Ədalət.-2017.-1 fevral-¹ 18.-S.3.
Xürrəmilər hərəkatı Dövlətçilik tariximiz
Babək Əbülfətoğlu
Azərbaycan tarixinin şanlı səhifələrindən biri də Xürrəmilər hərəkatı ilə bağlıdır. Bu hərəkat zamanında böyük bir xilafəti sarsıtmış və bütün dünyanın diqqətini özünə çəkə bilmişdir. Elə bu səbəbdəndir ki, həm dünya, həm də Azərbaycan tarixində həmin hərəkatın araşdırılıb öyrənilməsi zaman-zaman diqqət mərkəzində olmuşdur. Bu gün də həmin hərəkatın tarixçilər tərəfindən araşdırılması davam etdirilir. Yeri gəlmişkən onu da vurğulayaq ki, hərəkatın öyrənilməsi, dünya ictimaiyyətinə təqdim edilməsi Azərbaycan torpaqlarına göz dikənlərə də tutarlı bir cavabdır.
Biz də həm dövlətçilik tariximizin öyrənilməsi, həm də layihəmizin tələblərinə cavab olaraq həmin hərəkatla bağlı müəyyən mülahizələri oxucularımızın diqqətinə təqdim edirik.
Ərəb xilafətinin apardığı işğalçılıq siyasəti, yerli əhalinin assimliyasya edilməsi, vergilərin ağırlığı, gəlmə ərəblərin yerli əhalinin min bir əziyyətlə ağır zəhmət hesabına əldə etdiyi gəlirlər hesabına varlanaraq daha da azğınlaşmaları Azərbaycan əhalisinin zaman-zaman Xilafətə qarşı üsyan qaldırmasına səbəb olmuşdur. Ərəb feodallarının və hakimiyyətdə olan Əməvilər sülaləsinin apardığı sərt vergi siyasəti nəticəsində bütün Xilafət ərazisində ərəblərə qarşı üsyanlara səbəb olmuşdur. Tarixi mənbələrdə Azərbaycanda Xilafətə qarşı ilk çıxışların 748-752-ci illərdə Beyləqan, Bərdə, Şəmkir və Ərdəbil şəhərlərində baş verdiyi qeyd edilir. Bu üsyanlardan ən məşhuru Beyləqanda qəssab Müsafirin rəhbərliyi ilə baş vermişdir. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi və onlara yerli feodal əyanlar dəstək verirdilər. Bu, səbəbsiz deyildi. Ərəblər Azərbaycanda möhkəmləndikcə yerli feodalları dövlət aparatından uzaqlaşdırır, onların torpağını, kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaşdırırdı. Ona görə də, feodallar Xilafətdən daha çox narazı idilər. Baş verən bu üsyanlar iştirakçıların pərakəndəliyi, vahid planın olmaması və qüvvələrin bərabərsizliyi fonunda məğlub olsa da, nəticəsiz qalmır və özündən sonra daha böyük xürrəmilər hərəkatını yetişdirir.
Xürrəmilik ideologiyası və ona tarixi münasibət.
Azərbaycan tarixinin milli-azadlıq səhifəsinin ən parlaq guşəsini məhz VIII-IX əsrlərdə baş verən, müəyyən fasilələrlə 60 ildən artıq davam edən Xürrəmilər hərəkatı təşkil edir. Xürrəmilər cəmiyyətdəki bərabərsizliyin kökünü sosial və mülki bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və istehsal vasitələrini hakimi təbəqənin asılılığından xilas etməklə maddi nemətləri insanlar arasında bərabər bölüşdürmək idi. İdeya baxımından V-VI əsrlərdə baş vermiş Məzdəkilər hərəkatına bənzəsə də, həmin hərəkatdan fərqli olaraq xürrəmilər milli əsarətə qarşı çıxaraq ərəb istilasına son qoymaq istəyirdilər. Bəlkə də bu səbəbdən hərəkatın nümayəndələri tarixdə ilk dəfə azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar geymişlər. Xürrəmilik bir fəlsəfi-ideoloji cərəyan olmuşdur və xürrəm sözündən yaranmışdır. Məsudi, Yaqut Həməvi, Ət-Təbəri, Səid Nəfisi ve s. ərəb müəllifləri bu sözü Güney Azerbaycanın Ərdəbil şəhəri yaxınlığındakı yer adı ile bağlayırlar. Digər ərəb müəllifləri isə Xürrəmilərə olan nifrətləri üzündən bu sözü farscada əhli-kef, şad, əxlaqsız və s. çalarlarda işlədərək Xürrəmilərin içki düşkünü əxlaqsızlar olduğunu göstərməyə çalışmışlar. Halbuki bir içki düşkünü yüz minlərlə insanı üsyana təşviq edib onları idarə edə bilməzdi!
Bu barədə Akademik Nailə Vəlixanlı haqlı olaraq qeyd edir: "Atəşpərəstlərin bəzi görüşlərinə diqqət yetirdikdə görürük ki, müxtəlif gecələrin keçirilməsi, zikr məclisləri onlarda da olub. Xürrəmilərdə də gecə mərasimləri, əyləncələr olub. Belə şeylər əxlaqsızlıq kimi yox, dini ayin kimi qəbul olunmalıdır. Yəni onların dinində, dünya görüşlərində belə ayinlər olub. Bu ayinləri biz bugünkü əqidəmiz və dünyagörüşümüzlə qəbul edə bilmirik. Ərəb mənbələri bu faktı bir az da şişirdib, ikrahla yazıblar". Akademik Ziya Bünyadovun "xürrəm" sözünü qədim fars sözü "xur" - "günəş" "gözə görünməyən mücərrəd atəş" kimi izah edir. Xürrəmilərin fəlsəfi-dini inancları Atəşpərəstliyə, Zərdüştlüyə və Məzdəkiliyə yaxın olması bu versiyanın doğru olması ehtimalın gücləndirir.
Xürrəmillər hərəkatı barədə ilkin mənbə hesab edilən ərəb qaynaqlarının demək olar hamısı dövrün hakim siyasətindən irəli gələrək hərəkatı hər vəchlə gözdən salmağa çalmışdılar. Onlar xəlifə sarayında oturub əsl həqiqəti yaza bilməzdilər. Bu səbəbdən də həmin mənbələrdə Xilafətin mövqeyinə uyğun olmayan məqamların obyektiv şəkildə təqdim olunduğuna heç cür inanmaq olmaz. Onlardan bəzisi, sanki Babəklə şəxsi ədavəti olan bir adam kimi, açıq-aşkar onu "quldur və nihilist", "lovğa və təkəbbürlü adam", "məşhur soyğunçu və quldur" adlandırır. Başqaları isə özlərini Xilafət dövrünün adamı və hadisələrin sanki canlı şahidi hesab edərək, Azərbaycan xürrəmilərinin başçısını "qorxunc bidətçi və qiyamçı" "təriqətçi və mehdi", "üsyançı" , "böyük bidətçi" deyə qələmə verir. Lakin onlar bu hərəkatın vüsətini və əzəmətini göstərməklə yanaşı, onun rəhbərinin fövqəladə sərkərdəlik məharətinə və igidliyinə də xüsusi yer ayırırlar. Onlardan bəziləri hətta Babəki qədim dünyanın məşhur sərkərdəsi Hanniballa müqayisə edirlər. Müəlliflərdən biri qeyd edir ki, "Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir igid idi".
