Xalq qəzeti.-2017.-12 oktyabr.-¹223.-S.9.

 

Dilimizin qorunmasında yeni mərhələ

 

İlham Abbasov

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilmiş konfrans dövlətimizin bu istiqamətdə atdığı növbəti ciddi addımdır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun konfransda qeyd etdiyi kimi, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Həqiqətən, ölkəmiz siyasi müstəqillik qazandıqdan sonra həyata keçirilən dövlət quruculuğu prosesinin mühüm göstəricilərindən biri də ana dilimizin dövlət dili kimi rəsmi status qazanması olmuşdur.

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması rəsmi qaydada təsbit edilmişdir. Heydər Əliyev Azərbaycan dilini nəinki müstəqil dövlətimizin əsas atributlarından, eyni zamanda? dövlət quruculuğunun ən mühüm amillərindən biri hesab edirdi:  "Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın qurulmasında ana dilimiz -- Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir."

Prezident İlham Əliyev ulu öndərin dil siyasətini inamla davam etdirərək 12 yanvar 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzalamış, 5 avqust 2004-cü ildə isə həmin sərəncamın tətbiqini reallaşdırmaq məqsədilə “Azərbaycan dilində orfoqrafiya qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti xüsusi qərar qəbul etmişdir.

Latın qrafikalı yeni Azərbaycan əlifbasının həyata keçirilməsinin xalqımızın ümumi mədəni inkişafına və ölkəmizin dünya birliyinə mədəni inteqrasiyasına yardımçı olmasını praktikada təmin etmək məqsədilə Prezident İlham Əliyev sonrakı iki ildə dünya ədəbiyyatı klassikasının Azərbaycan dilində nəşri ilə bağlı daha iki sərəncam imzalamışdır.

Bu sənədlər dövlət dilimizin rəsmi statusunun həyatın bütün sahələrində qeyd-şərtsiz təmin olunmasını, tədrisinin və tədqiqinin yaxşılaşdırılmasını, işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutur. Bu sənədlər dövlət dilinə məhz dövlətçilik atributu kimi yanaşmanın, ən yüksək səviyyədə diqqət və qayğının bariz nümunəsidir. Qeyd etdiyimiz sənədlərdən göründüyü kimi, dil normalarının pozulması, sadəcə olaraq, linqvistik qaydaların yox, həm də dövlət qanununun pozulmasıdır və ona saymazyana yanaşanlar yalnız ictimai rəy qarşısında deyil, həm də qanunvericilik normaları qarşısında məsuliyyət daşımalıdırlar. Qanuna hörmətlə yanaşmaq isə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ən mühüm amillərindən biridir.

Prezidentin köməkçisi öz çıxışında daha sonra müasir dövrdə geniş vüsət almış qloballaşma prosesinin dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyduğunu qeyd edərək deyib: “Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez KİV-də dövlət dilinin norma və prinsiplərinin pozulmasının şahidi oluruq.”

       Təəssüf ki, ana dilinin xalqımızın ictimai-siyasi və mədəni-mənəvi həyatında nə qədər böyük rol oynadığını nəzərə almayan, bəlkə də, bunu sona qədər dərk etməyən bəzi mətbuat orqanlarında, telekanallarda, elektron informasiya vasitələrində ədəbi dil normalarının pozulması halları, hətta Dövlət Proqramının tələblərinə müqavimət cəhdləri müşahidə olunur. Tərcümə və dublyaj nümunələrinin mətni dilimizin zəngin ifadə imkanlarından müqayisə edilməyəcək dərəcədə aşağı səviyyədədir. Bir sıra reklam lövhələrində, şəhərimizin tərtibat elementlərində Azərbaycan dilinin leksik və qrammatik normaları, dövlət dilinin tətbiqi prinsipləri kobudcasına pozulur.

Bəzi hallarda dilimizin tarixinə, mənşəyinə dair səsləndirilən yanlış və qərəzli mülahizələrə məqamında tutarlı cavab verilmir. Azərbaycan dilində müasir dövr üçün zəruri kommunikasiya vasitəsi və informasiya mənbəyi sayılan internet resurslarının azlığı və kasadlığı, onlarda Azərbaycanın tarixi və müasir həqiqətlərinin kifayət qədər əks olunmaması günümüzün real problemləridir.

Çıxışında bu problemlərə xüsusi diqqət yetirən Ə.Həsənov demişdir ki,“mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında, xarici dillərdən edilən bədii və elmi təcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir.

