalq hüquq normalarıilə ifadə olunur. Bu normalara hamılıqla tanınmış prinsiplər və ya hamılıqla tanınmış normalar da deyirlər. Hətta partikulyar beynəlxalq hüquqa isə müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxildir. Bu baxımdan  hər hansı bir dövlətin beynəlxalq hüququ pozması dedikdə, həmin dövlətin bu və ya digər səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması kimi başa düşülür.

Son illərdə Azərbaycanın iqtisadi, siyasi, sosial, hüquqi sahələrində köklü dəyişikliklə aparılır ki, nəticədə də hakimiyyət sistemində, mülkiyyət münasibətlərində yenidən qurma prosesi başlayıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur