Azərbaycan.-2017.-19  noyabr.-¹255.-S.1-2.

 

Avrasiyanın etibarlı nəqliyyat-logistika məkanı

 

“Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da artıracaq

 

Rəşad Cəfərli

 

Azərbaycanın tranzit və yükdaşıma potensialı genişdir. Əlverişli coğrafi mövqe, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin aparıcı tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu barədə deyilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Artıq bu tədbirlərin bir qismi uğurla reallaşıb. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Ən əsası bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Digər tərəfdən, İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artırılmasına imkan yaradır. Azərbaycanın təşəbbüsü və fəal dəstəyi ilə inşa olunan və bu günlərdə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti həm ölkəmizin tranzit imkanlarını artırıb, həm də Avropadan Asiyaya və əksinə yük daşımaçılığında yeni keyfiyyət mərhələsinin əsasını qoyub.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin uğurla nəticələnməsi alternativ layihələrin də inkişafına səbəb olub. Məsələn, “Şimal-Cənub” nəqliyyat dəhlizi ideyası buna nümunə ola bilər. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında” saziş 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində imzalanıb və 21 may 2002-ci il tarixdən hüquqi qüvvəyə minib. Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Təkcə Hindistan istisna təşkil edir ki, onun yalnız dəniz marşrutları ilə daşımalarda iştirakı nəzərdə tutulur.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. Dəhlizin fəaliyyəti Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib Ümid burnunu dolanaraq İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur.

Azərbaycan bu layihədə də fəal iştirak edərək onu milli maraqlarının təmin edilməsi baxımından əlverişli hesab edir. Həm də bu nəqliyyat dəhlizi Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni zəruri edir. Bunu layihənin təşəbbüskarı olan dövlətlərin rəsmiləri də daim qeyd edirlər. 2005-ci ildə qüvvəyə minən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında” sazişə qoşulmaq barəsində Azərbaycan Respublikası Qanununa əsasən ölkəmiz bu layihəyə qoşulub.

Ötən dövr ərzində Azərbaycan həyata keçirdiyi iri infrastruktur layihələri ilə “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması istiqamətində üzərinə düşən vəzifələri demək olar ki, yerinə yetirib. “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri etdiyi üçün Prezident İlham Əliyev 7 dekabr 2015-ci il tarixdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsini və bu sahədə görülən işləri sürətləndirib, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artırıb.

Dəhliz üzrə əsas daşımalar Şimali və Qərbi Avropadan başlayaraq Rusiya ərazisində Buslovskaya-Sankt-Peterburq-Moskva-Ryazan-Koçetovka-Rtişevo-Saratov-Volqoqrad-Həştərxan istiqamətində dəmir yolu ilə İran istiqamətində üç əsas marşrut üzrə həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan ən cəlbedicisi isə Azərbaycandan keçən Qərb marşrutudur. İqtisadçılar belə fikirdədirlər ki, Avropa, Cənubi Asiya Körfəzi ölkələri arasında yükdaşımaların sürətləndirilməsi və tariflərin daha da ucuzlaşdırılması “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb istiqamətindən asılıdır.

Bunun üçün də dəhlizin son çatışmayan halqası - İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisi və istifadəyə verilməsi lazımdır. Gözlənildiyi kimi, bu günlərdə Tehranda keçirilən Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə də əsas müzakirə mövzularından biri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi idi. Mətbuata bəyanatında Prezident İlham Əliyev “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsinin tam istismara hazır olduğunu bildirdi: “Keçən zirvə görüşündən ötən dövrdə Azərbaycan öz dəmir yolu infrastrukturunu təkmilləşdirib və İran sərhədinə qədər qalan hissəni inşa edib. Həmçinin Astaraçay üzərində körpü də tikilib və birinci qatar Azərbaycan-İran sərhədini bu ilin mart ayında keçmişdir. Hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Eyni zamanda, mən bunu da zirvə görüşü zamanı söylədim, mətbuat da bunu bilsin, İran ilə Azərbaycan arasında Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib, sənəd paraflanıb və indi daxili prosedurlar təşkil ediləndən, o prosedurlardan keçəndən sonra bu məsələ də öz həllini tapacaqdır”.

Artıq “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Rusiyadan İrana yükdaşımaların həyata keçirilməsinə başlanılıb. Belə ki, sınaq məqsədilə Rusiyadan İrana taxta məmulatları nəql edilib. Yük Rusiyanın Tixonovo stansiyasından çıxaraq dəmir yolu ilə Azərbaycanın Astara stansiyasındakı terminalına çatdırılıb. Orada aşırma əməliyyatı keçirəndən sonra yük avtomobillərlə İran ərazisinə nəql edilib. Qeyd edək ki, 907 ton həcmdə olan yük Astara terminalına 16 vaqon vasitəsilə çatdırılıb. Sınaq yükdaşımasından sonra həmin yüklərin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə davamlı olaraq nəql edilməsi nəzərdə tutulub.

Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi layihəsi hələ tam başa çatdırılmamış, artıq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaların həyata keçirilməsi həmin dəhlizin perspektivindən xəbər verir. Dəhlizin tam işə düşməsi isə Azərbaycanın bölgənin ən əsas tranzit və logistik mərkəzinə çevrilməsinə böyük təkan verəcək. Azərbaycan tərəfindən Astara stansiyasından Astara çayına kimi yol, Astara çayı üzərində körpü və körpüdən İran Astarasındakı terminala qədər yol çəkilib. Hər iki stansiyadan qəbul və göndərmə üçün əlavə yollar salınıb, terminalın tikintisi üzərində iş gedir. Stansiyalarda 4 terminalın quraşdırılması nəzərdə tutulub. Bunlar konteynerlər, ümumi yüklər, neft və neft məhsulları və taxıl yüklərindən ibarət terminallar olacaq. İlk terminalın açılışı bu ilin dekabr ayının sonlarına planlaşdırılır və bununla da gələn il üçün yükdaşımaların həcminin 1,5-2 milyon tona çatdırılması nəzərdə tutulur.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə gələn il başlanılacaq. Beləliklə, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti hazır olduqdan sonra isə yüklər İranın Şəhid Rəcayi limanında gəmilərdən birbaşa qatara yüklənəcək və heç bir yerdə təkrar yükləmə olmadan Azərbaycandan keçməklə Avropaya qədər hərəkət edəcək. Bu isə yüklərin həcminin artmasına səbəb olacaq.