Şərq. - 2017.- 13 sentyabr. - ¹ 164. - S. 10.
Türk toplumunda qadının yeri və dəyəri
Aynur Talıblı
Azərbaycan Türk Oğuz yurdudur və bizlər qədim tarixə malik olan Oğuz Türkləriyik. Türklərin tarixində qadın, xatun və ya xanım dəyərli və əvəz olunmazdır. Dünya tarixinin səhifələrini aramla incələsək türklər qədər qadına dəyər verən, qadını ucaldan ikinci bir millətin olmadığını açıq aydın görərik. Bu yazımızda digər toplumlarda, millətlərdə qadının yeri ilə türk millətində və türk toplumunda qadının yerini müqayisə edəcəyik. Öncəliklə onu qeyd etmək istərdim ki, ailə bu gün olduğu kimi əski türklərdə də önəmli və önəmli olduğu qədər də dəyərli idi. Türklərdə ailənin təməlini qadın təşkil edir. Türk qadını ailəsində söz sahibi olmuş və ərinə, igidinə daima dəstək olmuşdur. Bu hələ milatdan öncə də belə idi. Avropada, Afrikada, Ərəbistanda qadınlar kölə kimi satılsa da türk qadını daima hürr və azad olmuşdur. Qədim türklərdə qadın ailədə söz sahibi olduğu qədər siyasi və iqtisadi əlaqələrdə, dövlətin idarəsində də söz sahibi olmuşdur. Qadınlar gözəl qılınc oynadar, at minər və güləşərdilər, döyüşlərdə də iştirak edərdi. Bəlkə də yazını oxuyanların əksəriyyəti mənim irqimi öydüyümü zənn edəcəklər, amma bu bir tarixdir və bizlər də tarixdə olub bitənlərə sadəcə diqqət edir və bu günə daşıyırıq. Bütün bunlar tarixi qaynaqlarda öz əksini tapır.
Qədim türk atalar sözündə deyilir ki: “Birinci zənginlik sağlıq, ikinci zənginlik yaxşı qadındır”. Türklər qadına yüksək dəyər verir demişdik və bunu qədim türklərin tək evlilik etməsində də görürük. Yəni bir qadınla evli olduqları zaman ikinci bir qadın almazdılar. Hunalrın dönəmindən başlayaraq qadın kişi ayrımı edilməzdi. Hunlarda qadını kişinin tamamlayıcısı sayılır və qadınsız heç bir şey edilməzdi. Hətta elə ki, Kağanın əmirnamələrində “Xaqan buyurur” ifadəsi yalnız yer alırdısa və Xaqanın Xatununu, yəni xanımının adı qeyd edilməsə o, əmirnamə keçərli olmazdı, qəbul edilməzdi. Yabancı ölkələrin elçiləri yalnız xaqanın hüzuruna çıxmazdılar. Elçilərin qəbulu əsnasında xatunun da xaqanın yanında olması mütləq idi. Bəzən də xatunlar tək başına elçiləri qəbul edirdilər. Örnək olaraq Avropa Hun ölkəsinə gələn elçilər Atillanın xanımı Arıq Han tərəfındən qəbul edilir və dövlət işləri ilə əlaqədar müzakirələr aparılırdı. Qəbul törənlərində, ziyafətlərdə, şölənlərdə xatun xaqanın sol tərəfində oturardı. Siyasi və idarəetmə haqqında aparılan danışıqları dinləyər və fikirlərini söyləyərdi.
Türkiyəli yazar Göyalp bu mövzunu belə qeyd edir: “Əski irqlərin heç biri türklər qədər qadına haqq verməmiş və sayğı göstərməmişdir”. Göytürk və Uyğurlarda da xaqanın xanımı xatun da dövlət işlərində əri ilə bərabər söz sahibi olmuşdur. Hunlarda olduğu kimi onlarda da əmirnamələr yalnız xaqanın adına deyil, “Xaqan və Xatunun adına” deyə bərabər imzalanardı. Ailə içində də qadın yüksək söz sahibi olmuşdur. Asiya türklərində Göytürklərin tarixi və yaşamları ilə əlaqədar ən önəmli qaynaq Orxan kitabələridir. VII yüzildən başlayaraq Orxan kitabələrində dövlət işlərini bilən “Katunlardan” yəni xatunlardan söz edilir. Orxan kitabələri də Xaqan və Xatun buyurur sözləri ilə başlayır. İslamdan öncə də Türk qadınlarına verilən önəmlə əlaqədar çox mənbələr var, bunlardan biri də hələ İslamdan öncə İtil (Volga) Bulqarlarınıa səyahət edən İbni Fadlan öz əsərində türk toplumunda qadının yerinin heyrətləndirici olduğunu etiraf edir və özünün də heyrətləndiyini gizlətmir. Fadlan, xatunun hökümdarın yanında oturduğunu bunun türklərin adəti olduğunu qeyd edir və türk qadınının əsla kişilərdən qaçmadığını da vurğulayır. Ərəb səyyahı İbn Batu isə yazır ki: “Burda qəribə bir hala şahid oldum ki, o da türklərin qadınlarına göstərdiyi hörmətdir. Burda qadınların qiyməti və dərəcəsi kişilərdən daha üstündür”.
Eyni zamanda bu yazdıqlarımı qədim türk dastanlarında da açıq aydın görə bilərik. Dastanlarda qadın kişinin güc və ilham qaynağı olduğu bildirilir. Milli dastanımız “Kitabi-Dədə Qorqud” hekayələrində də buna rast gəlirik. Örnək olaraq “Dəli Domrul hekayəsində” Domrul canının yerinə öz canını verməyə razı olacaq birini bulmağa çalışır və bunu qadında tapır, qadını ona heç çəkinmədən “canını verəcəyini” söyləyir. Eyni zamanda qədim türklər öz soylarından olan qadınlarla evlənməyə üstünlük verərdilər və bu atalar sözümüzdə də belə qeyd edilir: “Ey Türk oğlu, Suyu çaydan, qızı soydan al. Bunun səbəbi yazının əvvəlində də qeyd etiyim kimi türk qadının cəsarəti və şərəfli olmasıdır. Türk qadını daima at belində əlində qılınc və savaşda birincidir. Yenə Dədə Qorqud dastanımıza baxsaq “Bamsı Beyrək” hekayəsində yer alan Banu Çiçək bunun ən gözəl örnəklərindən biridir. Bir başqa örnək Selcan Xatundur. Selcan xatun düşmənin gecə ərinə basqın etməsindən şübhələnir və ərinə xəbərdarlıq edərək savaş başlayar. Mücadələ sırasında ərinin atı yaralanar. Savaşa hazır bir şəkildə kənarda gözləyən Selcan Xatun atını düşmənin üstünə sürür və onu qılıncından keçirir.
Türk qadınının qəhrəmanlığı yazmaqla bitməz. Türklərin xatunlarına verdiyi dəyəri sizlərlə tarixi bilgilərə əsaslanaraq bölüşdüm.
İndi isə digər irqlərin qadınlara verdiyi dəyəri incələyək. İlk öncə ingilislərdən başlayaq; İngiltərdə XI yüzilə qədər ərlər arvadlarını sata bilirdi. Xiristiyanlar isə qadına şeytan gözü ilə baxmşlar. Yenə İngiltərədə qadın murdar varlıq sayıldığı üçün, İncilə əl vurmurdu. Qadınlar İncil oxumaq haqqına Hanri dövründə (1509-1547) sahib oldular. İngilis keşişi Dourun Vestminister kilsəsindəki nitqində qeyd edir ki: “Bundan yüz il öncəsinə qədər qadın kişinin süfrəsində oturmaq haqqına sahib olmadığı kimi, söz soruşulmadan danışması da qadağan idi. Kişi başının üstündə böyük odun parçası asardı, lazım gəlsə qadını cəzalandırmaq üçün onu istifadə edərdi. Oğlan uşaqları isə analarına ev içində xidmətçi qadından yuxarı dəyər verməzdilər. Çinlilərdə qadın insan sayılmazdı və ona ad belə verilməzdi. Qız uşaqlarına ad verilməz, bir iki üç deyə çağırılırdı. Qadın xidmətçi sayılırdı, əri və uşaqları ilə eyni süfrədə otura bilməzdi, ayaqda durub onlara xidmət etməli idi. Farslarda qadın kişiyə itaət etməyə məcbur edilirdi. Bir kişinin birdən çox qadınla evlənməsi normal idi. Qan bağlılığının nigaha mane olmaması səbəbi ilə Sasani İranında farslar anaları və bacıları ilə nigaha girə bilirdilər, hətta buna təşviq edilirdi. Cahiliyyə dövründə ərəblərin də qız uşaqlarını diri-diri torpağa bastırmaları bəllidir. Qız uşağına sahib olmaq şərəfsizlik hesab edilirdi. Buddizmin qurucusu Budda isə ilk illərdə qadınları dinə qəbul etməmişdir. Qədim yunanlarda qadının bir dəyəri yox idi. Əşyalardan fərqsiz olan qadın digər mallar kimi satıla və miras kimi bağışlana bilirdi. Slavyanlarda (ruslarda) qadın əşya kimi qiymətləndirilərək zodruga deyə adlandırıldı. Slavyan ailəsində uşaqlara da əsir kimi baxılırmış. Ruslarda qadın əri ilə bərabər gömülür…
Digər millətlərdə qadına verilən dəyər baxımından bir sıra millətlərdən örnəklər qeyd etdim. Gətirdiyimiz nümunələrə baxdıqdan sonra əminliklə deyə bilərik ki, türk milləti hər zaman qadına yüksək dəyər verib və verir. Axı, bunu biz öz yanımızdan demirik, TARİX bütün olub bitənləri öz yaddaşına həkk edib. Biz insanlardan fərqli olaraq TARİX isə heç vaxt nə unutmur, nə də yalan danışmır.
P.S. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Türk yurdunda və bütün Türk məmləkətlərindəki igidlər atalarımızın xatunlarına, xanımlarına verdiyi dəyəri yenidən qadınlarına verməli və Türk qadınını uca tutmalıdırlar.