Ekspress. - 2017.- 14 noyabr. - ¹ 205. - S. 10.

 

İcraedici hakimiyyət

 

Vasif Cəfərov

 

İnsan hüquq və azadlıqlarının qorunmasında hakimiyyətin qanunverici və məhkəmə qolları qədər icraedici qolunun da üzərinə böyük vəzifə düşür. Qəbul edilən qanunlar, məhkəmə qərarları o halda həyata keçir ki, onları hakimiyyətin icraedici qolu təmin etmiş olsun. Əks halda istənilən mükəmməl hüquqi akt, məhkəmə qərarı belə real təsir imkanına sahib olmur. Buna görə də insan hüquq və azadlıqlarının qorunması, bu sahədə verilən qərarların həyata keçirilməsi birbaşa hakimiyyətin icraedici qolundan asılıdır.

İnsan hüquq və azadlıqlarının qorunmasında hakimiyyətin icraedici qolunun əhəmiyyəti nəzərə alın hüquqi dövlətlər bu hakimiyyət strukturunun mükəmməl formalaşmasına xüsusi diqqət ayırırlar.

Dövlət hakimiyyətinin üç müstəqil qolundan biri icraedici hakimiyyətdir. İcraedici hakimiyyətin vəzifəsi qanunverici orqanın qəbul etdiyi qanunları və məhkəmələrin qərarlarını həyata keçirməkdir. Hakimiyyətin bu qolu yalnız qanunların icazə verdiyi səlahiyyətlər çərçivəsində davrana bilər.

Əksər hüquqi dövlətlərdə olduğu kimi Azərbaycanda da hakimiyyətin 3 qolu var. Azərbaycan Konstitusiyasına əsasən icraedici hakimiyyət icra hakimiyyəti adlanır və o, 3 mərtəbəlidir. İcra hakimiyyəti yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarından ibarətdir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır.

Səlahiyyətlərin genişliyini nəzərə alsaq deyə bilərik ki, Azərbaycanda hakimiyyətin ən güclü qolu Prezident qarşısında hesabatlı olan icraedici hakimiyyətdir. İcraedici hakimiyyətin öz vəzifələrini həyata keçirməsi üçün kifayət qədər resursları mövcuddur.

İcraedici hakimiyyət iki strukturdan - Prezident və Nazirlər Kabinetindən ibarətdir. Yerli icra hakimiyyəti orqanları isə Prezident Administrasiyasını yerlərdə təmsil edirlər.

Konstitusiyaya görə icra hakimiyyəti hökumətin müstəqil qoludur və Prezidentin qarşısında cavabdehdir. O, hakimiyyətin digər qollarından ayrılıb və heç bir qurumdan asılı deyildir. Baş nazir, Baş nazirin müavinləri, nazirlər, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər və elmi, pedaqoci və yaradıcılıq fəaliyyətindən başqa, heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

İcra hakimiyyətinin çalışanlarının əksəriyyəti dövlət qulluqçusu statusunu daşıyır. Onlar iqtisadi, sosial-mədəni və inzibati-siyasi sahələrdə icraedici-sərəncamverici fəaliyyəti həyata keçirir.

Qanunvericilik icraedici hakimiyyətdən fəaliyyətini dürüs qurmağı tələb edir. İcra hakimiyyəti orqanları əməkdaşlarının dürüstlüyünü təmin edən adekvat müddəalar qanunvericilikdə mövcuddur. Dürüstlük haqqında qaydalar "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunla və xidmət-spesifik kodekslərlə tənzimlənir. Korrupsiyaya qarşı mübarizə haqqında müddəalar, o cümlədən hədiyyələrin verilməsi və alınması, imtiyazların qəbul edilməsi və sair dövlət qulluqçularının Etik Davranış Kodekslərinə daxil edilib. Buna görə də, dövlət qulluqçuları qərarlarına təsir edə biləcək heç bir növ əlavə hədiyyə, mükafat və bəxşiş tələb və ya qəbul edə bilməzlər. "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 8.2-ci maddəsində qeyd edilir ki,dövlət qulluqçusu qonaqpərvərlik məqsədi ilə 55 Azərbaycan manatı məbləğindən çox olmayan hədiyyə ala bilər. Dəyəri göstərilən məbləğdən yuxarı olan hədiyyələr dövlət qulluqçusunun çalışdığı orqanın əmlakı hesab olunur.

Maraqlar toqquşmasının qarşısını almaqla əlaqədar dövlət qulluqçularının öhdəlikləri "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunun 15-ci maddəsində öz əksini tapıb. Həmin maddədə bildirilir ki, dövlət qulluqçusu maraqlar ziddiyəti yarada biləcək halın ortaya çıxmasına və şəxsi mənfəət üçün xidməti vəzifəsindən sui-istifadəyə imkan verməməlidir. 

İcra hakimiyyəti orqanları idarəetmə fəaliyyətini həyata keçirirlər, daxilli təşkilati quruluşa malikdirlər, dövlət-hakimiyyət səlahiyyətlərinə sahibdirlər, büdcənin icrası məsələlərində müvafiq orqanların nəzarəti altında olurlar. Bunlardan başqa operativ müstəqillikləri olur, bir qayda olaraq, daimi ştata malikdirlər, yuxarı orqanlar tərəfindən təşkil edilirlər və onların təşkili, strukturu və fəaliyyət qaydaları, əsasən, inzibati-hüquqi normalar ilə tənzimlənir.

İcra hakimiyyəti orqanlarında mərkəzi orqanlardan başlayaraq, aşağı təbəqəli orqanlar kimi (rayon, şəhər, bütün işçilər) xidməti heyətindən başqa müxtəlif səlahiyyətləri həcminə malik olmalarına baxmayaraq, eyni növ əməklə məşğuldurlar, onların hamısı idarəçiliyin müxtəlif funksiyalarının həyata keçirirlər. Onların işi idarəçilik fəaliyyətinin növlərindən biridir.

Azərbaycanda icra hakimiyyətinin başçısı Prezidentdir. Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin İcra Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Prezidentin İcra Administrasiyası Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır. İcra Administrasiyası qəbul olunan qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir. İcra Administrasiyasına ümumi rəhbərliyi də Prezident həyata keçirir.

Azərbaycan Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir. Nazirlər Kabinetinin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Prezident həm də Ali baş komandandır. O Ali baş komandan kimi, Silahlı Qüvvələrin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir. Dövlət başçısı öz Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Prezident dövlət büdcəsini, Azərbaycanın hərbi doktrinasını ali qanunvericilik orqanına təqdim edir, dövlət sosial-iqtisadi proqramlarını təsdiq edir, mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır, referendum təyin edir, qanunlar imzalayır və dərc edir. Prezident vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərini həll edir əfv barədə, Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir. Bunlarla bərabər Prezident dövlət təltifləri təqdim edir, ali hərbi və ali xüsusi rütbələr verir, ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir. Beynəlxalq müqavilələrə riayət edilməsinin təminatçısı kimi Prezident dövlətlərarası və hökumətlərarası müqavilələr bağlayır, dövlətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Milli Məclisə təqdim edir, beynəlxalq müqavilələrin təsdiq edilməsi barədə fərmanları imzalayır.

Prezident milli təhlükəsizlik məsələlərini Konstitusiya ilə ona verilən səlahiyyətlər əsasında həll edilir. Prezident Azərbaycanın Təhlükəsizlik Şurasını yaradır, fövqəladə və hərbi vəziyyət elan edir və Milli Məclisin razılığı ilə müharibə elan edir, sülh bağlayır. Prezident Silahlı Qüvvələrin əsas təyinatı ilə əlaqədar olmayan vəzifələrin icrasına cəlb edilməsinərazılıq verilməsi barədə Milli Məclisə təqdimat verə bilər. Prezidentin səlahiyyətlərində Konstitusiyaya əsasən Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələlərin həll olunması nəzərdə tutulub.

İcra hakimiyyəti inzibati hakimiyyətlə eyniləşdirilə bilməz. O dövlət hakimiyyətinin bütün vacib atributlarının bilavasitə onun sərəncamında olması ilə xarakterizə olunur.

İcra hakimiyyəti hüquqi dövlətin bərqarar olmasında, onun hüquq sisteminin işləməsində əvəzsiz hakimiyyət qoludur. O vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edir, ölkənin iqtisadiyyatının inkişafı, vətəndaşların, cəmiyyətin və dövlətin rifahının yüksəldilməsi üçün şərait yaradır, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edir.

İnsan və vətəndaşların mənəvi, sosial, iqtisadi və siyasi hüquq və azadlıqlarının realizəsi, idarə, müəssisə və təşkilatların normal fəaliyyəti üçün şəraitin yaradılması da icra hakimiyyətinin fəaliyyətindən birbaşa asılıdır.

İcra hakimiyyəti dövlət hakimiyyətinin digər qollarından bəzi xüsusiyyətlərinə görə fərqlənir. Bunlardan bir neçəsini qeyd etmək olar.

İcra hakimiyyəti Azərbaycanın vahid dövlət hakimiyyətinin nisbətən müstəqil qolu olub, dövlət hakimiyyətinin digər müstəqil qolları olan qanunverici və məhkəmə hakimiyyəti ilə sıx qarşılıqlı əlaqədədir. Hakimiyyətin bu qolu yalnız funksional səlahiyyət mənasında müstəqildir. İcra hakimiyyəti hakimiyyət səlahiyyətlərinin istənilən digər təzahürü kimi, başqalarının fəaliyyətinə və davranışına müəyyənedici təsirlər göstərmək bacarığına və imkanına, başqalarının iradəsini öz iradəsinə tabe etmək hüququna və imkanına malikdir.

İcra hakimiyyəti vahid dövlət hakimiyyətinin qolu olub, dövlət fəaliyyətinin növü olan icra fəaliyyəti ilə eyniləşdirilə bilməz. O dövlət fəaliyyətinin xüsusi növü kimi ifadə olunur və öz mahiyyətinə görə hüquqtətbiqedici fəaliyyət növü kimi xarakterizə olunur.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur