Bakı Xəbər. - 2017.- 6 sentyabr. - ¹ 156. - S. 11.

 

Tarixdə iz buraxanlar: Əlimərdan bəy Topçubaşov

 

Fazil Qaraoğlu,

Professor

 

Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas Əlimərdan bəy Topçubaşov 4 may 1863-cü ildə Tiflis şəhərində anadan olub. Onun babaları hərbçi olublar və Topçubaşov soyadı onların birindən gəlir. Atası Ələkbər bəy, anası Sevər xanımdır.

Əlimərdan bəy Topçubaşov uşaqkən atasını itirib və onu nənəsi böyüdüb. O, ilk təhsilini Tiflis gimnaziyasında alıb və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. Fəqət birinci semestrdən sonra o, hüquq fakultəsinə keçib və 1888-ci ildə bu fakultədən əla qiymətlərlə məzun olub. Əlimərdan bəy universitet diplomunu aldıqdan sonra Qafqaza qayıdıb, vəkil və hakim kimi fəaliyyətə başlayıb və Tiflis Kommersiya məktəbində hüquq fənnini tədris edib.

Əlimərdan bəy Topçubaşov 1894-cü ildə Bakıya köçüb, məhkəmə sistemində və mətbuatda fəaliyyətə başlayıb. Burada Azərbaycan mətbuatının banisi, görkəmli ictimai xadim Həsən bəy Zərdabi ilə yaxından ünsiyyət bağlayan Əlimərdan bəy onun qızı Pəri xanımla ailə həyatı qurub. Bu evlilikdən onların üç oğlu və iki qızı olub.

Əlimərdan bəy jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olub, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında yer alıb və onun başçılarından birinə çevrilib. 1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən Əlimərdan bəy xalqın azadlıq mübarizəsinə qoşulub. O bu dövrdə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra müraciətlər yazıb, iclas, yığıncaq və mitinqlərdə çıxış edib, onun proqram sənədlərini tərtib edib, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilən I-IV qurultaylar, demək olar ki, onun sədrliyilə keçib, “İttifaqül müslümün” qurultaylar tərəfindən seçilən MK-nın daimi bürosunun üzvü olub.

1905-ci ilin sentyabr ayında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verib. Müşavirəyə nümayəndələr üçün seçkilər keçirildikdə seçilən nümayəndələr arasında Əlimərdan bəy Topçubaşov da olub. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılıb və Əlimərdan bəy Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə edib. Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə qüvvələnməsindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxarıb. 1906-cı il mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirilib. Azərbaycandan Birinci Dövlət Dumasına İ.Ziyadxanov, M.Əliyev, Ə.Xasməmmədov ilə yanaşı Əlimərdan bəy Topçubaşov da seçilib. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyətdə olub. Əlimərdan bəy Dumada bir sıra məsələlərin müzakirəsində iştirak edib, hökumətin aqrar və köçürmə siyasətini pisləyib, Rusiyadakı azsaylı, xalqlara, əsasən də müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olub. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaradıblar. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilab mövqeli Dumanı 72 gün sonra qovub. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9-da Vıborqda iclas keçirib və “Vıborq müraciətnaməsi”ni qəbul ediblər. Bu müraciətnaməni imzalayanlardan biri də Əlimərdan bəy Topçubaşov olub. Onun siyasi və ictimai fəaliyyəti 1917-ci il Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişlənib və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulub.

1917-ci il mart ayının 5-də Bakıda İctimai Təşkilatların Şurası və onun İcraiyyə Komitəsi yaradılır. Məmmədhəsən Hacınski, İ. Heydərov və başqaları ilə yanaşı Əlimərdan bəy Topçubaşov da komitənin tərkibinə daxil olur. İyul ayında isə komitənin 33 nəfərdən ibarət yeni heyəti təşkil olunur. Əlimərdan bəy yeni komitənin sədri seçilir.1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edilir. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov və başqaları seçilir. Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı çağırılır. Qurultay Əlimərdan bəy Topçubaşovun sədrliyi altında keçir.

Avqust ayının 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirilir. Burada müşavirədə çıxış edəcək nümayəndəni hazırlayacaq komissiya təşkil edilir. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Əlimərdan bəyə tapşırır. Əlimərdan bəy müşavirədəki çıxışında qeyd edir ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlayan ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlıq qoruyur və möhkəmləndirir!

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Əlimərdan bəy Fətəli xan Xoyskinin 1918-ci ilin iyun ayında təşkil etdiyi II kabinədə portfelsiz nazir, oktyabr ayında isə xarici işlər naziri vəzifəsinə təyin edilir.

1918-ci il dekabr ayının 7-də ölkədə yaranan çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başlayır. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik edir və onları xalqın mənafeyinin və əminamanlığının müdafiəçisi olmağa çağırır. Eyni zamanda M. Ə. Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif edir. İstanbulda olmasına baxmayaraq, Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanan Əlimərdan bəy Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçilir. Dekabr ayının 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçir. Bu tərkibə Ə.Topçubaşov, M.Hacınski, Ə. Şeyxülislamov, Ə. Ağayev, M. Məhərrəmov, C. Hacıbəyli və M. Mehdiyev daxil olur. 1919-cu il yanvarın 20-də Paris Sülh Knfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəlir. Fəqət Fransa hökuməti onların Parisə getmələrinə viza vermir. Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirir, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat verir, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş edir. Parisə təkcə Azərbaycan nümayəndələri deyil, Don, Kuban, Ukrayna və Gürcüstan nümayəndələri də buraxılmamışdı. Onlar da İstanbulda idilər. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başlayır. Əlimərdan bəy Topçubaşovun başçılığı ilə memorandum hazırlanır və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim edirlər. Gərgin mübarizədən üç ay sonra Azərbaycan nümayəndə heyəti Əlimərdan bəyin rəhbərliyi altında Parisə yola düşür. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşür və yaranmış vəziyyətlə əlaqədar söhbətlər aparırlar.

1919-cu il may ayının 28-də ABŞ prezidenti V. Vilson Əlimərdan bəyin rəhbərliyi ilə Azərbaycan nümayəndəsini qəbul edir. Əlimərdan bəy ABŞ prezidentinə Azərbaycan haqqında ətraflı məlumat, Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verir. Görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail olmasalar da, V. Vilson onları əmin edir ki, “Bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq işində böyük Amerikanın köməyini və yardımını alacaq”.  Əlimərdan bəy Topçubaşovun iştirakı ilə hazırlanmış “Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin Paris sülh memorandumu” sülh konfransının katibliyinə təqdim edilir. Burada konfrans nümayəndələrinə Azərbaycan tarixi-etnoqrafik, iqtisadi və siyasi vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. Azərbaycan nümayəndə heyyəti Əlimərdan bəyin rəhbərliyi ilə öz fəaliyyətini genişləndirərək Gürcüstan, Latviya, Estoniya, Şimal Qafqaz, Belorusiya, Ukrayna nümayəndələrilə birlikdə 1919-cu il iyunun 13-də Paris sülh konfransı sədrinə etiraz notası, bəyannamə göndərir. 1920-ci il yanvar ayının 15-də Azərbaycan nümayəndələrindən Əlimərdan bəy Topçubaşov və M. Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ. Sereteli və Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edilrər. Nazirliyin birinci katibi Jul Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirir və Əlimərdan bəy Topçubaşov Azərbaycanın siyasi vəziyyəti haqqında qısa məlumat verib böyük dövlətlər tərəfindən tanındığına görə təşəkkürünü bildirir.

Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin əməyin nəticəsində əldə edilən qələbə münasibətilə Əlimərdan bəy Topçubaşov Parisdən Azərbaycan Respublikasının Baş Naziri Nəsib bəy Yusifbəyova yazırdı: “Bizim azad və müstəqil yaşamaq ümidimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik. Ona görə də belə hərəkət edirdik. Biz xalqımızın müstəqil yaşaya biləcəyinə inanırdıq. Belə dəyərli xoşbəxtliyin qarşısında heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq...”

Gecə-gündüz çalışmalar, ağır zəhmət öz bəhrəsini verməyə başlayırdı. Artıq 1920-ci il yanvar ayının 11-də Azərbaycanın müstəqilliyinin “de-fakto” tanınması ilə bağlı xoş xəbər Topçubaşova çatdırıldı. Ancaq bu diplomatik uğur Azərbaycana öz müstəqilliyini əbədiləşdirmək fürsəti vermədi. 1920-ci il aprel ayının 28-də Azərbaycan Cumhuriyyəti Qırmızı Ordu tərəfindən işğal edildi. Həmin ərəfədə Parisdə olan Əlimərdan bəy Cümhuriyyətin süqutundan sonra da öz fəaliyyətini aktiv şəkildə davam etdirirdi. O ümid edirdi ki, dünya dövlətləri bu işğala laqeyd yanaşmayacaq və Azərbaycanın müstəqilliyinin bərpası təmin olunacaq. 1920-ci ilin noyabr ayında Cenevrədə, Millətlər Liqasının kürsüsündə Xalq Cumhuriyyəti parlamentinin başçısı olaraq çıxış edən Topçubaşov Azərbaycanın işğal edildiyini rəsmən bəyan edir. O, bolşeviklərin törətdikləri özbaşınalıqlardan danışır, hər vəchlə işğalın tanınmasına və etirafına çalışırdı...

Tarixi şəxsiyyət Əlimərdan bən Topçubaşov Vətəndən kənarda, bir az unudulmuş, bir az incidilmiş vəziyyətdə, Parisin Sen-Deni rayonunda vəfat etdi və Müqəddəs Kloud qəbristanlığında torpağa tapşırılıb...

Məhəmməd Əmin Rəsulzadə onun vəfatı ilə bağlı sonralar yazacaqdı: “Biz Əlimərdan bəyin timsalında milli hərəkatımızın ziyalı nümayəndəsini, görkəmli dövlət xadimini, milli müstəqillik uğrunda mübariz döyüşçünü itirdik... Vaxt gələcək, ölkəmiz azad olunacaq, parlamentin ilk sədrinə minnətdarlıq hissi nümayiş etdirən xalqımız onun müstəqilliyi uğrunda yorulmadan döyüşən insanın adını yaddaşlara əbədi həkk edəcək...” Vaxt gəldi və Azərbaycan müstəqil oldu. 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti, Ulu Öndərimiz Heydər Əliyev Fransaya ilk səfərində Əlimərdan bəy Topçubaşovun qəbrini ziyarət etdi və Müqəddəs Kloud qəbristanlığında uyuyan Topçubaşovun qəbirüstü abidəsinin qurulması üçün Topçubaşovun uğrunda vuruşduğu müstəqil dövlətin büdcəsindən vəsait ayrılmasına sərəncam verdi...

Allah rəhmət eləsin.