Azərbaycan. - 2017.- 13 sentyabr. - ą 198. - S. 1,5.
“ABAD” - yeni iqtisadi islahatlar kursunun mühüm brendi
Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan “ABAD” mərkəzləri kiçik ailə biznesinin inkişafına böyük töhfə verir
Rəşad Baxşəliyev
Son illər ölkədə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Prezident İlham Əliyevin yeni iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun yüksək templi inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.
Mükəmməl biznes və investisiya mühiti
Bu tədbirləri növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilibdir.
Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və məhsulların təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliyin, ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib.
Kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafının təşviqi
Bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi artımda əsas payı kiçik və orta ölçülü sahibkarlar verir. Həlledici rol da məhz xırda sahibkarlıq fəaliyyətinə məxsusdur. Bunu inkişaf etmiş ölkələrin real iqtisadi vəziyyətlərindən, təcrübələrindən də əyani şəkildə görmək mümkündür. Belə ölkələrdə dövlət büdcəsinin gəlirlərinin çox hissəsi məhz kiçik və orta sahibkarlar tərəfindən təmin edilir.
Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə kəmiyyət baxımından ən çox yayılan biznes forması ailə sahibkarlığıdır. Ailə təsərrüfatları dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir. Bir çox ölkələrdə ailə təsərrüfatları bazardakı təsərrüfatların 70 faizdən çoxunu təşkil edir və ölkənin iqtisadi inkişafında və iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Məsələn, İspaniyada bazardakı təsərrüfatların təqribən 75 faizi ailələrə aiddir və onların ÜDM-də payı 65 faizə çatır. Ailə təsərrüfatlarını xarakterizə edən amillər onların sürətlə yaradılması, qərarların qəbulunda sərbəstlik, bazarda çeviklik, yüksək motivasiya, qənaətçillik, dövlətdən dəstək alma imkanlarıdır.
Ailə sahibkarlığının uğurlu formatı
Ailə sahibkarlığı- mikrobiznes ilə özünüməşğulluğun sərhədində yerləşən bir formatdır. Bu baxımdan ailə biznesinin dəstəklənməsi - eyni zamanda öz əməyini digər əmək münasibətlərində reallaşdıra bilməyən insanlara, kiçik və orta sahibkarlıq sferasında kəmiyyət baxımından üstünlük təşkil edən biznesin kiçik formalarına birbaşa dəstəkdir. Dünya təcrübəsi göstərir ki, dövlət dəstəyi olmadığı zaman ailə biznesləri yalnız özünüməşğulluq formatında qalır və milli iqtisadiyyatda əhəmiyyətli dərəcədə sosial-iqtisadi rol oynaya bilmir. Azərbaycanda insanların, ailələrin sahibkarlıq təşəbbüsləri hər zaman yüksək olub və onlar müqayisəli üstünlüklərə malikdirlər.
Bu gün ölkəmizdə kiçik və orta sahibkarlığın, ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək, eləcə də regional inkişafa töhfə vermək məqsədilə bir sıra mühüm layihələr icra olunur. Onların arasında “ABAD” (Ailə Biznesinə Asan Dəstək) layihəsinin xüsusi yeri var.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılıb.
Dövlət başçısının Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə imzaladığı fərmana əsasən yaradılan “ABAD” Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya proqramıdır.
Ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına hərtərəfli dəstək
Qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir. “ABAD” istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır.
Bu funksiya “ABAD” tərəfindən həyata keçirilir. “ABAD” ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimlərini də təşkil edir, “bir pəncərə” prinsipindən istifadə edərək ailə məhsullarının sertifikatlaşdırılmasını həyata keçirir. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanılmasını idarə edirlər. Layihə çərçivəsində istehsal olunmuş məhsulların üzərində istehsalçı ailənin brendi ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan da yerləşdirilir.
Daha az itki ilə istehsal səmərəliliyinin yüksəlməsi
“ABAD” publik hüquqi şəxsə üzv olan vətəndaşlara - “ABAD”çılara qurum tərəfindən biznes-konsaltinq xidmətləri göstərilir. Bu xidmətlər “ABAD”çının imkanlarının təhlili, bazarda onun istehsal edəcəyi məhsula olan tələbat, yeni satış bazarlarının müəyyənləşdirilməsi, “ABAD”çının iştirakı ilə müxtəlif biznes-planların tərtibindən ibarətdir.
“ABAD”a qoşulmuş ailə biznesi aldığı bu dəstək sayəsində öz kiçik təsərrüfatını müasir standartlara, biznesin tələblərinə əsasən qurur və gələcək dayanıqlı inkişafını təmin etmiş olur. “ABAD” tərəfindən həyata keçirilən texniki dəstək publik hüquqi şəxsə qoşulmuş ailə təsərrüfatına onun istehsal imkanlarının artırılmasından, istehsal vasitələrinin təkmilləşdirilməsindən, yeni məhsulların istehsalı üçün zəruri olan avadanlıqların verilməsindən ibarətdir. “ABAD”çı aldığı texniki dəstək sayəsində təsərrüfatını yenidən qurur, istehsal zamanı daha az itkiyə yol verir və əlbəttə ki, istehsal səmərəliliyini yüksəldir.
Texniki dəstək həm “monoblok” adlandırılan konteynerlər, həm də bir sıra zəruri avadanlıqların “ABAD”çıya təqdim edilməsi şəklində həyata keçirilə bilər. Bazar araşdırması nəticəsində “ABAD”çının istehsal etdiyi məhsula bazarda olan tələbatın həcmi dəqiq müəyyənləşdirilir və bu, istehsalı planlı şəkildə quraraq, artıq məsrəflərdən yayınmağa imkan verir.
“ABAD”çıya göstəriləcək maliyyə xidmətləri əsasən onun mühasibatlıq sisteminin qurulmasından ibarətdir. Əsas məqsədi ölkədə ailə bizneslərinin təşəkkül tapması olan “ABAD” bu sahədə əhalinin maliyyə mədəniyyətinin yüksəldilməsini də mühüm vəzifə hesab edir.
Azərbaycanda özünüməşğulluq proqramı geniş vüsət alacaq
“ABAD” publik hüquqi şəxs ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. Bu ilin martında İçərişəhərdə “ABAD”ın ilk incəsənət mərkəzi açılıb. İyunda isə ikinci incəsənət mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib. Avqustun 3-də isə Prezident İlham Əliyevin iştirakı ilə Balakəndə “ABAD Mərkəz”in açılış mərasimi keçirilib. Mərasimdə qeyd edilib ki, hazırda bu layihə 130 ailəni əhatə edir. Həmin ailələrdən 22-si kənd təsərrüfatı məhsullarının, digərləri isə suvenirlərin istehsalı ilə məşğuldur. Bu məhsulların Bakı şəhərində yerləşən üç mağazada satışı təşkil edilir.
Mərasimdə çıxış edən dövlət başçısı vurğulayıb ki, bu mərkəzin fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətlə icra ediləcək: “Mən bu barədə artıq bütün müvafiq tapşırıqları vermişəm ki, növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır, dövlət isə öz növbəsində, bu şəraiti yaradır”.
Dövlət müasir sahibkarlıq subyektlərinin formalaşmasına yaxşı imkan yaradır
Prezidentin söylədiyi kimi, “ABAD Mərkəz”in yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir və ailə biznesinə dəstək mərkəzləri sahibkarlığın, qeyri-neft sektorunun inkişafına çox böyük müsbət təsiri olacaq.
Ümumiyyətlə, ailə biznesinə dəstək və onun bazar sisteminin tələbləri əsasında idarəçiliyi iqtisadiyyatının qeyri-neft sektorunun kənd təsərrüfatı, xidmət, ticarət, sənətkarlıq və mikromaliyyələşdirmə, yəni, xırda kreditləşdirmənin genişlənməsi yolu ilə hətta bankçılıq kimi sahənin də sıçrayışlı bir şəkildə inkişafı üçün təkan yaradacaq ki, bu da bütövlükdə ölkədə davamlı makroiqtisadi sabitliklə yekunlaşacaq. Çünki dayanıqlı makroiqtisadi sabitliyin əsasını məhz mikrosahibkarlıq təşkil edir.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırır.