Bakı xəbər.-2017.-8 noyabr.-¹201.-S.15.

 

Tarixdə iz buraxanlar: Nəsirəddin Tusi

 

Fazil Qaraoğlu,

professor

 

Xacə Məhəmməd Nəsirəddin Tusi 1201-ci il fevral ayının 17-də Tus şəhərində tərbiyəçi ailəsində anadan olub. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsirəddin adını verib. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul edib. Mənşə etibarilə onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərindəndir.

 

İlk təhsilini atasından alan Nəsirəddin fəlsəfi məktəbinə mənsub olub, Əbulhəsən Bəhmənyarın şagirdi olub, habelə tanınmış filosoflsrdan ibn Yunisin, Əsirəddin Əbhərənin, Şəmsəddin Xosrovşahinin və dövrünün ən şöhrətli müəllimi hesab edilən Fəridəddin Damadın yanında mükəmməl təhsil alıb.

Nəsirəddin Tusi gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər edib. Bu tarixi şəxsiyyət özünün “Seyr və sülük” əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı: “Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu da qeyd edim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.”

Şərqin bir neçə şəhərini gəzib-dolaşan Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimləri ilə, o cümlədən Fəridəddin Damadla və Qutbəddin Misiri ilə tanış olur, onlardan dərs alır. Bu müddətdə mütəfəkkir çox əzab-əziyyət çəkir.

Nəsirəddin Tusinin aldığı hərtərəfli və dərin biliklər onu az bir zamanda elmi mühitdə məşhurlaşdırıb.  30 yaşında ikən Kuhistan ismaililərin rəhbəri Nəsirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. Nəticədə, 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən, bir sıra dillərə tərcümə olunan məşhur “Əxlaqi-Nasiri” əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq “Ələmut” qalasına aparılır. Nəsirəddin Tusi uzun illər burada sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınan Tusi ismaililərin yanında keçirdiyi uzun illər dözülməz mənəvi sıxıntılarına baxmayaraq, bir neçə elmi əsər yaza bilir. Alim 1242-ci ildə tamamladığı məşhur “Şərhul-İşarət” əsərinin sonunda yazır: “Mən bunların çoxunu ən ağır bir şəraitdə yazmışam. Daha doğrusu, mən bunları elə bir yerdə, elə bir dövrdə yazıb tərtib etmişəm ki, bunların hər bir hissəsi mənə böyük əzab-əziyyət və məşəqqətlər bahasına başa gəlib. Həmin yerdə həmişə cəhənnəm odu alovlanmış və yuxarıdan qaynar su tökülmüşdür. Elə bir vaxt olmamışdır ki, mənim gözlərim yaşla, ürəyim kədərlə dolmasın və elə bir saat olmamışdır ki, mənim məşəqqətlərim artmasın və elə bir dəqiqə olmamışdır ki, mənə yeni həyacan gətirməsin. Bəli, fars şairlərindən biri düz demişdir: “Öz ətrafıma nə qədər baxıramsa, fəlakəti üzük formasında görürəm və mən o üzüyün ortasında yerləşən qiymətli gövhərəm.” Mənim həyatımda elə bir vaxt olmamışdır ki, o, taleyin dəhşətlərinə, ümidsizliyinə və kədərinə məruz qalmasın. Mənim əbədi zövqümün hakimi qayğı, onun əsgəri isə həyəcan olmuşdur. “Allahım, məni bədbəxtlik qoşununun tapdağından və əzab-əziyyət yuvasından xilas et”.

1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları fətholunmaz sayılan Ələmut qalasını da tutur, Nəsirəddini və digər alim məhbusları azad edirlər. Nəsirəddin Hülaku xanın şəxsi məsləhətçisi təyin olunur. Tusi rəsədxana haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi Nəsirəddin rəsədxananın tikilməsi barədə xandan icazə istəyir. Rəsədxananın yaradılması külli məbləğdə pul qoyuluşunu tələb edirdi. Tanınmış tarixçi Hacı Xəlifə özünün “Dünya haqqında kitab”ında baş verən hadisələri belə təsvir edir: “Xacə Nəsirəddin Marağadakı astronomiya rəsədxanasının tikilməsinə başlamaq üçün lazım olan məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: “Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?” Nəsirəddin cavabında belə deyib: “İzin verin, bir nəfər həmin dağa qalxıb oradan böyük bir daşı yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin.” Elə də edirlər. Daş qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə gəlir. Nəsirəddin bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizə görə sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyinə görə həyacan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini əvvəlcədən bilsək, yer üzərində həmişə belə rahatlıq hökm sürər.” Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.

Tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən əvvəl riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada, sonra isə latın dilinə tərcümədə çap olunan “Evklid”, “Başlanğıcın təsviri” adlı əsərləri Tusi ideyalarının Avropada yayılmasında böyük rol oynayıb. Alimin beş kitabdan ibarət yazdığı “Bütöv dördtərəfli haqqında risalə” Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynayan əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə tərcümə edilib. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa, alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətəlayiqdir. Bunların arasında “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqda risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Tibb qanunları”, “Dövlət maliyyəsi haqqında risalə”, “Xoşbəxt günlərin seçilməsi” astrologiyaya aid və başqa əsərlərin də adları çəkilə bilər. Onun əsərləri dünyanın müxtəlif nöqtələrində təbliğ olunur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək olar. Yəni, onun bir çox əsərləri bu günə qədər öz araşdırıcılarını məşğul edir.

Nəsirəddin Tusi yazır: “Yaxşı iş görməklə əziyyət çəksən, əziyyət keçər yaxşılıq qalar, pis iş görüb ləzzət çəksən, ləzzət gedər pislik qalar.”

Nəsirəddin Tusi əxlaqı sərvət hesab edərək, onun fitri olmadığını qeyd edirdi. O deyirdi: “Xasiyyət fitri olsaydı, ağıllı adamlar öz uşaqlarının tərbiyəsi və cavanların əxlaqının saflaşdırılması, möhkəmləndirilməsi və adət şəklinə salınmasını məsləhət görməz, özləri də bununla məşğul olmazdılar.”

Nəsirəddin Tusi insanın xarakterinin yaxşılığa doğru dəyişdirilməsi məsələsinə toxunaraq təhsil və tərbiyənin köməyi ilə uşaqların və gənclərin xarakterinin dəyişdirilməsi imkanını mümkün hesab edir. O, uşaq və gənclərə, bu işdə valideynlərə və müəllimlərə həlledici rol və məsuliyyət ayıraraq, iradəyə əsaslanan müsbət keyfiyyətlər və psixoloji istiqamət aşılamaq zəruriliyinə diqqət çəkir. Bunlarla yanaşı, o qeyd edir ki, uşağa bilikləri öyrətməkdən və peşəkar təcrübə verməzdən əvvəl onu həyat meyarları – xeyirxahlıq, düzlük və vicdanı olan əxlaqlı şəxsiyyət kimi formalaşdırmaq lazımdır. O, həmçinin, mədəniyyətsizliyin aradan qaldırılması, alçaq insani keyfiyyətlərin kökünün kəsilməsi, insanın qabiliyyəti və əməyindən asılı olaraq, xoşbəxtliyə nail olma məqsədilə şəraitin yaradılması üçün bu problemlə məşğul olan elmin müstəsna əhəmiyyətini qeyd edir. Tusiyə görə, yalnız elmi biliklər və peşəkar təcrübə ilə zənginləşən, mənən sağlam şəxsiyyət cəmiyyət üçün faydalı ola bilər.

Nəsirəddin Tusi orta əsr Şərqində həm böyük ensiklopediyaçı alim, həm də görkəmli filosof kimi şöhrət qazanmışdı. O, digər elm sahələrinə dair qiymətli əsərlərlə yanaşı, məntiqə, fəlsəfəyə və etikaya dair orijinal traktatlar da yazıb.

Azərbaycanın XII əsrdə yaşayıb-yaratmış böyük mütəfəkkiri Nəsirəddin Tusinin bütün ömrü təbiəti, cəmiyyəti və insanı dərk etməyə həsr olunub. Onun əsərlərində səma mexanikasının əsasları qoyulub. Danimarka alimi Tixo Brage (1546-1601) Tusinin hesablamalarını təkrarlayaraq 700-dən artıq ulduzun kataloqunu tərtib edib. Bragenin əsərlərinə əsaslanan alman alimi İohann Kepler səma mexanikasını yaradıb. Onların əsərlərini əsas götürən İsaak Nyuton mexanikanın fundamental qanunlarını ərsəyə gətirib. Tusinin riyaziyyata həsr olunan əsərləri dəfələrlə İtaliyada, İngiltərədə, Fransada nəşr olunub.

Yetmiş üç il ömür sürmüş, bütün həyatını, bilik və bacarığını elm, mədəniyyət və bəşəri əxlaq ucalıqlarına həsr etmiş dünya şöhrətli mütəfəkkir 1274-cü ildə Bağdad şəhərində vəfat edib. Onun Bağdaddakı çox sadə məzarının başdaşı üzərində: “Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar bir daha belə bir oğul doğmadı” sözləri yazılıb...” Bəli, bir azərbaycanlı ananın dünyaya gətirdiyi və Azərbaycan xalqının bəşər elm-mədəniyyətinə bəxş etdiyi bu oğul Məhəmməd ibn Həsən Nəsirəddin Tusidir.

Allah rəhmət eləsin.