Bakı Xəbər. - 2017.- 1 sentyabr. - ¹ 155. - S. 12.

 

Tarixdə iz buraxanlar: Qalileo Qaliley

 

Fazil Qaraoğlu,

Professor

 

İtalyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu Qalileo Qaliley 1564-cü il fevral ayının 15-də Piza şəhərində yoxsul bir ailədə anadan olub. Atası Vinçenzo Qaliley, anası Annadır. Qalileo ilk təhsilini Florensiyada alıb. O, uşaqlıqdan ağıllı, fərasətli, çox diqqətli, qeyri-adi bir gənc kimi tanınıb.

Qaliley atasının məsləhəti ilə Piza Universitetinin Tibb fakültəsinə daxil olub. Atasının məqsədi onu həkim etmək idi. Fəqət təbabətə marağı olmadığından, Qaliley universiteti buraxaraq riyaziyyat və mexanika ilə məşğul olmağa başlayıb. O, Evklidin, Arximedin əsərlərini oxumuşdu, ona görə də ən çox marağı riyaziyyat və mexanika sahələrinə idi. Bu marağ onu Florensiyaya aparır və orada fizika və riyaziyyat elmlərini öyrənməyə başlayır. O, öz müəllimi Ostillo Ricenin rəhbərliyi ilə riyaziyyat və mexanikanı öyrənməklə kifayətlənməyib, mexanikanın texniki tətbiqlərini, hətta hərbi-mühəndislik işlərini də öyrənib və Florensiyada qalaların tikilməsi, su kəmərlərinin çəkilməsi, çayların tənzim edilməsi və s. işləri müşahidə edib.

1583-cü ildən etibarən riyaziyyatla dərindən maraqlanan Qaliley apardığı araşdırmalar sayəsində 1589-cu ildə Pizada professor adını qazanıb. Bununla da onun müstəqil elmi karyerası başlayıb.

Qaliley Piza qülləsindən ağırlıq daşı sallayaraq Aristotelin nəzəriyyəsinə ciddi dəyişiklik edib. Onun fikrincə, bütün şərtlər bərabər olduqda hər cismin düşmə sürəti onun ağırlığından asılıdır. Qalileyin bu fikri yaşlı professorlarla münaqişəyə səbəb olur. Onun fikirləri yüz illər ərzində formalaşmış Aristotelçi fizikaya daban-dabana zidd olduğuna görə gənc alim 1592-ci ildə Pizanı tərk edərək Paduya gedir və Padu Universitetinin riyaziyyat kafedrasında işləməyə başlayır.

1597-ci ildə Qaliley ilk termometr hesab edilən termoskopu qurmağa müvəffəq olur. İstilik hadisələrini öyrənməsində bu cihazın böyük rolu olur. 1604-cü ildə Qaliley yeni ulduz kəşf edir. 1609-cu ildə isə o, ilk olaraq müasir teleskopu düzəldir. Teleskop vasitəsilə Qaliley ayın səthində dağları, 1610-cu ildə isə Yupiterin 4 peykini kəşf edir. Teleskopun kəşfi Venesiya dövləti üçün o qədər böyük əhəmiyyət kəsb edib ki, dövlət rəhbərləri Qalileyi ömürlük maaşla universitetə professor təyin edirlər. Önəmli olanı isə, bu cihazın köməyilə Qaliley sübut edib ki, Yer kainatın mərkəzi deyil, o digər planetlərlə birlikdə günəşin ətrafında hərəkət edir. Teleskopun detalları barədə Qaliley “Ulduz xəbərçisi” adlı kitabında məlumat verir.

Qalileo Qalileyin qatı dindar olmasına baxmayaraq, kilsə əməkdaşları etdiyi kəşflərdən narazı qalaraq onu dinsiz adlandırmağa başlayıblar. Əslində, Qaliley Uca Tanrını inkar etmirdi, əksinə, Onun böyüklüyünü və elmin inkişafının xeyrini dünyaya aşılamaq istəyirdi. O, Romaya gedərək bunu təbliğ etmək istəyib. Fəqət 5 mart 1616-cı ildə Roma heliosentrizmi təhlükəli bir sahə kimi elan edərək onun tədrisinə qadağa qoyur.

Qaliley həm həndəsi optikanın, həm də fiziki optikanın bəzi məsələləri ilə məşğul olub, ömrünün 15 ilini Boloniya daşının fosforessensiyasının tədqiqinə sərf edib. O, Boloniya şəhərinin yaxınlığındakı dağdan tapılan və qeyri-adi işıltı verən Boloniya daşını 1611-ci ildə Romada çağırılmış müşavirədə nümayiş etdirərək, onun işıldamasının səbəbini belə izah edib: Boloniya daşı qızdırıldıqda və Günəş işığı ilə işıqlandırıldıqda işıq atomlarını udub özündə saxlayır və yavaş-yavaş şüalanmağa başlayır. Qalileyin bu nöqteyi-nəzəri onun işığın təbiəti haqqındakı fikrinə və eləcə də enerjinin saxlanması mülahizələrinə tamamilə uyğundur.

