Ekspress. - 2017.- 24 noyabr. - ¹ 213. - S. 10.
Hakimiyyətin fəaliyyətinin hüquq normaları ilə tənzimlənməsi
Rəşid Rəşad
Azərbaycan Respublikasının Konstitusiyasında qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq bəyan edilib.
Demokratiya azlığın çoxluğa tabe olması prinsiplərinin rəsmi etirafına, vətəndaşların hüquq bərabərliyi, geniş siyasi və hüquqi azadlıqların olması, ali dövlət orqanlarının seçkili olmasını, hakimiyyət bölgüsü, qanunların aliliyi və digər prinsipləri ilə başqa dövlət formalarından fərqlənir. Bundan başqa, azadlıq və demokratiya düşünülmüş şəkildə tətbiq ediləndə bir-biri ilə ziddiyyət təşkil etmir, əksinə bir-birini tamamlayır, cəmiyyətdə nizamlı, ahəngli inkişaf verir. Mərhələli demokratikləşmə isə vətəndaş cəmiyyətinin formalaşması prosesinin başlanğıc sxeminin reallaşmasını təmin edən mühüm iqtisadi dəyişikliklər nəticəsində yaranır.
Ekspertlərin fikrincə, ölkədə demokratik transformasiyanın və vətəndaş cəmiyyətinin qurulmasının əsası hərtərəfli azadlıq-güclü hakimiyyət formulasının başa düşülməsinə əsaslanır.
Hakimiyyət bölgüsü konsepsiyası hüquqi dövlətin idarə olunmasında demokratiyaya xidmət etmək məqsədi üçün həyata keçirilir. Hakimiyyətin bölünməsi prinsipi ABŞ Konstitusiyasında da öz əksini tapıb. "Konstitusiya, əslində, ştatlarla federal hökumət arasında və federal hökumətin şaxələri arasında səlahiyyət və imtiyazların bölgüsünü təsis edir, federal hökumətin əsas şaxələri olan icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları əsas quruluşu Konstitusiyada ifadə olunub. Konstitusiyada hakimiyyət bölgüsü belə göstərilib:
- Qanunvericilik hakimiyyəti Konqres (Senat, Palata)
- İcra hakimiyyəti - Prezident (Prezident İcra İdarəsi) Prezident müavini
- Məhkəmə hakimiyyəti - Ali Məhkəmə (digər məhkəmələr).
Bundan başqa, hakimiyyətin bölünməsi prinsipi xalq suverenliyinin gerçəkləşməsinə xidmət etdiyi üçün ABŞ Konstitusiyasında "çəkindirmə və qarşısınıalma" mexanizmindən istifadə edilir. Əslində bu prinsip hakimiyyətin üç qola bölünməsində və xalq suverenliyinin gerçəkləşməsində həlledici rol oynayır.
Yeri gəlmişkən, hakimiyyətin bölünməsi prinsipi Azərbaycan Respublikası Konstitusiyasında qanunvericilik yolu ilə təsbit edilib. Orda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipi əsasında təşkil edilir: Qanunvericilik hakimiyyətini Milli Məclisi, İcra hakimiyyəti
Prezidenti, Məhkəmə hakimiyyəti məhkəmələr həyata keçirir. Bu Konstitusiyanın müddəalarına əsasən, qanunvericilik icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və səlahiyyətləri çərçivəsində müstəqildirlər. Hüquqi dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanda qanunların aliliyi hakimiyyətin bölünməsi prinsipinin qeyd-şərtsiz həyata keçirilməsi yolu ilə təmin edilir (azerbaijan.az). Bu baxımdan da hüquqi dövlətin qanunun aliliyinin təmin edilməsi və hakimiyyət bölgüsü kimi keyfiyyət əlamətləri qarşılıqlı əlaqədə olub bir-birilə sıx bağlıdır.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, hakimiyyətin bölgüsü ideyası öz ilkin köklərini antik dövrün fəlsəfəsində tapıb: "Hələ Aristotel hakimiyyət bölgüsü prinsipinə toxunaraq, siyasi quruluşda üç hissəni: qanunvericilik, inzibati və məhkəmə hakimiyyətini fərqləndirir. Aristotel belə hesab edirdi ki, "demokratiyada bütün vətəndaşlar dövlətin bütün işlərində istisnasız olaraq iştirak edirlər. Vətəndaş hərbi xidmətdə olur və Allaha qulluq edir". Aristotelin düzgünsiyasi quruluş forması hesab etdiyi politiya qədim dünyanın hüquqi dövlət forması idi. Politiya-respublika əksəriyyətin hakimiyyətidir. Onun fikrincə, "respublika cəmiyyəti təbiətən hərbçi olan, qanuna əsaslanan, hakimiyyətə tabe olan, ləyaqətli, hökumət vəzifələrini yerinə yetirməyə qabil insanlardan ibarətdir. O, əksəriyyəti azlıqdan yaxşı hesab edirdi. Böyük mütəfəkkir demokratiyanı iki yerə bölürdü: "qanuna əsaslanan demokratiya və kütlənin ali hakimiyyətinə əsaslanan demokratiya".