Müasir İran tədqiqatçıları xürrəmilər və Babək haqqındakı tədqiqatlarında sübut etməyə çalışırlar ki, istər xürrəmilər, istərsə də Babəkin özü sırf İrana məxsus hadisə imiş. Paniranizm mövqelərində duran Q.X. Sadiqi, Abbas Xəlili və başqaları kimi tədqiqatçılar belə bir fıkir yürüdürdülər ki, Azərbaycan həmişə olduğu kimi indi də İran vilayətlərindən biri olduğuna görə Babəkin rəhbərlik etdiyi xürrəmilər hərəkatı Abbasilər xilafətinə qarşı İran azadlıq hərəkatının ən parlaq təzahürüdür. İranın digər müasir alimləri kimi S. Nəfısi də bu məsələdə paniranizmə haqq qazandıraraq, Babəki "İran torpağının böyük simalarından biri", "İranın adını əbədiləşdirən milli qəhrəmanlardan adlandırır.
S. Nəfısi belə hesab edir ki, Azərbaycanın babəki-xürrəmilər hərəkatı milli Azərbaycan xüsusiyyətlərindən məhrum olub, yalnız İran milli ruhu üçün xarakterikdir. Mənbələrdə xürrəmilər hərəkatının vətəni olaraq bilavasitə Azərbaycanın göstərildiyinə baxmayaraq, S. Nəfisi belə bir fikir təlqin etməyə çalışır ki, xürrəmilər üsyanı İranda, İsfahanda törəmiş və guya bundan yalnız 30 il sonra Azərbaycan xürrəmiləri mübarizəyə qoşulmuşlar.
Xürrəmilərin uğurları getdikcə artır. Bu barədə ərəb mənbələrində deyilir: "Babəkin işi böyük vüsət aldı. Ərəblər ondan qorxmağa başladılar. Onunla vuruşurdular. Lakin qalib gələ bilmirdilər. Babək qoşunları dağıdır və sərkərdələri öldürürdü". 830-cu ildə xürrəmilər ərəblərin daha bir ordusunu məğlub edərək Həmədan şəhərini tuturlar. Bu müvəffəqiyyət onların ərəblərin nizami orduları üzərində sayca beşinci qələbəsi olur. Mühüm strateji əhəmiyyəti olan Həmədanın tutulması ərəblərin vəziyyətini ağırlaşdırır.
833-cü ilin sonunda bütün qüvvələrini cəmləşdirən ərəblər Həmədan şəhəri yaxınlığında xürrəmiləri ilk dəfə ağır məğlubiyyətə uğradırlar. Ət-Təbərinin bu barədə yazır: 833-cü ildə "Cibalda, Həmədan, İsfahan, Masabzan və Mehricanqazaq şəhərlərində olan çoxlu əhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi. O, Həmədanda 60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar . M. Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belə deyir: "Həmin ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrək baş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi". İbn əl- İbri həmin variantı daha qısa şəkildə verir; "onun Babəkin sərkərdəsi Nəsr öz həmqəbilələrindən bir çoxu ilə Feofilin yanına qaçdılar və xristian oldular . Həmədan vuruşmasından sonra Bizansa gedən xürrəmilərin taleyi haqqında müxtəlif məlumat vardır. Bizans tarixçilərinin istinad etdikləri orta əsr yunan müəllifləri bildirirlər ki, qaçıb Bizansa sığınan xürrəmilər qrupu 14 min nəfərdən ibarət idi və onlara sonradan Ərəb xilafətinin qoşunlarına qarşı hərbi əməliyyatda fəal iştirak edirdilər
Xəlifə Məmun ölərkən varisi Möhtəsimə xürrəmilərə qarşı amansız olmağı vəsiyyət edir: "Xürrəmilərə qarşı müharibəyə qətiyyətli və rəhmsiz adam göndər. Ona vəsait, silah, atlı və piyada qoşun ver. Əgər xürrəmilərə qarşı mübarizə uzansa, onda onların üzərinə bütün dostlarınla və köməkçilərinlə özün get". Mötəsim öz sələfindən fərqli olaraq Babəklə müharibənin strateji cəhətinə ciddi diqqət yetirdi. O, düşmənin qüvvəsi və gücünü bildiyindən uzun sürən müharibəyə hazırlaşdı və hər şeyi: qoşunun tərkibini və görkəmli sərkərdələri seçməkdən, köməkçi hissələrlə təmin etməkdən tutmuş Xilafətin bütün maliyyə, ərzaq və yem ehtiyatlarını səfərbər edincəyədək hər şeyi müharibə ehtiyaclarına tabe etdi. Mötəsim xürrəmilərin üzərinə ümumi hücuma başlamazdan əvvəl əmirlərdən Əbu Səid Məhəmmədi gələcək vuruşma rayonuna göndərib ona əmr etdi ki, "Zəncanla Ərdəbil arasında Babəkin dağıtdığı istehkam məntəqələrini bərpa etsin və Zəncan-Ərdəbil yolunda qarnizonlar qoysun ki, heç kəs Ərdəbilin təchizi üçün təhlükə törətməsin". Qoşun qərargahı ilə Xilafətin paytaxtı Samarra arasındakı rabitə sisteminə böyük diqqət verilmişdi. Yollar pis olduğuna görə qasidlər məlumatı gec gətirirdilər, buna görə də xəlifə əmr etdi ki, Ərdəbildən paytaxta gedən yolun hər fərsəxində məlumat gətirməyə hazır olan bir atlı qoysunlar. Xəlifə bu məqsəd üçün əmr etdi ki, onun özünün Hulvan keçidi yaxınlığındakı Marc at ilxısında xüsusi çapar atlarından istifadə etsinlər. Təpələrdə qarovulxanalar düzəldildi; bu qarovulxanalar bir-birini yaxşı görürdü və məlumat gətirən atlıların hərəkəti haqqında bir-birinə səslə xəbər verirdilər. Beləliklə, Ərdəbildəki (Bərzənddəki) baş komandan qərargahından göndərilən məlumat Samarraya dörd günə gəlib çatırdı ki, bu da o zaman üçün çox tez hesab olunurdu. Buna görə də xəlifə xürrəmilərə qarşı hərbi əməliyyat rayonunda baş verən hadisələrdən həmişə xəbərdar idi. Bu müharibədə, xilafət tarixində ilk dəfə olaraq məlumat göndərmək üçün poçt göyərçinlərindən istifadə olunmuşdu. Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu 835-ci il iyunun 3-də xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi.
Ərəb ordusuna sərkərdə təyin edilmiş türk mənşəli Afşin ilk əvvəl döyüşlərə can atmır. Əks-kəşfiyyatı gücləndirməklə xürrəmilərin gücünü, hərəkət istiqamətlərini dəqiqləşdirir. Xürrəmilər arasında çəkişmə salmaq, onların ən yaxşı sərkərdələrini aradan qaldırmaq işini ön plana çəkir.
Babəkin silahdaşları arasında İsma əl-Kürdi, Adin, Abdulla, Rüstəm və Tarxan kimi cəsur, hərbi işi yaxşı bilən sərkərdələr var idi. Tarxan isə ərəblərin ən çox çəkindiyi, qorxduğu şəxslərdən idi. Afşin dəqiqləşdirir ki, Babəki məğlub etmək üçün ilk növbədə Tarxanı aradan götürmək, xürrəmi ordusunu rəhbərsiz qoymaq lazımdır. Adətən qış aylarını Həşdadsər dağı yaxınlığında öz kəndində keçirən Tarxan kiçik bir dəstə ilə öz mülkünə gedir. Afşinin göndərdiyi qatil gecə ikən onu öldürür. Tarxanın ölümü xürrəmilər üçün ağır zərbə olur. Bundan istifadə edən ərəblər daha da cəsarətlə hərəkət edir, ruhdan düşmüş xürrəmilər isə dalbadal məğlubiyyətlərə düçar olurlar. Lakin yenilməz sərkərdəlik qabiliyyətinə malik olan Babək ruhdan düşmür, ağıllı, taktiki manevrlərlə düşməni çıxılmaz vəziyyətə salır.