Ekspress. - 2017.- 25-27 noyabr. - ¹ 214. - S. 10.

 

Cəmiyyətin sosial strukturunun mahiyyəti

 

Rəşid Rəşad

 

Sosial struktur dedikdə, cəmiyyətin ayrı -ayrı sosial qruplara, kollektivlərə, etniki birliklərə differensiyası, onlar arasında qarşılıqlı təsir və funksiyanal əlaqələr başa düşülür. Bu baxımdan da əhalinin sosial tərkibində və bütövlükdə sosial strukturda başlıca yeri sosial qrup tutur.

Bu anlayış ictimai həyat və ictimai münasibətlər sistemində kefiyyətcə bir-birindən fərqli yer tutan insanlar birliyi ifadə edir. Məhz müəyyən sosial qrupa mənsub olması sayəsində insanlar cəmiyyətdə özlərinin çox tərəfli funksiyalarını daha dolğun yerinə yetirə bilirlər.

Tədqiqatçıların fikrincə, cəmiyyətin sosial-sinfi strukturu hərtərəfli şəkildə marksizm klassikləri tərəfindən işlənib. O da qeyd olunur ki, siniflər və onların arasında mübarizənin mövcudluğunu marksizmin kəşfi hesab etmək olmaz. Bu nəzəriyyə fransız tarixçiləri, F. Gizo (1787-1874), C. N. O. Tyerri (1795- 1884), F. Min (1796- 1884) və A. Tyerri (1797- 1877) tərəfindən kəşf edilib. Onların əsərlərində sinfi mənafelərin formalaşması prosesi və siniflərarası mübarizənin tarixi inkişafı hərtərəfli təhlil edilib.

K. Marks 5 mart 1852-ci ildə İosif Veydemeyerə məktubunda yazırdı: "Mənə gəldikdə nə müasir cəmiyyətdə siniflər mövcud olduğunu açmaq, nə də bunların arasında mübarizə getdiyini kəşf etmək mənim xidmətim deyil. Burjua tarixçiləri bu siniflər mübarizəsinin tarixi inkişafını, burjua iqtisadçıları isə bu siniflərin iqtisadi anatomiyasını məndən çox əvvəl şərh etmişlər. Mənim gördüyüm yeni iş bunu sübut etməkdən ibarət olmuşdur ki...

1) Siniflərin mövcud olması ancaq istehsalın inkişafındakı müəyyən tarixi mərhələlərlə əlaqədardır

2) Sinfi mübarizə hökmən proletariat diktaturasına doğru aparır

3) Bu diktaturanın özü bütün siniflərin məhv edilməsinə və sinifsiz cəmiyyətə doğru yalnız bir keçiddir".

Ümumiyyətlə, marksizmə görə, siniflərin, ictimai təbəqələrin və qrupların məcmusu, onların qarşılıqlı münasibətləri sistemi cəmiyyətin sosial strukturunu təşkil edir. Bundan başqa, iqtisadi həyat birliyi olmadan millət yoxdur ("kayzen.az").

Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi kafedrasının dosenti Fazil Vahidov qeyd edir ki, sosiologiyanın funksiyaları müxtəlif müəlliflər tərəfindən az-çox fərqli şəkildə izah olunsa da, ümumi mövqelər üstünlük təşkil edir. Bu funksiyalar sosiologiyanın cəmiyyət həyatı ilə əlaqələrinin rəngarəngliyini daha aydın nümayiş etdirir. Elmi ədəbiyyatda adətən sosiologiyanın aşağıdakı üç funksiyasından bəhs edirlər: İdrak funksiyası; Praktik funksiya; İdeoloji funksiya.

Sosiologiya sosial inkişaf proseslərinin mənbələrini və mexanizmlərini aşkara çıxarmaqla bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı sahələrinin, tərəflərinin gələcək dəyişmə və təkamül perspektivlərini dərk etmək üçün ilkin şərtlər yaradır. Sosioloji biliyin müxtəlif səviyyələri bunu müəyyən etməyə çalışır ki, insanların sosial fəaliyyətində cəmiyyətin, müxtəlif sosial qrupların inkişaf tələbatları necə ifadə olunur, hansı konkret formalar məlum şəraitdə şəxsiyyətin, qrupun və cəmiyyətin mənafelərinin maksimum uyğunluğunu təmin etməyə imkan verir. Sosioloji nəzəriyyələr və konsepsiyalar səylə müasir dövrün aktual problemlərinə cavablar axtarır, heç bir xülyaya qapılmadan dünyanın sosial yeniləşməsinə kömək edə biləcək real yolları müəyyənləşdirməyə çalışır".

F. Vahidov onu da qeyd edir ki, sosioloji nəzəriyyələrlə sıx əlaqədə getdikcə təkmilləşən konkret sosioloji tədqiqatlar fərdlər, qruplar, birliklər və s. haqqında onların tələbatları, mənafeləri, sərvət yönümləri, davranış motivləri haqqında ilk məlumatlar əldə etməyə imkan verir: "Belə tədqiqatlar elə bir informasiya bünövrəsi yaradır ki, ona əsaslanmaqla sosial gerçəkliyin sirlərinə daha dərindən nüfuz etmək mümkün olur. Konkret şəraitdə, konkret sahədə yeni meyllərin aşkara çıxarılması sosioloji nəzəriyyələrin xeyli zənginləşməsini təmin edir. Ümumi və xüsusi sosioloji nəzəriyyələr konkret sosial hadisələr, proseslər barəsindəki informasiyanı ümumiləşdirir, inkişaf qanunauyğunluqlarının elmi surətdə dərk olunmasına kömək göstərir. Həm rəsmi statistikanın məlumatlarını tamamlayan, dəqiqləşdirən obyektiv göstəriciləri, həm də müxtəlif sosial qrupların, təbəqələrin fəaliyyətinin məqsəd, niyyət və motivlərini əks etdirən subyektiv göstəriciləri birləşdirən empirik tədqiqatlar insan amilini daha da fəallaşdıran mexanizmin mahiyyətli cəhətlərini qavramağa kömək edir, kütləvi sosial proseslərin subyektiv məqamlarının həqiqi mənasını aşkara çıxarır. Bu inkişafın obyektiv meylləri ilə həmin meyllərin müxtəlif sosial qrupların şüurunda subyektiv inikası arasında uyğunsuzluğu görməyə, məlum sahədə artıq sosial problemin mövcudluğunu dərk etməyə istiqamətləndirir".

Ekspertlərin fikrincə, sosiologiya elmi təfəkkürün formalaşmasında və inkişafında, insanın ideya cəhətdən yetkinləşməsində müəyyən rol oynayır. Konkret sosioloji tədqiqatlar təcrübəsi təkcə praktik tövsiyələr işləyib hazırlamaq baxımından deyil, həm də düzgün idarəetmə, rəhbərlik üslubu, vərdişləri qazanmaq baxımından da əhəmiyyətlidir, çünki sosial qanunların daha dərindən başa düşülməsinə əsaslanır.

Renata Maynts (AFR) 1974-cü ildə Torontoda keçirilmiş VIII Ümumdünya sosiologiya konqresində demişdir: "Siyasətə öz münasibətini müəyyən etmək sosiologiyanın aktual vəzifələrindən biridir. Axı sosiologiya bir çox cəhətdən siyasi qərarların qəbul edilməsi üçün əsasdır... Sosiologiya siyasətə təsir göstərməkdə başqa sahələrə, məsələn, texniki sahələrə nisbətən daha böyük imkanlara malikdir. Bu halda o vacibdir ki, sosioloqların təsir göstərə bildikləri şəxslər hansı sferalara mənsubdurlar. Qərar qəbul edənlər çox tez-tez sosioloqların topladıqları məlumatlardan sonralar istifadə edirlər".

O da qeyd olunur ki, sosiologiya sosial həyatın, onun ayrı-ayrı sahələrinin fəaliyyəti və inkişafı proseslərini elmi sürətdə idarə etmək üçün müəyyən proqnozlar işləyib hazırlamağa kömək edir. Bu baxımdan da proqnozlaşdırma inkişafın qanunauyğunluqlarını, meyllərini dərindən başa düşməyə əsaslanır, cəmiyyəti daha səmərəli metodlarla idarə etməyin müqəddəm şərti kimi çıxış edir. Bu, qərarların yerinə yetirilməsi prosesində vaxtında zəruri təshihlər aparmağa imkan verir. Ekspertlər onu da qeyd edirlər ki, müxtəlif ümumilik səviyyəsində olan sosioloji nəzəriyyələr sosial hadisələrin nisbətən geniş dairəsində böyük miqdar informasiyanı cəmləşdirdiyindən, onların inkişaf qanunauyğunluqlarını aşkara çıxardığından ayrı-ayrı sosial hadisələrin, proseslərin tədqiqinə münasibətdə nəzəri əsas rolunu yerinə yetirə bilər.