Aristotel hüquqi dövlətin əsas əlaməti olan qanunun şahlığını, Allahın və ağılın hökmranlığını istəyirdi, qanuna tarazlaşmış ağıl kimi baxırdı, hüquq və dövlətin daxili əlaqəsinin zəruriliyini göstərirdi. Qədim yunanfilosofu qeyd edirdi ki, ədalətin meyarı olan hüquq siyasi həyatın nizamlayıcı normasıdır. XVIII əsrdə Avropa maarifçilərinin əsərlərində, eləcə də, 1789-cu ildə Fransa Milli Məclisi tərəfindən qəbul olunan "İnsan hüquq və azadlıqları"nın Bəyannaməsində öz əksini tapıb".
Ömərov bildirir ki, hüquqi dövlət hakimiyyət bölgüsü sayəsində formalaşmış daimi normalar və qaydalar kompleksi ilə məhdudlaşdırılır, hakimiyyətin qanunverici, icra və məhkəmə hakimiyyətlərinə bölünməsi və hər üç təsisat öz funksiyalarını həyata keçirməklə bir-birini qoruyub saxlayır, təkmilləşdirir, demokratiyanın pozulmasının və hakimiyyətdən sui-istifadənin qarşısını alır: "Ədalətli və azad seçki vasitəsilə vətəndaşlar hər üç hakimiyyət qoluna nəzarət etmək hüququ əldə edirlər. Hər üç hakimiyyət təsisatı və vətəndaşlar birlikdə qanuna tabe olur, ölkədə qanunun aliliyi gerçəkləşir. Bununla da hüquqi dövlət insan azadlıq və hüquqlarını təmin etmək və qorumaqla yanaşı, dövlət hakimiyyətini də möhkəmləndirir, qanunun köməyilə vətəndaş cəmiyyətinin təsisatlarının, prinsip və dəyərlərinin səmərəli fəaliyyəti üçün şərait də yaradır.
Bəziləri dövlət hakimiyyətinin bölgüsünü cəmiyyətdəki mövcud maraqlar plüralizmi ilə əlaqələndirirlər. Milli-dövlət maraqlarının formalaşması və reallaşması üçün bir-birindən asılı olmadan paralel fəaliyyət göstərən təsisatların zəruriliyi mütləqdir".
Ekspertlər qeyd edirlər ki, hakimiyyət bölgüsü prinsipi konstitusion mənada özündə aşağıdakıları əks etdirir: ayrı-ayrı dövlət orqanlarının bir-birindən nisbi asılı olmaması; hər bir dövlət orqanının ona müəyyən fəaliyyət sahəsi ayırmaq, bir orqana digər orqan qarşısında durmaq imkanının verilməsi yolu ilə hakimiyyətinin məhdudlaşdırılması (anl.az).
Siyasi elmlər doktoru Gülzar İbrahimova qeyd edir ki, dövlət ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlayan, cəmiyyətdə təhlükəsizlik, rifah və əmin-amanlıq təmin etmə məqsədi daşıyan və buməqsədə yönələn qanunvericilik, qəbul edilmiş qanunları tətbiq etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur: "Siyasileksikonda "hüquqi dövlət" termininə tez-tez təsadüf edilir. Məlumdur ki, bir siyasi hadisə olaraq "dövlət" çoxformalıdır. Hazırdadövlətin idarəçilik (respublika və monarxiya), quruluş (unitar, federasiya, konfederasiya) və rejim (demokratik və anti-demokratik) formaları mövcuddür. Hüquqi dövlətdə qeyd edilən strukturun normalara müvafiq olması mütləqdir. Belə dövlət liberalqanunvericiliyə, demokratik icraedici və konstitusion hakimiyyətə, insanların bütün təbii və vətəndaş hüquqlarını təmin edən vəeyni zamanda onlara hörmət edən hüquqi normalara və insanlararası azad münasibətlərin yer aldığı vətəndaş cəmiyyətinə malikolmalıdır. Bu formaların hər birinin hüquqla əlaqəsi vardır. "Hüquqi dövlət" deyilən üçüncü forma ilə - dövlət rejimilə bağlıdır. Hüquqi dövlət isə demokratik dövlətin ayrılmaz əlaməti hesab edilir. Anti-demokratik dövlətlərin "hüquqi dövlət" olmasından söhbətgedə bilməz, çinki bu fenomenin orada mövcudlugu istisnadır".
Qeyd edək ki, demokratiya bir dövlət forması olduğu üçün onun zəruri əlamətlərdən biri də "hüquqi dövlətdir". Bundan başqa, hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır.Kanta görə, hüquqi dövlətdə qanunlar xalqın iradəsi ilə qəbul olunur. Onun fikrincə, hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdan ibarətdir. Hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib.
G.İbrahimova onu da qeyd edir ki, dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun və qanunazidd kimi tanınır: "Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsivə hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir. Hüquqi dövlətin mövcudluğu üçün aşağıdakı şərtlər zəruridir:
1) Hakimiyyətin fəaliyyəinin hüquq normaları ilə tənzimlənməsi. Burada söhbət bütün dövlət orqanlarından gedir.
2) Hakimiyyətdən müdafiə hüququ- fərdlərə aid olan hüquqdur.
3) Qanunun aliliyi və qanunçuluq.
4) Hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğunluğu.
5) Dövlət hakimiyyəti sisteminin hüquqi təşkili -Qanuni hakimiyyət özünün qərarlaşması və möhkəmlənməsi üçün hüquqformasında ifadə olunur.
6) Vətəndaş cəmiyyətinin varlığı. Hegel ilk dəfə şəxsiyyət və dövlət arasında həm şəxsiyyət, həm də dövlət üçün əhəmiyyətli olanictimai mühitin mövcud olduğunu göstərmişdir. Hegelə görə, əgər dövlət özüylə müxtəlif şəxslərin vəhdətini ehtiva edirsə, ondavətəndaş cəmiyyətində hər kəs özü üçün məqsəd, bütün qalanlar isə heç nədir. Başqaları mahiyyətdir, buna görə də xüsusi məqsəd üçün vasitələrdir. Odur ki, başqaları ilə nisbətsiz fərd tam həcmində öz məqsədlərinə nail ola bilməz".
Onu da qeyd edək ki, vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtar xarakter daşıyır (525.az).
Ekspertlərin fikrincə, hakimiyyət bölgüsü - dövlət hakimiyyətinin bir-birindən müstəqil üç dövlət hakimiyyəti qoluna ayrılır: qanunverici hakimiyyət, icra hakimiyyəti və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Bu nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib.
Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir (wikipedia.org). O da qeyd olunur ki, əgər bu mövzuya Azərbaycan baxımından toxunulsa, o zaman 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin hakimiyyətlər bölgüsü prinsipini mənimsədiyini, hakimiyyətlərin birgə fəaliyyət göstərmələrinin tələb olunduğunu və müstəqil olduqlarının şahidi olarıq. İcra - qanunvericilik - məhkəmə orqanlarının statusu baxımından yanaşılsa isə, Azərbaycan Konstitusiyasının icra hakimiyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini və ona imtiyaz verdiyini görərik. İcra hakimiyyətinin üstünlüyünün özəlliklə məhkəmə hakimiyyəti üzərində olduğu da gözə dəyir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur