Ekspress. - 2017.- 10 oktyabr. - ¹ 181. - S. 10.

 

Vətəndaşların sosial təminat hüququ

 

Rəşid Rəşad

 

Sosial hüquq anlayışının müəyyən edilməsində onların həyata keçirilməsi mexanizmlərinin və təminatlarının işlənib hazırlanmasında problemlər ilk növbədə həmin hüquqların hüquqi təbiətinin və məzmununun çoxaspektli olması ilə bağlıdır. Bu baxımdan da hər bir şəxs azad iqtisadi fəaliyyət göstərmək hüququna malikdir.

Sosial hüquq insanın ləyaqətli həyat şəraitini və sosial müdafiəsini təmin etdiyi üçün buraya sosial təminat, sosial sığorta, pensiya təminatı və tibbi xidmət daxildir. Ümumiyyətlə yaşa, xəstəliyə, əlilliyə, uşaqları tərbiyə etməyə görə qanunla müəyyən edilmiş sosial təminat hüququnun mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlara işləmək imkanlarını və ya əməkdən gəlir əldə etmək kimi iş qabiliyyətini itirdikdə kifayət qədər vəsait ayırır. Bu hüquqlar insan hüquqlarının Ümumi Bəyannaməsinin maddələrində, eləcə də, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-12-ci maddələrində öz əksini tapıb.

Ekspert Mayis Əliyev qeyd edir ki, iqtisadi kateqoriya kimi sosial təminat cəmiyyətin və dövlətin ən kəskin problemlərindən birinin-insanların sosial problemlərinin həlli üçün istifadə etdikləri müəyyən alət kimi çıxış edir: "Yəni, hər bir ölkədə dövlətin vergi siyasətinin və əsasını sosial təminatın təşkil etdiyi sosial siyasətin köməyi ilə həyata keçirdiyi gəlirlərin yenidən bölüşdürülməsi siyasəti mövcuddur. İqtisadi konsepsiya kimi sosial təminat anlayışı ictimai istehlak fondları hesabına cəmiyyətin üzvlərinə edilən bütün növ yardımları əhatə edir. Sosial təminat insanların sosial problemlərini həll etmək üçün dövlət və cəmiyyətin istifadə etdiyi vasitədir. Hüquqi kateqoriya kimi sosial təminat öz əksini dövlətin milli gəlirlərinin yenidən bölüşdürülmə siyasətini hüquqi mexanizmlər vasitəsilə həyata keçirməklə normativ qaydada sosial təminatın həyata keçirilməsinin təşkilati-hüquqi formalarını, sosial təminatın növlərini v s. müəyyən edir. Sosial kateqoriya kimi sosial təminat dövlətin insanın özündən asılı olmayan səbəblərdən maddi yardıma ehtiyacı olduğu zaman onun sosial statusunu bərpa edir. Məqsədli maliyyə mənbələri hesabına dövlət tərəfindən dəqiq müəyyən edilmiş şərtlər əsasında və həcmdə vətəndaşlara sosial sığorta hadisəsi baş verdiyi hallarda onların sosial statusunun saxlanması üçün ümumi daxili məhsulun bölüşdürülməsi üsullarından biri kimi də başa düşülür. "Sosial sığorta haqqında" qanunun 4-cü maddəsi - sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır".

Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin vəzifəsinə gəlincə, bu, ondan ibarətdir ki, mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirsin, iqtisadi inkişafın proses və faydasına öz xalqının iştirakını təmin etsin, öz resurslarını hamının bu hüquqdan bərabər imkanlarla istifadəsini təmin etməklə istifadə etsin İqtisadi hüquqlar insana təsərrüfat fəaliyyətinin əsas faktorlarına sərbəst sərəncam vermək imkanını təmin edirlər. Sosial hüquqlar insana layiqli yaşam səviyyəsini və sosial müdafiəni də təmin edirlər. Bu kateqoriya hüquqlardan ən mühümü, sosial sığorta, pensiya təminatı və tibbi xidməti ehtiva edən sosial təminata olan hüquqdur. Eyni zamanda, sosial təminat hüququnun ümumi və ya xüsusi elm sahəsinə aid olması məsələsi, sosial təminat hüququnun predmetinə daxil olan ictimai münasibətlərin xarakterik əlamətləri və onların dairəsi olaraq izah edilir. Sosial təminat hüququnun predmetini sosial təminat sistemi vasitəsilə ümumi daxili məhsulun bölüşdürülməsi ilə bağlı yaranan maddi və prosedur-prosessual xarakterli mürəkkəb kompleks ictimai münasibətlər təşkil edir. Burada predmetə daxil olan münasibətlərin mahiyyəti göstərilir və təhlil edilir ("ekspress.az")

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasinin qanununda göstərilir ki, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.

Ekspertlərin fikrincə, insanın əsas sosial hüquqlarının siyahısını özünəməxsus kataloqunu tərtib etmək vacibdir. Belə ki, beynəlxalq və yerli normativ - hüquqi məzmununu daşıyan əsas xüsusi beynəlxalq universal hüquqi aktda - iqtisadi, sosial və mədəni hüquqlar barədə 1966-cı il Beynəlxalq Paktının 6-13- cü maddələrində öz əksini tapıb. Həmin sənəddə hər bir insanın əsas sosial hüquqlarının siyahısı aşağıdakı kimi təsbit olunub: əmək hüququ; ədalətli və əlverişli əmək şəraiti hüququ; həmkarlar ittifaqı yaradılması hüququ; sosial təminat hüququ; ailənin, ananın və uşaqların mühafizəsi və onlara yardım hüququ; normal həyat səviyyəsi hüququ; sağlamlıq hüququ; təhsil hüququ.

1995-ci ildə qəbul edilmiş insan hüquqları və əsas azadlıqları haqqında MDB-yə üzv dövlətlərin Konvensiyasında əsas sosial hüquqlar aşağıdakı kimi təsbit edilib: əmək hüququ və işsizlikdən müdafiə hüququ; əməyin azad şəkildə seçimi hüququ; ailənin inkişafı və müdafiəsi hüququ: nikahda kişi və qadının bərabər hüququ; ana və uşaqların müdafiəsi hüququ; sağlamlığın mühafizəsi hüququ: sosial təminat hüququ; təhsil və peşə təlimi hüququ (sabunchu.cls.az).

Qeyd edək ki, Əmək Məcəlləsinə görə, sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi aşağıdakılardır:

- İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir.

- İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir.

- İşəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur. Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara uyğun olaraq müvafiq pulsuzxüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir.

- İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. Attestasiyanın nəticələri barədə əməkkollektivinə məlumat verilir. İşəgötürən iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir.

- İşəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təminetməlidir.

- İşəgötürən qanunvericilikdə nəzərdə tutulmuş istehsalat sahələrini qazlı və duzlu su ilə təchiz etməlidir.

-İşəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlamalıdır.

Ekspertlər onu da qeyd edirlər ki, əməyin təhlükəsizliyi normalarının və qaydalarının tələblərinə və əməyin mühafizəsi prinsiplərinə uyğun olmayan istər işəgötürənin, istərsə də başqa vəzifəli şəxslərin, habelə müəssisələrin və onların strukturbölmələrinin, avadanlıq və qurğuların işi işçilərin sağlamlığı və ya həyatı üçün təhlükə törədərsə, müəyyən edilmiş qaydada səlahiyyətli nəzarət orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən aşkar edilmiş pozuntulararadan qaldırılanadək dayandırılmalıdır. Bu baxımdan da əməyin mühafizəsi tədbirləri çərçivəsində işçilərin icbari sığortası çox mühüm əhəmiyyətə malikdir.

Xatırladaq ki, "İcbari sığorta haqqında" qanun həm dövlət, həm də özəl sektorların da işəgötürənlərin öhdəsinə böyük məsuliyyət və vəzifələr qoyur. Onlar əmək müqaviləsi ilə bərabər əməkdaşlarla icbari sığorta müqaviləsinin də bağlanmasını təmin etməli, sığortaçıya müəyyən edilmiş məbləğdə sığorta haqqını da ödəməlidir. Sığorta tarifləri Nazirlər Kabinetinin qərarı ilə işçilərin risq qruplarından asılı olaraq müəyyən edilib. Ən aşağı risqli hesab olunan qrup üzrə sığorta tarifləri əməkhaqqının 0,2%-i, ən yuxarı risqqrupu üçün 2%-i qədər müəyyən edilib (anl.az). Qeyd edək ki, sosial cəhətdən müdafiə olunmayan vətəndaşların müxtəlif qruplarının maddi vəziyyətini bərabərləşdirmək və cəmiyyətin tam hüquqlu üzvü kimi onların statusunu bərpa etmək məqsədləri üçün diferensiasiyanın aparılması zəruridir. Diferensiasiya bütövlükdə sosial təminat sisteminin inkişafı üçün maneəyə çevrilməməli və həddən artıq olmamalıdır. Moratorium isə bir kateqoriyadan olan vətəndaşlara digərlərinin hesabına güzəştlərin verilməsi Sosial təminat məsələlərinə dair qərarların qəbul edilməsində vətəndaşların hüquqlarını müdafiə edən təşkilatların iştirakının təmin edilməsi prinsipidir.

Ekspert Vahid Ömərov qeyd edir ki, ölkəmizdə hər kəs azad sahibkarlıq hüququna malikdir. Azad sahibkarlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində təsbit edilib. Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqalarilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər (anl.az). Sosial hüquq insanın ləyaqətli həyat şəraitini və sosial müdafiəsini təmin edir. Buraya sosial təminat, sosial sığorta, pensiya təminatı və tibbi xidmət daxildir. Yaşa, xəstəliyə, əlilliyə, uşaqları tərbiyə etməyə görə qanunla müəyyən edilmiş sosial təminat hüququnun mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlara işləmək imkanlarını və ya əməkdən gəlir əldə etmək kimi iş qabiliyyətini itirdikdə kifayət qədər vəsait ayırır.