Ekspress. - 2017.- 5 oktyabr. - ¹ 178. - S. 10.

 

Azərbaycan qanunvericiliyində mülkiyyətin qorunması

 

Rəşid Rəşad

 

Azərbaycan Respublikasında mülkiyyət münasibətləri Azərbaycan Respublikasının qanunları ilə və onlara müvafiq surətdə qəbul edilən normativ aktlarla, dövlətlərarası müqavilələrlə tənzimlənir.

Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Ekspertlər bildirirlər ki, mülkiyyət hüququ mütləq hüquq olduğu üçün hər kəsdən müdafiə edilir. Buna görə də qanun, mülkiyyətçiyə, onun səlahiyyətlərini həyata keçirməyə imkan verməyən hər cür maneələri dəf etmək hüququ verir. Qanuna görə mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, qanunların və ya üçüncü şəxslərin hüquqlarını pozmamalı, cəmiyyətin, xüsusilə dövlətin qanunla qorunan mənafelərinə zidd olmamalı, yaxud hüquqdan sui-istifadə edilməməlidir. Mülkiyyətçinin sahiblik və istifadəsində olan əmlak üzərində hüquqlarını həyata keçirmək üçün təkcə o lazımdır ki, üçüncü şəxs həmin əmlaka təcavüz etməsin. Lakin həmişə belə olmur. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə hüquq münasibətinə girir.

Əgər mülkiyyət hüququ qalmamışsa, onda pozulmuş hüquqların bərpası digər hüquq normaları ilə mümkün olur. Beləliklə, mülkiyyət hüququ normaları digər hüquq normaları ilə daimi əlaqədə və qarşılıqlı fəaliyyətdədir.

İqtisadçılar qeyd edirlər ki, iqtisadi hüquqlar arasında ən əsas hüquq mülkiyyət hüququdur. Hələ 1793-cü il Fransa konstitusiyasında göstərilirdi ki, mülkiyyət hüququ hər bir vətəndaşa məxsusdur və o öz istədiyi kimi bu hüquqdan istifadə edə bilər. Yəni bütün insanların mülkiyyəti toxunulmazdır və əgər bir gün hansısa şəxs tərəfindən bu toxunulmazlıq pozularsa o zaman dövlət bu hüququn bərpa edilməsi baxımından müəyyən addımlar atır.

Mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində də öz əksini tapıb.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüququnun anlayışı bu cürdür: "mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur." Bu 3 hərəkət: sahiblik, istifadə və sərəncam vermək qədim Roma hüquqşünasları tərəfindən müəyyənləşdirilib. Müasir dövrdə bunlara  tələb hüququ da əlavə olunub (remedium.az).

Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində də mülkiyyət hüququnun qorunması ilə bağlı önəmli məqamlar təsbit olunub. Belə ki, ölkə vətəndaşlarının hər birinin mülkiyyət hüququ dövlət səviyyəsində qorunur və yarana biləcək hər hansı bir problemin çözülməsi də qanunlarla həll olunur.

Hüquqşünas Nemət Ağalarov qeyd edir ki, mülki hüquq elmində mülkiyyət hüququ iki mənada başa düşülür-obyektiv və subyektiv: "Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini nizama salan hüquq normalarının məcmusu, subyektiv mənada mülkiyyət hüququ dedikdə isə mülkiyyətçinin öz mülahizələrinə görə, heç kimdən asılı olmayaraq qanunla müəyyən edilmiş hüdudlarda müəyyən əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququ başa düşülür. Demək, mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir. Sahiblik hüququ - əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Söhbət əgər faktiki sahiblikdən gedirsə, bu o demək deyildir ki, sahibkar əşya ilə bilavasitə təmasda olsun. Məsələn, uzunmüddətli məzuniyyətdə olan şəxs onun evində olan əmlakın sahibi olaraq qalır. Deməli, əşyaya faktiki sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq, əşyaya sahibliyi ləğv etmir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Əmlak üzərində sahiblik qanuni və qanunsuz ola bilər. Əşya üzərində sahibliyin hər hansı bir hüquqi əsası olduqda belə sahibliyə qanuni və yaxud titul sahibliyi deyilir.

Hüquqi əsasları olmayan sahiblik qanunsuz və yaxud titulsuz sahiblik adlanır. Əmlak, ümumi qayda üzrə o adamların sahibliyində olur ki, bunun üçün bu və ya digər hüquqlara malik olsun. Belə hallarda mübahisəli məsələlərə faktiki sahibliyin qanuna-uyğunluğu prezumpsiyası vasitəsilə baxılır. Başqa sözlə, əmlakın faktiki sahibinin əmlak üzərindəki sahibliyinin əksi sübuta yetirilməzsə, tanınır. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər".

N. Ağalarov Mülki Məcəllənin 166-cı maddəsində mülkiyyətin sahiblik əsasında ehtimal edilməsindən bəhs edərək bildirdi ki, həmin maddəyə uyğun olaraq daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir: "Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Ola bilsin ki, bəzi əşyalar həm şəxsi, həm də təsərrüfat məqsədilə istifadə edilsin. Məsələn, tikiş maşını ilə nəinki ailə üzvləri üçün, habelə haqqı ödənilməklə digər şəxslər üçün də paltar tikilə bilər. İstifadə hüququ, adətən sahiblik hüququna söykənir. Lakin sahibi olmadığın əşyadan da istifadə etmək olar. Bu, müqaviləyə və yaxud qanuna əsasən, həyata keçirilir. Məsələn, əmlak kirayəsi müqaviləsinə görə kirayəçi, nəinki əmlakın müvəqqəti sahibi, o, həmçinin, əmlakın istifadəçisi hesab edilir. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməsi və ya ona qulluq olunması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanın başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Sahiblik kimi istifadə də qanuni və qanunsuz ola bilər".

Xatırladaq ki, qanunvericilikdə önəmli hüquqlardan biri də sərəncam hüququ hesab olunur.

Ekspertlərin fikrincə, sərəncam hüququ əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yəni mülkiyyətçi öz əmlakını satmaq, kirayə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edir. Bir qayda olaraq, əmlak üzərində sərəncam mülkiyyətçiyə məxsus olur. Mülkiyyətçi olmayanın əmlak üzərində sərəncam verməsi yalnız qanunda göstərilən hallarda ola bilər. Bu, kreditorun borcunu ödəmək məqsədilə mülkiyyətçinin əmlakının məcburi satılmasında və s. hallarda özünü göstərir.

Bundan başqa, vətəndaşlar özlərinə məxsus olan bu və ya digər əmlaklarını ssuda almaq məqsədilə lombardlara təhvil verirlər. Əgər onlar göstərilən müddətdə aldıqları pulu geri qaytarmasalar lombardlara verilən əmlak satılır. Sonra verilmiş ssuda götürülür, qalan hissə isə mülkiyyətçiyə verilir. Bir sıra əmlakdan istifadə edildikdə onlar öz varlığını itirir, məhv olurlar. Bununla əlaqədar olaraq mülkiyyət hüququ xitam edilir. 

O da qeyd olunur ki, mülkiyyətçi tərəfindən əmlakın məhv edilməsi də sərəncam hesab edilir. Lakin əmlakını məhv edən mülkiyyətçinin fəaliyyətinin hüquqi tənzimini vermək nəzərə çarpacaq dərəcədə mürəkkəbdir (unikal.org). Əgər mülkiyyətçi əmlakı məhv edir və ya atırsa, o, əmlak üzərində sərəncamını birtərəfli qaydada əqdin baş verməsi vasitəsilə həyata keçirmiş olur, bu halda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına və yaxud bu hüquqdan imtina olunmasına yönəldilib.

Onu da qeyd edək ki, Azərbaycanda mülkiyyət hüququnun mühüm formalarından biri də xüsusi mülkiyyət hüququ hesab olunur. Xüsusi mülkiyyət hüququnun anlayışı "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Qanunda da verilib. Bu qanuna əsasən, xüsusi mülkiyyət hüququ istehsal vasitələrinə, qeyri-istehsal təyinatlı predmetlərə və sərvətlərə, pul vəsaitinə və qiymətli kağızlara, onlardan istifadə olunmasının nəticələrinə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam sahəsində ayrı-ayrı şəxslərin qanunla qorunan hüquqlarının məcmusudur.

Ümumiyyətlə isə ölkə qanunvericiliyinə müvafiq olaraq xüsusi mülkiyyət hüququ öz növbəsində vətəndaşların və hüquqi şəxslərin mülkiyyət hüququna bölünür.

Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyası reallığı əks etdirərək nə əmək hüququnu, nə də əməyə görə bölgü prinsipini əsas götürmür. Belə ki, heç kim zorla işlədilə bilməz (kayzen.az). Bundan başqa, hər bir şəxsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi). Eyni zamanda dövlət əqli mülkiyyət hüququnun, yəni müəlliflik hüququ, ixtiraçılıq hüququnun və s. qorunmasına təminat verir. Və bütün bunlara uyğun olaraq vətəndaşların xüsusi mülkiyyəti aşağıdakı formalarda təqdim edilir:

- İstehsal vasitələrinin mülkiyyətçisinin kımin olmasından asılı olmayaraq ona təklif olunan muzdlu əmək

- vətəndaşların mülkiyyətinin mənbəyi kimi

- Gəlir əldə olunmasına xidmət etməyən şəxsi iqtisadi fəaliyyət - vətəndaşların mülkiyyətinin mənbəyi kimi

- Şəxsi əməyə əsaslanan sahibkarlıq fəaliyyəti - vətəndaşların mülkiyyətinin mənbəyi kimi

- Muzdlu əməkdən istifadə etməklə sahibkarlıq fəaliyyəti - vətəndaşların mülkiyyətinin mənbəyi kimi.