Ekspress. - 2017.- 7 sentyabr. - ¹ 158. - S. 10.
Qanunların aliliyi prinsipi
Vasif Cəfərov
İnsan hüquq və azadlıqlarının qorunması ilk növbədə qanunun aliliyinin təmin edilməsindən asılıdır. Qəbul edilən qanunlar keyfiyyətli, mükəmməl ola bilər. Amma bu qanunların tələblərinə əməl edilmədikdə həmin hüquqi aktlar təsir imkanlarını itirir və nəticədə ölkədə insan hüquq və azadlıqlarını təmin etmək çətinləşir. Buna görə də insan hüquq və azadlıqlarının təmin edilməsi mükəmməl qanunların qəbul edilməsi ilə yanaşı, qanunların aliliyinin təmin edilməsindən də asılıdır.
Qanunların aliliyini təmin edən dövlətlər hüquqi dövlət hesab edilir.
Hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət qollarının sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır.
Qanunların aliliyi prinsipi hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Bu prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
Qanunun aliliyi o deməkdir ki, dövlət orqanları qanuna bağlıdırlar, yəni qarşısında duran vəzifələri yerinə yetirmək üçün onlara ayrılmış dövlət hakimiyyəti səlahiyyətləri həddində, öz səlahiyyətləri çərçivəsində ciddi surətdə konstitusiyaya və qanunlara riayət edərək fəaliyyət göstərirlər. Qanunlar isə haqqa və ədalətə, bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanır.
Qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. İctimai həyatın bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanun qüvvəli aktlarla deyil, yalnız qanunla nizama salınmalıdır.
Hüquqi nəzəriyyədə
qeyd edilir ki, qanunun aliliyi inzibati orqanların mövcud
qanunlardan asılı olması deməkdir. İnzibati orqan
qanuna zidd olan hər hansı bir tədbir görə bilməz.
Qanunun aliliyi idarəçiliyin bütün sahələrinə
qeyri-məhdud şəkildə və məcburi qaydada
şamil olunur. Bu prinsip həm formal mənada qanuna, həm də
maddi mənada qanunlara, yəni təlimatlara, prezidentin sərəncam
və fərmanlarına bağlılığı ifadə
edir.
Hüquqi baxımdan inzibati orqan yalnız o halda fəaliyyət göstərə bilər ki, ona bu səlahiyyət qanunla verilsin. Bunu qeyd-şərtsiz etmək inzibati orqanın borcudur. Bu, hər şeydən əvvəl, əlverişsiz inzibati aktlara, yəni vətəndaşın hüquq və azadlıqlarına birbaşa müdaxilə edən inzibati tədbirlərə aiddir. Qanunçuluğun bu prinsipinə əməl etməklə əslində qanunun aliliyi prinsipi gözlənilmiş olur.
Qanunun aliliyi yalnız mövcud qanunların pozulmasını qadağan edir. Qanunun qeyd-şərti prinsipi isə, ümumiyyətlə, inzibati orqanın fəaliyyət göstərə bilməsi üçün qanuni əsasın mövcud olmasını tələb edir. Ona görə də qanunun olmaması qanunun aliliyi prinsipinə əsasən deyil, məhz qanunun qeyd-şərti prinsipinə əsasən inzibati orqanların vətəndaşların hüquq və azadlıqlarına və ya mülkiyyətinə müdaxiləsini istisna edir.
Hüquq və azadlıqlara müdaxilə yalnız formal qanun əsasında ola bilər. Hüquqi nəzəriyyəyə görə, qanuni əsas dedikdə, mütləq parlamentin qəbul etdiyi hansısa bir formal mənada qanun başa düşülməməlidir. Ümumi-mücərrəd bir qayda qismində qeyri-məhdud sayda şəxslərə və qeyri-məhdud xarakterli hallara şamil oluna bilən sırf maddi xarakterli ümumməcburi hüquq norması da qanuni əsas kimi çıxış edə bilər.
Qanunun aliliyi hüquqi dövlətin əsas əlaməti kimi 1948-ci ildə qəbul edilən "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"ndə öz əksini tapıb. "İnsanın və Vətəndaşın Hüquqları haqqında Bəyannamə"nin 5, 6, 7 və 8-ci maddələrində qanunun aliliyi göstərilib: "Qanun yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.
Qanun ümumi iradənin ifadəsidir. Bütün vətəndaşlar şəxsən, yaxud nümayəndələri vasitəsilə qanunun yaradılmasında iştirak etmək hüququna malikdir. Qanun hamı üçün olmalıdır, o, qoruyur, yaxud cəzalandırır. Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər və ona görə də qabiliyyətlərinə uyğun olaraq, şəxsi keyfiyyətlərini və istedadlarını şərtləndirən fərqlərdən başqa hər hansı fərqdən asılı olmayaraq, bütün ictimai mənsəbləri, yerləri və yaxud vəzifələri tutmaq hüququna malikdirlər.
Heç kəs qanunda nəzərdə tutulandan və onun nəzərdə tutduğu prosedurlardan irəli gələnlərdən başqa heç bir halda ittiham edilə, saxlanıla, yaxud həbs edilə bilməz. Özbaşınalıqla sorğu-suala tutan, əmr verən, onu icra və yaxud icraya məcbur edən hər kəs cəza almalıdır; qanunun hökmilə çağırılmış, yaxud saxlanılmış hər bir vətəndaş ona sözsüz tabe olmalıdır; o, müqavimət göstərdiyi halda məsuliyyət daşıyır.
Qanun yalnız ciddi və şəksiz zəruri cəzalar müəyyən etməlidir; heç kəs qanun pozuntusundan əvvəl qəbul olunmamış və xalqa elan edilməmiş, müvafiq qaydada tətbiq edilməmiş qanunla cəzalandırıla bilməz".
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 7-ci maddəsində qanunun aliliyi prinsipi təsvir edilməklə bərabər qanunların bütün şəxslər qarşısında bərabər imkanlarını əlindən almadığını da bildirilir: "Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan, qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ vardır".
Azərbaycanda da qanunun aliliyi prinsipinə əməl edilməsi üçün tədbirlər görülür, islahatlar aparılır. Ölkəmizdə həyata keçirilən konstitusion islahatların məqsədi demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi mexanizmlərinin işlənib hazırlanmasıdır. Konstitusiyanın preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
Konstitusiya Məhkəməsinin şərhinə əsasən, qanunların aliliyini şərtləndirən əsas sənəd Konstitusiyamızdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilib. "Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır".
Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılır. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən edir və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirir. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulur. Eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alınır.
Bundan əlavə, hüquqi islahatların aparılması, habelə ölkəmizin Avropa təsisatlarına inteqrasiyası məqsədilə 1996-cı il iyunun 8-də Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramı qəbul olunur. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası''nın müddəaları nəzərə alınmaqla yeni qanunlar hazırlanır.
Ali Məhkəmənin şərhinə əsasən isə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" 1 dekabr 1998-ci il tarixli fərman əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi olaraq qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması və digər konseptual məsələlər nəzərdə tutulub. Qanunun aliliyi məhkəmə sisteminin azad olmasından asılıdır. Qanunun aliliyi qanunlara əməl edilməsini də ehtiva edir. Hər kəs normativ -hüquqi aktlara dəqiq və dönmədən əməl etməli, onun həyata keçirilməsinə maneə yaratmamalıdır.
Bu mənada dövlətin üzərinə xüsusi iş düşür. Dövlət qanunları və digər normativ-hüquqi aktları qəbul etməklə bərabər, qanunların icra edilməsi və onlara əməl olunmasını, qanunların icrasına nəzarətin həyata keçirilməsini təmin etməlidir. Bir sıra hüquq ədəbiyyatlarında qanunların qəbul edilməsi, qanunçuluqla, qanunların aliliyi prinsipi fərqləndirilir. Amma təcrübə göstərir ki, qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsi qanunların aliliyi ilə üzvi surətdə bağlıdır.