Paralel. - 2017.- 28 sentyabr. - ¹ 171. - S. 10.
Din-dövlət münasibətləri tolerantlığı müəyyən edən əsas amillərdən biridir
II İohann Pavel: "Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər"
Müasir dövrdə dünya dövlətləri və beynəlxalq təşkilatların qarşısında duran ən əsas vəzifə insanlar arasında dini dözümlülüyün gücləndirilməsi, müxtəlif din və mədəniyyətlərə mənsub insanlarn sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidır. Çünki dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın mümkün olmadığını göstərir.
Bu qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri gücləndirilməlidir. Yəni multikulturalizm və tolerantlığın mövcud olmadığı yerlərdə, ictimai sabitlikdən, harmoniyadan da danışmaq mümkün deyil. Buna görə də, multikulturalizmin və tolerantlığın qorunması və inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan dövləti də bir çox əhəmiyyətli tədbirlər həyata keçirir.
Baxmayaraq ki, Azərbaycan xalqı bütün tarixi boyu digər din və mədəniyyətlərə dözümlü münasibət ilə seçilib. Digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən irəli gəlir. Azərbaycan ta qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların yayıldığı, qovuşduğu, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi bir məkan olub. İki qitənin qovşağında yerləşən bu məkanda Zərdüştilikdən başlayaraq sonuncu böyük din olan islamadək bütün dinlər yayılıb. Bu gün də Azərbaycanda əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğu təsbit olunub. Qanunvericiliyə görə, ölkədə hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qadağandır.
Bu da imkan verir ki, ölkəmizdə islam, xristian və yəhudi dinlərinin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşasınlar. Bu da danılmaz faktdır ki, ölkəmizdə heç bir zaman milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmayıb. Müxtəlif din və mədəniyyətlərə mənsub insanlar hər zaman Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynayıb, eyni zamanda özlərinin etnik xüsusiyyərlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günümüzədək yaşadıblar. Bu gün də ölkəmizdə həmin dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunur, inkişaf etdirilməsi üçün imkanlar yaradılır.
Hazırda dünyanın bir çox ölkələrində insanlarn məskunlaşmasında onların dini və milli mənsubiyyəti əsas meyar kimi götürülür. Bu ölkələrdə yəhudi, xristian və müsəlmanlar ayrı-ayrı məhəllələrdə yaşadığı halda, ölkəmizdə müxtəlif din və təriqətlərə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayin və mərasimlərində bir ailə kimi yaxından iştirak edirlər. Onlar nəinki özlərini Azərbaycanda yad hiss etmir, hətta yerli əhali ilə qaynayıb-qarışaraq qohumluq əlaqələri qururlar. Onu da qeyd etmək lazımdır ki, dövlət-din münasibətlərində
dini icmaların fəaliyyəti də böyük önəm daşıyır. Bunu nəzərə alan Azərbaycan hökumətinin qərarı ilə 1920-ci ildə bağlanan Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilib. Kilsəni 1907-ciildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev inşa etdirib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu verib. Kilsənin açılış mərasimində Ümummilli Lider Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri iştirak ediblər. 2003-cü ilin aprel ayında Rum Patriarxı I Varfolomey Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olub, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icmalarının rəhbərləri ilə görüşlər keçirib, dini durumla tanış olub və ölkədə fəaliyyət göstərən dini icmalar arasındakı münasibətləri yüksək qiymətləndirib. Qonağı həmin dövrdə Ümummilli Lider Heydər Əliyev də qəbul edib.
Azərbaycan hökuməti həmçinin 1999-cu ildə katolik icmasının dövlət qeydiyyatına alınmasına şərait yaradıb, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınıb və kilsəyə çevrilib. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa olunub. Açılış mərasimində dini icmaların nümayəndələri ilə yanaşı dövlət rəsmiləri də iştirak ediblər.
Roma katolik kilsəsinin başçısı II İohann Pavel 2002-ci ilin may ayında Azərbaycan hökumətinin rəsmi dəvəti ilə Bakıda səfərdə olub, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşüb. O, Azərbaycandakı mövcud dini dözümlülüyü yüksək qiymətləndirərək deyib: "Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər".
Bu da məlumdur ki, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti artır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanınır. Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi ilə beynəlxalq aləmdə yüksək qiymətləndirilən ölkəmizdə dövlət-din münasibətləri çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında eyni statusa malikdir...
Azərbaycan dünyəvi, demokratik, hüquqi, unitar dövlət olmaqla bərabər, eyni zamanda öz mill-mənəvi dəyərlərinə söykənən bir dövlətdir. Bu mənada ölkəmizdə dövlət-din münasibətləri ən yüksək səviyyədə tənzimlənir. Azərbaycan bu gün güclü dövlət quruculuğu istiqamətində irəliləyir və bu xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığından irəli gəlir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da bu dayanır. Ümummilli liderimizin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi mühit yaradıldı. Bu mühitin yaranmasında ulu öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq, dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Hətta Azərbaycan təcrübəsindən istifadə etmək istəyən Qərb dövlətləri də az deyil. Bütün bunlar həm də ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin nailiyyətləridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizə olan böyük diqqətin nəticəsidir.
Digər tərəfdən, mədəni irsimizin qorunmasına və tarixi abidələrimizin bərpasına böyük önəm verən, beynəlxalq aləmdə milli, dini dəyərlərimizin təbliği sahəsində məqsədyönlü işlər görən, Azərbaycan mesenatlığının dirçəldilməsində layiqli nümunə göstərən ölkənin birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın fəaliyyəti ölkəmizdə dinə olan dövlət qayğısının əyani təzahürüdür.
Bu siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycanda dövlət-din münasibətləri" və "Yerli İcra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətlərini, vəzifələrini və hüquqlarını müəyyən edən qanunvericilik aktlarının izahı" istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçilirir. Bu kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunurlar.
Bu tədbirlərin, eləcə də "Azərbaycanda dövlət-din münasibətləri" istiqamətinin əsas məqsədi Azərbaycan Respublikasında dövlət-din siyasəti və prioritet istiqamətlər, Azərbaycanda mövcud dini durum: reallıqlar və perspektivlər, dinin müasir cəmiyyətdə yeri və rolu, milli-mənəvi dəyərlərə dövlət qayğısı, Azərbaycanda dövlət-din münasibətləri və dini təhsil, kütləvi informasiya vasitələri və din, Azərbaycanda missionerlik fəaliyyəti ilə mübarizə metodları və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılmasıdır.
Bu kursla yanaşı, həm də "Yerli İcra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətlərini, vəzifələrini və hüquqlarını müəyyən edən qanunvericilik aktlarının izahı" istiqaməti üzrə də qısamüddətli ixtisasartırma kursu keçirilib. Kursun əsas məqsədi Yerli İcra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanı, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası"nın həyata keçirilməsi ilə bağlı "Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il 491 ¹li Fərmanı haqqında"və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması olub.
Bütün bu tədbirlər də, ölkəmizdə dövlət -din münasibətlərinin yüksək səviyyədə olduğunu deməyə əsas verir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub
“Paralel”in Araşdırma Qrupu