Ekspress. - 2017.- 28-30 oktyabr. - ¹ 195. - S. 10.

 

Milli hüquqla beynəlxalq hüququn qarşılıqlı əlaqəsi

 

Rəşid Rəşad

 

Azərbaycan Respublikasının qanunvericiliyində beynəlxalq hüquq normalarının yeri, beynəlxalq hüquqla dövlətdaxili (milli) hüququn qarşılıqlı əlaqəsi Azərbaycan Respublikasının Konstitusiyasında dəqiq şəkildə tənzimlənir. Konstitusiyanın "Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar" adlanan 148-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

Əslində bu müddəa Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin və ya beynəlxalq hüquq normalarının həyata keçirilməsində inkorporasiya yolunu seçdiyini göstərir. Milli hüqüqla beynəlxalq hüququn qarşılıqlı əlaqəsinə gəlincə isə, hər ikisinə dair iki əsas nəzəriyyə vardır. Monizm nəzəriyyəsi və dualizm nəzəriyyəsi.

- Monizm nəzəriyyəsinə görə beynəlxalq və milli hüquq oxşar sistemlərdir və hər ikisi tənzimetmə xüsusiyyətinə malikdir.

- Dualizm nəzəriyyəsinə görə isə onlar fərqli sistemlərdir və milli hüquq beynəlxalq hüquq normalarının həyata keçirilməsini təmin edir.

Ekspertlər bildirirlər ki, beynəlxalq və milli hüquq normaları obyektiv mövcud olan vahid normalar məcmusu kimi çıxış etmir, çünki özünün sosial və hüquqi təbiətinə görə onlar fərqli və ayrıca hüquq sistemləridir Müasir dövrdə monizm nəzəriyyəsi daha geniş yayılıb. Bu da ondan irəli gəlir ki, beynəlxalq hüquq normalarının əhəmiyyəti, tənzimləyici və milli hüquqa münasibətdə təkmilləşdirici rolunun artıb ki, nəticədə də onlar standart və ya prinsip xarakteri kəsb edirlər

Qeyd edək ki, beynəlxalq hüquq normaları daxili hüquq sistemlərinin "vasitəçiliyi" olmadan lazımi qaydada həyata keçirilə bilməz. Xüsusilə insan hüquqları, cinayətkarların verilməsi, iqtisadi münasibətlər, regional inteqrasiya və bu kimi məsələləri nizama salan beynəlxalq hüquq müddəalarının implementasiyası, yəni həyata keçirilməsi, prinsip etibarilə, yalnız milli qanunvericinin və milli məhkəmənin "iştirakı" ilə mümkündür. Beynəlxalq hüquq baxımından, dövlətin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri milli səviyyədə necə həyata keçirilməsi və bütövlükdə beynəlxalq hüquqla milli hüququn qarşılıqlı münasibəti problemini necə həll etməsi, prinsip etibarilə, vacib deyildir. Vacib cəhət ondan ibarətdir ki,- bu, əslində ümumi beynəlxalq hüququn imperativ tələbidir, - dövlətlər beynəlxalq hüquq normalarına əməl etsinlər.

Hüquqşünas Natiq Abdullayev qeyd edir ki, hal-hazırda Azərbaycan dövləti tərəfindən hüquqi islahatlar davam etdirilir: "Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə aparılan məhkəmə-hüquq islahatları, yeni təsisatların yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi vətəndaş cəmiyyətinin inkişafını təmin edən tədbirlərdir. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin daimi və mütərəqqi inkişafını təmin etmək üçün hüquqi islahatların mütəmadi davam etdirilməsi zəruridir. Bu prosesdə dövlət siyasətinin cəmiyyətə çatdırılması, təbliği üçün ictimai təşkilatların məqsədyönlü iş aparması da müsbət rol oynayır".

Yeri gəlmişkən, hüquqşünasın təmsil etdiyi ictimai birlik vətəndaş cəmiyyəti institutu olaraq bu sahədə bir çox işlər həyata keçirib. "Hüquqi İslahatlara Yardım Mərkəzi" İctimai Birliyi qısa müddət ərzində qarşıya qoyduğu məqsədlərə doğru fəaliyyətində uğur qazanan vətəndaş cəmiyyəti institutlarından biri hesab olunur (unec.edu.az). "Mərkəzimiz fəal vətəndaşlıq və sırf peşəkarlıq mövqeyindən çıxış edərək bütövlükdə cəmiyyət həyatını əhatə edən hüquqi islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinə öz töhfəsini verir. Birliyimizin qısa müddət ərzində gördüyü işlərə nəzər saldıqda onları aşağıdakı kimi şərh etmək olar: Məhkəmə-hüquq islahatları çərçivəsində: mübahisələrin məhkəmədənkənar alternativ üsullar: mediasiya, konsiliasiya, arbitraj vasitəsilə həlli üsulları sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə nail olmaq. Son illərdə İsveç, Almaniya, Rumıniya, İtaliya, Ukrayna, Belarus, Rusiya, Türkiyə, Malayziya, Honq Konq, Dubay, Misir və başqa ölkələrin beynəlxalq arbitraj institutları ilə qarşılıqlı əməkdaşlıq münasibətləri yaradılıb. Biz həmçinin Azərbaycan dövləti tərəfindən aparılan hüquqi islahatların təcrübədə tətbiqində iştirak etmək, beynəlxalq təcrübənin öyrənilməsi; qanunvericiliyə əlavə və dəyişikliklərin hazırlanması və qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti olan subyektlərə təqdim edilməsi sahəsində də mühüm işlər aparırıq. Bu sahədə ilk növbədə mübahisələrin məhkəmədənkənar həlli üsullarının inkişaf etdirilməsi, təcrübədə tətbiqinin genişləndirilməsi ilə əlaqədar görülən işləri qeyd etmək yerinə düşər".

Onu da qeyd edək ki, dünya ölkələrində milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması müxtəlif cür həll edilir. Belə ki, ABŞ-da, Fransada, Hollandiyada və bəzi digər dövlətlərdə milli qanunvericilik beynəlxalq müqavilələri ölkə hüququnun tərkib hissəsi kimi elan edir. Bu baxımdan da həmin ölkələrin konstitusiyalarına uyğun olaraq beynəlxalq müqavilələr milli hüququn təsir sahəsində fəaliyyət göstərə bilər. Bəzi ölkələrin konstitusiyasında isə beynəlxalq hüququn milli hüquqa münasibətdə aliliyi elan olunur. Məsələn, Almaniya Konstitusiyasına görə beynəlxalq hüququn ümumi normaları qanunlar üzərində üstünlüyə malikdir.

Hüquqşünas İsrayıl İmamlı qeyd edir ki, beynəlxalq hüquq yaradıcılığı - beynəlxalq hüquqi normaların yaradılması, dəyişdirilməsi və ləğv edilməsi ilə tamamlanan fəaliyyətdir: "Göstərilən əlamətləri nəzərə alaraq, beynəlxalq hüquq yaradıcılığının aşağıdakı tərifini vermək olar. Beynəlxalq hüquqi tənzimetmənin ilkin mərhələsi sayılan və ictimai münasibətlərin tənzimlənməsi məqsədilə onların inkişafının obyektiv qanunlarına uyğun beynəlxalq hüquq yaradıcılığı,  beynəlxalq hüquqi normaların yaradılması və dəyişdirilməsinə istiqamətlənmiş, həmçinin beynəlxalq hüququn bir neçə subyektinin iradəsinin razılaşdırılması yolu ilə həyata keçirilən fəaliyyətdir. Hüquqi cəhətdən məcburilik beynəlxalq hüquqi normaların səciyyəvi əlamətidir. Bu əlamət onu dövlətlərarası sistemdə mövcud olan digər sosial normalardan fərqləndirir. Beynəlxalq hüquq elmində müxtəlif istiqamətlərə baxmayaraq, kiçik istisnalarla hamı onun normalarının hüquqi cəhətdən məcburiliyini qəbul edir".

Hüquqşünasın sözlərinə görə, beynəlxalq hüquq normasının məzmunu beynəlxalq hüquq subyektinin malik olduğu hüquqdan və digər subyektin həmin hüquqa uyğun olaraq öz üzərlərinə götürdüyü vəzifədən ibarətdir. Yəni, beynəlxalq hüquq və öhdəliklər təkcə beynəlxalq hüquq normalarından irəli gəlmir: "Hər hansı beynəlxalq məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı, BMT Təhlükəsizlik Şurasının qətnaməsi və ya dövlətin birtərəfli qaydada verdiyi bəyənat da müvafiq öhdəlik doğura bilər. Beynəlxalq hüquq normaları, yuxarıda qeyd etdiyimiz kimi, prinsip etibarilə dövlətlərin qarşılıqlı razılığı əsasında yaranır. Lakin xüsusi vurğulamaq lazımdır ki, hər hansı ümumi beynəlxalq hüquq normasının, yəni dünyanın bütün dövlətləri üçün məcburi olan normanın yaranması üçün heç də bütün dövlətlərin hər birinin razılığı tələb  olunmur. Bununla bağlı olaraq, yeni yaranmış dövlət öz arzusu və iradəsindən asılı olmayaraq, ondan qabaq təşəkkül tapmış və hamılıqla qəbul edilmiş normadan imtina edə bilməz və ona riayət etməyə borcludur. Məsələn, dövlətimiz müstəqillik qazananandan, hələ heç bir müvafiq beynəlxalq müqaviləyə qoşulmasa da, başqa dövlətlərə qarşı güc tətbiq edilməməsi, başqa dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi, genosid aktının törədilməməsi və s. bu kimi öhdəlikləri artıq üzərinə götürmüş sayılırdı" (remedium.az).

Qeyd edək ki, 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən ilk demokratik Konstitusiyasının müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilib. Və beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən bu Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoydu ki, nəticədə də hüquqi islahatların aparılmasına zəmin yaradıldı. Yeni qanunlar, eyni zamanda "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi.

Ekspertlər qeyd edirlər ki, beynəlxalq hüquqda normayaratma beynəlxalq müqavilələrin bağlanması və adətlərin formalaşması vasitəsilə baş verir. Bu baxımdan beynəlxalq təşkilatların, ilk növbədə BMT və onun ixtisaslaşdırılmış idarələrinin qətnamə və qərarları xüsusi əhəmiyyət kəsb edir. Bu aktlarda çox vaxt, artıq formalaşmış adət hüquq normaları təsbit edilir, habelə beynəlxalq münasibətlərin subyektlərinin müəyyən davranış qaydaları həvəsləndirilir ki, bu da norma və adətlərin yaranmasına gətirib çıxarır. İstənilən kateqoriya və ya anlayışın müəyyənləşdirilməsində ümumi nəzəri müddəa ilə yanaşı hər bir hüquq sahəsinin xüsusiyyətləri də nəzərə alınmalıdır. Bu baxımdan beynəlxalq hüquq heç də istisnalıq təşkil etmir.

Son olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olmaqla Azərbaycan Konstitusiyasının aliliyini təmin edir və ölkəmizdə aparılan islahatlar çərçivəsində qəbul edilən  "Konstitusiya Məhkəməsi haqqında" qanuna əsasən pozulmuş hüquq və azadlıqların bərpası ilə bağlı vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmi müəyyən edilib. Eyni zamanda ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də xüsusi dəstək verilir. Bundan başqa ölkədə aparılan məhkəmə-hüquq islahatına uyğun olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxılıb, nəticədə də onun fəaliyyəti beynəlxalq normalara və demokratik institutların tələblərinə uyğunlaşdırılıb (meclis.gov.az). 1999-cu ildə qəbul edilən  "Prokurorluq haqqında" Qanuna müvafiq olaraq prokurorluğun əvvəllər mövcud olmuş bir sıra səlahiyyətlərindən imtina edilmiş, o cümlədən həbsə alma üçün sanksiyanın verilməsi səlahiyyəti məhkəmələrə verilib, məhkəmələr üzərində prokurorluğun nəzarətinə son qoyulub.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur