Azərbaycan.-2017.-7 oktyabr.-¹219.-S.6.
Şamaxının şah əsəri
Bahadur İmanquliyev
Qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində atılan addımlar çərçivəsində yaradılan Şamaxı Safari Parkı ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etməsini təsdiqləyir.
Vətən yalnız torpaqdan və sərhədlərdən ibarət deyil. Onun özünəməxsus zəngin dərinliyi və hüdudsuz dərəcədə geniş mənəvi sərhədləri olur. Bir də vətən ayrı-ayrı şəxsiyyətlərin birliyindən, onların reallaşdırmaq istədiyi ideyaların zənginliyindən və bu amallara dövlətin verdiyi dəstəkdən ibarətdir. Dövlət-sahibkar münasibətlərinin ən uğurlu nümunəsi kimi Şamaxı Safari Parkını nəzərdən keçirmək olar. Qısa müddət ərzində maralçılıq kimi unikal sahibkarlıq sahəsinin irəli sıçraması onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir, dövlət qarşısına qoyduğu məqsədlərə inamla nail olur.
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilmişdi ki, Azərbaycanın ekoloji turizm imkanları tədqiq edilsin, milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlansın. Bu sənəddə həmçinin Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunmuşdu. Artıq Şamaxı Safari Parkı hazırdır. Dövlət başçısı bu il oktyabrın 2-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə bu rayonda bir sıra obyektlərin açılışında iştirak etdi və Safari Parkını da ziyarət etdi.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Şamaxının Azərbaycan tarixində müstəsna rolunu belə qeyd etdi: “Şamaxı bizim qədim diyarımızdır, tarixi şəhərimizdir. Qədim xəritələrdə Şamaxının adı var. Bu, bizim böyük sərvətimizdir. Şamaxı rayonunda yerləşən tarixi abidələr bizim milli sərvətimiz, dəyərimizdir. Mən onların arasında Şamaxı Cümə məscidini xüsusi qeyd etməliyəm. Bu, Azərbaycanın ən qədim məscididir. Dünyanın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilib və bir neçə il bundan əvvəl əsaslı şəkildə təmir olunub, yenidən qurulub, əlavə binalar inşa edilib. Şamaxı Cümə məscidinin bütün müsəlman aləmi üçün böyük əhəmiyyəti var”.
Mübaliğəsiz demək olar ki, Şamaxı həqiqətən də bütün Azərbaycan xalqının maraq dairəsində olan və qorunan ən müqəddəs yerlərdən biridir. Rayonun iqtisadi inkişafı ilə bağlı ciddi addımlar atılır, yollar çəkilir, ölkədə yaradılan 37 aqroparkın üçü Şamaxının payına düşür. Ümumi sahəsi 20 min hektara yaxın ərazidə kənd təsərrüfatı üçün gözəl imkanlar yaradılır. Ənənəvi sahə olan üzümçülük bərpa edilir, yeni üzüm bağları salınır.
Şamaxının keçmişi, onun Azərbaycan mədəniyyəti tarixindəki rolu burada turizmin inkişafı üçün əvəzsiz imkanlar yaradır. Ona görə ki, bu torpağın hər qarışında xalqımızın keçmişi ilə bağlı əfsanələr yatır. Bu məkan dünyanın ən məşhur yazarlarının ilham mənbəyi olub, səyyahlar əsrlər boyu Şamaxının gözəlliyini vəsf ediblər. Əgər bu günə qədər tarixin açılmayan səhifələrinə işıq salsaq görəcəyik ki, bir neçə əsr əvvəl Mahmud ağanın Şamaxıda keçirdiyi muğam müsabiqələri, onların təşkili, keçirilməsi və qoyulan ciddi tələblər ali təhsil sistemi səviyyəsində idi. Belə haqlı qənaətə gəlmək mümkündür ki, elə ilk muğam akademiyası da Şamaxıda fəaliyyət göstərib. Həqiqətən də bu əfsanələr diyarı keçmişi, bu günü və gələcəyi ilə dünyanın ən tələbkar turistinin zövqünü oxşamağa qadirdir.
Dövlət başçısı rayon ictimaiyyəti ilə görüşündə Safari Parkın açılmasını xüsusi qeyd etdi, bunu ölkə tarixində əlamətdar hadisə kimi dəyərləndirdi. İnkişaf etmiş ölkələrdə açıq şəraitdə heyvanlar, ceyranlar, marallar saxlanılan parklar artıq mövcuddur. Şamaxıda da belə Safari Parkın yaradılması unikal hadisədir.
Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Bu gün safari turizmi ovçuluq və ya foto-ovçuluq, sadəcə, vəhşi təbiətdən minlərlə insanın zövq alması üçün təşkil edilir. Ənənəvi safarilər isə bir qayda olaraq nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan vəhşi heyvan növlərinin qorunmasına diqqət yetirir.
2014-cü ildə yaradılan “Azər Ekov” MMC-nin rəhbəri Tofiq Həsənov deyir ki, bu istiqamətdə ciddi addımlar atılır və qazanılan uğurlar da ürəkaçandır. Burada beynəlxalq təcrübə geniş tətbiq edilir, Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvan gətirilib. Hazırda bu heyvanların sayı iki dəfəyə yaxın artaraq 790-a çatıb. Bunların 260 başı nəcib maral, 250 başı muflon və maral cinsinə daxil olanlar, 280 başı isə landır.
36 kilometr uzunluğunda enli yol çəkilib, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib, beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Böyük abadlıq işləri görülüb.
Şamaxı Safari Parkının yaradılması bir tərəfdən aqrar sektorun yeni sahəsi kimi təqdim edilsə də, digər tərəfdən təbii sərvətlərimizin sırasında xüsusi yer almasını zəruri edir.
Yolunuz düşsə, Safari Parkını ziyarət edin. Maralları, xallı ceyranları və Tofiq müəllimin nəvələrim deyib saxladığı vəhşi canavarları heç olmasa bircə dəfə görsəniz, davranışınızda, xarakterinizdə, təbiətə münasibətinizdə mütləq nəsə dəyişəcək, qəlbinizdə təbiətə mərhəmət hissi oyanacaq, ətrafınıza və dünyaya daha həssas, daha qayğıkeş olacaqsınız.
Azərbaycan təbiətinə nəzər salsaq XIX əsrin əvvəllərindən XX əsrin sonunacan ciddi ekoloji problemlərin yarandığını görərik. Bu illər ərzində meşə örtüyü bir neçə dəfə seyrəlmiş, bir sıra vəhşi heyvan növlərinin sayı kəskin azalmış, bəziləri hətta yoxa çıxmışdır. Yalnız müstəqillik illərindən üzü bu yana təbiətin qorunması, ekoloji tarazlığın bərpa edilməsi üçün dövlət səviyyəsində ciddi addımlar atılmağa başlanmışdır. Bu baxımdan Şamaxı Safari Parkının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan müharibə şəraitində yaşayan ölkə olsa da, dünyanın ekoloji problemlərinə həssasdır. Bizə bəxş edilən gözəllikləri, dünyaya yaraşıq verən, ruhumuza zənginlik gətirən nə varsa hamısını qorumaq, yaşatmaq üçün dövlət vəsaitlərini əsirgəmir.
Şamaxı Safari Parkı avropalı tərəf müqabilləri ilə əməkdaşlığı vacib saysa da, bu münasibətlərin çərçivələrini elə təyin edir ki, sərbəst inkişaf etsin, dünya bazarına öz yeni məhsulları ilə çıxsın. Safari Parkında belə hesab edirlər ki, müasir bazarda Azərbaycanın qarşısında geniş ixrac imkanları açılır. Artıq parkın özü Qafqaz marallarının cinsini yetişdirərək dünya bazarına çıxara, Azərbaycanın özündə və başqa ölkələrdə belə təsərrüfatların yaradılmasında tərəfdaş kimi iştirak edə bilər. Ölkədə elə bir mərkəz yaratmaq olar ki, bütün Yaxın Şərqə, Orta Asiyaya maral ixrac etsin. Bu işdə nə qədər çətinliklər olsa da, perspektivlər daha maraqlı və cəlbedicidir.
Şamaxı Safari Parkı ilə ölkədə aqrar sektorun fərqli və unikal bir istiqaməti qurulur. Əlbəttə, dünyanın bir çox inkişaf etmiş ölkələrində maralların yetişdirilməsi onilliklərdir ki, inkişaf edir, maralçılıqla məşğul olan saysız-hesabsız fermer təsərrüfatları fəaliyyət göstərir. Şamaxı maralçılarının gücü ondadır ki, onlar bir neçə ilə onilliklərin təcrübəsinə yiyələnə bildilər. Azərbaycan təbiətindən adı silinən və ya yox dərəcəsinə düşən maralların, ceyranların, dağ muflonlarının sayını artırmaqla ana təbiətin əvvəlki gözəlliyini və əzəmətini özünə qaytarmaq, itən vəhşi heyvan növlərinin populyasiyasını bərpa etmək burada mümkün oldu. Əgər Qərbdə maral yalnız ətinə görə diqqət cəlb edirsə, Şərqdə marala, xallı ceyrana münasibət bir qədər fərqli və poetikdir, o, həm də gözəllik və sevgi rəmzidir. Bu baxımdan bu parkı Şamaxının şah əsəri kimi də qəbul etmək olar.