Ekspert Tahir Ağayev qeyd edir ki, sosial sistem olan cəmiyyətdə baş verən mürəkkəb proseslər onun dəyişilməsinə, təkamülünə səbəb olur. Bəzi cəmiyyətlər dəyişərək yeni tipli sosial struktura, mədəni təşəkküllərə, təkamül yolu ilə inkişaf meyllərinə malik olur: "Bəzi cəmiyyətlər isə daxili münaqişələrə və ya digər neqativ sapmalara elə cəlb olunur ki, təkamül qabiliyyətini itirir, öz mövcudluğunu çətinliklə qoruyub saxlayır, yaxud dağılma meyllərinə məruz qalır. Sosiologiyada cəmiyyətin dəyişilməsinin və inkişafının birmənalı izahı yoxdur. Başqa sözlə, bu məsələyə münasibətdə müxtəlif mövqelər özünü göstərir. Təkamülçülük sosial inkişafın obyektiv xarakterini ön plana çəkir. Təkamülçülükdə əsas problem bütün cəmiyyətin simasını dəyişdirməyə imkan verən müəyyənedici amilin aşkar edilməsidir. Burada xatırlamaq yerinə düşər ki, təkamülçülük müxtəlif naturalist məktəblərin, cərəyanların əsasını təşkil etmişdir. Sosiologiyanın banisi sayılan O. Kont biliyin inkişafını cəmiyyətin tərəqqisində həlledici amil sayırdı. Onun fikrincə, biliyin teoloji, mistik formadan pozitiv formaya doğru inkişafı insanların industrial cəmiyyətə keçməsinə səbəb olacaqdır. İnsan zəkası sayəsində baş verən bu keçid istehsalın və tələbatların ödənilməsinin keyfıyyətcə yeni, başqa səviyyəsi demək olacaqdır. H. Spenser cəmiyyətin təkamülünün mahiyyətini onun diferensiasiyasının güclənməsində görür və qeyd edirdi ki, bu, getdikcə artan inteqrasiya prosesləri ilə müşayiət olunur, həmin proseslər sosial orqanizmin hər bir yeni mərhələsində onun vəhdətini bərpa edir".

Yeri gəlmişkən, sosial tərəqqi cəmiyyətin mürəkkəbləşməsinə, fərdlərin müstəqilliyinin və azadlığının artmasına, onların maraqlarının cəmiyyət tərəfındən getdikcə daha dolğun ödənilməsinə səbəb olur.

T. Ağayevin fikrincə, sosial prosesin obyektivliyi ideyası da müəyyən qədər şübhə altına alınırdı: onun əsas parametrləri (bilik, şəxsiyyətin azadlığı, həmrəylik, texniki tərəqqi, məhsuldar qüvvələr) həm də neqativ meyllərin mənbəyi ola bilər: "Məlum olmuşdur ki, tərəqqinin bu amilləri fəal dağıdıcı qüvvəyə də çevrilə bilər: bütün dünyanı məhv etməyə qadir olan silahların yaradılması, ekoloji fəlakətlər doğuran risqlərin artması və s. bu qəbildəndir. Təkamülçülük tarix etibarilə qısa zaman kəsiyində baş verən sosial hadisə və proseslərin də (məsələn, hökumətlərin dəyişilməsi, cinayətkarlığın, fərdlərin davranışında kənaraçıxma hallarının artması və s.) əsaslı izahını verə bilmədi. Təkamülçülük qeyd olunan məhdudluq təzahürlərini cəmiyyətə münasibətdə yeni yanaşmalarla mümkün qədər aradan qaldırmağa səy göstərmişdir. Cəmiyyətin dəyişilməsi mayaka bənzəyir: müəyyən amillərin fəaliyyəti və təsiri ilə bir nöqtədən başqa nöqtəyə mütərəddid hərəkətlər edən cəmiyyət ortada "soyuyur" və bununla da öz sabitliyini bərpa edir. T. Parsonsun sosial dəyişikliklər nəzəriyyəsi sistem nəzəriyyəsinə və kibernetikaya əsaslanır. Struktur və onun dəyişilməsi modelinin əsasında müxtəlif sistemlərin (orqanizm, şəxsiyyət, sosial sistem və mədəni sistem) "kibernetik iyerarxiyası" ideyası dayanır. Həmin sistemlər artan mürəkkəblik dərəcəsinin pillələri kimi nəzərdən keçirilir. O dəyişikliklər daha dərin dəyişikliklərdir ki, onlar T. Parsonsun "etimad sistemi" adlandırdığı mədəni sistemə toxunurlar. İqtisadi və siyasi çevrilişlər cəmiyyətdə mədəniyyətin səviyyəsinə toxunmursa, o, cəmiyyətin öz əsasını da dəyişdirmir".

Ekspert onu da qeyd edir ki, cəmiyyət sosial sistem olmaq etibarilə davamlılığa, özünü təkraristeh-sal etmək qabiliyyətinə malik olur ki, bu da onun əsas struktur ünsürlərinin sabitliyinin təzahüründə (adaptasiyasında) öz əksini tapır (elibrary.bsu.az). Müvazinəti qoruyub saxlayan qüvvələrin, elementlərin nisbəti pozularsa, bütövlükdə ictimai sistem, onun əsas struktur ünsürləri dəyişilməz qalır və itirilmiş müvazinət sürətlə bərpa olunur. Dəyişikliklər daxili dəyişikliklər olaraq qalır, sistem isə özündə yeni təşəkkülləri inteqrasiya edərək, bütövlükdə dəyişilməz qalır.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur