Bakı xəbər.-2017.-5 oktyabr.-¹177.-S.15.
Tarixdə iz buraxanlar: Hacı Zeynalabdin Tağıyev
Fazil Qaraoğlu,
professor
Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Atası Tağı Tağıyev, anası Ümmü xanımdır. Son dərəcə zəhmətkeş bir insan olan Tağı övladını da bu ruhda tərbiyələndirib. Ata oğluna başmaqçılıq sənətini öyrətməyə çalışsa da, Zeynalabdin “Mən başmaqçı deyil, bənna olacağam,”– deyib. 10 yaşına çatanda atası onu bir bənna yanında işə düzəldib. 15 yaşında ikən sərbəst bənnalıq etməyə başlayan Zeynalabdin artıq 18 yaşında bir bənna kimi tanınıb.
Müəyyən qədər vəsait toplayaran Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işlərini təşkil edib. Özünün tikinti işlərinə şəxsən özü nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında (indi burada Tarix muzeyi və AMEA Əlyazmalar İnstitutu yerləşir) onun dəsti-xətti hiss edilir.
Sonralar Hacı Zeynalabdin özünü ticarət və yüngül sənaye işlərində də sınayır və hər ikisində uğurlar qazanır, dükanlara və manifakturaya sahib olur. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Bu dövrdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gələn sərmayədarlar tərəfindən alınır və oralarda neft buruqları ucaldılırdı. Bu, Hacını da maraqlandırır və o, neft işinə qurşanır. Kerosin zavodu ilə yanaşı o, sonradan möhtəşəm olacaq “H.Z.Tağıyev” şirkətini yaradır. Bakıdakı müsəlman, rus və yəhudi xeyriyyə cəmiyyətləri bütün müsəlman aləmində tanınan milyonçu-neftxudanı özlərinə fəxri sədr seçmişdilər. Bir müddət sonra Zeynalabdin iki nəfərlə şərik olub Bibiheybətdə yer icarəyə götürür. Ancaq şəriklərin bəxti gətirmir. Qazılan quyuların heç birindən neft çıxmır. Qismətlərinə neftsiz torpaq çıxdığını zənn edən şəriklər torpağı satmaq qərarına gəlirlər. Bu qərarla razılaşmayan Zeynalabdin şəriklərinin torpaq payını da özü alır. Nəhayət, günün birində neft quyularından biri fontan vurur. Beləliklə, başmaqçı Tağının oğlu Zeynalabdin milyonçu Tağıyevə çevrilir. Fəqət birdən-birə milyonlar səltənətinə düşməsi onun başını gicəlləndirmir. Deyilənə görə, Hacı puluna güvənib yolundan azmamaq üçün bənnalıq etdiyi baltanı imarətinin ən görməli yerindən asır ki, hər dəfə kasıb günlərini ona xatırlatsın.
Tağıyevin varidatı milyonlarla ölçülüb. Zeynalabdin həm neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi, həm də ticarət və yük gəmilərinin sahibi idi. O, neft maqnatı kimi ad çıxarsa da, iqtisadiyyatın digər sahələrinə də maraq göstərib. Təbii ki, bu maraq ilk növbədə onun Azərbaycan sənayesini inkişaf etdirmək, həmvətənləri üçün yeni iş yerləri açmaq istəyindən qaynaqlanırdı. Bu mövqedən çıxış edən Tağıyev böyük balıq sənayesi, dəyirman, toxuculuq fabriki, ticarət mərkəzi və s. kimi obyektlər açdırır.
Hacı Zeynalabdin Tağıyev Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirib. O, indiki Azərbaycan Tarixi Muzeyinin, Elmlər Akademiyası Rəyasət Heyyətinin, Şirniyyat Fabrikinin, Toxuculuq Fabrikinin binalarını tikdirmiş, Bakıya şollar suyunu çəkdirmişdir.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiya imperiyasında öz mesenatlığı və maarifpərvərliyi ilə tanınırdı. Aqillərimiz “Elin gözü tərəzidir” deyiblər. El isə Zeynalabdin Tağıyevə “el atası” adını verib. Gəlin bu adı illərin sınağından çıxaran Tağıyevin xeyirxah əməllərindən, Azərbaycan qızlarını təhsilli görmək istəyən bu tarixi şəxsiyyətimizin Şərqdə birinci dəfə Azərbaycanda açdırdığı ilk qızlar seminariyasından danışaq.
Zeynalabdin Bakıda müsəlman qız məktəbini açmaq üçün əvvəlcə imperator III Aleksandrdan icazə istəyib. Ancaq imperator ona mənfi cavab verib. Azərbaycan qızlarını təhsilli görmək istəyən Tağıyev II Nikolay taxta çıxanda icazə üçün yenə cəhd edib. O, 1895-ci ildə Nikolayın tacqoyma mərasimi münasibətilə onun xanımı Aleksandra Fyodorovnaya son dərəcə dəyərli bir hədiyyə bağışlayıb və Bakıda Aleksandra Fyodorovnanın adına bir qız məktəbi açmaq üçün razılıq istəyib. 1896-cı ildə şifahi, iki il sonra isə rəsmi icazə alan Tağıyev ilk növbədə məktəb binasının inşasına diqqət yetirib. Binanın layihəsini məşhur polyak memarı Qoslovskiyə tapşırıb. Ancaq Tağıyevin xalqına sonsuz məhəbbətdən irəli gələn bu təşəbbüsü heç də birmənalı qarşılanmayıb. Xüsusən də dindarlar arasında qız məktəbinin açılması ciddi etiraz doğurub. Tağıyev dönə-dönə “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları xoş olar...”– desə də, heç bir faydası olmayıb. Naəlac qalan Zeynalabdin boş söz-söhbətlərə, qızları məktəbə gedən ailələrə qarşı təhqir və təqiblərə son qoymaq məqsədilə Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə, İstanbula, Tehrana və s. yerlərə nümayəndələr göndərib. Nümayəndələr bu şəhərlərin rəsmi din xadimlərindən imza və möhürlə təsdiqlənmiş sənədlər gətiriblər. Sənədlərdə göstərilirdi ki, müsəlman qızlarının müasir məktəblərdə təhsil almalarında bir qəbahət yoxdur. Buna baxmayaraq, qaragürühçular yenə də Tağıyevi günahlandırmaqdan əl çəkməyiblər. Nəhayət günlərin birində Aleksandra Fyodorovna qız məktəbinin şagirdlərinin ona ünvanladıqları minnətdarlıq teleqramına cavab verib. Bu cavab qız məktəbinin açılmasına maneçilik törətmək istəyənləri sakitləşdirib.
Qızı Sara xanımın xatirələrindən məlum olur ki, Tağıyev kasıb qızların təhsil almalarına şərait yaratmaq məqsədilə varlı qızların məktəbə qəbulunu məhdudlaşdırıb. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verərək, təhsil müddəti 4-5, daha sonra isə 6 il olan qız məktəbinin statusunu dəyişib, məktəb “Qızlar seminariyası” adını alıb.
O vaxt həbsxanalar Bayıl və Nargin adalarında imiş. Sara xanımın xatirələrindən məlum olur ki, həbsxanalarda yer olmadığına görə, hökumət məhbusları Sibirə göndərmək qərarına gəlib. Bundan xəbər tutan dustaq ailələri xalqın ümid yeri olan Tağıyevə üz tutur. Tağıyev dəyirman üçün nəzərdə tutduğu tikilini həbsxana kimi hökumətin səlahiyyətinə verir.
Hacı Zeynalabdin Tağıyev Səttarxan hərəkatına yaxından köməklik göstərib. Bu köməyin sorağı II Nikolaya çatdıqda o, 1908-ci ildə bu məzmunda bir məktub göndərir: “Qafqaz canişinliyindən aldığımız məlumata görə, Bakı sakini Hacı Zeynalabdin Tağıyev İrandakı inqilab hərəkatına maddi yardım göstərir. Yardımı kəsmək üçün müvafiq tədbirlər görülsün.” Buna görə sorğu-suala tutulan Tağıyev bildirir ki, inqilabçılarla heç bir əlaqəsi yoxdur. Sadəcə o, yetim qalmış kimsəsiz uşaqlara, qocalara yardım göstərir.
Azərbaycanda ilk teatr binasını da Hacı Zeynalabdin Tağıyev tikdirib. 1910-cu ildə “Tağıyev teatrı”nın 30 illik yubileyi yüksək təntənə ilə qeyd edilib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Hacı Zeynalabdin Tağıyev teatrında bərpa işləri aparılıb. Sidqi Ruhulla, Hüseynqulu Sarabski və Mirzəağa Əliyev Mərdəkandakı bağ evində yaşayan Hacının yanına gedərək onu teatrın açılışına dəvət ediblər. Hacı Zeynalabdin həmişə əyləşdiyi lojada görünəndə bütün zal ayağa qalxıb, yeni hökumət nümayəndələri belə, o dövrün təbirincə desək, milli burjuaziyanın təmsilçilərini sürəkli alqışlarla qarşılamaqdan çəkinməyib. Bu münasibətdən son dərəcə mütəəssir olan Hacı Zeynalabdin göz yaşlarını saxlaya bilməyib.
XX əsrin əvvəllərində Azərbaycanda xeyriyyə məqsədilə bir sıra cəmiyyətlər yaranırdı. Bu cür cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi ilk növbədə Tağıyevin adı ilə bağlı idi. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyilə yaranırdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaradılan “Müsəlman xeyriyyə cəmiyyəti” idi. Bundan başqa, “Nəşr və maarif,” “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdinin yaxından köməyi olub.
Sovet hakimiyyətinin qurulması ilə milyonçuların həyatında məşəqqətli dövr başlayıb. Hacının mülkləri əlindən alınıb. Yalnız Nəriman Nərimanovun təkidləri ilə ona müəyyən cüzi güzəştlər edilib.
Azərbaycanı işğal edən Qızıl Ordu əsgərləri milyonçuların şərəf və ləyaqətini alçaltmaq üçün hər vasitəyə əl atıblar. Bu münasibətlə, eləcə də var-dövlətinin əlindən alınması ilə barışmayan milyonçular Vətəni tərk edirdi. Ancaq Tağıyev nə birincilərdən oldu, nə də ikincilərdən. Dostlarının israrlı çağırışlarına baxmayaraq, Tağıyev nəinki özünün, heç ailə üzvlərinin də Azərbaycandan ayrılmasına icazə verməyib: “Mən heç bir məmləkətə müraciət etmək fikrində deyiləm. Atamın, qohum-əqrabamın qəbirləri hardadırsa, mən də orda olmalı və ölməliyəm”– deyib.
Hacı Zeynalabdin Tağıyev ömrünün son gününə qədər Azərbaycanda yaşayıb - əvvəlki əzəmətlə, qürurla və alicənablıqla. Tağıyevin ömrünün son illərindən danışarkən, Nəriman Nərimanovun adını çəkməmək olmur. Bu illərdə Nəriman Nərimanov, sözün əsl mənasında, Tağıyevlər ailəsinin himayədarına çevrilib. Bakı milyonçularının evini talan edən Qızıl Ordu əsgərləri bir gün Hacının evinə də gəliblər. Bundan xəbər tutan Nərimanov Hacının evinə zəng edib, çağırılmamış qonaqları telefona çağırıb, onlara özlərini yaxşı aparmağı və Hacını incitməməyi tapşırıb.
Bütün varidatı, mülkləri müsadirə edilən Hacı Zeynalabdin ailəsi ilə birlikdə qohum evində yaşamağa məcbur olub. Tağıyevə kömək etmək iqtidarında olmayan Nərimanov belə bir vasitəyə əl atıb. O, həmişə millətin rifahı üçün çalışan Hacının mülklərinin birinin ona qaytarılmasını təvəqqe edən çoxlu sayda ərizə toplayaraq Moskvaya göndərib. Çox keçmədən Moskvadan bu məzmunda cavab gəlib: “Hacı Zeynalabdin Tağıyev ölənə qədər onun ailə üzvləri ona məxsus olan bağ evində yaşaya bilər.” Lakin bu icazə heç də Tağıyevləri gələcək bəlalardan hifz etməyib. Ailəni hər an, ən azı evsiz-eşiksiz qalmaq təhlükəsi gözləyib. Elə belə də olub...
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabr ayının 1-də 101 yaşında vəfat edib.
Vəsiyyəti üzrə onu axund Hacı Abuturab Axundzadənin məqbərəsinin yanında dəfn ediblər. Tağıyev vəfat etdikdə hökumət nümayəndələri onun ailə üzvlərini evdən çıxarmaq istəsələr də, Nəriman Nərimanovun sayəsində bu xəta sovuşub. Tağıyevlər ailəsinin faciəli günləri məhz Nəriman Nərimanovun vəfatından sonra başlayıb. Onun ölüm xəbəri gələn kimi Tağıyevlər evdən çıxarılıb. Hər gün təqiblərdən, təhqirlərdən qorunmaq, yemək və yatmaq problemilə üzləşən ailə üzvləri pərən-pərən düşüb.
Tarix insanlardan və dövrlərdən sədaqətli və həqiqətpərəstdir. İllər boyu adı yasaqlanan Tağıyevi yada salanda, ilk növbədə tarixi materiallar köməyə gəlir. Sağlığında şərəfinə mahnılar, şeirlər qoşulan Tağıyev haqqında ən müxtəlif mənbələrdə məlumatlara rast gəlirik. Marağayı “İbrahim bəyin səyahətnaməsi” adlı kitabında belə yazıb: “...Hacı Zeynalabdin Tağıyev öz dindarlığı və səxavətilə hamının hörmətini qazanmışdır. Allah belə müsəlmanları bizə çox görməsin.” Rus dramaturqu A.N.Ostrovski və görkəmli rus alimi D.Mendeleyevin Hacı Zeynalabdin Tağıyev haqqında xoş xatirələri var. Hər ikisi “təvəzökar xadim,” “ağıllı adam” kimi xatırladıqları Tağıyevin səxavətinə, genişürəkliliyinə heyran qalıb. Yeri gəlmişkən, Hindistandan İngiltərəyə gedən bir ingilis zadəganı Bakıda olarkən Tağıyevlə görüşüb. Onun görünməmiş xeyriyyəçiliyinə, yüksək mədəniyyətinə, insanlığına valeh olan bu sərraf Hacının şəklini özü ilə Vətəninə aparıb. Öz pulu ilə Edinburq şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlini ucaldıb. Bu, Qərbdə ucaldılan ilk azərbaycanlı heykəli olub.
Allah rəhmət eləsin.