Ekspress. - 2017.- 6 oktyabr. - ¹ 179. - S. 10.
Vətəndaşın əsas vəzifələri
Vasif Cəfərov
Vətəndaşların hüquqi mədəniyyət səviyyəsinin artırılması onların öz vəzifələrini bilməsindən, bunlara əməl etməsindən də asılıdır. Öz vəzifələrindən, məsuliyyətindən bixəbər olan vətəndaşdan yüksək hüquq mədəniyyəti gözləmək əbəsdir. Buna görə də hər bir vətəndaş ilk növbədə Konstitusiya və sahə qanunları ilə onun üzərinə qoyulan vəzifələrdən xəbərdar olmalı, həmin vəzifələrdən irəli gələn tələblərə əməl etməlidir.
Azərbaycan Konstitusiyasının "Vətəndaşların əsas vəzifələri" adlı fəsildə qeyd edilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.
Hər bir şəxs Azərbaycan Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilən digər vəzifələri yerinə yetirməlidir.
Qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir.
Qanunlara əməl etmək qanunların aliliyi prinsipini ifadə edir. Hüquq nəzəriyyəsinə görə, hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır.
Qanunların aliliyi prinsipi hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Bu prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa həqiqətdə hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
Qanunun aliliyi o deməkdir ki, dövlət orqanları qanuna bağlıdırlar, yəni qarşısında duran vəzifələri yerinə yetirmək üçün onlara ayrılmış dövlət hakimiyyəti səlahiyyətləri həddində, öz səlahiyyətləri çərçivəsində ciddi surətdə konstitusiyaya və qanunlara riayət edərək fəaliyyət göstərirlər. Qanunlar isə haqqa və ədalətə, bərabər mənafelərə, bərabər münasibət prinsipinə əsaslanır.
Qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. İctimai həyatın bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanun qüvvəli aktlarla deyil, yalnız qanunla nizama salınmalıdır.
Qanunun aliliyi inzibati orqanların mövcud qanunlardan asılı olması deməkdir. Bu isə onu bildirir ki, inzibati orqan qanuna zidd olan hər hansı bir tədbir görə bilməz. Qanunun aliliyi prinsipi idarəçiliyin bütün sahələrinə qeyri-məhdud şəkildə və məcburi qaydada şamil olunur. Bu prinsip həm formal mənada qanuna, həm də maddi mənada qanunlara, yəni təlimatlara, prezidentin sərəncam və fərmanlarına bağlılığı ehtiva edir. Qanunun qeyd-şərti prinsipinə əsasən, inzibati orqan yalnız o halda fəaliyyət göstərə bilər ki, ona bu səlahiyyət qanunla verilmiş olsun. Bu, hər şeydən əvvəl, əlverişsiz inzibati aktlara, yəni vətəndaşın hüquq və azadlıqlarına birbaşa müdaxilə edən inzibati tədbirlərə aiddir. Beləliklə, qanunun qeyd-şərti prinsipi qanunun aliliyi prinsipindən də irəli gedir. Çünki qanunun aliliyi prinsipi yalnız mövcud qanunların pozulmasını (neqativ mənada) qadağan edir. Qanunun qeyd-şərti prinsipi isə, ümumiyyətlə, inzibati orqanın fəaliyyət göstərə bilməsi üçün qanuni əsasın (pozitiv mənada) mövcud olmasını tələb edir. Ona görə də qanunun olmaması qanunun aliliyi prinsipinə əsasən deyil, məhz qanunun qeyd-şərti prinsipinə əsasən inzibati orqanların vətəndaşların hüquq və azadlıqlarına və ya mülkiyyətinə müdaxiləsini istisna edir (hüquq və azadlıqlara müdaxilə yalnız formal qanun əsasında ola bilər). Qanuni əsas dedikdə, mütləq parlamentin qəbul etdiyi hansısa bir formal mənada qanun başa düşülməməlidir. Yəni ümumi-mücərrəd bir qayda qismində qeyri-məhdud sayda şəxslərə və qeyri-məhdud xarakterli hallara şamil oluna bilən sırf maddi xarakterli ümumməcburi hüquq norması da qanuni əsas kimi çıxış edə bilər.
"Vətəndaşların əsas vəzifələri" fəslində vergilərlə bağlı ayrıca maddə var. Həmin maddədə qeyd edilir ki, vətəndaş qanunla müəyyən edilən vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməlidir.
Heç kəs qanunla nəzərdə tutulan əsaslar olmadan və qanunda göstərilən həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
Vergi gəlirləri dövlətin və bələdiyyələrin əsas gəlirlərindən biridir. Buna görə də vətəndaş vergi öhdəliyini yerinə yetirmədikdə mərkəzi və yerli büdcələrin gəliri azalır, dövlət qurumları öz funksiyalarının yerinə yetirməkdə çətinliklə üzləşirlər.
Azərbaycan Konstitusiyasının 16-cı maddəsinin birinci hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilən vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin hüquqi vəzifələrini yaradır.
Vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.
Vergi ödəyicisi qanunla nəzərdə tutulan qaydada müəyyən pul məbləğı şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulur. Qanunda müəyyən edilən qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır.
Bununla belə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyətə cəlb edilməsi məqsədi ilə şəxsin hər hansı hüququnun məhdudlaşdırılması qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirilməlidir, bundan kənara çıxmamalıdır.
Azərbaycanda vergilər sistemi qurulanda və təkmilləşdiriləndə bu vəzifələrin daha rahat həyata keçirilməsi nəzərə alınıb. Vergi xidməti ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında Maliyyə Nazirliyinin tərkibində yaradılıb. Sonradan, 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil orqan Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan Prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanına əsasən isə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında mərkəzi icra hakimiyyəti orqanı olan Vergilər Nazirliyi yaradılıb.
Bu gün Vergilər Nazirliyi tərəfindən səlahiyyətlərinə aid edilən cinayət və digər hüquqpozma hallarına, xüsusilə də vergiləri ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və iqtisadi fəaliyyət sahəsində olan digər cinayətlərə qarşı məqsədyönlü, ardıcıl və səmərəli mübarizə aparılır. Bunun üçün ölkəmizdə təkmil qanunvericilik və informasiya texnologiyaları bazası olan qurumlar yaradılıb.
Azərbaycanın iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu durmadan artır. Bu xidmət orqanları tərəfindən fiziki və hüquqi şəxslərə vergi xidməti, onların qeydiyyata alınması, vergi qanunvericiliyinin tətbiqi və icrası ilə bağlı uğurlu tədbirlər həyata keçirilir.
Vətənə sədaqət vətəndaşın digər əsas vəzifələrindən biridir. Vətənə sədaqət müqəddəsdir.
Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilən hallarda and içirlər.
Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.
Vətəndaş dövlət rəmzlərinə hörmətlə yanaşmalıdır. Bu tələb əsas vəzifələrdən biridir. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.
Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
Vətəndaş Vətənini müdafiə etməyə borcludur. Bu əsas vəzifəyə görə qanunla müəyyən edilən qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilən hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
Tarix və mədəniyyət abidələrinin qorunması, ətraf mühitin qorunması, qanuna zidd vəzifələrin icrasına yol verilməməsi vətəndaşın digər əsas vəzifələrindən sayılır.
Nəhayət, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi də vətəndaşların qarşısında dayanan əsas vəzifələrdən sayılır.