Ekspress. - 2017.- 18-20 noyabr. - ¹ 209. - S. 10.
Hüquq sistemi hüquqi mədəniyyətin əsasıdır
Vasif Cəfərov
Hər bir ölkədə olduğu kimi Azərbaycanda da insanların hüquq və azadlıqlarının müdafiəsi, hüquqi mədəniyyət səviyyəsinin artırılması həmin ölkədəki hüquq sistemindən birbaşa asılıdır. Bunu nəzərə alaraq Azərbaycanda müstəqillik dövründə hüquq sisteminin təkmilləşdirilməsinə, demokratik prinsiplərə uyğunlaşdırılmasına xüsusu diqqət ayrılıb.
Hüquq sistemi dedikdə dövlətin ərazisində qüvvədə olan hüquq normalarının məcmusu, onların bir-birilə uzlaşması və hüququn müstəqil hissələrə bölünməsini əks etdirir. Hüquq sistemi hüquq normalarının nizamsız toplusu deyil. Hər bir sahə ilə bağlı qəbul edilən qanunlar, digər hüquqi aktlar bir-biri ilə ziddiyyət təşkil etməməlidir, əksinə vahid sistemin ayrılmaz elementinə, hissəsinə çevrilməlidir.
Buna görə də bəzən hüquq sistemini insanla eyniləşdirirlər. Hüquq sisteminin hissələrini insanın orqanları ilə müqayisə edirlər. İnsanların hər bir orqanı necə əhəmiyyətlidirsə və onlar birlikdə vahid varlığı formalaşdırırsa, hüquqi normalar da hüquq sistemi kimi güclü varlığı formalaşdırmalıdır. Əgər hüquq normaları normal əsasda vahid sistemi yarada bilməsə, o halda həmin hüquq sistemi "sağlamlıq qabiliyyətini itirən" sistem kimi xarakterizə olunacaq.
Hüquq sistemində sahə qanunları, digər hüquqi aktlar əlaqəli şəkildə fəaliyyətdədir. Sistemin elementləri bir-birindən ayrılıqda fəaliyyət göstərə bilməz.
1990-cı ilin əvvəllərində Azərbaycan hüquq sistemində köklü dəyişikliklər baş verir. Hüquq sistemində dəyişikliklər siyasi azadlıqlar, sosial yönümlü bazar iqtisadiyyatı, hüquq və azadlıqların genişləndirilməsi və onların təminatının möhkəmləndirilməsi şəklində oldu.
Azərbaycanın hüquq sistemi konstitusiya hüququ, inzibati hüquq, maliyyə hüququ, aqrar hüququ, mülki hüquq, ailə hüququ, əmək hüququ, cinayət hüququ, mülki-prosessual hüquq, cinayət-prosessual hüquq və s. hüquq normalarının toplusundan ibarətdir.
Hüquq sistemində aparıcı yeri təbii ki, konstitusiya hüququ tutur. Bu onunla əlaqədardır ki, konstitusiya hüquq normalarında baza hüquq qaydaları əksini tapır və o başqa hüquq sahələrinin əsasını təşkil edir.
Azərbaycanın Konstitusiya hüquq normalarının əksər hissəsi Azərbaycan Konstitusiyasında, habelə, digər qanunvericilik aktlarında (məsələn, vətəndaşlıq haqqında, yerli özünüidarələr haqqında və s. qanunlarda) ifadə olunur.
Konstitusiya hüquq normaları konstitusiya quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi vəziyyətini, dövlət hakimiyyəti və yerli özünüidarə sistemini, Azərbaycanın dövlət quruluşunu, hüquq və qanunvericilik sistemini və başqa məsələləri təsbit edir.
Konstitusiya hüququ ilə, normaları icra hakimiyyəti sahəsində (hökumət, nazirlik və idarə, idarəetmənin yerli orqanları) təşəkkül tapan idarəçilik münasibətlərini nizamlayan inzibati hüquq bir-birilə sıx əlaqə təşkil edir. Ali Sovet tərəfindən "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" 30 avqust 1991-ci ildə qəbul edilən Bəyannamə, qəbul edilən Konstitusiya Aktı müstəqil hüquq sisteminin formalaşmasının əsasını qoyub.
Amma müasir Konstitusiyanın yaranması da vacib idi və 12 noyabr 1995-ci ildə keçirilən referendumda ümumxalq səsverməsi ilə Konstitusiya qəbul olundu. Müasir Azərbaycan Konstitusiyasında konstitusionalizmin klassik ideyası öz əksini tapıb: insan hüquq və azadlıqlarının prioriteti; siyasi plüralizm; hakimiyyətlərin bölgüsü; konstitusion nəzarət institutu və s. Konstitusiya "ictimai müqavilə" olaraq dövlət, cəmiyyət və fərd arasında münasibətləri müəyyən etdi, insan hüquqlarının prioritetini özündə təsbit etdi. Konstitusiyanın 12-ci maddəsində deyilir: " İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətandaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir".
Konstitusiyada hakimiyyətlərin bölgüsü prinsipi əks olunub. Konstitusion mexanizm hakimiyyətin qolları arasında qarşılıqlı nəzarəti həyata keçirməyə imkan verir. Hakimiyyəti məhdudlaşdıran bu mexanizm ilk növbədə insan hüquqlarının müdafiəsinə xidmət edir. Konstitusiyanın 7-ci maddəsi müəyyən edir ki, hakimiyyətin müxtəlif qolları qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti Azərbaycan Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini Azərbaycanın məhkəmələri həyata keçirir.
Hakimiyyətin təşkilinin bu müasir prinsipi dövlətçiliyin və cəmiyyətin demokratik quruluşunun ayrılmaz hissəsidir.
Fərdin hüquq və azadlığını müəyyən etməklə yanaşı Azərbaycan Konstitusiyası dövlət hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının sistemini və quruluşunu müəyyən edir. Bütün digər demokratik konstitusiyalarda olduğu kimi Azərbaycan Konstitusiyasında da dövlət hakimiyyəti haqqında olan müddəalar yığcamdır. Konstitusiyanın 1-ci maddəsi müəyyən edir ki, "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır". Dövlət hakimiyyəti sistemini müəyyən edən Konstitusiyanın üçüncü bölməsi parlamentin nümayəndəli, qanunverici hakimiyyətini ön plana çəkir.
Konstitusiyaya uyğun olaraq hüququn əsas mənbəyi qanunverici və digər normativ aktlardır. 148-ci maddə müəyyən edir ki, qanunvericilik sistemi Konstitusiya; referendumla qəbul edilən aktlar; qanunlar; fərmanlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr.
Hüquqi islahatların sürətinə görə Azərbaycan 90-cı illərdə digər postsovet ölkələrinin əksəriyyətindən geridə qalırdı. 1999-cu ilin əvvəlində yalnız ayrı-ayrı, əsasən də ikinci dərəcəli məcəllələr qəbul olundu: 1994-cü ildə Hava məcəlləsi, 1997-ci ildə ayrı-ayrılıqda Su, Meşə, Gömrük məcəllələri. Lakin 2000-ci ilin sonuna kimi ölkədə praktiki olaraq bütün əsas hüquq sahələri üzrə məcəllələşdirilmə başa çatdı. 1999-cu ildə yeni Torpaq, Əmək, Ailə, Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Vergi və İnzibati Xətalar Məcəlləsi qəbul olundu.
Azərbaycanda hüquq sistemində aparılan islahatları mütəxəsislər 3 böyük mərhələyə bölür. Birinci mərhələ 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, ikinci mərhələ Avropa Şurasına üzv olunması, üçüncü mərhələ 2006-cı il məhkəmə sisteminin müasirləşdirilməsi və inkişafı ilə bağlı Prezident fərmanının verilməsi ilə başlayıb.
Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılır. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən edir və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirir. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulur. Eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alınır.
Bundan əlavə, hüquqi islahatların aparılması, habelə ölkəmizin Avropa təsisatlarına inteqrasiyası məqsədilə 1996-cı il iyunun 8-də Avropa Şurası və Azərbaycan arasında əməkdaşlıq proqramı qəbul olunur. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası""nın müddəaları nəzərə alınmaqla yeni qanunlar hazırlanır.
Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir.
Komissiya tərəfindən hazırlanan "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradır, konstitusiya nəzarəti ideyası qəbul edilir.
Konstitusiyada bəyan edilən məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il Qanununda inkişaf etdirilərək öz real təminatını tapır və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradır.
Hüquq sisteminin təkmilləşdiriməsi ilə bərabər qanunların, hüquqi aktların aliliyini təmin edən, bu sahədə yaranan mübahisələri ədalətli həll edən məhkəmə sisteminin də təkmilləşdirilməsi vacibdir. Əks halda yalnız təkmil qanunların olması ilə hüquqi dövlətin formalaşmasını təmin etmək mümkün deyil. Buna görə də hüquq sistemində islahatlar dedikdə məhkəmə-hüquq islahatlarının aparılması əsas şərt kimi ortaya çıxır. Müstəqilliyin ilk illərindən başlayaraq demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri edir. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirib.
Ümumiyyətlə, hüquq sistemi ölkənin inkişaf vəziyyətinə uyğun olaraq daim təkmilləşdirilir. Lakin əsas hüquqi dəyərlər daim qorunur və bu sahədə hər hansı dəyişikliklərə yol verilmir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur