Ekspress. - 2017.- 2-4 dekabr. - ¹ 219. - S. 10.
3 dekabr - Beynəlxalq Əlillər Günüdür
Azərbaycanda əlillərin hüquqları tam təmin olunur
Qənirə Məmmədli
Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı var. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
3 dekabr bütün dünyada Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur. 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb.
Ölkəmizdə əlillərin hüquqları "Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunu ilə qorunur. Bu qanun Azərbaycan Respublikasında əlillər barəsində dövlət siyasətini müəyyən edir, cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, onların öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. Qanunda göstərilir ki, Azərbaycan Respublikasında əlillər BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.
Fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması onun özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanını tamamilə və ya qismən itirməsində təzahür edir.
Şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Həkim-əmək ekspert komissiyası haqqında əsasnaməni, əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsinə dair əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Həkim-əmək ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa proqramını təsdiq edən rəsmi sənəddir.
Əlilə vəsiqə verilir. Vəsiqənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti əlillərin ictimai təşkilatları ilə razılaşdırmaqla təsdiq edir.
Bu gün ölkəmizdə əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsidir. 2008-ci ilin oktyabrında BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına və onun Fakültativ Protokoluna qoşulan Azərbaycanda müvafiq sahədə qanunvericiliyin və praktiki icra mexanizmlərinin həmin sənədə uyğunlaşdırılması üçün mühüm işlər görülüb. Təsadüfi deyil ki, Konvensiyanın icrasına dair 2014-cü ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan hökuməti tərəfindən təqdim edilən ilk məruzə müsbət dəyərləndirilib.
Konvensiyada müəyyən edilən öhdəliklərin səmərəli icrası məqsədilə aidiyyəti dövlət qurumları və QHT-lərin təmsil olunduğu İşçi Qrup fəaliyyət göstərir. Bu Qrupun əsas vəzifəsi əlillərin hüquqlarının müdafiəsi üzrə plan və strategiyaları əlaqələndirmək və icrasını təmin etməkdir. Konvensiyanın nəzərdə tutulan müstəqil monitorinq mexanizmi funksiyaları isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən həyata keçirilir.
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin BMT-nin Konvensiyasına uyğunlaşdırıldığını bildirib. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran nazirin sözlərinə görə, yeni qanun layihəsində əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prinsipləri, dövlət təminatları, əlilliyi olan şəxslərin abilitasiyası və reabilitasiyası, onların məşğulluğu və s. kimi məsələlər əhatə olunub: "Həmin qanun layihəsinə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin təcrübəsində ilk dəfə olaraq münasibət bildirilib və bu təcrübə digər ölkələrə də tövsiyə olunub. Hazırda qanun layihəsinin üzərində son araşdırmalar aparılır".
S.Müslümov vurğulayıb ki, qanunvericiliyin təkmilləşdirilməsi işlərində əlil ictimai təşkilatlarının da yaxından iştirakına şərait yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların layihəsinin hazırlanmasında və ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə nazirlik yanında fəaliyyət göstərən İctimai şurada 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur ki, onlardan 7-si əlil ictimai birlikləridir.
Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin yolverilməz olduğu milli qanunvericilikdə aydın şəkildə təsbit olunub. Əlilliyi olan şəxslərin məşğulluğunun stimullaşdırılması da daim diqqətdə saxlanılır. S.Müslümov əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində də əksini tapdığını bildirib. O, 2017-ci ilin sentyabr ayında icrasına başlanan və dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək məqsədi daşıyan tvininq layihəsində həmin insanların məşğulluğunun təşviqi üzrə yeni xidmətlərin təmin edilməsi üzrə vacib modulun nəzərdə tutulduğunu qeyd edib: "Müvafiq sahədə aparılan işlərin davamı kimi, nazirliyin məşğulluq orqanları tərəfindən bu ilin 10 ayında 400 nəfər əlilliyi olan şəxsin məşğulluğu təmin olunub, 70 nəfər əliliyi olan şəxs üçün peşə hazırlığı təşkil edilib. Özünüməşğulluq proqramına cəlb olunanlardan da 60 nəfəri əlilliyi olan şəxslərdir. Nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin istifadəyə verildiyi 2013-cü ilin dekabrından bəri Mərkəzdə 1285 nəfər bu təbəqədən olan gənc yeni peşələrə yiyələnib".
Ölkədə pensiya ilə təmin olunanların 29 faizini, Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilənlərin 72,3 faizini əlilliyi olan şəxslərin təşkil etdiyini diqqətə çatdıran S.Müslümov bildirib ki, aylıq sosial müavinət ödənilənlərin də 60,8 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müharibə və Çernobıl AES əlillərinin ümumilikdə 15,8 min nəfər uşağına aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət də verilir. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən təqribən 75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlillərdir. Həmçinin indiyədək 5,9 min nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim olunub.
Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkədə tibbi-sosial reabilitasiya infrastrukturu təkmilləşdirilir. Hazırda nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti var və digər bərpa müəssisələrimizdə də bu istiqamətdə işlər davam etdirilir. Aparılan işlərin davamı olaraq, bu ilin 10 ayı ərzində nazirliyin reabilitasiya müəssisələrində əliliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 8 min nəfər şəxsə stasionar, 26,4 min nəfərdən çox şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib. Bu təbəqələrdən olan insanlar 25,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib. Bakının Zabrat qəsəbəsində yaradılan Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi də qeyd olunan təbəqəyə aid şəxslərin sosial və peşə-əmək reabilitasiyasının həyata keçirilməsi baxımından mühüm önəm kəsb edir.
Nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 4046 nəfər uşağın sosial reabilitasiya yönümlü xidmətlərlə təmin olunduğunu qeyd edən nazir bildirib ki, onlardan mühüm bir hissəsi sağlamlıq imkanları məhdud uşaqlardır. Evlərində səyyar formada sosial xidmətlərlə təmin olunan 11,2 min nəfər şəxsin də bir hissəsi əlilliyi olan şəxslərdir: "Əlilliyi olan şəxslərin istirahətlərinin təşkili də aparılan işlər sırasındadır. Bu işlərin davamı olaraq, bu il 1266 nəfər əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahəti təşkil edilib".
Nazir əlilliyi olan şəxslərlə bağlı Heydər Əliyev Fondu tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb: "Fondun dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti, habelə əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün ölkəmizin 3 bölgəsində Regional İnformasiya Mərkəzləri, Bakıda isə Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb".
İnfrastruktur obyektlərinin əlilliyi olan insanlar üçün əlçatanlığının təmin edilməsi aktual məsələlərdən biridir və bu məsələnin həlli ilə bağlı qanunvericilik əsaslarının təkmilləşdirilməsi istiqamətində işlər görülüb. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyekti (layihələndirilmə və tikilmə zamanı) əlilliyi olan insanların və hərəkət imkanları məhdud digər şəxslərin ondan istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 1999-cu il tarixli Sərəncamına əsasən respublika ərazisində şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin yenidənqurulması və yenilərinin layihələndirilməsi, planlaşdırılması, tikintisi və abadlaşdırılmasına olan əsas tələb və qaydaları tənzimləyən normalarda həmin şəxslərin həyat fəaliyyəti üçün müvafiq əlverişli şərait yaradılmasına dair müddəalar nəzərdə tutulub. Bu sahədə beynəlxalq norma və standartlar əsasında hazırda yeni qaydaların layihəsi də hazırlanır.
Son illərdə yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Alt Sisteminin əhəmiyyətini diqqətə çatdıran nazir bu sistemin əlilliyin qiymətləndirilməsinin obyektiv və şəffaf şəraitdə həyata keçirilməsini, aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsini təmin etdiyini bildirib.
Deyilənlər onu deməyə əsas verir ki, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının icrası, əlilliyi olan şəxslərin sosial-iqtisadi hüquqlarının təmin olunması sahəsində tədbirlər qarşıdakı dövrdə də yüksələn xətlə davam edəcək.