Bakı Xəbər.-2017.-10 fevral.-№25.-S.15.
Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi
Günel CƏLİLOVA
Bakı şəhərinin demoqrafik inkişafı, dövrümüzün reallığı olan urbanizasiya prosesi əhalinin içməli və keyfiyyətli suya tələbatını artırır. Paytaxtın meqapolisə çevrilməsini nəzərdə tutan yeni baş planı yaxın gələcəkdə Bakı şəhərinin və ətraf qəsəbələrin təmiz, içməli su ilə təmin olunmasını zəruri edir. Bu məqsədlə son illər dövlət səviyyəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il dekabrın 28-də Oğuz-Qəbələ-Bakı marşrutu ilə paytaxta çəkilən bulaq suyu əhalinin tələbatının ödənilməsində mühüm mərhələ olub.
"Azərsu" ASC respublika ərazisində əhalinin içməli su ilə təmin edilməsi məqsədilə yeraltı və yerüstü su mənbələrinin ehtiyatlarından istifadə edir. Cəmiyyətin məlumatına əsasən, Bakı şəhəri və Abşeron yarımadası 5 mənbədən (Şollar su kəməri, ikinci Bakı su kəməri, Ceyranbatan sutəmizləyici qurğular kompleksi (Ceyranbatan STQK), Kür sutəmizləyici qurğular kompleksi (Kür STQK) və Oğuz-Qəbələ-Bakı magistral su kəməri) götürülən su ilə təchiz edilir. Bunların ikisi (Şollar su kəməri, ikinci Bakı su kəməri) Xaçmaz rayonunun, biri isə (Oğuz-Qəbələ-Bakı magistral su kəməri) Oğuz rayonunun yeraltı su mənbələridir. Eyni zamanda, yerüstü su ehtiyatları olan və Samur çayından qidalanan Ceyranbatan su anbarının ehtiyatlarından və Kür çayının sularından (Kür su kəmərləri) da istifadə olunur. 2004-2015-ci illər ərzində 8590 km uzunluğunda içməli su xətti tikilib. Eyni zamanda, 253 su anbarı inşa edilib və ya yenidən qurulub, 73 su nasos stansiyası tikilib. Nəticədə fasiləsiz içməli su ilə təmin olunan əhalinin sayı 2004-cü illə müqayisədə 2015-ci ildə respublika üzrə 26 faizdən 65 faizədək yüksəlib. Dünya Bankının hazırladığı "Böyük Bakı su təchizatı sisteminin bərpa edilməsi" layihəsinə 94,9 mln. ABŞ dolları vəsait yönəldilib. Layihə üzrə həyata keçiriləcək tədbirlər planı 2025-ci ilədək olan dövrü əhatə edir.
"Şollar" suyunun əhəmiyyəti...
Qeyd edilən işlərlə yanaşı, Bakı şəhərinin tarixən mövcud olmuş və əhalinin içməli suya tələbatında faydalı rol oynamış mənbələrin də qorunub saxlanması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, 110 ildir Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təchizatında səmərəli rol oynayan "Şollar" suyunun əhəmiyyəti xüsusi vurğulanmalıdır. Hazırda "Şollar" su kəməri ötürücülük qabiliyyətinə görə, Bakı şəhərinin əhalisini tam təmin etmək gücündə olmasa da, yüksək keyfiyyətə malik olması istehlakçılar arasında bu suya hələ də tələbatı qoruyub saxlayır.
"Şollar" su mənbələrindən istifadə imkanlarının saxlanması onun həm də bir tarixi abidə kimi qorunub gələcək nəsillərə ötürülməsinə kömək edə bilər.
Tarixə nəzər
Bakıya "Şollar" suyunun çəkilməsi məhşur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Məhz Azərbaycanın bu tarixi şəxsiyyətinin ayırdığı vəsait sayəsində 1907-ci ildən ölkənin şimalından şollar suyunun çəkilişinə başlanıb və 1916-cı ildə iş başa çatdırılıb. Hətta Bakıya su ötürən nasosların tikildiyi ərazidə salınan qəsəbə də bu gün Hacı Zeynalabdin Tağıyevin adını daşıyır.
Tarixçilərin verdiyi məlumata görə, Bakıya "Şollar" suyunun çəkilməsində neft sənayesinin inkişafının mühüm təsiri olub. 1859-cu ildə baş verən dağıdıcı Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin bura köçməsi, 1870-ci ildən şəhər statusu verilməsi və özünüidarə sisteminin tətbiqi, 70-ci illərdən sonra neft sənayesinin sürətli inkişafı Bakını əyalət şəhərindən dünyanın ən böyük sənaye şəhərlərindən birinə çevirdi. Bakıya dəmir yolu xətti çəkildi, neft sənayesində sərmayəçilərin və işçi qüvvəsinin sayı artmağa başladı.
O dövrdə Artur Kappel adlanan su şirinləşdirici şirkətin sutkada 90 min vedrə su təmizləməsi də problemi həll edə bilmirdi. Çünki bu su da əhaliyə tam verilmirdi, neft müəssisələrinə çatdırılırdı. Quyuların tamponajı şirin su ilə aparılırdı. Bakıya gələn suyun 70 faizi neft emalına sərf olunurdu. Nəticədə Bakıda içməli suyun qiymətində bahalaşma yaranır. Bu zaman şəhər idarəsinin və Dumasının üzvü Hacı Zeynalabdin Tağıyev və Həsən Bəy Zərdabi əhalinin su təchizatını yaxşılaşdırmaq üçün çox böyük səylər göstərməyə başlayırlar.
Hacı şəhərə yeraltı sular çəkilməsini təklif edir və bu məqsədlə 1898-ci ildə o, 3 min manat qızıl pul ayırır. O, şəhər idarəsinin işçisi İbad Əliyevi Odessaya ezamiyyətə göndərir. Həmin vaxt Odessada hidravliklərin beynəlxalq qurultayı keçirilirdi. Mühəndis orada müsabiqə elan edir. Bakıya ən sərfəli su kəməri təklif edənə 3 min manat veriləcəyini bildirir. O vaxt bu qurultayda olan milliyyətcə isveç, ingilis təəbəsi, Almaniyanın Frankfurt-Mayn şəhərində çalışan məşhur hidravlik-mühəndis L.Lindley bu təklifə müsbət cavab verir.
Tarixi məlumatlara görə, Hacı Zeynalabdin Tağıyev Bakıya içməli su kəmərinin çəkilməsinin vacibliyini əsaslandırmaq üçün çar II Nikolaya məktubla müraciət də ünvanlayıb.
Bakıya gələn Lindley bütün su mənbələri ilə tanış olur. O, indiki Şollar bulaqlarını bəyənir: "Üstü qarlı Şahdağdan süzülüb gəlməsi, dənizə 12 yeraltı çayın axması, suyun tərtəmiz olması Lindleyin buranı seçməsinə səbəb olur. "İçməli suyun simvolu Şollar suyudur!" deyir.
"Şollar" kəmərinin çəkilməsi asan başa gəlməyib. Çünki ermənilər bu kəmərin çəkilməsinin qarşısını almağa çalışırdılar. Quyu şirkətinin rəhbəri olan Adamyan-Babayan qardaşları və şəhərə su daşıyıb satan Saruxanyan "Şollar" kəmərinin çəkilməsinin əleyhinə idi.
Lakin ermənilərin təxribatı baş tutmur. Lindleyin təklifi Moskvada yerləşən "Neptun" Ekspertiza Cəmiyyətinə göndərilir. "Neptun"dan müsbət cavab gəlir: "Kəmərin çəkilişi, əksinə, bitkilərə zərər verən artıq su ehtiyatının normallaşmasına səbəb olacaq".
Ərazinin cənub hissəsində kəndli təsərrüfatlarına kömək üçün Samurdan şəhər idarəsinin hesabına suvarma kanalı çəkilməsi şərtilə razılaşırlar. Amma Dumada, şəhər idarəsində yenə kəmərin əleyhdarları var idi. Bu zaman Lindley Dumada çıxış edərək bunun vacibliyinə hər kəsi inandıra bilir.