Qalileonun ən məşhur pərəstişkarlarından biri Eynşteyn olub. Məşhur alim həmişə Qalileonun: “Həqiqətlə bağlı fikirlər təcrübə ilə başlayır, təcrübə ilə də sona yetir”– sözünü xatırladarmış. “Məntiqi üsullarla əldə edilən bütün fikirlər boşdur və faktiki əsasları yoxdur”– deyən Qalileo bunu anlayıb hər kəsin beyninə yeritdiyi üçün “müasir fizikanın, hətta müasir elmin də atası” sayılıb.

Akustika bir elm sahəsi kimi Qalileylə başlayır. O, eksperimental üsulla əsas hadisələri öyrənən birinci fizikdir. Qaliley təcrübələri nəticəsində öyrənir ki, səs tonunun yüksəkliyi yalnız mənbəyin rəqs tezliyindən asılıdır. Qalileyin mexanikaya aid kəşfləri arasında ədalət qanunu, nisbilik prinsipi, sərbəst düşmə qanunları, maili müstəvidə düşmə, rəqqasın hərəkəti, üfüqə paralel və üfüqə bucaq altında atılan cismin hərəkəti, mühitin müqaviməti, zərbə və s. göstərmək olar. Qaliley zamanı ölçmək üçün rəqqasdan istifadə edib. Onu da qeyd etmək lazımdır ki, Aristotel tərəfindən kəşf edilən: “Cisim istiqaməti sabit olan qüvvənin təsiri altında düz xətt boyunca bərabər sürətlə hərəkət edər və hər hansı bir qüvvə cismə təsir etmədikdə cisim düz xətt boyunca bərabərsürətli hərəkət edər.” Bu, hərəkətin birinci qanunu olub “Ətalət” qanunu adı ilə bilinir.

Qaliley isbat etmişdi ki, havanın müqaviməti olmadıqda bütün cisimlər kütlələrindən asılı olmayaraq eyni sürətlə düşür və bərabər yeyinləşən hərəkət edir. O, öyrənmişdi ki, sərbəst düşmədə cismə sabit qüvvə (cazibə qüvvəsi) təsir etdiyindən, cisim şaquli istiqamətdə bərabər artan sürətlə hərəkət edir. Dahi alim bu kəşflərlə yanaşı hərəkətin nisbilik prinsipini də kəşf edib.

1632-ci ildə Qalileyin “Dünyanın iki əsas sistemi – Ptolemey və Kopernik sistemləri haqqında söhbət” adlı əsəri çapdan çıxır. Bu kitab üç venetsiyalının – Salviati, Saqredo və Simpliçionun söhbəti şəklində yazılıb. Salviati öz söhbətində Qalileyin görüşlərini ifadə edir; Saqredo canfəşanlıq edir; Simpliçio isə Ptolemey və Aristotelin nüfuzunu müdafiə etməklə, Aristotel fəlsəfəsi tərəfdarlarının görüşlərini ifadə edir. Bu kitabın yazılmasına görə Qaliley kilsə tərəfindən təqib olunub.

Günəşin mərkəzdə dayanması və yerin onun ətrafında hərəkət etməsi teoriyası kilsə xadimləri tərəfindən uzun müddət qəbul edilməyib və Qaliley kilsə xadimləri tərəfindən həbs olunub. Ona orada edilən təzyiqlərin ardından 1632-ci il iyulun 22-də Qaliley təzyiq altında ona verilən mətni camaat qarşısında səsləndirib. Daha sonra ona cəza kəsilib. Qaliley bidətçi kimi Papanın təyin etdiyi müddətə həbs edilib. O, 5 ay dostunun evində ev həbsi keçirdikdən sonra vətəninə göndərilib. Bununla da o, ömrünün sonuna kimi ev həbsi keçirib. Qalileyin vəfatından 350 il sonra kilsə səhv etdiyini qəbul edib. Qalileo Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən biri olub. Mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan, elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri olan astronom, riyaziyyatçı Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolemeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən böyük alim, mütəfəkkir və ədibdir.

Bütün dünyada tanınan Qalileo Qalileyi “müasir astronomiyanın atası” adlandırırlar. Stefan Havkinq Qaliley haqqında: “Elm bütün kəşflərinə görə ona borcludur”– deyib. Qaliley qazandığı nüfuzun verdiyi imtiyazlardan istifadə edərək, Venera planetinin fəzaları və Saturnun şəkli haqqında məlumat verərkən Ptolemey sistemini şübhə altına alıb. Fitri istedadı hesabına klassik fizikanın səhvlərini göstərən Qaliley təbiət elmlərinin yeni təməlini qoyub, onun gizli sirlərini açaraq, cəmiyyətdə materialist dünyagörüşünün inkişafına böyük təkan verib.

Qədim yunan alimi Klavdi Ptolemey elə hesab edirdi ki, Yer Kainatın mərkəzidir, Günəş, Ay, planetlər və ulduzlar onun başına dolanır. Əsrlər boyu insanlar Ptolemeyin bu təlimini yeganə düzgün təlim hesab edib. Bu təlim keşişlərin və rahiblərin dünyanın yaranması haqqında dini təsəvvürlərinə uyğun gəldiyinə görə, kilsə başqa cür düşünənlərə amansız divan tutub.

Polyak alimi Kopernik sübut etdi ki, Günəş sisteminin bütün planetləri, eləcə də Yer Günəşin ətrafında fırlanır. O öz kəşfi haqqında bir kitab yazıb, amma kilsədən qorxduğuna görə kitabını çox gec, 70 yaşı tamam olandan sonra ortaya çıxarıb. Kopernikin tərəfdarı olan italyan alimi Cordano Bruno da Günəşin Yerin ətrafında deyil, Yerin Günəşin ətrafında fırlandığını önə sürüb. Buna görə cəsur və üsyankar alimi Romada kitabları ilə birlikdə tonqalda yandırıblar. Böyük fizik Qalileo Qaliley astronomiya ilə məşğul olmağa başlayanda vəziyyət belə idi.

Qalileo Qaliley kiçik görünən məsələlərdən böyük nəticələr çıxarmağı bacaran qəribə bir elm adamı idi. O, saat kəfkirinin necə yelləndiyini, üfüqi və maili müstəvi üzərində kürəciyin necə diyirləndiyini müşahidə edərək hər cür hərəkəti, o cümlədən səma cisimlərinin hərəkətini idarə edən mühüm qanunlar kəşf etmişdi.

1608-ci ildə teleskopun hollandiyalılar – Z.Yansen, Y.Metsius və Q.Lippersqey tərəfindən ixtira olunması xəbəri hər tərəfə böyük sürətlə yayıldı. Bu xəbəri eşidən Qaliley 1609-cu ildə müstəqil olaraq öz teleskopunu hazırladı. Onun ilk teleskopu baxılan cismi 3 dəfə böyüdürdü. Tezliklə o, bu böyütməni 32 dəfəyə çatdırdı.

Qaliley həyacanla fikirləşirdi ki, ruhanilərdən gizli şəkildə gecə öz borusunu səmaya yönəltsə nələr olar? Bu olduqca qorxulu və cəsarətli bir addım idi. Çünki ruhanilər təlqin edirdilər ki, adamlar Uca Yaradanın işlərinə nəzər yetirməməlidir. Qaliley ilk dəfə öz astronomik borusunu 1610-cu il yanvar ayının 7-də gecə Aya tərəf yönəldir. Ayda da dağların, kraterlərin olmasını görür. Ay səthinin mahiyyət etibarilə yerə oxşar olması fikrini söyləyir. Bu isə elm xəzinəsinə daxil edilən qiymətli bir hədiyyədir. 

Bundan başqa, Qaliley Yupiterin ətrafında fırlanan dörd peyki kəşf edib. Gündüz isə Qaliley hislə qaraldılmış şüşə vasitəsilə Günəşə baxaraq Günəşdə ləkələr olduğunu və ləkələrin hərəkətinə görə Günəş diskinin fırlandığını müəyyən edib.

1633-cü ildə Qaliley Koperniçilikdə təqsirləndirilərək inkvizisiya məhkəməsinə cəlb edilir. Məhkəmədə əsərlərinin yandırılması və tutduğu yoldan əl çəkmədikcə ölüm cəzası ilə hədələnərək “tövbə etməyə” məcbur edilir. Fəqət belə rəvayət də var ki, Qaliley məhkəmə qurtardıqdan sonra “onsuz da o fırlanır” deyib. Burada o, yerin fırlanmasını nəzərdə tuturdu. Məhkəmədən sonra qoca alim yenə də elmi yaradıcılığından əl çəkməyib və öz ideyasını dəyişməyib. Gözləri yaxşı görməyən bu qoca – böyük fizik, astronom, musiqiçi, rəssam və yazıçı bundan sonra düz doqquz il – ölən günə qədər ev dustağı olub. O, 1642-ci il yanvar ayının 8-də Florensiya yaxınlığında Arçetridə vəfat edib.

Ruhu şad olsun!