Xalq qəzeti.-2017.-21 oktyabr.-¹231.-S.5.
Yardımlı yüksəliş yollarında
Əli Nəcəfxanlı
Dağlar diyarı Yardımlı yüksəliş dövrünü yaşayır. Qədim yurd yerləri bu gün təbii cizgilərini saxlasa da, quruculuq işləri, səliqə-sahmanı, abadlığı ilə xeyli qabağa gedib. Daş abidələr dünənə, yeni tikililərsə bugünə şahidlik edir. Payızda bu dağlara sanki bir həzinlik çökür, buludlar tez-tez “ağlayır”, eyni zamanda, təbiət minbir rəngiylə işıldayır, göz-könül sevindirir.
Əlbəttə, Yardımlı kimi dağlıq-dərəlik yerdə sürətli inkişafa nail olmaq asan deyil, amma irəliyə doğru atılan hər addım, bu yöndə həyata keçirilən hər tədbir fədakarlıq örnəyi sayılır, camaat tərəfindən razılıqla qarşılanır. İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov qısa vaxtda rayonda qayğıkeş rəhbər kimi tanınıb. Yerlərdə müntəzəm keçirdiyi görüşlər zamanı qaldırılan problemlərin çözülməsi üçün əlindən gələni əsirgəmir. Əlaqədar dövlət orqanlarına müraciət edir, məsələlərin həllinə nail olur. Bundan başqa, daxili resursların işə salınmasına diqqət yetirir. Rəhbərliyə üz tutan kimsənin ümidsiz qayıtmasını istəmir. Ümidin inamı artırması, inamın əməli işlərlə doğrulması artıq müsbət tendensiya kimi xətircəmlik yaradır.
Yardımlıda ilin 9 ayı ərzində sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi işgüzar şəraitdə keçib. Geniş məruzə ilə çıxış edən icra hakimiyyəti başçısı Ayaz Əsgərov bildirib ki, ötən müddət ərzində rayonda sosial və digər infrastruktur layihələrin icrasına ciddi fikir verilmişdir. Sahibkarlıq və kənd təsərrüfatının inkişafı, abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, əhalinin içməli suya tələbatının ödənilməsi, tibb müəssisələrinin tikintisi, kommunal yaşayış binalarının təmiri və digər işlər həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan istinad divarları sökülərək müasir zövqə uyğun şəkildə yenidən inşa olunmuşdur. Kommunal yaşayış evlərinin blokları təmir edilmiş, fasad hissələri rənglənmiş, 4 yaşayış binasının dam örtüyü tamamilə yenilənmişdir. Prezident İlham Əliyevin qayğısı sayəsində rayonda işsizliyin aradan qaldırılması məqsədilə qaz istismarı, elektrik şəbəkəsi, sukanal, yol İstismarı idarələrində, kommunal təsərrüfatı və təmir-tikinti sahələrində, ümumilikdə, 245 nəfər rayon sakini müvəqqəti işlə təmin olunmuşdir.
Kənd yaşayış məntəqələrində də inzibati binaların tikintisi davam etdirilmişdir. Rayonun Avur kəndində modul tipli məktəb binasının tikintisində tamamlama işləri aparılır. İnvestisiya layihəsi çərçivəsində Honuba-Şıxlar və Avaş kəndlərində həkim məntəqələri inşa olunmuş və istifadəyə verilmişdir. Şəhid ailələri üçün evlərin, eləcə də qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin əvəzinə yenilərinin tikintisi davam etdirilmişdir.
Rayonda kənd yollarının çəkilişi və əsaslı təmiri sahəsində də bir sıra işlər görülmüşdür. Uzunluğu 2,5 kilometr olan Zəngələ kənd yolu genişləndirilmiş və çınqıl örtük döşənmişdir. Əlavə olaraq, kənd bələdiyyəsinin və sakinlərin köməyi ilə kənddaxili yollar təmir edilmişdir. Sırıq-Astanlı yolu qaydaya salınmış, Mirimli-Zevin kəndləri arasındakı yolun yararsız olan 2 kilometr hissəsi çınqıllanmış və əhalinin rahat gəliş-gedişi təmin olunmuşdur. Şıxlar və Gölyeri kənd sakinlərinin təşəbbüsü ilə uzunluğu 7 kilometr olan torpaq örtüklü Şovut-Gölyeri yolunun yarıya qədəri düzəldilmişdir. Allar bələdiyyəsi tərəfindənsə uzun illər narahatlıq yaradan Xanəgah-Şıxhüseyinli kəndləri arasındakı 3,5 kilometrlik yol tam çınqıllanmışdır. Respublika əhəmiyyətli Masallı-Yardımlı yolunun sıradan çıxmış asfalt örtüyü də təmir olunmuş və avtomobillərin normal hərəkəti təmin olunmuşdur. Yol infrastrukturunun yaxşılaşdırılmasının nəticəsidir ki, rayonun bütün yaşayış məntəqələrinə ilin istənilən fəslində gediş-gəliş mümkündür.
Məruzəçi qeyd edib ki, “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Yardımlı şəhərinə ümumi uzunluğu 75 kilometr olan su və 45 kilometrlik kanalizasiya xətlərinin çəkilişi davam etdirilir. Artıq 74 kilometrlik su xətti , 40 kilometrlik kanalizasiya xətti çəkilmişdir. Nəzərdə tutulmuş 10 ədəd su anbarının hamısında, çirkab sutəmizləyici qurğusunda, 9 ədəd su nasos stansiyasında, 13 ədəd kanalizasiya stansiyasının 3-də tikinti işləri aparılır. Bütün su anbarlarına və nasosxanalara elektrik xətləri çəkilmiş, transformatorlar quraşdırılmışdır.
Kəndlərdə də əhalinin içməli suya tələbatının ödənilməsi diqqətdə saxlanılmışdır. “Sineyir” su xəttindən Horavar və Əngövül kəndlərinə içməli su xətti çəkilmiş və əhalisinin sayı 1000 nəfər olan bu yaşayış məntəqələrinin problemi həll edilmişdir. Hazırda həmin su xəttindən 8 yaşayış məntəqəsində 6 min nəfər istifadə edir. Separadi kəndinə də “Sineyir” xəttindən, habelə Ökü kəndinə Xanbulaq kəndindən su çəkilməsi üçün “Azərsu” ASC rəhbərliyinə müraciət olunmuşdur. Ölkə Prezidentinin sərəncamı ilə əhalisinin sayı 1000 nəfər olan Aşağı Astanlı və Deman kəndlərinin hər birində bir artezian quyusu qazılmışdır. Demanda qazılmış quyu artıq istifadəyə verilmişdir, digər artezian isə yaxın günlərdə istifadəyə veriləcək. Başqa kəndlərdə də artezian quyuların qazılması üçün addımlar atılır.
Ötən müddətdə təbii qaz alan abonentlərin sayı 2 min 635-ə çatmışdır. Gələn il rayonda abonentlərin sayı 1444, əhalisinin sayı 21 min 400 nəfər olan daha 11 yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçiriləcək. Əhalinin bütün gün ərzində elektrik enerjisi ilə təmin olunması üçün də operativ işlər görülür. 9 ay ərzində şəbəkəyə daxil olmuş 600-ə yaxın dəmir dayaq, 5 kilometrlik məftil, 6 kilometrlik kabel dəyişdirilmişdir. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Yardımlı şəhərində SİP kabelləşmə işlərinə başlanılmışdır.
İlin əvvəlindən Yardımlı rayonu üzrə 53 milyon 180 min manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.
Rayonda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir, əhalinin əksəriyyəti heyvandarlıq və əkinçiliklə məşğul olur. Sahələrdən 83 min 24 sentner taxıl məhsulu, 82 min 482 sentner kartof, 21 min 943 sentner tərəvəz və 6 min 137 sentner meyvə toplanmışdır ki, bu da ötən ildəkindən xeyli çoxdur.
Natiq çıxışında bildirmişdir ki, dövlət başçısının tövsiyəsinə əsasən, son illərdə rayonda tütünçük bərpa olunur. 33 nəfər 43 hektar sahədə tütün əkmiş və indiyə kimi tütün sahələrindən 125 ton yaş tütün toplanmışdır. Qurutma sexi fəaliyyət göstərir ki, artıq buradan istehsalçılara 20 min manat vəsait ödənilmişdir. Hazırda tütün tədarükü davam edir. Rayonda fındıqçılıq da inkişaf etdirilir. Zaqataladan 54 min findıq tingləri gətirilərək 108 hektarda findıq bağları salınmışdır.
Hesabat yığıncağında yol idarəsinin müdiri Yaqub Əliyev, təhsil şöbəsinin müdiri Manaf Səmədzadə və başqaları çıxış edərək görülmüş işlər və perspektiv planlar barədə məlumat veriblər.