İki sahil. - 2017.- 8 noyabr. - ¹ 204. - S. 22-25.
Azərbaycan neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycanın milli müstəqillik yolu, milli inkişafı məhz ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə başlamışdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə mükəmməl inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti bərpa edilmiş, bütün sahələrdə olduğu kimi neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermiş, neft-qaz sənayesinin bazası genişləndirilmiş və müasirləşdirilmişdi. Ümummilli Liderin respublikaya rəhbərliyinin birinci dövrü (1969-1982-ci illər), eləcə də Moskvada SSRİ-nin yüksək partiya və dövlət vəzifələrinə irəli çəkildiyi illər (1982-1987-ci illər) respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatında yüksək inkişaf mərhələsi olmuş, müstəqilliyə doğru böyük dönüş mərhələsi başlanmışdı.
Məhz bu dövrdə bütün sahələrdə olduğu kimi, görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi də möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı Dərin Özüllər Zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdi.
Neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində əsaslı dönüş mərhələsi
XX əsrin 70-80-ci illərində Azərbaycan nefti dünyada neftçıxarma və neft emalı sənayesinin inkişafında, SSRİ kimi nəhəng ölkənin sənayeləşməsində həlledici rol oynamışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızda neft emalı, neft kimya sənayesinin müxtəlif inkişaf mərhələlərində çox mühüm qərarlar qəbul edilmişdir. 1970-1980-ci illər məhz Azərbaycanın neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində əsaslı dönüş mərhələsi kimi dəyərləndirilir. Məhz o dövrdə, neft emalı, neft-qaz, neft kimya sənayesində geridə qalmış texnoloji proseslər, mənəvi və fiziki baxımdan köhnəlmiş avadanlıqlar milyonlarla vəsait hesabına texnoloji üstünlüklərə malik yeniləri ilə əvəz olundu. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesi də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-dək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yükqaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 ton gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. tona (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlikdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu.
Məhz Ulu Öndərin bilavasitə iştirakı ilə dənizdə perspektivli neft yataqlarının kəşfiyyat işləri xeyli genişlənərək sürətləndi. Xəzərin Azərbaycan sektorunda yeni dəniz neft-qaz kondensat yataqları - “Bahar” (1968), “Səngəçal-Duvannı-dəniz” (1969), “Bulla-dəniz” (1975-ci il) yataqlarının açılışı və istismara başlanması reallaşdırıldı. 1970-ci ildə dəniz neftinin çıxarılması maksimum həddə yüksələrək 12,9 milyon tona çatdı.
Milyardıncı ton Azərbaycan neftinin sevinci
1971-ci il martın 28-də Azərbaycanın yeraltı sərvətlərinin istismarının başlandığı andan milyardıncı ton neft çıxarıldı. Bu, ölkəmizin neft sənayesinin tarixinə şanlı səhifə kimi yazıldı. Bu əlamətdar hadisə münasibətilə aprelin 21-də M.F.Axundov adına Opera və Balet Teatrında ulu öndər Heydər Əliyevin iştirakı ilə təntənəli yığıncaq keçirildi.
Məhz o dövrdə Sumqayıtda üzvi yarımməhsullar zavodunda ilk dəfə olaraq Bakı neftinin benzin funksiyalarının ən mühüm kimya xammalı olan benzol almağa imkan verən platforminq prosesi həyata keçirildi. 1979-89-cu illərdə dənizdə, 200 metr dərinlikdə ümumi resurs ehtiyatı 700 milyon ton neft və 200 milyard kubmetr qaz olan “Günəşli” (1979-cu il), “Çıraq” (1985-ci il), “Azəri” (1988-ci il) və “Kəpəz” (1989-cu il) kimi 4 yeni çoxlaylı neft yatağı açıldı. 1980-ci ildə Fransanın “Seret” firması tərəfindən düzəldilmiş “Ə.Əmirov adına xüsusi gəmi 1” yeni struktur-kartirovka qazma gəmisi istismara verildi. Burada ilk dəfə olaraq şlanq-kabel qazması və hidroloji tədqiqatlar üçün avadanlıq quraşdırıldı. 1981-ci ildə ilk dəfə olaraq yarısalınan qazma qurğusunun köməyi ilə 200 metr dərinlikdə olan qazma həyata keçirildi. 1985-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Dərin sulu özüllər zavodu ilk məhsulunu buraxdı. 1989-cu il ildə “Xəzər Dəniz Neft Donanması”nın tərkibinə texniki və naviqasiya məqsədləri, 300 metrədək sualtı dalğıc enmələri üçün ən müasir avadanlıq və dinamik pozisiyalaşdırma sistemi ilə təchiz olunmuş “Akademik Tofiq İsmayılov” unikal dalğıc gəmisi daxil oldu.
Yeni texnika və texnologiya Xəzərin sərvətlərini üzə çıxarır
Qeyd olunan dövrdə xarici texnologiyalar bazası əsasında inşa edilmiş “Xəzər”, “Xəzərdənizneft” üzən qazma qurğularının alınması, xarici şirkətlərlə “Şelf” seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Şelf-2”, “Şelf-3”, “Şelf-4”, “Şelf-5” qazma qurğuları, habelə onların işini təşkil etmək məqsədi ilə “Süleyman Vəzirov”, “İsrafil Hüseynov” kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr respublikaya gətirilmişdi.
Təbii ki, bütün bunların tətbiqi Xəzər zonası üzrə neft-qaz ehtiyatlarının kəşfində mühüm rol oynadı. Məhz bu qurğuların sayəsində “Çıraq”, “Azəri”, “Günəşli”, “Kəpəz” və s. kimi iri yataqlar kəşf edildi. Ötən əsrin 70-ci illərinin sonlarında SSRİ-də yeganə olan 400 milyon ABŞ dollarına alınmış Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Sonralar bu kompleks Xəzər dənizində dərin neft və qaz yataqlarının kəşfi üçün müasir dərin özüllər bloku istehsal etdi.
Görülən işlərin, həyata keçirilən tədbirlərin sayəsində o illərdə neft hasilatı getdikcə artırdı. 1970-ci illərin əvvəli üçün ildə 17,3 milyon ton neft hasil edilməsi bunun əyani sübutu idi.
Bakıda neft emalı dünya səviyyəsinə yüksəlir
O dövrdə aparılan yenidənqurma işləri respublikamızın neft sənayesinin infrastrukturunun və neft emalının inkişafına ciddi təkan verdi. Belə ki, 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodu, 1982-ci ildə Bakı Neftayırma Zavodunda neftin ilkin emalı üçün ELOU-AVT qurğusu işə salındı. 1983-cü ildə Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan Sovet İttifaqının vahid neft kəmərinə qoşuldu. Neft emalı sahəsinin yenidən qurulması üçün irimiqyaslı layihələr həyata keçirildi. Yeni Bakı Neft Emalı Zavodunda (“Azərneftyanacaq”) ELOU-AVT-6 qurğusu istismara verildi. Bu qurğu o dövr üçün ən müasir, yüksək istehsal gücünə malik kombinə edilmiş atmosfer-vakuum qurğusu idi. 1979-cu ildə həmin zavodda Qərb texnologiyası üzrə müasir katalitik riformiq qurğusu da quraşdırıldı. Qurğu yüksək oktanlı etilləşdirilməmiş avtomobil benzini buraxmağa imkan verdi.1981-ci ildə Bakı Neft Emalı Zavodunda (hazırkı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu “Azərneftyağ”) ikinci analoji ELOU-AVT-6 kompleksi işə salındı. Məhz Ulu Öndərin əsaslı yenidənqurma proqramının həyata keçirilməsi nəticəsində Bakı neft emalı zavodları texniki təchizatına görə o dövrdə dünyada mövcud profilli müəssisələrin səviyyəsinə yüksəldi.
Quruda hasilat niyə azaldı?
1970-1975-ci illərdə quruda neft hasilatı 31,2%-dən 19,8%-ə düşdü. Neft sənayesində yaranmış ağır vəziyyət 1969-1970-ci illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyevin çıxışlarında ətraflı təhlil edildi və tam açıqlığı ilə qeyd edildi ki, quruda neft hasilatının bu cür qeyri-bərabər, kəskin surətdə azalması onunla əlaqədar idi ki, əvvəlki dövrlərdə istismara verilən sənaye ehtiyatları üzrə tapşırıqlar müntəzəm olaraq yerinə yetirilmirdi, perspektiv sahələrdə kəşfiyyat qazma işləri geri qalırdı. Qazmada təqvim vaxtının yarısı qəza və boşdayanmalar üzündən itirdi. Quruda neftçıxarma istehsalının təşkilində çoxlu səhvlərə yol verilir, köhnə yataqlarda geoloji-texniki tədbirlər yarıtmaz səviyyədə aparılırdı. 1970-ci ildə “Azərneft” üzrə istismara 487 quyu verilmiş, 364 quyu isə sıradan çıxarılmış, mədənlərdə quyuların yeraltı və əsaslı təmiri pis təşkil olunmuşdu. Sahədə texniki tərəqqi, əl əməyinin ixtisarı, iş şəraitinin yaxşılaşdırılması məsələləri zəif həll olunurdu.
Şübhəsiz ki, 60-cı illərdə neft sənayesinin inkişafının xeyli ləngiməsinin səbəbləri, təsiredici amilləri tam şəkildə araşdırıldıqdan sonra bu sahənin qısa müddətdə kompleks şəkildə dirçəldilməsi üçün ulu öndər Heydər Əliyev tərəfindən ciddi qərarlar qəbul edildi. Bir milyardıncı ton Azərbaycan neftinin çıxarılmasına həsr olunmuş yığıncaqda da bildirilmişdi ki, neft sənayesinin hazırkı vəziyyəti respublika rəhbərliyinin ciddi narahatçılığına səbəb olub. Orada qeyd olunurdu ki, Azərbaycan neftçilərinin qarşısında 1967-ci ildə aşağı düşməyə başlamış neft hasilatı səviyyəsini yüksəltmək, “qara qızıl” çıxarılmasını artırmaq üçün möhkəm baza yaratmaq vəzifələri durur. Ümummilli Lider respublikamıza rəhbərliyinin birinci dövrünün ilk illərində mühüm tədbir və yığıncaqlarda çıxış edərək neft sənayesindəki vəziyyətin dərindən təhlili əsasında nöqsanların aradan qaldırılması yollarını göstərmiş, məsələ ilə bağlı konkret vəzifələr müəyyənləşdirmişdir.
Ümummilli Lider neft-qaz sektorunda inqilabi dəyişikliklərin banisidir
Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə ümumi neft və qaz hasilatı şərti yanacaqla 27,1 milyon tona çatdırıldı. Sovet İttifaqı dağılanadək dənizin Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında da səmərəli kəşfiyyat işləri aparan Azərbaycan neftçiləri dənizdə 350-dən çox struktur aşkar etdilər. Onlar Xəzərin Azərbaycan sektorunda yeni yataqlarla yanaşı, dənizin Türkmənistan sektorunda “Şərqi Livanov”, İ.M.Qubkin adına, Barinov adına, LAM və “Çələkənyanı günbəz”, Rusiya sektorunda “İnçixe-dəniz 1” və “İnçixe-dəniz 2” neft yataqlarını və Qazaxıstan sektorunda bir neft yatağını kəşf etdilər.
Neftçilərə diqqət neft sənayesinə qayğı demək idi
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin sovet dövrü təkcə istehsalat nailiyyətləri ilə deyil, həm də Ulu Öndərimizin neftçilərə böyük qayğısı ilə xarakterizə edilir. Ulu Öndərin respublikaya rəhbərliyi illərində neftçilər üçün tikilən mənzillərin sayı rekord həddə çatmışdı. 70-ci illərin sonlarında neftçilərin mənzilə ehtiyacı 95 faizdən də çox ödənilmişdi.
1970-1988-ci illərdə Azərbaycan neftçiləri (“Xəzərdənizneftqaz” İstehsalat Birliyi) tərəfindən Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar edilmişdir.
1975-ci ildə “Bulla-dəniz” yatağının, 1980-ci ildə isə “Günəşli” yatağının dayazsulu hissəsinin işlənilməsinə başlandı. 1984-cü ildə Bakıda Dərin Özüllər Zavodu tikilib istifadəyə verildi. 1985-ci ildə “Çıraq”, 1987-ci ildə “Azəri” yatağı kəşf edildi. 1988-ci ildə “8 Mart” yatağının işlənilməsinə başlanıldı, “Kəpəz” yatağı aşkar edildi.
Neft sənayesində tənəzzül: günahkar kimdir?
1985-ci ildən sonra SSRİ-nin sosial-iqtisadi həyatında gedən proseslər, təsərrüfat mexanizminin, iqtisadi həvəsləndirmənin təkmilləşdirilməsi, müəssisələrin müstəqilliyinin artırılması ilə bağlı həyata keçirilən məntiqi ardıcıllığı tam olmayan tədbirlər neft sənayesinin inkişafında sabitliyi təmin etməmiş, əksinə, onun problemlərini daha da dərinləşdirmişdi. Şübhəsiz, 80-ci illərin ikinci yarısında həm SSRİ, həm də Azərbaycan rəhbərliyinin səriştəsizliyi, rəhbərlikdə təmsil olunan başsız “başçılar”ın avantürist qərarları respublikamızda neft sənayesinin tənəzzülünə səbəb olmuşdu. Ötən əsrin 80-ci illərində quruda 4,8 milyon ton neft çıxarılmışdır ki, bu da 1950-ci il səviyyəsindən 8,5 milyon ton az idi, dənizdə isə 1980-ci ildə 8,2 milyon ton çıxarılmışdı ki, bu da 1970-ci il səviyyəsindən 0,5 milyon ton çox idi.
1990-cı ildə quruda 2,5 milyon, dənizdə 7,3 milyon ton neft istehsal edilmişdi ki, bu rəqəmlər də müvafiq olaraq 1980-ci il səviyyəsindən 2,3 milyon ton və 0,9 milyon ton az idi. Ümumiyyətlə, neftçıxarma sənayesində istər quruda, istərsə də dənizdə hasilatın orta illik artımının aşağı düşməsi çox qeyri-bərabər olmuşdur. XX əsrin sonuncu onilliyində respublikada neft istehsalının aşağı düşmə faizi 1990-cı ildə daha çox olmuşdur. Mütəxəssislərin fikrincə, böyük potensiala malik Abşeron yataqlarında işlərin canlandırılması diqqət mərkəzində olmalıdır. Üzdəniraq yenidənqurma illərində və müstəqillik dövrünə qədərki (1986-1991-ci) illərdə isə neft və qaz hasilatının aşağı düşmə tempi səngiməmiş, əksinə bu proses daha da sürətlənmişdi. Belə ki, neft hasilatı 42,4%, qaz hasilatı 56% enmişdi. Bu illər təminat-təchizat bazasının yoxsulluq dövrü kimi də yadda qalmışdır.
Ulu Öndərin hakimiyyətə qayıdışı neft strategiyasına yeni nəfəs verdi
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin təməlini qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qərbin neft şirkətləri ilə bağlanmış Saziş Azərbaycan Respublikasının müstəqil tarixinin yeni səhifəsini açdı. Bu gün öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən “Cənub Qaz Dəhlizi”nin seqmentləri olan TANAP, TAP kimi iri transmilli layihələrin Azərbaycanın təşəbbüsü, siyasi iradəsi, əzmi ilə reallaşdırılması, “Şahdəniz-2” layihəsinin gerçəkləşdirilməsi də məhz əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır. Qətiyyətlə demək olar ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli neft strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi bundan sonra da müstəqil Azərbaycanın güclənməsinə, respublkamızın sosial-iqtisadi tərəqqisinə, xalqımızın rifah halının daha da yüksəlməsinə böyük töhfələr verəcək. Bu günlərdə xalqımızın Azərbayan neft sənayesinin tarixində mühüm və əlamətdar hadisənin - respublikamızda iki milyardıncı ton neftin çıxarılmasının sevincini yaşaması bunun bariz nümunəsidir.