Təəssüf ki, hələ 2012-ci ildə
Prezident sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb. Ona görə də cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü konfransın keçirilməsi barədə tapşırıq verib.

Prezident köməkçisinin xatırlatdığı sənəd “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması haqqında sərəncam idi. Həmin sənəddə dil siyasəti sahəsində xüsusi dövlət proqramının qəbul edilməsi zərurəti belə əsaslandırılmışdı: “Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı tarixi sənədlər sayəsində ədəbi dilimizin fəaliyyət meydanı daha da genişlənmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlüklə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır. Bununla yanaşı, son dövrdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə, dövlət dilinin tətbiqi sahəsində bir sıra  problemlər özünü qabarıq şəkildə büruzə verir.”

Sənəddə daha sonra deyilir ki, respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi, həmçinin gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.

Proqram müasir qloballaşma şəraitində dilimizə yad dillərin lüzumsuz təsiri məsələsindən bəhs edərkən ilk növbədə ingilis dili “təhlükəsini” xüsusi olaraq qabardır. Bu, müasir dövrdə dünyanın, demək olar, bütün dillərinin üzləşdiyi  problemdir. İngilis dilinin müasir dünyada ən böyük informasiya daşıyıcısı kimi real gücə malik olması obyektiv həqiqətdir. Çağdaş beynəlxalq münasibətlər sistemində onun əvəzsiz rolunu etiraf etməklə bərabər, böyük tarixi ənənələrə malik fransız, ispan, alman, rus, yapon dilləri də bu dilin bəzən bütün zəruri hədləri dağıdıb aşan ziyanlı təsirindən qorunmaq üçün əməli tədbirlər görməyə çalışırlar. Təbii ki, belə bir “ingilis təhlükəsi” bizm ölkəmizin dil mühiti üçün də mövcuddur. Təkcə elə paytaxtımızın reklam və tərtibat mənzərəsini nəzərdən keçirmək həmin təhlükənin nə qədər real və ciddi xarakter daşıdığı qənaətinə gəlmək üçün kifayət edər. Şəhərimizdə bir çox ticarət və xidmət müəssisələrinin, idman və turizm obyektlərinin, otel və istirahət ocaqlarının adlarının yazılışında Dövlət dili haqqında Qanunun onların əvvəlcə daha böyük ölçüdə Azərbaycan dilində, sonra isə, ehtiyac olarsa, həm də xarici dildə yazılması barədə tələbi addımbaşı kobudcasına pozulur.

Müasir ədəbi dilimizdə ingilis dilindən alınmış zəruri sayda yeni kəlmələrlə yanaşı, ehtiyac olmadan alınmış sözlər də vardır. Onlara münasibət ictimai rəydə də, mütəxəssislər arasında da birmənalıdır: Öz dilimizin leksik vahidlərinin semantik potensialı fikrin ifadəsi üçün kifayət etdiyi halda, alınma sözlərdən istifadəyə ehtiyac yoxdur. Ancaq bəzən alınmalarla bağlı daha qəliz dil hadisələri də müşahidə olunur. Dilimizdə alınma mürəkkəb adların qısaldılmış şəkildə (abreviatura formasında) işlədilməsinə münasibətdə ikili yanaşma mövcuddur: a) həmin qısaltmaların orijinalda olduğu kimi (yəni, ingiliscə) işlədilməsi -- NATO, UNESCO və s;  b)  həmin qısaltmaların öz dilimizə uyğun işlədilməsi --BMT, MDB, ATƏT və s. Qəribədir ki, son vaxtlar bizim öz ölkəmizə aid olan, öz dilimizdə yaranmış mürəkkəb adların qısaltmalarının (abreviaturalarının) ingilis variantında işlədilməsi ilə üzləşirik -- AZAL, SOCAR, ASAN, TANAP, UNEC və s. Bütün bunlar kobud dil pozuntusu olmaqla yanaşı, həm də dövlət dilimizə biganə münasibətin nümunəsidir.

Məlumdur ki, dünya dillərində xüsusi adlar bir dildən başqasına keçərkən tərcümə olunmur. Yalnız müxtəlif dillərin tarixi ənənələrinə uyğun olaraq, variantların meydana gəlməsi mümkündür. Çox qəribədir ki, son vaxtlar bizim mətbuatın dilində ingilis mənşəli bir sıra xüsusi adları – şəxs, yer-yurd, qəzet və jurnal, idman komandası və s. adlarını ingilis transkripsiyasında yazmağa başlayıblar. Məsələn, bu cür — “New York Times”, “The Washinqton Post”, “Manichester United” və s. Aydındır ki, ingilis dilinin yazı qaydalarını yaxşı bilməyən adam bu sözləri düzgün oxuya bilməyəcək. Halbuki, bu barədə dil qaydası sözlərin fonetik səslənişinə aiddir, yazılış formasına yox. Heç on illər boyu dilimizi siyasi və ideoloji basqı altında saxlayan Rusiya (Sovet) imperiyası bizdən, məsələn, “Êîìñîìîëüñêàÿ ïðàâäà” yazmağı tələb etmirdi. İndi isə belə çıxır ki, Azərbaycan oxucusu anadilli qəzeti oxumaq üçün mütləq ingilis dilini də bilməlidir. Bu sayılanlar, haqqında bəhs etdiyimiz dövlət proqramının və Dövlət dili haqqında Qanunun tələbləri ilə tam ziddiyyət təşkil edir.

Qəribədir ki, bir çox hallarda adi vətəndaşlar, bəzən hətta jurnalistlər və dilçi mütəxəssislər də eyforiyaya qapılaraq KİV-də dilimizin işlədilməsi ilə bağlı ciddi problemlər olmadığını və onun mövcud vəziyyətindən narahatlıq keçirməyə, qorunması uğrunda mübarizə aparmağa ehtiyac duyulmadığını iddia edirlər. Lakin dövlət başçımızın mediada ana dilimizin işlədilmə vəziyyətindən narazı qalması və bununla bağlı həyəcan siqnalı çalması göstərir ki, vəziyyət heç də ürəkaçan deyil.

Prezidentin tapşırığı ilə keçirilən konfransın qarşısında duran əsas vəzifə də bu cür halların aradan qaldırılması yollarının müəyyən edilməsi, KİV-in dövlət dilinin qorunması işinə daha peşəkar səviyyədə yanaşmasını təmin etmək idi. Təsadüfi deyil ki, cənab Ə.Həsənov öz çıxışını bu sözlərlə bitirməyi lazım bildi: “Biz bu gün media məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri barədə müzakirə aparmalı, bu sahədə mövcud problemlərə dair açıq fikir bildirməliyik. Ümid edirəm ki, bu müzakirələr yol verilmiş nöqsanların səbəblərinin araşdırılmasına və aradan qaldırılmasına kömək edəcək.”

Həqiqətən də, konfransın gedişində KİV-də ədəbi dilimizin işlədilməsində yol verilən müxtəlif xarakterli pozuntuların aradan qaldırılması yolları və qarşıda duran vəzifələr haqqında ciddi müzakirələr aparıldı, maraqlı təkliflər səsləndirildi. Məsələn, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Mətbuat Şurasının işə başladığı ilk gündən mətbuatda ana dilimizin qorunması məsələsini diqqət mərkəzində saxladığını bildirərək MŞ-nin nəzdində daimi fəaliyyət göstərən monitorinq qrupunun qəzet və jurnallarda yol verilən dil pozuntularını qeydə almaq və təhlil etmək sahəsində geniş, səmərəli iş gördüyünü diqqətə çatdırdı. Həmçinin qeyd etdi ki, aparılan monitorinqlərin nəticələri mediamızda ədəbi dilin bütün sahələrinə aid çoxlu miqdarda pozuntu hallarının olduğunu göstərir. Mətbuat Şurasının sədri yol verilən nöqsanların çoxunun mətbuat əməkdaşlarının peşə hazırlığının və dil bilgisinin aşağı səviyyədə olması ilə bağlı olduğunu bildirərək bu vəziyyəti, qismən də olsa, aradan qaldırmaq üçün xüsusi seminar və treninqlərin keçirilməsini təklif etdi.  Konfransda səslənən digər çıxışların əksəriyyəti də məzmunca Mətbuat Şurası sədrinin mövqeyinə uyğun idi.

Konfransı yekunlaşdırarkən Respublika Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov onun məhsuldar və səmərəli keçdiyini vurğulayaraq dedi: “Mən sizin adınızdan cənab Prezidenti əmin etmək istəyirəm ki, Azərbaycan dilinin qorunması ilə bağlı onun qaldırdığı həyəcan siqnalı, Azərbaycan dilinin lüzumsuz xarici müdaxilələrdən qorunması ehtiyacı ziyalılarımız tərəfindən ciddi qəbul edilib və hər kəs bu işə öz dəstəyini verməyə hazırdır.”