Digər mənbələrə görə, "Şollar" kəmərinin adı Lindleyin köməkçisi, uzun illər qurulan çadırlarda suyun analizini aparmış Şillerin adının təhrif olunmuş formasıdır.
Sovet dövründə Hacı Zeynalabdinin adını çəkmək qadağan edilsə də, böyük xeyriyyəçinin gördüyü işlər xalqa xidmətini davam etdirirdi. SSRİ dönəmində Bakıda sənayeləşmənin genişlənməsi və əhali sayının artması şəhərin içməli suya tələbatını ödəmək üçün yeni mənbələrin yaradılmasını zəruri edirdi. Bu məqsədlə Kür çayından və Ceyranbatan su anbarından alınan su ötürücü kollektorlarda təmizlənməklə Bakı şəhərinə ötürülürdü. Ancaq həmin dövrdəki qurğuların texnoloji cəhətdən zəif olması suyun tam təmizliyinə və normal temperaturda saxlanmasına imkan vermirdi. Ona görə də əhali arasında təmizliyi və sərinliyi ilə seçilən "Şollar" suyuna tələbat qalmaqda davam edirdi.
Bakı küçələrində "Şollar" suyu bulaq kompleksləri
Hazırda Bakı şəhərinin bir çox yerlərində "Şollar" suyu abidə-bulaq komplekslərinə rast gəlmək olar. "İşərişəhər" metrostansiyasının qarşısında, İstiqlaliyyət küçəsindəki Azərbaycan Dövlət Filarmoniyasının bağında, Süleyman Tağızadə küçəsində və paytaxtın digər yerlərindəki bulaq kompleksləri yayın isti günlərində sərin suya ehtiyacı olan insanların istifadəsindədir.
AMEA Rəyasət Heyətinin iclasında çıxış edən AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov "Şollar" su kəmərinin tarixi barədə maraqlı fikirlər bildirib: "Bu il adıçəkilən su kəmərinin istifadəyə verilməsinin 100 ili tamam olacaq. "Şollar" su kəməri son yüz ildə Bakı şəhərinin içməli su ilə təminatında əhəmiyyətli rol oynayıb. "Şollar" su kəməri Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Kəmərin çəkilişi XX əsrin əvvəllərində geoloji, kimyəvi, fiziki, tibbi, texniki istiqamətlər üzrə ciddi elmi araşdırmalar nəticəsində mümkün olub. Bu baxımdan "Şollar" su kəmərinin çəkilişi XX əsrin əvvəllərində Azərbaycanda təbiət elmləri sahəsində əldə edilmiş nailiyyətlərin nəticəsidir".
Görüləcək işlər
Məlumat üçün qeyd edək ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və dövlət proqramlarının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla, su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün artıq Master Plan hazırlanıb. Sənədə əsasən, 550 km magistral, 8100 km paylayıcı su xətlərinin, 150 km-i tunel tipli olmaqla, 680 km kanalizasiya kollektorlarının, 6400 km kanalizasiya şəbəkəsinin, məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi və yenidən qurulması nəzərdə tutulub.
Beləcə, Şollar suyundan başlanan yol bu gün də davam edir. İndi ölkəmizdə insanların keyfiyyətli içməli su ilə təmin olunması üçün dövlətimiz gözəl işlər görür. Yəqin ki, keçən əsrin əvvəllərində su üçün çəkilən əziyyətləri gələcək nəsillər ancaq tarix kitablarında oxuyacaq.
Sonda qeyd edək ki, çətin və mürəkkəb bir yol keçən "Şollar-Bakı" su kəməri düz 100 il fasiləsiz olaraq təmiz su arzusunda olan bütün tərəfdarlarının ümidini doğruldub və bu gün də əbədi olan Şahdağ qarı və buzlaqları kimi sabit qalan məhsuldar mənbələrindən milyonlarla insanı təmiz, şəffaf və dadlı su ilə təmin edir.