Ekspress. - 2017.- 7 noyabr. - ¹ 201. - S. 10.

 

Vərəsəlik hüququ

 

Murad Məmmədli

 

Bəzən ölmüş şəxsin əmlakı üstündə onun övladlarının, yaxud qohum-əqrabaları arasında dava düşdüyünü eşidirik. Əslində isə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın (wikirediya.org). Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.

Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.

Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin rəhbəri Anar Bağırov hesab edir ki, vərəsəlik münasibətləri ilə bağlı vətəndaşlar arasında olan konfliktlərin, anlaşılmazlıqların yaranmasının əsas səbəblərindən biri də vətəndaşların vərəsəlik hüququnda olan məcburi pay anlayışı barədə məlumatlı olmamalarıdır. Onun "modern.az"a bildirdiyinə görə, çox zaman vətəndaşlar elə bilirlər ki, vəsiyyətnamədə mirasın kimə və ya kimlərə veriləcəyi göstərilibsə, mirasın tamamı yalnız göstərilən şəxslərə çatmalıdır. Mübahisələr də əsas buradan doğur. Bu fikir əslində kökündən yanlışdır. "Çünki vəsiyyətnamə tərtib edilsə də, vəsiyyətnamədə vərəsə kimi kimlərin göstərilməsindən asılı olmayaraq, miras qoyanın yaxınları, yəni onun qanuni vərəsələri mütləq mirasdan məcburi pay almaq hüququna malikdirlər. Buradan belə qənaətə gəlmək olar ki, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər. Belə ki, miras qoyan vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan şəxsi ümumiyyətlə vərəsəlik hüququndan məhrum edərsə, onun bu vəsiyyət sərəncamı həmin şəxsi heç də mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Mülki qanunvericikdə göstərilir ki, vərəsə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, yalnız məhkəmə tərəfindən məhrum edilə bilər".

Mirasdan məcburi pay almaq hüququna malik olan şəxslərin siyahısına gəlincə, vəkil qeyd edib ki, bu şəxslərin dairəsi, Azərbaycan Respublikasının Sovet dövründə qüvvədə olan Mülki Məcəlləsindən fərqli olaraq hazırda qüvvədə olan Mülki Məcəllədə əhəmiyyətli dərəcədə genişləndirilib. Belə ki, köhnə qanunvericilikdə, məcburi pay almaq hüququna malik olan şəxslərin sırasına, yalnız miras qoyanın yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən, övladlığa götürülənlər), əmək qabiliyyətinə malik olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar malik idilər. "Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə miras qoyanın bütün uşaqları, valideynləri və arvadı (əri) məcburi pay almaq hüququna malikdirlər. Lakin, qeyd etmək lazımdır ki, bu barədə Mülki Məcəllənin müvafiq maddəsində çatışmazlıq vardır. Belə ki, elə Mülki Məcəllədə göstərilmişdir ki, övladlığa götürülən övladlığa götürənin uşaqlarına, övladlığa götürən övladlığa götürülənin valideynlərinə bərabər tutulur. Buna görə də praktikada övladlığa götürülənlərin və övladlığa götürənlərin mirasdan məcburi pay almaq hüquqları təmin edilməlidir".

Yeri gəlmişkən, Azərbaycanda ölən şəxsin mirası ilə bağlı vərəsəlik hüququnun müəyyənləşdirilməsi qaydası bir neçə il əvvəl dəyişib. Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a etdiyi dəyişiklikdə əksini tapıb.

Təlimata əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir. İndiyə qədər mirasın açıldığı yer miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsindən, rayon icra hakimiyyətindən və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənədlə təsdiq edilib. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edib.

Dəyişikliyə əsasən isə mirasın açıldığı yer miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənədlə təsdiq ediləcək. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius yenə də vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edəcək.

Mülki Məcəllənin 1193-cü maddəsində qeyd edilir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı var. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin maddədə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququ olan şəxslərin dairəsi müəyyən edilib. "Mirasda məcburi pay" hüququ Konstitusiyanın 13, 29-cu maddələri ilə ziddiyyət təşkil edir və Mülki Məcəllənin 152.1-ci maddəsi ilə müəyyən olunan mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırır.

Eyni zamanda, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər. Hüquqi Aktların Dövlət Reyestrindən verilən məlumata görə, vəsiyyət edən vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan vərəsəni, ümumiyyətlə vərəsəlik hüququndan məhrum edərsə, onun bu vəsiyyət sərəncamı həmin şəxsi mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Vərəsə isə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən miras qoyanın hələ öz sağlığında onun iddiası əsasında məhkəmə tərəfindən məhrum edilə bilər. Mirasda məcburi pay almaq hüququnun göstərilən qaydada həll edilməsi Mülki Məcəllənin 1166 (vəsiyyət anlayışı) və 1176-cı (vəsiyyət üzrə vərəsəlik hüququndan məhrumetmə) maddələrinə ziddir. Belə ki, qanun üzrə vərəsələr sırasına daxil olan şəxs istənilən halda qanun üzrə ona çatası miras əmlakın ən azı yarısını məcburi pay kimi almalıdırsa, onda Mülki Məcəllədə vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması müddəası əhəmiyyətsiz olur.

Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi).

Mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan  məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür.

Mirasda məcburi pay - sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır.

Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır.

Sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qrupların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən bərabərləşməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur